Mirzə Cəlillə Kafkanı nə birləşdirir?

 

Kulis.az tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamalın “Frans Kafka və Mirzə Cəlil:  Həbs absurd oyun kimi” essesini təqdim edir.

 

F.Kafka “Proses” romanında (1925-ci il, müəllifin ölümündən sonra nəşr olunub). Bu əsərin absurd süjetini günahsız insanın mühakimə olunması təşkil edir. Səbəbini bilmədiyi absurd məhkəmə prosesi onu lap əldən salır. Məhkəmə prosesi tədricən onu iradə və fikir azadlığından məhrum edir. Məchul, sirli bir məhkəmə – ittiham prosesi Yozef K-nı bataqlıq kimi özünə çəkib aparır. Əsərin personajlarından biri – rəssamın dediyi kimi: “bir dənə də tam bəraət, mən bir dəfə də olsun eşitmədim”.

 

Qəhrəmanın məhkəmədə görüşdüyü bütün personajlar bu proses haqqında məlumatlıdırlar. Onlar üçün bu məhkəmə sıradan bir hadisədir.

 

O, niyə həbs olunduğunu sonacan anlaya bilmir.

 

Yalnız K. suçu-günahı nədir – bilmir.

 

Əvvəlcə K. öz həbsini axmaq bir zarafat kimi qəbul edir. Daha sonra yavaş-yavaş insanlardan təcrid olunduğunu anlayır. Məhkəmə nəzarətçisi də, frau Qrubax, pansionun sahibəsi daha onunla salamlaşmır.

 

Məhkəmə prosesi irrasional qara qüvvələrin təcəssümüdür. Məhkəmədə heç kimin günahı üzünə oxunmur. Yozef K. əmindir ki, tezliklə bu mənasız istintaq sualları bitəcək və o, evinə qayıdacaqdır.

 

Yozef K.-nın getdikcə müqaviməti zəifləyir. Etiraz səsini qaldırmağın bir xeyri olmadığını anlayır.

 

Axırda özünü günahkar bilir və məhkəmənin çıxardığı ölüm hökmünə tabe olur.

 

 

Kapellanın qanun haqqında hekayətindən çıxan nəticə budur ki, insan zəif və köməksiz varlıqdır. İnsan şər qüvvələri ilə mübarizə aparmaq iqtidarında deyil və məğlubiyyətə məhkumdur. Onun zavallılığı və passivliyi özü şər, qara qüvvələr üçün zəmin yaradır.

 

Absurd gerçəklik mütləq, real gerçəkliyə çevrilir. F.Kafkanın qəhrəmanı cəmiyyətin absurd qanunlarına tabedir. K. bu ilğım dünyada özünün ilğım azadlığı uğrunda mübarizə aparmağa cəhd edir. Ona yalnız taleyin bu axmaq və qəddar oyununu seyr etmək qalır.

 

Mirzə Cəlil qanunsuzluğun və cəhalətin yaratdığı situasiyaları yaxşı bilirdi.

 

Özü hüquqa aid kitabları oxuyub. Bir müddət İrəvanda vəkillik də etmişdi. F.Kafkanın qəhrəmanı Yozef K. kimi, Mirzə Cəlilin personajları da nə üçün həbs olunduqlarını bilmirlər. Xanın məktubunu poçt qutusuna salmağa gedən kəndli Novruzəli absurd situasiyaya düşür.

 

Xan həmin absurd situasiyanı rituala çevirir, hadisəni Novruzəliyə üç dəfə danışdırtdırır və hər dəfə də gülüşlə müşayiət edir. “Yox, Novruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstündə urusla savaşdın”.

 

Xanın gülüşü və kəndlinin ağlamağı ilə müşayiət olunan bu ritual təkrar Novruzəlinin həbsinin absurdluğunu mistik səviyyəyə qaldırır. Kəndli inanır ki, xan olmasaydı, onu həbsə atacaqdılar.

 

Üç gündən sonra Vəli xan İrəvana gedir və Novruzəlini absurd oyuna buraxır. “Ay yarımdan sonra Novruzəlini divana gətirdib, “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Novruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikrə getdi”.

 

Novruzəli sanki pis yuxu görür, qara vaqiə içindədir: “ayılanda” da anlaya bilmir ki, niyə onu “saldatlar döyə-döyə aparıb atdılar dama”.

 

Mirzə Cəlilin “Toy” hekayəsində dustaqxana qulluqçularından biri personajı tutub Həsənəli adıyla dustaqlar sırasına qatır. Kəblə Vəli oğlu başqasını dustaqxanadan azad etmək əvəzinə özü həmin gecə dustaq olur: “Bu şəxs darvazadan məni içəri ötürəndə bir ayrı, özü kimi qulluqçu məni elə qələmə verdi ki, guya mən qarakəmərli Həsənəliyəm və dustaqxana həyətində bu gün arx qazdığım yerdə işdən qaçmışam və gedib şəhərdə gəzib indi gəlirəm”.

 

Dustaqxanaya düşməsinin səbəbini anlamır: “Qəribə burasıdır ki, dustaq olmağının səbəbini heç indiyədək bilmədim”.

 

Dustaqxana işçisini nə qədər inandırmağa çalışsa da, onu kiminləsə səhv salıblar: “Qardaş, deyəsən, sənin səhvin var. Mən Həsənəli deyiləm, mən Cahangirəm, Mən Kəblə Vəli oğlu Cahangirəm”.

 

Absurdluq zamanın havasında idi. 30-cu illərdə qanunsuz həbs dalğası yenicə başlamışdı. Mirzə Cəlilin güclü absurdluq hissiyyatı bu həbslərin mahiyyətini duyurdu. “Ədib hələ 1929-cu ildəki bir məqaləsində şair Hüseyn Cavidin, müəllim Cəmo Cəbrayılbəylinin, tənqidçi və publisist Atababa Musaxanlının “əksinqilabçılar dəstəsi düzəldib Şura hökumətini yıxmaq fikrində” olanlar sırasına daxil edildiyini nəzərə çarpdırmış və buna qarşı etiraz səsini ucaltmışdır. Əslində məqsədlə yazılmış “Zəng arada çalınmır” adlı məqalə ilə C.Məmmədquluzadə xeyli əvvəl bədnam repressiyanın gəlməkdə olduğunu xəbər vermiş, bu vahiməli faciənin qorxunc həyəcan zəngini çalmışdır” (İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri – Naxçıvan, 2009).

 

Məhkəmə absurdluğu M.Cəlilin yuxusuna da girir. Həbs ölümün metaforasına çevrilir. Həmidə xanım xatirələrində yazır:

 

“Bir gecə zarıltı səsinə oyandım. Mirzə Cəlil elə zarıldayırdı ki, sanki onu boğurdular. Güc-bəla ilə onu oyatdım. Özünə gəldikdən sonra mənə dedi:

 

- Yuxuda görürdüm ki, məni mühakimə edib, qaranlıq zirzəmiyə salmağa məhkum etmişlər. Məni zirzəmiyə atıb əvvəlcə qapını hörməyə başladılar. Mən çağırıb yalvarırdım ki, pəncərəni hörüb, məni havasız qoymasınlar”. (H.Məmmədquluzadə, Mirzə Cəlil haqqında xatirələr. Bakı, 1977).

 

Həbs situasiyasının cəmiyyətdə insan varlığını absurda çevirməsi, insanın azadlığı və insanın günahı, insanın sosial sistemə qarşı durması və sistemə məğlub olması – Frans Kafkanı və Mirzə Cəlili birləşdirən mənalardır.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017