Bizim ailəni o rus yazıçısı məhv etdi

Keçən həftə sonu bacımla kitab mağazasına getmişdik. Böyük kitab mağazasında saysız-hesabsız kitablara baxanda düşündüm ki, insanlar kimi kitabların da tənhalıq dövrü olur.

 

- Necə ki? – bacım gözlərini qıyıb soruşdu.

 

- Oxunmayan kitablar tənhadı. Məsələn, sən “Master və Marqarita”nı oxumamısan da. Demək o kitab sən tərəfdən tənha qalıb.

 

Bacım susub başını asta-asta tərpətdi. Mən rəfdə görünən, üz qabığında pişik başı olan kitabı götürüb vərəqlədim. Bulqakovun əsərləri keçib getdi gözlərimdən: “Master və Marqarita”, “İt ürəyi”... Bu yerdə bacım tez kitabı əlimdən dartdı, götürüb yerinə qoydu.

 

- Neynirsən? - əsəbiləşib təzədən kitabı götürdüm. – Bu kitabı alaq da...

 

- Nə olar, alma. Bir də faciə istəmirəm.

 

- Nə faciə?

 

Bacımın gözlərində saman çöpündən yapışıb boğulmaqdan xilas olmaq istəyən adam canlandı.

 

“Master və Marqarita”nı oxuyanda 1-ci kursdaydım. Əsərin tilsiminə düşmüşdüm. O zamanlar bacım dəhşətli qorxu yaşamışdı, evin içində durmadan gəzişir, öz-özünə anlaşılmaz sözlər deyirdi. Anam, atam yaman narahat olmuşdular, bütün günü qızlarına baxıb təəssüflə başlarını yırğalayırdılar. Hər dəfə bacımın sayıqlamalarına baxan anam üz-gözünü cırıb “Mənə ölüm ver” deyirdi.

 

Sonra qardaşımın halı xarablaşdı. Dostları ilə bir yerdə içirlərmiş, qəfil özünü pis hiss edib. Gecənin bir vaxtı evə gələndə elə bildik ki, ürəyi ağzından çıxacaq. Ləhləyirdi, üstəlik rabitəsiz cümlələr səpdirirdi ətrafa. Bir-birinə bağlı olmayan şeylərdən danışırdı: polis... içki... narkotika... söyüş söyən qız... qaranlıqda üstünə gələn maşın...

 

Bərk qorxmuşdu və özünü heç cür ələ ala bilmirdi. Evin divarlarına yapışıb cırmaqlayırdı, dəli kimi bağırırdı. Anamın üzünü cırdığı o mənzərə burda da təkrarlandı...

 

- Nə olar, Ayxan, gedək. Ayrı kitab götür. O kitabı almayaq da. Nolar... – bacım əlimdən tutub möhkəm dartırdı. – Yalvarıram sənə. Alma da...

 

İkinci kursda ikinci dəfə “Master və Marqarita”nı oxuyandan sonra ata və anam öldü. Bacım da bütün bunların səbəbini o lənətli romanda görürdü.

 

- Boş-boş danışma. Onlar öldü. Bunun “Master və Marqarita” ilə nə əlaqəsi?

 

- Axı sən danışırdın ki, əsər əsasında çəkilən filmdən sonra da faciələr olub. Yəqin ki, nəsə var da bu romanda. Nolar alma. Evimizə girməsin o kitab. Qardaşın təzə ailə qurub, uşaq gələcək dünyaya. Nolar... Nolar... Alma...

 

Balaca uşaq kimi dartışdırırdı məni. Eynən uşaq vaxtı atamdan banan almaq istəyəndə ondan sallaşdığı kimi sallaşmışdı məndən.

 

- Qızım, - ona hərdən belə deyirəm. – qorxma... Vallah, bu kitabla əlaqəsi yoxdur. Alaq kitabı siz də oxuyun. Atamla anamı bu kitab aparmadı ki. Onlar özləri getdi.

 

- Bəs biz? Mən... Qardaşın?

 

- Hamısı təsadüfdü.

- Nə olar alma da. Qulaq as da mənə. İçimdə pis hiss var. Qorxuram yenə nəsə baş verə.

 

- Heç nə olan deyil.

 

Kitab əlimdə satıcıya yaxınlaşırdım. Tək-tük müştərilər və bir-iki satıcı deyəsən qəribə dialoqumuzdan heyrətlənmiş, donmuş ifadəylə bizə baxırdılar.

 

- Eee... Yox... Almayaq... Mən istəmirəm o kitabı. Sən iki dəfə oxumusan.

 

Bacım yenə qolumdan dartıb öz yerimə qaytardı. O rusların məşhur fikrinə işarə vururdu: “Master və Marqarita”nı üçüncü dəfə oxuyan adamın başına mistik hadisələr gəlir”.

 

- İki dəfə oxudun başımıza nələr gəldi. Burax o kitabı. Bəsindi. Bir də kimisə itirmək istəmirəm.

 

Gördüm ki, zarafat eləmir. Üzü buz kimiydi, elə bildim soyuducunun qapısını açmışam. Baxışları üşütdü məni.

 

- Bax, sakitləş. Camaat bizə baxır. Özünə gəl.

 

- Başqa kitab alaq. Niyə mütləq o kitab olmalıdı?

 

- İstəyirəm, üçüncü dəfə oxuyum. Ürəyim çəkir.

 

- Qələt eləyirsən.

 

Söhbətdən istifadə edib kitabı əlimdən qapdı və pəncəsi üstünə qalxıb balaca boyu ilə lap yuxarı qoymağa çalışdı. Kitab qəfil yerə düşdü. Bacım balaca əlini ürəyinə tutdu: “Allah bağışla” – deyə pıçıldadı. Gülümsünüb kitabı götürdüm və qəribədir ki, əsərin bu yeri açıq qalmışdı: “Sən bilmirsənmi ki, əlyazmalar yanmır?” Bu İblisin Masterə dediyi sözlər idi. Başımın üstündən bacım da bu cümləni oxudu və qorxmuş gözləri ilə mənə baxdı: “Görürsən?”

Elə bil öz sözlərinin həmdəmini tapmışdı.

 

- Əlyazmalar yanmır deyir. Xilas yoxdu yəni. Başımıza bu qədər şeylər gəldi. Bu romanın bəlasıdır hamısı.

 

- Yaxşı görək.

 

- Almayacayıq hə?

 

- Hə, yaxşı.

 

Kitabı yerinə qoydum, üz qabığındakı pişik mənə göz elədi.

 

 

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017