Orxan Pamuk xəyanəti bacarmaz

 

 

Kulis.Az Eyyub Məmmədovun “Saf və düşüncəli Orhan Pamuk” yazısını təqdim edir.

 

Orhan Pamuk roman, roman yazma və roman oxuma sənəti üzərinə Harvard universitetində dediyi dərslərdən ibarət “Saf və düşüncəli” romançı kitabında Tolstoya, xüsusən də onun “Anna Karenina” əsərinə olan heyranlığından həvəslə danışır və tez-tez müxtəlif mövzularda bu əsərdən iqtibas gətirməklə bu möhtəşəm əsərə olan heyranlığını gizlətmir. Səbəb isə elə kitabın adından göründüyü kimi Pamukun əsərə iki müxtəlif parametrdən yanaşmasıdır. Saf və düşüncəli romançı olmaqdan əvvəl saf və düşüncəli oxucu sayır özünü Orhan Pamuk.

 

Vladimir Nabokovun mühazirələrində hazırlıqsız, diletant oxucu ilə ayıq və hazırlıqlı oxucunun müqayisəsi bu cür təsnif edilir : “Ən axmaq adam belə Tolstoyun zina ilə bağlı düşüncəsini mənimsəyə bilər, amma yaxşı oxucuların Tolstoy sənətindən ləzzət alması üçün, məsələn, Moskva-Peterburq qatarındakı dəmir yolu nəqliyyatının cədvəlini yüz il əvvəlki  formada gözlərinin qabağına gətirə bilməlidirlər”.

 

Bu müqayisədən yola çıxsaq Pamuk öz sevimli əsərinə “Anna Karenina”ya saf və düşüncəli şəkildə nəzər salır. Bənzətmənin uğurlu və ya uğursuz  olub-olmamasından asılı olmayaraq kobud səslənən hazırlıqlı və hazırlıqsız oxucu fikri burada Pamukun saf və düşüncəli kateqoriyası ilə səsləşir. Pamuk saf oxucu kimi Anna Kareninanı, on doqquzuncu əsrin zadəgan həyatından bəhs edən, qardaşının ailə daxili problemini həll etmək üçün Moskvaya gələn və burada balda tanış olduğu cavan və yaraşıqlı knyazdan sonra həyatı büsbütün dəyişən və nəhayətində dövrünün gerçəklikləri ilə xəyalları arasındakı ziddiyyətlərə tab gətirməyəcəyini başa düşüb, həyatı ilə vicdani mühakiməsindən qurtulmaq üçün bir gecə özünü qatarın altına atıb intihar edən bir qadının həyatından bəhs edən kədərli bir eşq romanı kimi oxuyur. Saf oxucu Annanı mühakimə etmir, onun əxlaqi keyfiyyətlərinə nəzərə salmır. Onun üçün əsas romanının mərkəzində dayanan qəhrəmanın daxili emosiyaları, yaşadığı sarsıntılar və bu sarsıntıların oxucuda buraxdığı izlərdir. Bu sadaladığımız elementlər ədəbiyyatın ən banal xarakteristikasıdır. Təsadüfi bir oxucu ilk başda əlinə alıb  oxuduğu bu irihəcmli romanda Annanın da, Voronskinin də, Levinin də bir xəyal məhsulu olmalarını unutmaqdan dolayı bu mühakimələri də bir görünməz əlin öhdəsinə buraxaraq məsuliyyətdən qaçır, bir qayda olaraq o oxunma anında olan ekstazı heç kimlə paylaşmaq istəmir. Onu yalnız romandan sonra maraqlandırır. Onun üçün roman başlayır və bitir. Arada təfərrüatlar isə romanın kontekstual keyfiyyətləridir. Otuz il oxuma müddətində Orhan Pamuk (bura yazıçılıq dövrünü də aid edir) bir xüsusiyyəti kəşf edir özündə. Roman oxuya-oxuya daxil olduğu dünyada romanı başa düşməyin ən təməl şərtlərindən biri romandakı ziddiyyətləri, əksilikləri, əksikliklərin doğan vəhdəti qurmaq, bu vəhdətdən oluşan bir mərkəzi elə bir rakursdan izləmək ki, o rəsmdə həm ağacları görə bilsin, həm də ağacların bir meşə parçası, bir detalı olması faktını. Bu səbəbdən dolayı da adətən beynin digər yarımkürəsi kimi işlənmə zərurəti duyduğu düşüncəli oxucu modelini də bu zərurətin tərkib hissəsidir. Oxuma sənəti  meydana oxucunun üstmodelini buraxır. Düşüncəli oxucu həm də gələcək yazardan xəbər gətirən ilk qaranquşdur. O hazırlıqlı oxucu, olmaqla yanaşı həm də diletant yazardı.

 

“Anna Voronskini düşündüyü üçün  qatarda dəfələrlə oxumağa cəhd etdiyi romanda müvəfəqiyyət əldə edə bilməyəcəkdi”. Moskva-Peterburq qatarında Voronski ilə görüşdən sonra daxili çaxnaşmadan fikrini bir yerə cəlb edə bilməyən Annanı başa düşməyə, bu situasiyanı bir düşüncəli yazar və ya oxucu kimi gözdən keçirməyə cəhd edən Orhan Pamuka görə qatarın pəncərəsindən baxan Annanın gördüyü qar dənəcikləri Annanın ruh halının əksidir, onu ifadə edən ən uğurlu bədii tapıntıdır. Saf romançı və ya oxucu bu detalın üzərindən fərqinə varmadan ayaqlayıb keçə bilər. Bunu onun estetik keyfiyyətlərdən öncə romanın atmosferinə düşmə cəhdi ilə ənənəvi roman oxuma metodu ilə əlaqələndirib onu qınamaqdan uzaq olan Pamuka görə düşüncəli oxucunun bu xırdalığa nüfuz etməsi onun roman sənəti arxasındakı maraqları ilə, bu estetik vurğunluq və fədakarlıqla cavablandırıla bilər. Roman yazdığı otuz il müddətində Pamuk Aristotelin obyektiv zaman fəlsəfəsindən metodlaşdıraraq detalları romanın hərəkətverici qüvvəsi olmağa, onları təhrik edici sinir implusları təki bir düzənə , lakin burada Aristoteldən fərqli olaraq bir xətli və düzünə yox, xaotik bir sistemə uyğunlaşdıraraq bir sənət əsərinə-romanına çevirməsi uğurunun arxasında da bu xırdalıqlara vara bilmə məziyyətini görür. Nəqletmə texnikasının sünilyindən istifadə etməyən saf yazarlardan fərqli olaraq düşüncəli yazarlar bu zamanı, əsərin daxilindəki qırılmaları, kəsişmələri və bir çox estetik keyfiyyət və keyfiyyətsizlikləri kəşf etməyi bir növ oxucuların öhdəsinə buraxır. Pamukun da haqqında danışdığı; saf oxucu ilə bərabər görmək istədiyi düşüncəli oxucu da elə bu cür yetişir. O, dünyanın onlarla müxtəlif dillərində yazılmış saysız hesabsız möhtəşəm romanlarını oxuyarkən günlərin birində əsərdəki iki yazarın, iki qəhrəmanın və ən əsası da iki oxucunun varlığından xəbər tutur. Və yalnız bu yolla o əsl əsərləri oxuyan, əsl əsərlərdən zövq almağı bacaran  oxucu və sonrasında əsl romançıya çevrilməyi bacarır.

 

Orhan Pamuk saflığından kobud kimi görünən, amma hardasa öz insani hisslərinə hələ də səmimiyyətini qoruyub saxlaya bilmiş, İstanbulun Nişantaşı , Boğazköprüsü, Ayasofiya məscidi, Beşiktaş və bu kimi onlarca xatirələr önündə hələ də öz sentimentallıqlarından dünyaya boylana bilən bir xalqın romançısı kimi yazdığı otuz illik müddətdə bu kimlikdən qürur duyur. Bir coğrafiyanın on altıncı əsri ilə iyirmi birinci əsri arasında get-gəl edən ruhunu yalnız və yalnız sənət xatirinə nizamlaya bilmək və bu yolda o çılğın və ələgəlməz ruhunu yönləndirərək ortaya belə möhtəşəm əsərlər çıxarmaq gücünü yalnız bu sadalanan keyfiyyətlərə malik bir insan özündə duya bilər. Əks halda içindəki saf və düşüncəli oxucu ilə əsərlərindəki saf və düşüncəli yazara xəyanət etməyin bədəlini Pamuk ödəyə bilməzdi. Sakit və təmkinli üz cizgilərindən daim yaşadığı şəhəri insanlarından daha çox duymağı bacaran bir insan xarakteri oxunan Orhan Pamuk mən duyduğum qədəri ilə ədəbiyyatı da bu cür görür : “İllərcə içində yetişdirdiyi bu saf və düşüncəli insana xəyanət etməyən Pamuk heç vaxt xəyanəti bacarmaz”.

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018