Baba Vəziroğlu: “Cinayət etmişəm...”“ŞƏKLİNLƏ DANIŞ”

Kulis.az fotoqraf-jurnalist Arzu Muradın “Şəklinlə danış” layihəsindən növbəti yazısını təqdim edir. Budəfəki qonaq yazıçı-şair Baba Vəziroğludur

 

Baba Vəziroğlunu uzun zamandır tanımağıma baxmayaraq, hər zaman görüşünə tələsmişəm. O İsmayıllıya gedəndə, Bakıda günlərin, hətta ayların onsuz necə keçəcəyini təsəvvür edə bilmirəm. Tədricən onunla olan dostluğumuz ailələrimizə də sızdı və bu dostluq həm də bir ailəvi şəkil aldı. Di gəl ki, indi mənə “Baba Vəziroğlunu ifadə et” desələr, inanın ki, bunu qısa şəkildə necə anladacağımı bilmirəm. Dəqiqələrə deyim, düz alınmayacaq, saatlara deyim, olmayacaq, heç günlərə də sığdırmaq olmaz onun haqqında deyəcəklərimi. Yox, qətiyyən elə bilməyin ki, müsahibimi öncədən tərifləyirəm. Düzünə qalsa, bu neçə ildə nə o məndən, nə mən ondan bir kəlimə tərif eşitməmişəm. Hər zaman maraq içimi didib ki, görən əslidə mənim haqqımda nə düşünür? Onun gözündə Arzu Murad necə biridir? Elə bu rubrika mənim üçün göydən düşmə bir fürsət oldu, haqqımda rəy alacam ondan və nə deyibsə, olduğu kimi də çatdıracam, tək kəlimə pafossuz...

 


Bir yazıçıyla müsahibəni harda edərlər? Təbii ki, onun evində, yazı masası ətrafında. Evlərinə gələcəyimizi zatən bilirdi, bəzi verilişlər kimi yalandan qurma etməyəcəm ki, xəbərsiz getdik, filan. Dəfələrlə olduğum, öz evim qədər əziz olan bu mənzilə hər dəfə gələndə özümü qonaq kimi hiss etmirəm, bunun digər səbəbi də Baba müəllimin xanımıdır. Sadəliyi və gülərüzlüyü ilə insanda xoş ovqat yaradır. Qapını döydüm, açdılar və birbaşa iş otağına daxil olduq:


- Elə bil bir az kefsizsiniz, yoxsa səhhətiniz sizi incidir?


- Səhhətimdə heç bir problem yoxdur, maşallah (gülür), istədim özümü bir az halsız kimi göstərim, foto-sessiya üçün bayıra çıxmayım.


- “Maşallah”la açılış etdiniz, göz dəyməyə inanırsınız?

 


- Gözdəyməyə inanıram da sözdür? Mənim ilk mətbu hekayəm 1976-cı ildə yazılmış “Bir yaz axşamı”dır. Əsərin baş qəhrəmanının prototipi bizim kəndçimiz idi, çox pis nəzəri var idi. Mənə gəldikdə isə, mənə birinci öz gözüm dəyir. Arada olur ki, özümü yaxşı hiss edirəm, xoşbəxtlik simptomları gəlir və anında öz nəzərimə tuş gəlirəm. Çox vaxt özümü sevdiyimi gizlədə bilmirəm, bəzən həddən ziyadə özümdən razı oluram, onda da əziyyətini çəkirəm.
 

- Bu özünəvurğunluq sənətdə də sizi təqib edir? Qarşınızda olan hər hansı bir söz adamıyla özünüzü müqayisə edirsiz?
 

- Mən heç vaxt heç kəsi özümlə müqayisə etmirəm, özündənrazılıq prinsiplərim nə yaradıcılığa, nə şəxsiyyətə, nə də digər insani keyfiyyətlərə aid deyil, məqam məsələsidir bu. Qalan bütün məsələlərdə dünyada özündən narazı iki adam varsa, ikisi də mənəm. Özümə qiymət vermirəm, çünki qiymət vermək ətrafımdakıların işidir.

 


- Söz azadlığını necə qəbul edirsiniz?


- Yazıçının senzoru olmalıdır ki, nəyi demək olar, nəyi demək olmaz. Hər sözü yazan yazıçı qəhrəman deyil, cürətli yazar sayıla bilməz. Cürətli yazar odur ki, hər şeyi dilinə gətirmir, yüngül şöhrəti içində boğa bilir. Çox ləyaqətli yazıçılar var ki, onlar yazdıqlarından çox yazmadıqlarını özləriylə o dünyaya aparırlar. Eynən Yusif Səmədoğlu kimi. Yusif müəllim məndən yaşda qat-qat böyük olmasına baxmayaraq, çox yaxın dost idik, ilk xeyirxahlarımdan olub, yazıçılar birliyində mənə zəmanət verib. O, aristokrat, zadəgan quruluşlu insan idi. Elə şeylər danışırdı ki, deyirdim: “Ay Yusif müəllim, sən niyə bunları yazmırsan?”, rəhmətlik bir az kəkələyirdi axı, deyirdi: “Baba, hər şeyi yazmaq olmaz”. Mən isə o anda qəlbimin dərinliyində düşünürdüm ki, kaş icazə verəydi, mən bunları yazaydım. Onun hər bir cümləsi böyük bir hekayənin mövzusu idi. Qısacası, yazıçı yazdıqlarından çox yazmadıqlarının müəllifidir.

 


- Bir sıra gənc yazıçılar intim mövzularda azadlığı təbliğ etməyə çalışırlar, buna münasibətiniz necədir?


- Məşhur bir fraza var: sənin azadlığın başqasının azadlığının başladığı yerdə bitir. Bitmirsə, deməli biri digərinin azadlığına müdaxilə edir. İnsan başqa canlılardan ona görə fərqlənir ki, “olar”lardan daha çox, “olmaz”larla yaşayır. Ağlına, dilinə gələni kağıza köçürmək azadlıq deyil, məsuliyyətsizlikdir. Özünə rəva bilmədiyini necə başqasına rəva görə bilərsən? Sən adada yaşayan Robinzon Kruzo deyilsən axı, cəmiyyətin bir üzvüsən.

 


Qətiyyən onun sözlərinin tilsiminə düşməyin, hər bir insan kimi Baba müəllimin də mənfi cəhətləri var. Məsələn hədsiz səbirsizdir, soyuqqanlıdır, bir insanı tərifləməz, sevgisini büruzə verməz. Amma yenə də bütün bunları Baba müəllimə bağışlamaq olar, təkcə ondan ötəri ki, bildiklərini qarşısındakıyla paylaşır, bilik sarıdan xəsis deyil. Yadıma Yazıçılar Birliyində çalışan vaxtlarından danışdıqları düşdü və düşündüm ki, son zamanlar birliyin ətrafında cərəyan edən hadisələrə yəqin ki, onun da bir baxış bucağı var.

 


- Son zamanlar Yazıçılar Birliyi ətrafın söz-söhbətlər səngimək bilmir, vaxtıykən ittifaqda mühüm vəzifə tutmuş bir şəxs kimi bu hadisələr sizə necə təsir edir?


- Mən o vaxt hərbi xidmətdən qayıdanda birliyin keçmiş sədri rəhmətlik İmran Qasımov məni orda işə götürdü, bir neçə ildən sonra nəsr üzrə məsləhətçi vəzifəsində oldum. Beləcə vəzifəm arta-arta Anara qədər gəlib çıxdım. Mən orda elə şəxsiyyətlərlə çalışdım ki, belə deyim, məktəb keçdim. Day qocalana kimi o məktəbdə qalası deyildim ki. Əslində, Anar cavanların qaldırdığı üsyanın nəticəsində hakimiyyətə gəldi. Həmin cavanların içində mən də var idim. Gənc idik, hamımızın içində bir dalğa var idi ki, bizə daha yaxın, yeni fikirli biri rəhbər olmalıdır. Sovet dövrünün dağılması ərəfəsində aşkarlıq adlanan bir mərhələ vardı. Anarı həmin mərhələnin dalğasında gətirdik. Sonra isə bütün inqilablarda inqilabı edənlərin hamısı arenadan kənarda qaldığı kimi, biz də bu səbəbdən istisna olmadıq (gülür).
 

 

- Cazibə qüvvənizin sirri nədir?
 

- Mən həyatda həmişə maksimalist olmuşam: ya yaxşı, ya pis, ya hər şey, ya da heç nə. Bir işdən yapışmışamsa onu mütləq yaxşı etməli idim. Universitetin jurnalistika fakültəsinin birinci kurs tələbəsi olanda Azərbaycan televiziyasında “Ömrün ayları” verilişini hazırladım. Nə yaxşı ki, “hər şeyşünas” olmamışam, məndə alınmadığını gördüyüm sahədən anında uzaqlaşmışam. Sonra nəsrlə məşğul olmağa başladım və o zamanlar gənc nəslin ən parlaq nümayəndələrindən olduğum üçün Moskvaya göndərilən iki yazıçıdan biri mən olurdum. Mahnı yaradıcılığı da öz yerində, davam edirdi və zaman keçdikcə də püxtələşirdim. Nə edim ki, əl atdığım işlər uğurlu alınıb məndə.

 


- İlkləriniz yadınızdadır?


- Mənim “Ömrün ayları” verilişimin birinci və əbədi qonağı Flora Kərimova olub. Hətta verilişimin “şapka” musiqisi də Faiq Sücəddinovun bəstələdiyi, Flora Kərimovanın ifa etdiyi “Ömrün ayları” adlanırdı. Verilişimin formatı unudulmuş, “dayday”ı olmayan sənətkarları tapıb üzə çıxarmaq idi. Kapriz edən qonaqlarım da olurdu, amma mənim də şirin dilim ilanı yuvasından çıxarar.

Bu il İsmayıllıda olarkən hədsiz utancaqlığım və aşırı mədəniyyətimdən təngə gəlib mənə Çexovun “Məmurun ölümü” hekayəsini misal çəkdi və “Bu fransız etiketlərindən əl çək” dedi. Həmin hekayəni sonra özüm oxudum və diqqətimi çəkdi ki, Baba müəllim hekayəni eynilə danışmışdı, elə bil əzbərləyib.


- Bir əsəri bir neçə dəfə oxumaq mümkündür?
 

- Bir əsəri yüz dəfələrlə oxumaq mümkündür. Camaat şeir əzbərlədiyi halda, mən nəsr əzbərləyirəm, Çexovla Rafiq Tağının hekayələrini əzbər bilirəm. “Masaüstü kitab” deyirlər, mən o sözü qəbul etmirəm, gördüyünüz kimi masamın üstündə də heç bir kitab yoxdur. Bir əsər və ya bir yazıçı gərək sənin yadına düşsün, ürəyin istəsin, gedib rəfdən götürüb oxuyasan. O vaxtı xatirə dəftərlərində yazırdılar: baxıb xatırlama, xatırlayıb bax. Kitab da həmin şeydir.
 

- “Kamil və müdrik biri olmaqçun mütaliə mühüm rol oynayır” deyirlər, bəs “Səfillər”i oxuyan biri necə əclaflıq edir?


- Kitabdan yaxşı və ya pisi götürmək prinsipi yoxdur, hər kəs özünə lazım olanı götürür. Detektiv ədəbiyyat yaranandan sonra - guya ədəbiyyatdır da, halbuki onun ədəbiyyata heç bir dəxli yoxdur - dünyada nə qədər canilər var, onu oxumağa başladı və daha da təkmilləşdilər. Hər kəs kitabı oxumaqçun eyni şəkildə əlinə alır, amma fərqli baxışla oxuyur.
 

 

- Baba müəllim, timsahın yalançı göz yaşları necə olur?
 

- Timsahın yalançı göz yaşları təqribi qadının göz yaşlarına bərabərdir. Təbii ki, bu o demək deyil ki, qadınların göz yaşları mənimçün önəm daşımır, daşıyır əlbəttə. Ona görə yola verməyə, üzərindən keçməyə çalışıram. Bilirəm ki, göz yaşlarına dözümüm yoxdur, ona görə özümü görməməzliyə qoyuram. Kişinin göz yaşları isə böyük faciədir, ona görə gec-gec təsadüf olunur.


- Müəyyən verilişlərimizin sayəsində kişilərin göz yaşını çox tez-tez görürük.


- Həzrəti Əli deyib ki, insanlar valideynlərindən çox zəmanələrinə bənzəyərlər. Həmin kövrək kişilər də zəmanələrinə bənzəyiblər.
 

- “Qadın olsaydım, ayağı sürüşkən olardım, heç kəsə “yox” deyə bilmirəm” deyirsiniz. Bu barədə heç ciddi-ciddi düşünmüsünüz, qadın olsaydınız, necə olardı?


- Yox, məndə olmayıb elə bir şey. Bu söz kişilər arasında olan bir zarafatdır. Bəzən olur ki, özünə söz verirsən ki, bu gün bu işi bitirməliyəm, heç yerə çıxmayacam. Birdən zəng gəlir və səni yeyib-içməyə çağırırlar, bayaq verdiyin söz unudulur. Bu mənada məişətdə belə misallar çəkilir. Qaldı ki, mənim “Dilim quruyaydı “yox” deyəndə mən” şeirimə, bu artıq faciədir. İnsan həyatında tale yüklü bir məqam olur ki, şeytana aldanıb “yox” deyir və bir ömür özünü danlasa belə, peşmançılıq içini parçalasa belə, kişinin ağzından söz bir dəfə çıxar deyə sözünə dönük çıxmır. Mənim də həyatımda olub, cinayət etmişəm, cəzasını da çəkirəm.

Baba müəllim mənim yaxından tanıdığım ilk tanınmışdır. Heç bilmədim dostluğumuz hardan başlayıb nə zaman inkişaf elədi. Amma elə bir dostluğa çevrildi ki, biz aramızdakı yaş və cins fərqini hiss etmədik. İstənilən mövzuda iki kişi kimi rahat, sərbəst danışa bilirdik. Hər zaman çevrəsi qadın pərəstişkarlarla dolu olurdu, buna baxmayaraq Baba müəllim təmkinlə pərəstişkarlarının hər birinə diqqət ayırmağı bacarırdı, bəzən onun yerinə mənim hövsələm daralırdı.

 

 

- Sevgi etirafı olan məktubları çox almısız, ya SMS-ləri?

 

- Hər ikisi çox olub. Məna yükünə gəldikdə məktublar daha dəyərlidir, neçə ildir ki, İsmayıllıdakı evin çardağında qutunun içində saxlayıram o məktubları. Mesaj isə elədir ki, gəlir, oxuyuram və anında silirəm, aydın məsələdir ki, hər bir cinayətkar izi itirməyə çalışır, baxmayaraq ki, o iz itmir heç zaman.

 

- Axırıncı dəfə sevgi göstəricisi olaraq evə güllə nə zaman gəlmisiniz?
 

- Demək olar ki, evə tez-tez güllə gəlirəm, çünki görüşlərdə olanda mənə qucaq-qucaq güllər verilir və mən həmin gülləri evə gətirirəm (gülür). Şərtdir ki, maaşımın yarısını verib gül alım? Gül almaq hələ sevgi göstəricisi deyil, sevgi sədaqətdir, fədakarlıqdır.


- Bəs sizinçün bir xanımda diqqətinizi çəkən nədir ki, düşünəsiniz o sizin xanımınız olmağa layiqdir?
 

- Təbii ki, dünyada ideal heç nə yoxdur. Bu bir sirri-xudadır ki, insan necə olur milyonların içindən gedib birini sevir? İnsanda nəyisə sevmək hesablaşmaq deməkdir, bu artıq nə izdivacdır, nə sevgi. Düşünürəm ki, xarici görkəmcə və mənəviyyatca önəm verdiyim bütün kriteriyalardan uzaqdır, tapa bilmirəm nəyini sevmişəm, bircə bilirəm ki, mən onu sevirəm, bax bu olur əsl sevgi. Buna ən yaxşı cavabı Məcnun verib, deyib: “Sən Leyliyə bir də Məcnunun gözüylə bax”.

 

- Pərəstişkarlarınızdan razısız? Əslində həmin xanımlar Baba Vəziroğluda olan nəyə daha çox pərəstişkarlıq edirlər?
 

- Razı olsam da, olmasam da, vəziyyət dəyişmir. Hər kəs pərəstiş etməkçün bir obraz yaradır, mənim selulitimi götürür və ürəyində nə qədər arzusu var doldurur həmin selulitə. Ən dəhşətlisi odur ki, mən onun illərdir izlədiyi kumiri olmadığımı hiss etsin. Onda həmin büt dağılır onun gözündə.

Rafiq Tağının dünyasını dəyişməsi, o hadisələr bu gün kimi yadımdadır, hətta ölüm xəbərini alanda ağlıma ilk gələn Baba müəllim olmuşdu. Düşünmüşdüm ki, onunçun Rafiq Tağısız çətin olacaq, çətin toparlana onun ölümündən sonra, amma təəccüblüsü o oldu ki, Baba müəllim xəbəri soyuqqanlı qarşıladı. Hətta bunun üçün onu bir xeyli qınadılar da. Müəyyən zamandan sonra söz-sözü çəkdikcə hər kəlməsində Rafiq Tağıdan danışıb, biixtiyar üzündə təbəssüm yarananda dərk edirdim ki, əslində heç birimiz görmürük, amma dostunun ölümüylə Baba müəllimin sol tərəfi iflic vəziyyətindədir:

 


- Kim necə istəyir, elə də düşünsün, bu onların haqqıdır. Mən sevgimi nümayiş etdirməyi bacarmıram. Rafiq kimi bir neçə dostum var idi, onlar mənim tərcümeyi-halım idilər. İnsan insult olanda iflic vəziyyətinə düşür, bir tərəfi quruyur, olur yarım adam, mən də həmin dostlardan sonra eynilə bu vəziyyətdəyəm. O sağ olanda gərgin iş günündən sonra düşünəndə ki, Rafiqə zəng edib danışım, zəng etməsəm belə, düşünməyim bütün yorğunluğuma son qoyurdu. İndi isə Rəsul Rza demiş, dünya dolu adamdır, amma mən dərdimi deməyə adam tapmıram.

Sizi inandırım ki, çəkiliş zamanı mən bir dəfə də olsun demədim ki, Baba müəllim, belə durun, elə oturun. Adam özü hər şeyi ayarlayırdı, istər baxışıyla, istər qamətiylə. Elə bu professionallığın hardan doğduğunu soruşacaqdım ki, məni qabaqlayıb məlumat verdi:


- Axı mən qocaman televiziya işçisiyəm, ömrüm boyu kameralarla işləmişəm. Azərbaycanda yeganə televiziyanın olduğu dönəmlərdə çalışmışam. Öz verilişimin həm ssenaristi, həm rejissoru, həm də kameramanı olmuşam. Müəllif verilişim olduğuyçun istəyirdim ki, hər şey ürəyimcə olsun. Fotoya gəldikdə isə, kəndimizdə ilk fotoaparat və velosiped məndə olub. İlk fotoaparatım “Smena” firmasının idi. Maraqlı fotolarım var idi, rəsm də çəkmişəm uşaqlıqda. Məsələ bundadır ki, bunlar ötəri həvəs oldu, bircə yazıçılıq sağalmaz xəstəlik kimi qopmadı məndən.

Sonda sizə söz verdiyim kimi - əslində sizdən istifadə edib öz məqsədimə çatmaq istəyirdim - haqqımda fikir almağa cəhd etdim:
 

- Onu deməyəcəm. Mən bayaqdan səmimi söhbət edirəm, sənin özəl suallarına elə özəl tərəfdən cavab verirəm, bu özü nə deməkdir səncə? Sənin haqqında fikrimi bildirməyəcəyəm, bununçun bəhanəm və səbəbim olmalıdır, o da yoxdur. Mən çox sevdiyim, əziz bildiyim biri mənə desə ki, bir dəfə də olsun, mənə sevirəm deməmisən, daha da əsəbiləşib qürur damarıma basıb deyərəm ki, niyə sevməliyəm ki, səni? Halbuki ölürəm həmin adamçun, ürəyimi də verərəm. Kişi sevgisi başqa cürdür, bu sevgi istər həyat yoldaşına, istərsə də dosta olsun, fərq eləmir, mən onu bildirməkdə acizəm. Yəqin ki, fikrimi izah edə bildim ?!

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017