Ceysm Coys İsa peyğəmbərə niyə istehza edirdi?

 

Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edim.

 

əvvəli burda

 

Qoca mamaçalar bizi həyata doğru çəkərlər. Fəryad edərik...

Sonra bəslənirik, oynayırıq, qucaqlaşırıq, öpüşürük,

ayrılırıq, bəlaya düçar olur, zaval tapır və sonunda ölürük... 

Daha sonra cənazəmiz önündə əyilirlər...

 

VII məqalə

 

R.Oldinqton yazırdı ki, “Coysun metodundan dadaizmə cəmisi bircə addım məsafə var, dadaizmlə dəliliyin arasındakı məsafə isə daha da qısadır”. Maraqlıdır ki, Coysun metodunda təkcə dadizmin deyil, daha çox “izm”in spesifikası əks olunurdu. Ən əsası isə o idi ki, Coys ədəbiyyata, estetik –nəzəri baxışlara aid nə vardısa, demək olar ki, hamısından istifadə etməyə çalışırdı. Mütaliənin ağırlığının bir səbəbi də bununla bağlıdır. Təxəyyülünü, qavram və estetik zövq aclığını bir üsluba, bir intonasiyaya, bir ədəbi tərzə kökləyib oxumağa başlayırsan ki, ahəng, temp, tembr, ritm durmadan dəyişir. Bir kitab oxusu boyunca az qala yüz müxtəlif  oxucu rolunda görürsən özünü... Təsadüfi deyil ki, “Uliss” tədqiqatçılarının hamısı “hazırlıqlı oxucu” ifadəsini işlədir. “Uliss” oxucusu dini, fəlsəfəni, dünya ədəbiyyatını, müəyyən qədər musiqini, XX əsrin əvvəllərinin dünya siyasətini, tarixi və s. onlarla sahəni az da olsa bilməlidir. Yəni bütün bunlar haqqında bir diletant qədər bilgi sahibi olmaq yetər ki, “Uliss” oxucusu statusunu ala biləsən...

 

“Uliss” romanında az qala bütün anlayışlara tam fərqli münasibət var. Eləcə də xəyanətə və sevgiyə...  Mister Blum arvadının xəyanəti haqqında məlumatlıdır, amma susur və cəza verməkdən daha çox bu xəyanətin, qadın istəklərinin və arzularının həqiqi mahiyyətini aydınlaşdırmağa çalışır. Hətta bizim üçün çox qəribə görünən belə bir fikir də keçir bu şüur axınından: “Bir kişinin arvadını dostuna  təqdim etməkdən daha böyük bir sevgi ola bilməz, -dedi. Buyurun, gedin siz də eyni işi təkrarlayın”. 

 

Dəniz kənarında təsadüfən Gerty adlı gənc xanımla rastlaşanda və bu xanımın ona sevgi dolu baxışlarla baxdığını görəndə özünü bir anlıq xöşbəxt hesab edir, öz-özünə pıçıldayır: “Sağ ol, məni gəncləşdirdin, sən”...  Amma arvadını, Mollyni hələ də sevir...

 

Blum dəniz sahilində qumun üstünə çubuqla nəsə yazmaq istəyir: “Mən.. bir...” Daha heç nə yazmır və çubuğu atır. Blumun gənc qızla bu ani qarşılaşması elə qumun üstünə yazdığı yazı kimi keçici gəlir ona. Düşünür ki, dünyada duruş  da bu qum üzərindəki yazının ömrü qədərdir. “Bu qumda nə mümkün? Bitki belə yetişməz. Soldurur hər bir şeyi... Təsadüf... Bir-birimizi təkrar görməyəcəyik... Amma çox gəzəl idi... Əlvida...  Sevgilim, sağ ol”.

 

Qeyd etdiyim kimi, romanda hadisələr silsiləsi yoxdur,  düşüncə süjetinin məqsədəuyğun  ardıcıllıqda əlaqələnən çoxsaylı fraqmentləri var. Bu fraqmentlər bir-birinin məntiqi davamı, səbəb-nəticə xarakterlidir. Məsələn, dəfn mərasiminin ardınca hamletvari suallar yaranır düşüncədə. Və müəllif bu sualları Şekspir yaradıcılığı və şəxsiyyətinin müzakirəsi səhnəsində yavaş-yavaş detallayır, izah edir.

 

Başdan-başa suallar, “niyə?”lər içərisində olan insanı sanki haralarasa sürükləyən bir çağırış var. “Reklam” sözünün mənası da, çağırış, qışqırıq çalarlıdır. Leopold Blum reklamçıdır. Amma bu missiya tək onun sənətində deyil, bütün ictimai-siyasi, sosial-dini və mədəni həyat sahələrinin az qala hər fəaliyyətində özünü göstərir. Kilsədə dini ayin icra edilir, dualar oxunur, insanlar təlqin, təbliğ içərisindədirlər. “Mən”ini  daima günahkar və qorxu altında hiss edən adamlara zorakı təzyiq din sahəsinin də özəl funkiyasına çevrilib. Qorxudurlar, təzyiq altda saxlayır, özünə ram etmək təmənnalıdırlar. “Mərasim bitdi, deyəsən. Səslər eşidilir... “Bizə duaçı olun”... Sonra yenə: “Bizə duaçı olun...”,  Təkrarlatmaq yaxşı fikirdir. Reklamlar da elədir. “Bizdən alın!”, “Bizdən alın!”... Coys sətiraltı fikirlərdə sanki soruşurdu: insanlara  duaları, alqışları, şüarları, şeirləri, qanunları və s. əzbərlətmək, təkrarlatmaq onların azad ruhuna bir əngəl, maneə deyilmi?  

 

Hətta əsərin bir məqamında keşiş dua oxuyanda kədərli vəziyyətdə ibadət durumunda olan adamlardan biri düşünür: “Kaş biləydik o nə deyir, kaş bu sözlər bizim doğma dilimizdə olardı, onda daha ürəkdən ağlayardıq”.

 

Coysun süjetqurma özəlliyində müşahidə etdiyimiz fərqlilik həm də ondan ibarət idi ki, o dinamikanı, mətn hərəkətini adamların, hadisələrin deyil, ideyaların inkişafı ilə bağlayırdı. Məsələn, “ruh köçümü” fikri istər 50-ci, istər  300-cü, istərsə də 700-cü səhifədə sual kimi aktuallığını saxlayır. İnsan ruhu təkcə öz həmcinsinə deyil, başqa canlılara, məsələn bir ağaca da köçə bilərmi? İnsan ruhu sıxıntıdan bir bədəni tərk edib başqa bir canlıya-ağaca köç edərmi?  “Bu uçuşan nədir belə? Qaranquşmu? Mütləq bu yarasadır... Məni ağacmı hesab edir, kor... Quşlar qoxu almırmı? Ruh köçümü...  Sıxıntıdan bir ağaca dönə biləcəyinə inanarlarmış... Salxım söyüdə “ağlayan söyüd” deyirik ha... Aaaa yenə keçdi. Vay səni, zəhlətökən... Görəsən, bunun yuvası hardadır? Burdakı zəng qülləsi. Şübhəsiz... Müqəddəs qoxular içərisində ayaqlarından asılmışlar... Zəng səsi onu yaman ürküdür, hər halda”.

 

Əsərdə bir ölən insan (Diğnam) bir də dünyaya gələcək, doğulmaq üzrə olan körpə və doğuş  sancısı ilə əzab çəkən qadınlar  “üçbucağı” da var. Ümumiyyətlə, qadının doğuş məşəqqətinə həsr edilmiş hissədə fəlsəfi düşüncələr daha dərinlərə aparır oxucunu. Yetmiş yatacaqlı bir doğum evindən bəhs edilir. Bu qadınların halı və onların dünyaya insan gətirməsi, insanın sanki yer üzünə cənnətdən cəza olaraq enməsi faktı müxtəlif izahlarla mənalandırılır.

 

“Körpə doğulmamışdan öncə daha xöşbəxtdir. Uşaqlığın dərinliklərində ibadətini edər. Ana bətnində onun üçün hər şey münasib şəkildə xəlq edilmişdir”.

 

C.Coys bütün dini kitablarda haqqında bəhs edilən ölümün insan düşüncəsindəki inikasını analiz edir. Daha doğrusu, bütün anlayışların izahında öz üslubuna və əqidəsinə sadiq qalan Coys “doğum və ölüm” sualına cavab axtaranda da ironik tərzdə, amma mənbəyi bəlli sitatlardan istifadə edərək yozumlar verir. Məsələn, romanın bir çox yerində “Qurani-Kərim” intonasiyası, məntiqi ilə ifadə olunan xeyli sayda bu qəbildən olan cümlələr oxuyuruq:

 

“Ey insanlar, son duracağınız olan ölümünüzü və qadından doğulan hər bir kimsəni örtəcək torpağı ağlınızdan çıxarmayın! Çünkü anasının qarnından lüt-üryan şəkildə dünyaya gələn adəm oğlu sonunda yenə gəldiyi kimi lüt-üryan olaraq son yolçuluğa çıxacaqdır...”

 

Coys insanı (fərqi yoxdur, hansı obraz) üsyankar idi... Və həm də getdikcə aqressivləşən, tükənən, məğlub olan üsyankar... Çünki bu üsyankar insan həyatın, ölümün, hətta ölümsüzlük uğrunda mübarizənin belə mahiyyətini öyrənə bilmir. Nə real həyatdan, nə insanlardan, nə də Tanrı tərəfindən göndərilən dini kitablardan. Coys insanın bu qədər əzabla yüklənməsini haqsızlıq sayırdı...  Və adama elə gəlir ki, məhz bu qisası,  insanın bir alma, bir buğda xətasına görə belə intiqamla cəzalanmasını qəbul etmədiyi üçün Coys ateist olub... Və qəribədir ki, mən roman boyu Coysun sanki bilərəkdən özünü belə göstərməsini (bəlkə də Allahın varlığını daxilən qəbul edərək), dinlərə və onları göndərən Tanrıya belə istehzalı yanaşmasının səbəbini açıqca hiss edirdim.  Coys sanki bilərəkdən bütün əzab-əziyyətləri şişirdir, bütün mənəvi sıxıntıları az qala əsrlərlə davam edən məşəqqət mübaliğəsi ilə ifadə edirdi. Onun romanında insan əzab çəkir daima. Fərqi yoxdur, ya bir sancı, doğuş sancısı ilə, ya xəyanət sıxıntısı, ya kasıblıq, xəstəlik, ya da siyasi, milli problem narahatlığından doğan mənəvi ağrılar fonunda...

 

Hətta Homer erasından başlanğıc alan yolçuluğu – “Uliss səyahəti” təkrarlığını da bu məqsədlə romanlaşdırmışdı.  Coys bütün insanların adından bu əbədi, təkrarlanan zülmə, yaradılış, tale işi, qaçılmazlığı kimi qəbul etdiyimiz qədərə, aqibətə meydan oxumaq iddiasında idi. Coys özünü, insanı şüur əlahiddəliyi üstünlüyünə görə Allahla qarşılaşdırır sanki. Öz düşüncələrini obrazlarının beyninə yükləyib onları Dublin küçələrində gəzdirir, dönə-dönə üz-üzə gətirir, mübahisə etdirir, anti-mövqelər yaradıb polemikaya meydan açır. Bu dünyadakı fəaliyyətinə, özünütəsdiqinə görə o biri dünyada mükafata, ya da əbədi cəzaya layiq olma şərtlərini qəbul etmirdi. İnsan niyə bir ömür boyu ölümlə əlləşməlidir? Hətta doğulanda belə? Onun “Doğuluruq ölmək üçün, ölürük doğulmaq üçün”- qənaəti girdab, dairə, labrint qaçılmazlığında insanın hansı ruhi-psixoloji travmalarla özünü milyon dəfələrlə təkrarladığını göstərir. “Ruh köçümü”, “bağırsaq bağları ilə bir başlanğıca (Həvva anaya) bəndolma” və s. bu kimi fəlsəfi obrazlılıqla ideyasını, dünya, insan və yaradılış haqqındakı nəzəri biliklərini bədii mətn materialına çevirən Coys, əslində ədəbiyyatı fəlsəfənin, məntiqin, dinin və psixologiyanın maraq nöqtəsinə, tədqiqat obyektinə çevirdi. Çox qəribədir ki, L.X.Borxesin də dediyi kimi, bütün canlılar arasında  öləri olan yeganə varlıq insandır!  Ona görə ki, yeganə şüuru, ağlı, düşüncə üstünlüyü olan canlı varlıq da insandır. Ölümünü dərk edən (hiss edən yox, məhz dərk edən!) canlı varlıq insandır...  O yazırdı: “Ölməzlərin həyatı başdan-başa boşluqdan ibarətdir. Əslində insandan başqa bütün canlı varlıqlar ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur. Özünü ölümsüz hiss etmək isə həm ilahi duyğudur, həm də dəhşətdir, ağlasığmaz bir şeydir. 
Mən fikir vermişəm ki, dini baxışların çoxluğuna və müxtəlifliyinə baxmayaraq ölümsüzlüyə inam hissinə son dərəcə nadir hallarda təsadüf olunur. İudeylər, xristianlar  və müsəlmanlar ölümsüzlük fikrini qəbul edirlər. Lakin özlərinin ilk, maddi, yer üzündəki həyatlarına həddindən artıq önəm vermələri yalnız bu həyata ürəkdən inandıqlarını göstərir. Bütün qalan ayinlər isə kimlərisə bu dünyadakı həyat üçün mükafatlandırmaq, yaxud cəzalandırmaq məqsədi güdür. Hindistanın bəzi dini cərəyanlarında təsadüf olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda başlanğıc və son yoxdur. Hər bir həyat özündən əvvəlkinin davamıdır, eyni zamanda özündən sonrakının rüşeymlərini daxilində yaşadır. Onlardan heç biri tamın, bütövün mücəssəməsi kimi çıxış edə bilməz”.

 

“Uliss səyahəti” anlayışının mahiyyəti  təkcə dünyanı zaman və məkan olaraq dolaşmaqdan ibarət deyil. Bu səyahət həm də insan ağrılarına, sıxıntılarına, dözümünə, dözümsüzlüyünə, müharibə, mübarizə, sevgi, gözəllik, tənəzzül, xəyanət və s. yüzlərlə insanlıq, yaşam halına da aid edilir. Məsələn, doğum otağına bir yolçunun səyahəti elə həm də Uliss yolçuluğunun bir dayanacağı, bir düşüncə yönümüdür. Romanda nəql olunur ki, axşamüstü səyahətə çıxan bir adam evin qapısı ağzına gəlib dayanmışdı. Bu adam İsrail xalqından olmuş və onun gəzmədiyi bir yer qalmamışdır. Onu bu qapının ağzına gətirən hiss onun mərhəmətli, şəfqətli bir adam olması ilə bağlı idi. Bu evin ən əziz adamı  A. Horne imiş. “Analarla dolu olan bir doğum evində sancılar içində yatan qadınlar  Tanrıya və Məryəm anaya duaçı olacaq imanlı balalar doğmaqda idilər. Növbətçi tibb bacılarının nəzarətində olan bu yuvada, ağ paltarlı rahibələr yuxusuz dolaşırmış, ağrı çəkənləri ovudur, xəstələri sağaldırlarmış. Onlar cani-dildən xidmət edirlərmiş və başlarının tacları isə Horne imiş... Oyaq olan tibb bacısı bayırdakı səsləri eşidib gəldi, o xeyirxah adamı gördükdə o dəqiqə jaketini geyinib qapını tam açdı. Bax, indi, qəflətən İrlandiyanın qərbində göy üzü aydınlandı... Tanrı bütün insanları pislikləri və günahları üzündən boğaraq intiqamını alacaq! -deyə qorxdu... İman taxtasında İsanın xaçını iylədi və adamı tezliklə içəriyə, otağına dəvət etdi. Öz yaxşı niyyətindən əmin olan o adam da Hornenin qapısından içəri girdi. Otağa soxulmaqdan çəkinərək    şapkası əlində Hornenin dəhlizində dayanıb gözlədi...”

 

Burda biz yenə üç gün durmadan doğuş sancısı çəkən qadın haqqında eşidirik. Əsərin əvvəlki hissəsində Leolold Blum Diğnamın dəfnindən gələndə bu qadın haqqında eşitmişdi.  İndi isə daha mistik bir hekayə nəqli zamanı həmin –“üç günlük doğuş əzabı” içərisində qovrulan qadın barəsində gedir söhbət.... “Bu evə gələn adam daha sonra xəstə baxıcısı ilə görüşərək ona doğum otağındakı qadının əncamı, əlacı haqqında sual etdi. Xəstə baxıcısı ona izahat verərərk o qadının tam üç gündür can çəkişməsində olduğunu və doğumun çox güc olacağını, amma və lakin az bir vaxt qaldığını söylədi. Ayrıca, lap çox qadına  mamalıq  edən  adam fəqət, heç    birisinin  o   qadının    çəkdiyi sıxıntını çəkmədiyini də vurğuladı. Adamın o ətrafda oturduğunu bildiyi üçün ona bütün olanları anlatdı. Adam o qədər cani-dildən, can qulağı ilə dinlədi ki,  qadınların doğum zamanı çəkdikləri zəhmət və məşəqqət haqqında dərin fikrə daldı...”

 

Bundan sonra müəllif daha dərinliklərə, hətta belə demək mümkünsə, təsvirlərində hamilə qadınların uşaqlığının belə dərinliyinə qədər enir. Təsvirlərin elmi, bədii detallılığı adamı heyrətləndirir. Biz L.Tolstoyu oxuyanda Anna Kareninanın hisslərini və bir qadın düşüncəsi özünəməxsusluğundakı xırdalıqları o qədər yaxından duymasına təəccüblənmişdik. Amma bu romanda Coysun bir qadının həm də bioloji yaşantılarını bu qədər hissiyyatlı tövr ilə izah etməsinə heyrətləndik. Məsələn, qadınların hamiləlikdə və aybaşı zamanı keçirdiyi kliniki, fizioloji, psixoloji halların təsvirini belə dəqiqliklə rəsm edə bilmək hünəri ancaq yenə də elə Coysun öz qələminə aid ola bilərdi...  “Narkoz və ya səhər yuxusunun faydaları, damarların təzyiqi səbəbilə erkən hamiləlikdə doğuş sancılarının uzadılması, amnion kisəsindəki mayenin şiddətinin prematüre olarak tahfifi (bilfiil bu vakada görüldüyü üzrə) və bunun nəticəsində uşaqlığın mikrop qapma təhlükəsi, iynə vasitəsi ilə süni ilkah, heyzdən kəsildikdən sonra uşaqlığın içə doğru qıvrılması... İsmətinə zorla təcavüz edilərək hamilə qalan qadınlar mövzusunda inəslin  irtikabı məsələsi... Brandenburghluların Sturzgeburt tifadə etdikləri o iztirablı doğum halları..., Çox sayda adamın mənisi ilə, iki adamın mənisi ilə və heyz müddəti sırasında, və ya aralarında qan qohumluğu tapılan ana və atalar tərəfindən ilkah nəticəsində doğulan xilqət... Aristotelin rəngli litoqrafiya rəsmli şah əsərində təsnif etdiyi insanın doğuşu haqqındakı bütün problemlər, xəstəliklər... Mamaçalığın və tibbin ən mühüm məsələləri...”

 

Coysun qadın qəhrəmanları çoxdur, amma hamısının bir “nənə”, “ana” başlanğıcına bağlılığı var. Xüsusən Həvva və Məryəm anaya...

 

Çobanımızı uşaqlıqda yedizdirən o qadının adı qüdrətlidir, o (Məryəm ana) bizim uca, ən möhtərəm anamızdır və Bernardüsün dəqiq bir şəkildə dediyi kimi onda bir “omnipotentiam deiparae supplicem” mövcuddur, demək olar ki, o ikinci Həvvamızdır və bizi qurtardığı üçün şəfaətverici bir qüdrət mənbəyidir, eyni şeyi Augistine də söyləmişdir. Halbuki digəri - mütəmadi göbək bağlarımızla tək vücud halında bağlı qaldığımız nənəmiz (Həvva) dölümüz, soyumuz soyumuzla topamızı bir qəpiklik alma qarşılığında satmışdır. Amma və lakin əsas məsələ budur...”

 

Coys bu qadın başlanğıcına, İsa peyğəmbərin atasız doğuşuna, Məryəm ananın hamiləlik əlahiddəliyinə də istehzalı yozumlarla yanaşır.

 

“-Sevincsiz bir hamiləlik,-dedi yenə Steiven, iztirabsız bir doğum, gözəlliyinə xələl gəlməmiş bir vücud, şişkinlənməmiş bir qarın. Şəhvət düşkünləri ehtiras və imanla pərəstiş etsinlər buna. Biz isə buna müqvimət göstərəcək, qarşı çıxacağıq”.

 

V.Nabokov “Uliss” əsəri haqqında yazdığı dəyərli yazısında bəzən Coysun mətni sırf şüur axını üslubunda yazdığını, bütün təsvirlərdə həyatın dibinə qədər eniş maneralarını sanki unudur. Məsələn, romanda seks mövzusuna qarşı olmadığını bildirsə də, bu mövzunu vulqar və daha eybəcər cizgilərlə işləməsinə, əsasən də bu mövzunun sürəkli olmasına etiraz edir. Amma biz Blumun bütün hiss, düşüncə, müşahidə və yaşantılarının içərisində olduğumuz üçün bu mövzuda da onu qınamamaq məcburiyyətində qaldıq. Çünki, şüur axını, məqalənin əvvəlində də dediyim kimi, qadağa, ədəb qaydaları, təsvir tərbiyəsi və s. bu kimi maneələri qəbul etmir. Adi bir insnın düşüncəsindən nələr keçir bu mövzuda, adi bir insan hansı halları yaşayır bu mövzuda? Bu mövzu (seks) ilə bağlı müəllifdən qeyri-səmimi və ümumi üslubdan seçilən, senzuralı yanaşma tələb etmək nə dərəcədə düzdür? “Coysun kitabında seks teması sürəkli şəkildə tualet teması ilə çulğalaşır. Allah da bilir ki, romanda səmimiliyin, açıq sözlülüyün əleyhinə deyiləm. Əksinə, məncə, açıq sözlülüyümüz azdır, əlimizdə olan nümunələrsə kitab klublarının sevdiyi, həmin klublara üzv olan qadınların ev heyvanıtək əzizlədiyi sözdə sərt yazıçıların istifadə etdiyi kimi banal və bayağıdır. Amma buna etiraz etməliyəm: Blumu deyəsən adi vətəndaş elan ediblər. Adi vətəndaşın fikrindən ancaq fizioloji şeylərin keçməsi doğru deyil. Mən burda iyrəncliyə yox, sürəkliliyə etiraz edirəm. Dediyim kontekstdən baxanda, bu patologiyaların hamısı süni və lazımsız görünür. Aranızdan mədəsi həssas olanlara məsləhət görürəm ki, Coysun bu çox özəl məşğulliyyətini tərəfgirlik etmədən dəyərləndirsin”.

 

Blum yenə düşünür: “Amma Diğnamın dəfninə gedişim...  matəmli evlər insanın ürəyini qaraldır... Qadının pula ehtiyacı var, amma... Söz verdiyim kimi bu Şotlandiya “Dul Qadınlar Cəmiyyəti”nə baş çəkim heç olmasa... Əcayib ad... Sanki biz onlardan qabaq öləcəyik... Bazarertəsi günü Cramerin qabağındaymıdı mənə baxan o dul qadın? Yazıq qadın ərini basdırmış, amma ondan qalan təqaüdlə, doğrusu, vəziyyəti çox gərgin... Dulluq təqaüd... Eeee? Neyləsin axı? Qadınlığından istifadə edərək bir yol tapacaq yəqin... Dul kişiləri görməkdənsə heç xoşum gəlməz... Necə də kimsəsiz, yazıq görünürlər... zavallı adamcığaz O.Connar  arvadıyla beş uşağı burda mədəsindən zəhərlənmişdi... Bataqlıq... Əldən nə gəlir ki? Şlyapalı cavan bir qadın lazımdır ona... Elə bir qadın ki ona analıq etsin...”

 

Coys XX əsr Dublinindəki kilsələrin, məktəblərin, xəstəxanaların, qəzet redaksiyalarının, dövlət strukturlarındakı digər proseslərin bədii portretini yaradanda da ideyasını, fəlsəfi suallarını hədəfdən yayındırmır. Məsələn, dəniz kənarında Gerty və Cissy əkizlərlə gəzintiyə çıxıb. Yaxınlıqdakı kilsənin açıq pəncərəsindən isə səs gəlir. Dualar, ibadət ayinlərinin qırıq-qırıq eşidilən kəlmələri ilə bu qadınların söhbəti arasında belə bağ, məntiqi əlaqə yaradır müəllif. Bu əlaqələndirilmə, paralellilik mətnin bütün fraqmentlərində özünü göstərir.  Kilsədə Məryəm ananın  müqəddəs ruhundan kömək diləyən insanların səsi gəlir. Coys “İsa və Məryəm” mövzusunu təhlil edib artıq bir az əvvəldə. Hamilə qadınlarla bağlı hissədə, “bakirə hamiləlik”, “atasız İsa” istehzası ilə... “Kilsənin açıq pəncərəsindən rayihələrini, qoxularını onlara ötürən mehlə birlikdə  ilk günah ilə ləkələnmədən hamilə qalan bakirənin mis qoxulu ismlərini də gətirirdi.       “Ey müqəddəs ruh, bizə şəfa ver, möhtərəm ruh şəfa ver bizə. Ərsiz bakirənin ruhu,  şəfa ver bizə! Ey sirli gül!”  Və orada gözlərində fəlakət yaşlarıyla boynubükük insanlar... yaralı ürəklər, bir loxma çörək üçün  bu həyatda yollarını itirən günahkarlar vardı. Amma o yaşlı gözlərdə ümid işıqları da əskik deyildi...  Möhtərəm Peder Hughes onlara, Uca Mələl Bernardın Məryəm anayla bağlı məşhur duasında söylədiklərini anlatmış və o iman əhli çox mübarək Məryəm ananın şəfavermə gücünə daha əvvəl heç bir dövrdə rastlaşmadığını, onun qüdrətli himayəsini niyaz edənləri əsla tərk etməmiş olduğunu bildirmişdir...”

 

İsanın “ata” anlayışı ilə əlaqəsi yoxdur! Coys həm də  bu sualla danışdırır obrazlarını. Bəşəriyyət ata və ana vasitəsilə yaranıb. İsanın sirli atasızlığı iblisanə yozumlarla və istehza ilə izah edilir. Buçk Mulligan, Stiven,  kitabxanaçı Şekspir müzakirəsi zamanı Hamlet monoloqu intonasiyası ilə yenə bu mövzuya toxunur. Buçk Mulligan deyir: Özünü müqəddəs ruh vasitəsiylə mayalandırıb göndərən O, başqalarıyla özü arasında Xilaskar, düşmənlərinsə təcavüz edilərək  soyulan və qırmanclanan, anbar qapısına mismarlanan bir yarasa kimi  çarmıxa çəkilən, ac-susuz buraxılan O...  Onu basdırmalarına səs çıxarmayan O...  Ayağa durub cəhənnəmi  başlarına yıxan, cənnətə yetişən və orada min doqquz yüz ildir axır zamanı gözləyən, yenidən gələrək, bütün dirilərin çoxdan cəhənnəmi gözlədikləri bir zamanda dirilərin də, ölülərin də başına qiyaməti qoparacaq O...”

 

Hər kəs bu sevinci (ata ilə qürrələnməni) yaşayır, hətta dəniz kənarındakı əkizlərə “ata” dedizdirən qadınlar belə bu kəlməni uzada- uzada, sevinclə vurğulayır.  “Əkizlər indi yenə eyni yerdə həvəslə, sevinclə oynayırdılar. Amma uşaqlar arasındakı   qızğınlıqlar  yaz yağışı  kimi   tez   ötüb   keçirdi.      Cissy Caffrey körpə Boardmanla oynayır, körpəcə əllərini havada yelləyərək sevinclə civildəyirdi. Cissy uşaq arabasının söykənəcəyi  arxasından Ce eee!-deyə qışqırırdı. Edy da Cissy haraya gedib, balam?-deyə soruşarkən Cissy başını uzadıb və “Baxın!” –deyə qışqırırdı. Aman, yarəbbim! O kiçik yaramazın bircə xoşuna gəlsəydi... Sonra da Cissy körpədən “ata” deməsini istədi.

 

–Ata de. Körpəcə, ata de... A –ta, a-ta, a-ta, a-ta!- de görək...”

 

17.09.2017.

 

 

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017