Ən böyük müsibət hansıdır? – HİKMƏTLİ ƏHVALATLAR

Kulis.az filosoflarla bağlı hikmətli əhvalatları təqdim edir.

 

Gülərüz
 

Aristotel dərs keçəndə tələbələrindən birinə çətin məsələni ən xırdalığına qədər izah edəndən sonra soruşur:
– Başa düşdün?
– Bəli, – tələbə dillənir.
– Başa düşməyinlə bağlı hansısa əlamət görmürəm axı. 
– Necə bir əlamət?
– Gülər üz, əzizim, gülər üz. Əgər başa düşsəydin sevinərdin.
  
Aristotelə iki sual
 
Heç vaxt qəhqəhə çəkib gülməyən, cəmiyyətin naqisliklərindən və xoşagəlməz hallarından uzaq olmağı həyat tərzinə çevirən Aristotellə iki sual verirlər, birinci sual:
– Siz insanların hansı hərəkətlərində təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
 
Növbə ikinci suala çatır: – Yaxşı bəs, b siz nə məsləhət verir iniz? 
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır: 
 

Ya adını, ya da əxlaqını
 
Makidoniyalı İsgəndər əxlaqsız, ancaq çox gözəl adı olan bir adama deyib:
– Ya adını dəyiş, ya da əxlaqını.
 
İki kölə
 
Makedoniya hökmdarı Filip oğlu İsgəndərin müəllimi olan Aristotelə əsəbiləşir:
– Guya nolacaq ki, sən olmasan! Sənin əvəzinə bir kölə tutaram, oğlumun tərbiyə və təhsili ilə məşğul olar. 
Bu sözləri eşidən məşhur filosof hökmdara özündən razı şəkildə cavab verir:
– Düzdür, yaxşı fikrə düşmüsünüz. Belə olsa iki köləniz olar.
 
Cəza
 

Makedoniyalı İsgəndərə deyirlər ki, filankəslər sizin haqqınızda danışır, onlara layiq olduqları cəzanı verib niyə susdurmursunuz?
Hökmdar bu sözləri deyənlərə deyir:
– Onda həmin adamların dedikləri yalan gerçək olar – haqlı olarlar.
  
Ədalət, yoxsa cəsarət?
 
Makedoniyalı İsgəndər müəllimi Aristoteldən soruşur?
– Dövləti idarə etmək üçün ədalət əsasdır, yoxsa cəsarət?
Müəllimi cavab verir:
– Ədalət olan yerdə cəsarətə ehtiyac yoxdur.

 

Ən böyük müsibət
 

Makedoniyalı İsgəndərə sual verirlər:
– Ən böyük müsibət nədir? 

Hökmdar cavab verir:
– Yaxşı adamın pis adama möhtac olmasından böyük müsibət yoxdur.
  
İnsanlıq
 
Əxlaqsız bir adama mərhəmət göstərdiyinə görə Aristoteli qınayanlara o belə deyirdi:
– Mən ona əxlaqsız olduğuna görə yox, insan olduğuna görə hörmət edirəm.
  
İtirdiyin vaxta heyfislənirəm
 
Bir gün Aristotel tələbəsini qumar oynayarkən tutur və möhkəm əsəbiləşir. Tələbəsi ona deyir:
– Axı mən çox cüzi miqdar puldan oynayırdım.
Aristotel ona deyir:
– Mən pula yox, itirdiyin vaxta heyfislənirəm.

 

Yalançının qazancı
 
Aristoteldən soruşurlar:
– Yalan danışmaqla nə itiririk ki?
Aristotel cavab verir:
– Həqiqəti.

 

Var-dövlətə sahibi olmaq
 

Aristoteldən soruşurlar:
– Müdriklərin var-dövlət yiyəsi olması nə üçün vacibdir?
Filosof cavab verir:
– Axmaq zənginlərə möhtac olmasınlar deyə.

 

Olduğu kimi qalmaq
 

Makidoniyalı İsgəndər kasıblamış Fokiona pul yollamışdı. Fokion ona pulları gətirəndən soruşur:
– İsgəndər bu pulları niyə göndərib?
– Çünki o, sizi namuslu və dürüst insan hesab edir. 
– Onda gedin İsgəndərə deyin ki, mən yenə də elə qalmaq istəyirəm. 
 
İt Diogen
 
Makedoniyalı İsgəndər Diogeni görəndə özünü təqdim edir: "Mən  Makidoniyalı İsgəndərəm, hökmdaram”. Diogensə deyir: 
–  "Mən də İt Diogenəm". 
Hökmdar ondan özünü niyə belə təqdim etdiyini soruşanda filosof dillənir:
– Mənə nəsə verənin qarşısında quyruq bulayıram, verməyənə hürürəm, pis adamlarısa "tuturam”.

 

Seçən və tərcümə edən: Fərid Hüseyn (artkaspi.az)

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017