İntim videosuna görə intihar edən qız

“Daha bir qadın şantaj edilərək seksual zorakılığa məruz qaldı...”

 

“Tanınmış şəxsin qızı intim görüntüləri ilə şantaj edilir”

 

 “21 yaşlı qohumuna təcavüz edərək şantaj etdi...”

 

Bu kimi başlıqlı xəbərlər mediada sıx-sıx görünür və gündəmi alt-üst edir. Dəhşətli açıqlamalar qarşısında ya səssiz qalırıq, ya da mühakimə edici barmaqlarımızı qurbanlara tuşlayırıq. Amma hadisənin qurbanlarını mühakimə etməkdənsə, səssiz qalmaq daha yaxşıdır.

 

Xatırlayıram ki, bir neçə il qabaq aktrisalarımızdan biri öz çılğın çıxışı ilə səs-küy doğurmuşdu. Məlum olmuşdu ki, kim isə həmin aktrisanı şantaj edir və əlində olan görüntülərlə onu rüsvay edəcəyi ilə hədələyir.

 

Şantajçının dediyinə görə, həmin görüntülərdə aktrisa sərxoş vəziyyətdə idi.

 

Aktrisa güclü qadın idi, öz hüquqlarını da bilirdi, məsələnin öz-özünə və yaxud hansısa yolla həll olunacağını gözləmədən birbaşa hərəkətə keçdi.

 

Onun özünümüdafiəsi daha çox hücum xarakterli idi. Çünki öz həqiqətinə inanırdı və məntiqli, əsaslı sübutlarla öz haqqını müdafiə edirdi.

 

Əslində vəziyyət göründüyündən də qəliz idi. Aktrisanı şantaj edən cavan oğlan, adının açıqlanmasını istəməyən bir iş adamını ört-basdır edirdi. Şantaj “layihəsinin” müəllifi də elə həmin “təcrübəli” iş adamı idi.

 

Amma aktrisa kimdən qorunduğunu yaxşı bilirdi və əsl şantajçını dolayısı ilə ittiham edərək özünü təmizə çıxara bildi.

 

Məsələ beləcə aktrisanın xeyrinə bitdi.

 

Qadınlarımızın heç də hamısı bu aktrisa kimi güclü və məntiqli deyillər, özlərini necə müdafiə edəcəklərini, ən önəmlisi, öz hüquqlarını bilmirlər.

 

Ona görə də belə situasiyaya düşəndə başlarını itirir, şantajçının tələblərini yerinə yetirir, onların çaldığı havaya oynayırlar. Hətta intihara əl atanlar belə var.

 

Bu yaxınlarda şahidi olduğumuz bir gerçək hadisədir; qızla oğlan tanış olur, bir müddət yoldaşlıq edir, sonra oğlan qıza onu “sevdiyini” deyir, beləcə aralarında “sevgi münasibətləri” yaranır.

 

Bir müddətdən sonra münasibətlər intim müstəviyə keçir. Oğlanın evlilik vədlərinə aldanan qız ona təslim olur. Sən demə oğlanın başqa planları varmış.

 

İntim münasibətlərini hansısa yolla video kameraya köçürən oğlan qızı şantaj eləməyə başlayır. Müxtəlif tələblər irəli sürür. Video görüntülərini qızın ailəsinə göstərəcəyi ilə hədələyir.

 

Zavallı qız dərdini kimsəyə deyə bilmir. Çünki “müttəhimlər kürsüsündə” oturacağını yaxşı bilir. Cəmiyyət hakim rolunda ittiham edib hökm oxuyacaqdı. Bu hökm isə gənc qız üçün ölümdən betər idi.

 

Və qız özünə qəsd edir. Onu təqib edəcək və barmaqlarını üzünə tuşlayaraq “O əxlaqsızdır, onu daş-qalaq edin” -  deyəcək cəmiyyətdən qaçış yolu idi bu; onu şantaj edən adamdan yox, cəmiyyətdən qaçış idi.

 

Bəlkə də bu yazını oxuyanların çoxu “Bəli, günahkardır, əxlaqsızdır”, - deyəcək, “Özü təqsirkardır, gərək oğlana təslim olmayaydı” və s. Anlayış göstərənlər yəqin ki, çox az sayda olacaq.

 

Mühakimə etmək asandır, anlayış göstərmək çətin.

 

Şantajçının silahlarından biri milli mentalitetdir. Məsələn, Rusiyada şantajla üzləşən qadın çox vaxt açıq oyuna keçir və hər şeyi özü etiraf edir. Adətən belə etiraflar effektli olur; ər, yaxud sevgili müəyyən istisna halları nəzərə alaraq tərəf-müqabilini bağışlayır.

 

Təəssüf ki, bizim milli mentalitet insanlarımızın ixtiyarını onların özlərinə vermir. Hər şeyə özü nəzarət və müdaxilə edir.

 

Deyilənə görə, ölkə boyu dolaşan seksual xarakterli hədə-qorxuların, şantajların əsas stansiyası əyalətlərimizdir. Çünki əyalət insanı sivilizasiyadan daha uzaqdır, bu kimi hallarda nə edəcəyini bilmir. Amma onu bilir ki, el-oba şantajçını yox, onu mühakimə edəcək.

 

Mediada seksual zorakılığa məruz qalan qadınlardan yazırlar. Bunlardan biri 21 yaşlı qadındır. Onun guya əxlaqsızlıq etdiyini öyrənən 40-45 yaşlı bir adam qadını şantaj edərək ərinə xəbər edəcəyi ilə hədələyib. Və mənzilinə çağıraraq təcavüz edib. Yalnız bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Yaxud başqa bir sarsıdıcı nümunə. Arvadından ayrılan əyyaş bir neçə ildən sonra qadının başqa bir adamla görüşdüyünü və xoşbəxt olduğunu öyrənir. Keçmiş ərin kaprizləri oyanır, qadını qaytarmağa cəhd edir.

 

Ərinin əyyaşlığına bələd olan qadın heç vəchlə razı olmur, keçmiş ailəsində o böyük sarsıntılar keçirmişdi, stresslər yaşamışdı, nəhayət xeyli müddətdən sonra normal bir adamla tanış olub öz mənəvi tarazlığını bərpa etmişdi.

 

Amma adam zalım idi, qadının başqa bir kişiylə xoşbəxtliyini həzm edə bilməzdi. Və o, ən axırıncı yola əl atır. Qadını şantaj edir.

 

Qadının atası ağırtaxtalı, ağırxasiyyətli adam idi, qızının özəl həyatından xəbəri yox idi, əgər bilsəydi, onu bağışlamazdı. Ailənin “minillik dəyəri alt-üst” olardı.

 

Və qadın göz yaşları içində sevdiyi adamdan ayrılıb özünü əyyaş ərin cəhənnəminə atır.

 

O bilirdi, əyyaşın evində onu nələr gözləyir, amma özünü ailənin “minillik dəyərlərinə” qurban verməkdən başqa yolu yox idi.

 

Bir neçə gündən sonra qadının intihar xəbəri gəlir. Bu necə baş vermişdi? Artıq bu, ailə üçün maraqlı deyildi. Əsas o idi ki, ailənin qüruru “təmin edilmişdi.” 

 

Vəssalam!

 

İnsan yoxdur, deməli problem də yoxdur.

 

Cəmiyyət insanına sahib çıxmır, deməli hər bir fərd özü özünün müdafiəçisi olmalıdır. Bu kimi situasiyalarda psixoloji mərkəzlər də yardım rolunu oynaya bilər.

 

Bilirsiniz ki, psixoloq seanslarında anonimlik qorunur.

 

Sonrakı mərhələdə isə artıq atacağınız addım daha düşünülmüş olacaq. Əsas olan özünə güvən məsələsidir.

 

Əgər öz həqiqətinizə inanırsınızsa, həqiqət də sizin tərəfinizdə olacaq.

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017