Faciələrimizdən pul qazananlar

Kulis.az Şəhriyar del Geraninin “Psixoloq  yoxsa, psixiatr?” yazısını təqdim edir. 

 

Bayaq dostlar ilən bir restoranda oturmuş idik. Nəfəsimin təntidiyini hiss etdim. Qəfil budaqları başımızın üstünü Müaviyə ordusu kimi namərdcə kəsdirən ağaca gözüm sataşdı. Nə ağacı olsa yaxşıdır? Əncir! Xudaya, bu gözəlim məmləkətdə yerində olmayan təkcə adamlar deyil, həm də ağaclar.

 

“Nə işi var bu oksigensovuran ağacın restoranın həyətində?” - sualını qeyri-ixtiyari ucadan səsləndirdim. Yan masada oturan orta yaşlı qarınlı vətəndaş diqqət kəsildi. Üzümü ona tutub təkrar sual etdim? Yoldaş, sən bilərsən,  nə işi var burda? Qarınlı yoldaş əliylə göbəyinə sığal çəkib ciddi-ciddi cavab verdi: “Nə bilim vallah, restorandı da, restoranda nə işi olar? Adminstrator, aşpaz, ofissiant...”

 

Hiss elədim ki, ciddi psixoloji problemləri var qarınlı vətəndaşın. Ümumiyyətlə, qarınlı adamların problemləri çox olur, müşahidələrimə əsasən deyirəm. Bir qarınlı tanışım vardı, hər dəfə paltar alanda dərziyə gedərdi. Sonra da başlayardı deyinməyə: “Ay kişi, belə də şey olar? 45 manata şalvar-köynək alırsan, üstünə yığdırmağa dərzi də 30 manat istəyir”. Adi paltar alanda bunca zəhmətə qatlaşan insanın başqa müstəvilərdəki məşəqqətlərini düşünün. Hər addımda psixoloji travma. Bir gün bunu götürüb apardım psixoloqa. İcazə verin bunu yeni sətirdən, abzasdan nəql edim.

 

Deməli, günlərin bir günü yoldaşlardan biri bərk gileyləndi həyatından. Həmin bu qarınlı yoldaşı deyirəm. Belə başa düşdüm ki, Füzulinin qəzəllərindəki ğəmli adamın taleyini yaşayır. Dedim, gedək psixiatra. Elə psixiatr demişdim, başlandı teatr. Qayıtdı ki, mən dəli zadam səninçün? Qəribə tiplərdir. Psixiatr kəlməsi yalnız dəli assosiasiyası yaradır bunlarda. Nə qədər cəhd elədim, bu “Qarın yoldaş”a başa sala bilmədim məsələni.  Xülasə,  getdik psixoloqa. Psixoloq da girəndən-çıxana “Dostu necə qazanmalı?” kitabından dəm vurdu. Özümü saxlaya bilmədim, dedim, a bəy, sən “Dostu necə qazanmalı”dan savayı bir kitab oxumamısanmı?” Qayıtdı ki, əlbəttə oxumuşam, mənim ixtisasım budur, hətta Karnegini də oxumuşam! Gördüm, bunun da psixoloji problemləri var. Durub bizi yola salanda gördüm, qarnı da varmış.

 

Psixologiya qədim elmdir, 25 əsrlik tarixi var. Söz yox, 19-cu əsrdən xüsusi elm kimi təşəkkül tapdı. Amma qədim zamanlardan adamlar bu elm ilən ruhu müayinə və müalicə etmişlər. Bizdə isə bir çox sahələr kimi bu sahənin də təyinatı yanlış. Yaxud, yanlış adamların əlində. Aristotelin sehrli iksiri bizim yerli psixoloqların  reseptində yox. Bizim psixoloqlar bütün günü xalqa gopa basırlar. Məsələn, özlərini ixtisaslaşdırırlar – “Ailə psixoloqu”. Araşdırırsan, görürsən dağılmaq təhlükəsi olan 20 ailə müraciət edib son 3 ayda, hər iyirmisi dağılıb.

 

Statistika var, son 10 ildə qurulan hər iki ailədən biri dağılıb. Bu dəhşətli, tükürpədici olaydan narahat olan bir nəfər də psixoloqa rast gəlmədim. Ailə institutu deformasiyaya uğrayır, dağılır, amma həyəcan siqnalı yox. Başları qarışıb biznesə. Adamların faciəsi üzərindən alver edirlər. Qəbul qiymətləri də kəllə-çarxda. Giriş 20 manat, 50 manat. Bir konsultasiya 80 manat, 150 manat. Danışdıqları da boşboğazlıq, çərənçilik, gop. Dünya görüş, İQ səviyyəsi, təfəkkür tərzi sıfırın altında. Hamısının da qarnı var.

 

Gedirsən qəbula, deyirsən, ailəm dağılır, hər gün münaqişə, mübahisə filan. Son sözü bu olur: “Çalışın mübahisədən qaçın”. Deyirsən, əsəblərim oyaqdı, yuxu rejimim pozulub. Deyir, çalışın sizi əsəbləşdirən şeylərdən uzaq olun, vaxtında yatın. Deyirsən, özümə yer tapa bilmirəm, cəmiyyətlə aramda uçurum var. Deyir, bacardıqca göy-göyərtini çox yeyin.

 

Mərhum psixoloq Dəyanət Rzayevlə verlişlərin birində qonaq idik. “Yutub”da var, adımızı yanaşı yazıb axtarış versəniz, çıxacaq. Söhbət əsnasında dedim, camaatı dəli eləyən elə psixoloqlardır, rahib pozası alıb səbr diləyirlər. Mərhum dostumuz güldü, dedi, razıyam sizinlə. Əlbəttə, razı idi. O, yaxşı bilirdi ölkədəki psixoloqların ümumi səviyyəsini.

 

Mən bizim psixoloqlara “yerli psixoloqlar” deyirəm. Həm məcazi, həm birbaşa mənada. Nədən ki, hamısı yer adamlarıdır. Merkantil maraqlara söykənib, meşşan dünya görüşü ilə Aristotelin ruh elminin davamçısı olmaq yaramaz. Ümumiyyətlə, bu tövr yaramazlıq olmaz.

 

Bugünlərdə bir oxucum mənə müraciət etdi, psixoloq yardımına ehtiyacı olduğunu dedi. Mən ona psixiatr dostumu önərdim. Əslində, bu yazı da həmin dialoqun nəticəsində yazılır. Oxucum, niyə psixoloq yox, psixiatr? – deyə sual etdi. Dedim, çünki Aristotelin sehrli iksiri, məlhəmi psixiatrların əlindədir. Səni narahat edən ruhani hallarını deyirsən, təyinatı üzrə məsləhətlər verir, həblər yazır, gedirsən sağalmağının dalınca. Dialoqumuz yarımçıq qaldı. Üstündən bir neçə gün keçmiş xəbər tutdum ki...

 

(ardı gələn yazıda)

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017