Dümanı heyrətləndirən ərəb alimi – Mətləb Ağa yazır

Kulis.az Mətləb Ağanın “Söyüd ağacı, Oranla Pompeyin fərqi və ya Düma Əl-Mokranidən nə soruşmuşdu?” yazısını təqdim edir.

 

Nə vaxtsa, lap çoxdan, tanışlarımdan biri bu əhvalatı danışmışdı:

 

”Həyətimizdəki çəpərin dibində bir söyüd ağacı bitmişdi. Həmin söyüd ağacının qol-budaqları külək əsəndə qonşunun çəpərə bitişik tövləsinin damına toxunur və bu, qonşunun xoşuna gəlmirdi, qardaşıma tez-tez iradını bildirirdi ki, söyüdün tövlənin üstünə dəyən qol-budaqlarını kəssin. Nəhayət ki, bir gün bezib qonşumuzun dediyi kimi də elədik, qardaşım söyüdün bütün iri qol-budaqlarını budadı və axır ki, qonşumuzun ürəyi sakitləşdi. Aradan bir-neçə il keçdi, qonşumuz ağır xəstəliyə tutulub orta yaşlarında öldü. O, öləndən sonra çox keçmədi ki, qonşunun oğlu başıbəlalı tövlələrini söküb yerinə beton tökdü və beləliklə, o tövlədən heç bir əsər-əlamət qalmadı. Ancaq o söyüd hələ yaşayır, qocalsa da, vaxtı ilə kəsilmiş qol-budaqları yenidən şaxələnib.”

 

Bu əhvalatı niyə məhz indi və bu yazının başlanğıcında xatırladım, bilmirəm, çünki əslində, başqa mövzuda yazmaq niyyətindəydim, ondan danışmaq istəyirdim ki, insan ömrünün ayrılmaz bir hissəsi yaşadığı, sıx bağlı olduğu məkanlarla əlaqəlidir, həmin yerlərlə ki, onlar yoxa çıxdıqca, bizim də keçmiş həyatımız elə bil, vizual tərəfdən itir, ancaq maddi, fiziki anlamda hələ də mövcud olan, bir vaxt yaşadığımız yerlər, yaşlandıqca bizi ötənlərə daha çox, sanki bir növ canlı qaytara bilir, nəinki, artıq var olmayan, indi quruca adı və xatirəsi qalmış məkanlar, hansı ki, məsələn, o uzaq illərdə, altıncı sinfə qədər oxuduğum məktəbdən bu gün gözlə görüləsi heç nə qalmayıbsa, hər dəfə o məktəbin yerləşdiyi ərazidən keçəndə uşaqlığımın və gəncliyimin o uzaq mənzərələri məni az kədərləndirir, çünki, indi o məktəbin bu gün gözlərim önündə olmaması səbəbindən o uzaq mənzərələr hisslərimə bir elə də təsir edə, məni uşaqlığımın və gəncliyimin xatirələriylə o qədər də qüssələndirə bilmir, necə deyərlər, “gözdən uzaq olan könüldən də uzaq olur.”

 

Tanışımın söyüd ağacı əhvalatını bəlkə də ona görə xatırladım ki, yaşadığımız və ya hər hansı digər səbəblə bağlı olduğumuz yerlər, məkanlar çox vaxt bizdən daha uzunömürlü çıxır, bu yöndən, elə fikirləşirəm ki, bu gün tanışımın həyətlərindəki o tənha söyüdün yarpaqlarının xışıltısı Zamanın, insanların ömürlərinə sığmayan iddialarına cavabı kimi səslənir, sanki həmin xışıltı bu axıb gedən, əzəmətli, yeganə Söz sahibi olan Zamanın insanların onları insan olmağa qoymayan, bəzən də insanlıqdan çıxaran iddia və əməllərinə özünəməxsus ironik gülümsəməsidir...

 

İnsanlar doğulur, ölür, insanlarla birlikdə, ya da onlardan əvvəl və ya sonra məkanlar da yoxa çıxır.

 

Necə ki, ”Aleksandr Düma “Qafqaz” səyahətnaməsində xatırladır:

 

“Əlcəzair şəhəri ətrafında məskunlaşmış tayfalar arasında hamının alim, bilici kimi tanıdığı Əl-Mokranidən bir gün xəbər aldım:–Qranitdən və tuncdan tikilmiş qədim, məşhur şəhərlər olan Suz, Persepolis, Babil, Memfis, Balbek və Palmir haqda heç eşitmisənmi? – Çadırımı dartıb saxlayan bu ip, adi kəndirdən başqa bir şey deyildir, – o, mənə cavab verdi, –amma bu ip o dediyin şəhərlərdən daha uzunömürlüdür; mənim onlar haqda bildiyim bundan ibarətdir.”

 

Düma, daha sonra Əl-Mokraninin onun sualına verdiyi cavabı belə qiymətləndirir: “Mənim sualıma bundan yaxşı cavab vermək qeyri-mümkündür...”

 

Dümanın fikrinə mənim əlavəm ondan ibarətdir ki, yalnız şəhərlər yox, bizim qeyri-insaniliyimiz, mənəm-mənəmliyimiz, yersiz iddialarımız, tamahlarımız da Əl-Mokraninin ipindən daha möhkəm deyil, zamanın axını bizi göz yumub açınca heç nəyə, sonsuzluğa çevirib üstümüzdən əzəmətli bir sükutla addımlayıb keçir.

 

Ancaq sonralar, çox sonralar belə haqqımızda nələrisə xatırlayırlar...

 

Barəmizdəkilər və əməllərimizin nəticəsində maddiləşənlərsə yeri gələndə, Əl-Mokraninin şəhərlərdən də dözümlü ipindən daha uzunömürlü olur.

 

“Hər bir əməl nə qədər nəzərəçarpacaq olmasa da, özündə xeyir və yaxud şərin zərrəsini daşıyır.” (“Əcdadlar və peyğəmbərlər, Sodomun məhvi”).

 

Sodom demişkən, eyni taleyi paylaşdıqları Pompey və bu şəhər haqqında çəkilmiş bir film haqqında da aşağıda danışarıq...

 

...Alber Kamyu “Taun” romanının ilk səhifələrində yazır ki, ”Hər hansı bir şəhərlə əsl tanışlıq orada adamların necə işləməsini, sevgi və həsrətini, bir də...necə ölməsini bilməkdən başlayır.”

 

Bu cümlə, sanki rejissor Pol Andersonun “Pompey” filminin də boyuna biçilib.

 

“Taun”dasa, ondan söz açılır ki, Əlcəzairin Oran şəhərində qəflətən baş vermiş epidemiya insanların əsl mahiyyətini ortaya çıxarır, ölüm qarşısında, hərə heç bir ümid yeri olmayan sabahın gözləntisində öz ilkin təbiətinə qayıdır.

 

Qısaca, Kottarı xatırlayaq: Haçansa və hansısa cinayəti törətmiş (Kamyu, Kottarın məhz hansı cinayəti törətməsini yazmır) Kottar şəhərdə taun epidemiyası yayıldıqdan sonra rahatlanır. Epidemiyaya qədər, törətdiyi cinayətin mənəvi ağırlığından qurtula bilməyən, çabalayan, hətta intihara belə cəhd edən Kottar taunun ümidsiz hala saldığı insanlardan güc alıb əsl sifətinə dönür, belə ki, o da bir vaxt indi taunun əlində əsir-yesir olmuş başqaları kimiydi, ümidsiz, qandallanmaq qorxusuyla səhəri diri gözlü açırdı, bu qeyri-müəyyən şərait onu intihara belə sürükləmişdi. İndisə insanlar Kottarın tauna qədərki günündədirlər, gələcəyə heç bir inamları yoxdur, bu vəziyyətlərində Kottarın kimliyi, cinayəti onları ümumiyyətlə maraqlandırmır, hamı can hayındadır, şəhər iki yerə bölünüb, xəstələr və xəstəliklə mübarizə aparanlar. Nə polis var, nə məhkəmə, nə də cinayətkar və cinayət. Ancaq bir gün taun məğlub olur, şəhər öz əvvəlki halına qayıdır, Kottar da bu dəyişiklikdən ağlını itirir.

 

Pompeyə gələk...

 

Qədim Roma şəhəri-Pompey barədəki bəzi mətnlərdə israr edilir ki, şəhər 24 avqust 79-cu ildə Vezuvi vulkanının püskürməsindən məhz o səbəbə məhv olmuşdu ki, orada insanların günah əməlləri, yaramazlığı və ləyaqətsizliyi  (Lut peyğəmbərin yaşadığı Sodom şəhərində olduğutək) həddini aşmışdı.

 

Bəzi alimlərə görə, əgər şəhər sakinləri evlərində oturub fəlakətin nəylə qurtaracağını gözləməsəydilər və bu arada onları püskürmənin törətdiyi zəhərli qazlar boğub öldürməsəydi, Vezuvinin partlamasından Pompeyə yağan kül və daşlar saysız insanın ölümünə səbəb olmayacaqdı...

 

Bunlar tarixi faktlardır, bizim üçünsə o maraqlıdır ki, orada, Pompeydə insanlar faciə saatınadək necə yaşamışdı, həyatları necə olmuşdu, ölümə yaxalanmazdan əvvəl nə işlə məşğul olub sabah haqqında nə fikirləşirdilər.

 

Dövrümüzdəki arxeoloji qazıntılar sonucu tapılıb reformasiya edilmiş insan bədənləri indi bizə imkan verir ki, ölüm ayağındakı Pompey sakinlərinin üzlərindəki ifadələri görək və o məşum anlarda bu zavallı insanların nə hiss etdiklərini anlamağa çalışaq.

 

ABŞ, Kanada və Almaniya istehsalı, Pol Andersonun “Pompey” filmi (2014-cü il) bu aspektdən çox dəyərlidir...

 

Kelt (bu ad antik yunancadır, qədim romalılar onlara latınca “qall” deyirdilər) qəbilələrindən olan, bütün ailəsi Roma senatoru Korvusun əmriylə işğalçılar tərəfindən qətl olunmuş, sonradan özü Britaniyadan İtaliyaya sürüklənmiş qul Milonun Pompey hakimi Severusun nəcib qızı Kassiyayla qibtə ediləsi sevgiləri fonunda Vezuvi vulkanının amansızlığı - filmin ana xəttidir.

 

Budur, az vaxtdan sonra başına nələr gələcəyi barədə təsəvvürü belə olmayan Pompey və ümidləri, gözləntiləri, sevgiləri, riyakarlıqları, xəyanətləri, dostluqları və s. ilə birlikdə şəhər sakinləri qarşımızdadır, hər kəsin sabaha öz planları var, o səhərsə çox keçməyəcək ki, kül, daş parçaları və atəşlə süslənmiş dəhşətli ölümlə açılacaq.

 

Öz maraqları naminə Kassiyaya evlənməyə can atan, bu dəfə Pompeydə peyda olmuş senator Korvus qızdan evlənmək barədə razılıq ala bilmədikdə onu ailəsinin başına oyun açaçağıyla şantaj edib, Kassiyaya “hə” cavabını zorla dedirdir.

 

Müdrik Zamansa öz işindədir, Korvus yeni planlar qurub növbəti uğurlar, imkanlar qazanmağı hədəfləyir, bu arada Milonun öz rəqibi olduğunun, Kassiyanın da Milonu sevdiyinin fərqinə varıb ailəsi kimi onu da məhv etməyə göstəriş verir, lakin hədsiz arzulamasına rəğmən amfiteatrda bu istəyinə nail ola, orada yeganə söz sahibi olduğunu isbatlaya bilmir, bu biabırçılığının ardınca Romalı əsgərlərə verdiyi Milonu öldürmək əmrini də Pompey xalqının alicənablığı sayəsində  çarəsiz qalıb geri götürməli olur.

 

(Söz gəlişi, özünə Milonun taleyini həll etmək hüququ tanıyan bu xalq, bir azdan Zamanın hikkəsi (bəlkə, ədaləti?) önündə dilsiz-ağızsız yazıq sürüyə çevriləcək).

 

Cəllad və amansız intriqant olan Korvus hər şeyi riyaziyyatçı dəqiqliyiylə ölçüb-biçib, ancaq cəmi bir haqq-hesabda  sadəlövhcəsinə yanılıb: Zaman kefi istəyəndə özü hər kəsdən və hər şeydən daha çox, müqayisə edilməz dərəcədə amansız cəllada və intriqanta çevrilir, kiminsə onun yerinə  qərar verməsini heç zaman heç kimə bağışlamır.

 

Hüdudsuz səlahiyyət sahibi olan (ya da belə görünən!) Korvus Zamanın bu möhtəşəm təntənəsi qarşısında nə qədər cılız, çarəsiz və miskin gündədir.

 

Milo Korvusu tanıyır, lakin finalda, silahsız senatoru öldürməyib Zamanın ixtiyarına buraxır.

 

Korvusu Zaman cəzalandırır, Vezuvinin atəş topları yerdə uzanıb keçmiş qulun arxasınca aman diləyib yalvaran senatorun son əlacsız, imdad dolu bağırtılarına şahidlik edir.

 

Milo və Kassiya ölümü ayaq üstə, qucaq-qucağa, öpüşərək qarşılayır.

 

Keltin sadiq silahdaşı, afrikalı kölə Atikus da özünü bir vaxt Allah sayan senatordan fərqli olaraq ölümlə göz-gözə görüşür. Qürurlu ”azad bir adam olaraq öldüm” nidasıyla Zamanın əzəmətli sonsuzluğuna qarışır. 

 

Milo, Kassiya və Atikus qalibdir.

 

Bu insanlar ölsələr belə, insanlıq qalibdir.

 

İnsanlığın əksi olan hər şey və hər kəs məğlubiyyətə məhkumdur, ancaq bu zavallıların öz əbədi məğlubiyyətlərindən heç xəbərləri belə olmur, çünki artıq bir qalaq zir-zibilə çevriliblər.

 

...Nəhayət, yekunda, (necə ki, “Taun” romanının qəhrəmanı həkim Bernar Ryö də məhz bu cür etmişdi: “bu əhvalatın nəqli sona çatır. İndi həkim Bernar Ryö etiraf edə bilər ki, müəllif onun özüdür”) yazının əvvəlində söz açdığım söyüd əhvalatının əslində heç bir tanışımla-filanla baş vermədiyini, bu hadisələrin o uzaq, bir də heç vaxt əlim çatmayacaq gənclik illərimdə öz gözlərim qarşısında olduğunu ürək rahatlığıyla deyə bilərəm...

 

Ədəbiyyat qəzeti

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018