Payızı belə görməmişdiniz - FOTOLAR

“Təbiətdə pis hava yoxdur” deyənlər, yəqin ki, ilin hər fəslinin də özünəməxsus yeri olduğunu danmazlar. Bir-birinə calanan günlərində gah isti yaya qayıdan, hərdən də soyuqluğu ilə şaxtalı qışa muştuluqçu olduğunu sərgiləyən payız məhz belə fəsillərdəndir.

 

Odur ki, məşhur mahnıda səslənən “Payız gəldi, uçdu getdi quşlar...” kimi “narahatçılığı” fəsildən küskünlük kimi başa düşməməli, onu əvəzləyən dəyərlərdən, təbiətin payız ünvanlı “pay”ından, onun bəxş etdiyi təkrarsız gözəllik çalarlarından doyunca zövq almağa çalışmaq lazımdır. Bu fəslin gəlişini ən çox gözləyənlər arasında rəssamlar birincilik təşkil etdiyini söyləsək, yanılmarıq.

 

Rəssamların “qızıl payız”ı səbirsizliklə gözləməsinin nəticəsidir ki, onların bu fəsilə fərdi bədii münasibətləri sayəsində insanlara əbədi və duyğulandırıcı gözəllik qaynaqları bəxş olunmaqdadır. Bu bədii sərvətin yaradıcıları rəssamlarımızın ən müxtəlif nəsillərinin təmsilçiləridir...

 

Hələ XX əsrin əvvəllərində Naxçıvan təbiətinə bədii münasibətini müxtəlif əsərlərdə ifadə edən Bəhruz bəy Kəngərli mənzərə janrının yaranmasına və təşəkkülünə duyulası töhfələr vermişdir. Ondan sonra gələn rəssamlar üçün onun yaratdığı mənzərələr bir mayak-göstərici olmuşdur, desək, həqiqəti söyləmiş olarıq. Bu mənada Azərbaycan təbiətinin bənzərsiz nəğməkarı Xalq Rəssamı Səttar Bəhlulzadə onun ən ləyaqətli davamçılarından sayılır. Onun milli təsviri sənətimizə bəxş etdiyi çoxsaylı əsərlər arasında payıza həsr olunmuş mənzərələr də kifayət qədərdir. Onun “Kəpəzin göz yaşları”, “Qızıl axşam”, “Naxçıvanda payız”, “Qədim Şamaxı”, “Kəpəzin aynası”, “Şamaxı üzümlükləri”, “Cıdır düzü” və s. əsərlərində fəsilə tutulan “bədii güzgü”də adi gözlə görünən, bəzən də rəssam duyumu ilə üzə çıxarılan gözəllik qaynaqlarının ovsunlayıcı bədii təqdimatını görmək mümkündür...

 

Azərbaycan təbiətinin dilbər guşələrindən sayılan Göygölü bədiiləşdirən rəssamlar onun və ətrafının payız libasında hifz olunan cəlbedici çalarları daha tez-tez kompozisiyaların əsas məna-məzmun daşıyıcısına çevirməyə üstünlük vermişlər. Sadıq Şərifzadə, Davud Kazımov, Vəcihə Səmədova, Tağı Tağıyev və b. rəssamların əsərlərində təbiətin payız ovqatına xas olan çalarlar yaddaqalan tərzdə bədiiləşdirilib.

 

Rəssamların paytaxtımızın gözəlliyinə həsr etdikləri çoxsaylı tablolar arasında gözoxşayan memarlıq tikililərini ağuşuna alan ağacların payız görkəmini əks etdirən lövhələr də özünəməxsusluğu ilə seçilirlər. Əyyub Hüseynov, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Qafar Seyfullayev, Maral Rəhmanzadə, Əli İsmayıl, Ceyhun Həmzəyev, İsa Məmmədov və başqalarının çəkdikləri mənzərələrdə Bakının gözəlliyini birəbeş artıran təbiət motivləri cəlbedici tutumda bədiiləşdirilib.

 

Payız aylarında Bakı bağları yaydakı kimi qonaq-qaralı olmasa da, qızılı qumluqlara bənzərsiz gözəllik verən tut, nar, heyva və s. ağacların payız rənglərində “çimən” gözəlliyin özünəməxsusluğu rəssamlarımız tərəfindən böyük məharətlə bədii görkəm almışdır. Abşeron təbiətinin payız ovqatının Tofiq Cavadov, Fərhad Xəlilov, Rafael Muradov, Əlövsət Əliyev, Nazim Bəykişiyev, Əlisəttar Səlimov, Çingiz Əzizov, Lətif Feyzullayev, Gennadi Brijatyuk, Qəyyur Yunus, Rəşid Nuriyev, Bəxtiyar Yusifov, Nazim Yunusov, Cəlal Ağayev, Fikrət İbrahimli və digərlərinin dəyişkən koloritli əsərlərində yaddaqalan-obrazlaşmış təsvirini görmək olar.

 

Xəzər sahilinin payızda aldığı özünəməxsus rəng çalarlarının rəssam əsərlərində gerçəkləşən bədii görüntüləri də yaddaqalandır. Bu mənada Nadiq Qasımov, Sübhan Məmmədov, Mahmud Tağıyev və başqalarının lirik-sərt ovqatlı əsərlərini qeyd etmək olar.

 

Payız fəslində respublikamızın müxtəlif guşələrinə yaradıcılıq səfərlərinə yollanan rəssamlarımızın Lənkəran, Şuşa, Astara, Zaqatala, Qax, Şamaxı, Quba, Naxçıvan, Gədəbəy və s. ünvanlı əsərlərində də təbiətin payız ruhu rənglər vasitəsilə yaddaqalan tutumda bədiiləşdirilmişdir. Bu mənada Əbdülxalıq Rzaquliyev, Asəf Cəfərov, Kamil Nəcəfzadə, Əyyub Hüseynov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Ağa Mehdiyev, Səməd Haqverdiyev, Kamil Xanlarov, Elşən Hacızadə, Eyyub Məmmədov, Firudin Quliyev, Fərman Qulamov, Sakit Məmmədov, Rəsul Hüseynov, Xaqan Bayramov, Azər Əliyev, İsa Məmmədov, Asif Azərelli, İntiqam Ağayev, Taleh Mirkazımov və başqa fırça ustalarımızın əsərlərinin adını çəkmək olar.

 

Ötən əsrdə olduğu kimi, indiki müstəqillik illərində də rəssamlarımız bütün mənalarda yeniləşən Azərbaycanımızın təbiətinə, onun payız çağına bədii münasibətlərini bildirməkdədirlər. Bu isə milli təsviri sənət saxlancımızın yeni-yeni əsərlərlə zənginləşəcəyinə zəmin yaradır....

 

Ziyadxan Əliyev

 

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AzerTac

 

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017