Dodağına pomada çəkmiş kişilər

- Ay kişi, dedim axı, avtobusu mən deyən yerdə saxla!

 

- Ay bacı, orda saxlamağa icazə yoxdur!

 

- Sənə pul verirəm, harda dedim, orda saxlamalısan!

 

- Əşi sən Allah düş get, səhər-səhər qanımızı qaraltma.

 

- Şofer, deyəsən ağ elədin axı! .... biri ...! Bu dəqiqə sənin başına bir oyun açaram...

 

Üçmərtəbəli söyüşlər avtomat kimi açılır. Qadın deyilən bəndə əlini belinə qoyub ürəyini boşaldandan sonra düşüb gedir. Avtobus yerindən tərpənənə kimi həmin sözləri eşitmək zorunda qalırıq. Başqa çarəmiz də yoxdur. Qulağımızı tıxamayacağıq ki.

 

Qadın olan kəs də söyüş söyərmi? Harda qaldı klassiklərin təsvir etdiyi o incəlik, o məlahət?

 

Füzulinin təsvir etdiyi ölüləri dirildən dürr sözlü pərilər...

 

Aşıq Ələsgərin söz etdiyi ədəb-ərkanlı gözəllər...

 

Qaracaoğlanın vəsf etdiyi.

 

Yox, gəlin reallığa qayıdaq. Söyüş söyən xalalara təkcə avtobuslarda rast gəlmirik. Mağazalarda, iş yerlərində, şirkətlərdə, banklarda... belə qadınlar hər an qarşımıza çıxa bilər.

 

Hadisənin “qəhrəmanı” cavan qız olanda vəziyyət daha da qəlizləşir. Senzuradan kənar sözlər deyən gənc qızın gələcəyini təsəvvür eləyəndə adamın tükləri biz-biz durur.

Xatırlayıram ki, əməkdaşlıq etdiyim ofisə gənc və gözəl bir qız gəlirdi. Fürsət düşən kimi rəfiqələrini başına yığıb öz macəralarını danışırdı. İstər-istəməz biz də qulaq müsafiri olurduq. Qızın nəql etdikləri “Min bir gecə nağılları”na bənzəyirdi, bir-birinə calanırdı, heç cür anlaya bilmirdim ki,  20 illik ömrünə bu təcrübəni necə sığdırıb.

 

Qız ara-sıra yasaq kəlmələri dilinə gətirirdi, bunu elə bir tərzdə, elə bir asanlıqla edirdi ki, hətta əməkdaşlar  siyasi skandal xəbərlərdən yayınıb diqqətlərini ona yönəldirdilər. Hələ qızın dediklərini cib dəftərinə qeyd edənlər də olurdu. Bizə əcaib gələn o idi ki, bu qız bu senzuralı janra necə mükəmməl yiyələnib.

 

Amma bu qıza olan maraq tez keçib-getdi. Kişilər etiraf edirdi ki, belə qızlar diqqətimizi çəkir, amma heç kim onunla uzunmüddətli münasibət qurmaq istəməz.

 

Kim qarantiya verə bilərdi ki, bu boyda söyüş təcrübəsi olan qız onlarla da eksperiment etməyəcək.

 

Bir dəfə oxudum ki, özlərini feminist hesab eləyən bəzi qızlar da söyüş söyür. Elə-belə, kef üçün. Onların fikrincə, kişilərlə bərabərhüquqlu olan qadınlara söyüş söymək heç də qəbahət deyil.

 

Belə qızlardan biri ilə tanış olan iş yoldaşım heç cür anlaya bilmirdi ki, müəyyən səviyyəsi olan bu qız niyə jarqondan istifadə edir. Bir dəfə ondan bu barədə soruşanda qız təəccüblə ona nəzər salıb:

 

- Mən səni daha ağıllı bilirdim, - deyib – bu, qadının zəkasını, özgürlüyünü göstərir.

 

İş yoldaşım bu əhvalatı danışanda istər-istəməz kədərlənir, məni isə gülmək tutur. Söyüş söymək nə vaxtdan azadlıq, özgürlük əlaməti olub? Bu, bilirsiniz nəyə oxşayır? Təsəvvür edin, siz qadınsınız, amma kişi geyimindəsiniz, şalvarınızı çəkə-çəkə yeriyir, yerə tüpürür və damağınızda siqaret, yol keçən qadınlara sataşırsız.

 

Özünü kişilərlə müqayisə edən qadının söyüş söymə özgürlüyü bu mənzərəni ifadə edir.

 

Odur ki, baqajınızdakı sözlərə çox da güvənməyin, onlar sizi feminist yox, yuxarıda təsvir etdiyim ağzı pərtov kişilərə bənzədir.

 

Bəzən söyüş söyən qadınlar çox gözəl maskalanır və televiziyalarda incə libaslarda görünürlər. Mədəni danışmağa çalışırlar, hər sözü seçib deyirlər. Düzdür, bir az süni mənzərə yaranır, amma bu, əlbəttə ki, söyüş söyən bir qadınla ünsiyyətdən daha yaxşıdır.

 

Efirdə dəbdəbəli libaslarıyla, incə davranışı ilə gözoxşayan bir aparıcını sosial şəbəkədə müşahidə etdim.

 

Bu məşhur televiziya aparıcısı bir ara işdən uzaqlaşmışdı və sosial şəbəkələrdə “vur-çatlasın” salırdı. Açıq-saçıq sözlər yazmaqdan çəkinmir, insanlara, quşlara, hətta ağaclara belə söyüşlər yağdırır, oğlanlarla məzələnirdi. Düzü, ağacı söyən insana ilk dəfədir rast gəlirdim.

Mən təəccüblənməyə macal tapmamış, qız yenə məni şaşırtdı. Bir vaxtlar Türkiyədə bir yerdə çalışdığı oğlana sosial şəbəkədə açıq-aşkar eyham vuraraq: “Yadındadır da bizim Türkiyə gecələrimiz...”

 

İş o yerə çatdı ki, hazırcavablığı ilə seçilən oğlan söz tapa bilməyib aradan çıxdı.

 

Bir müddətdən sonra aparıcı televiziyadakı işinə qayıtdı, yenidən dəbdəbəli libaslarla - bu dəfə efirdə - vur-çatlasın salmağa başladı. Amma indi performansı fərqli idi - Aşıq Ələsgərin qoşmalarında təsvir etdiyi ədəb-ərkanlı gözəllər kimi aparırdı özünü.

 

Elə bil sosial şəbəkədə kişilərə şəbədə qoşan, skandallı kəlmələr işlədən, Türkiyə gecələrindən şövqlə bəhs edən bu deyildi.

 

Amma mənim təsəvvürümdə o hələ də ağaclara söyən qadın kimi qalıb.

 

Sizi deyə bilmərəm, mən söyüş söyən qadını ciddi qəbul edə bilmirəm.

 

Dodağına pomada çəkmiş bir kişini təsəvvür edin. Söyüşcül qadın da eynilə o cür eybəcər görünür...

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017