Əbülfəs Qarayev Mustafa Məsturla görüşüb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məstur, İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi və “ATV Kitab” layihəsinin rəhbəri, şair Səlim Babullaoğlu ilə görüşüb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, Mustafa Məstur “ATV Kitab” layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən “Tanrının ay üzündən öp” romanını nazir Əbülfəs Qarayevə hədiyyə edib.

 

Görüş zamanı nazir iki xalqın zəngin mədəniyyətindən bəhs edib, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının fars dilli ölkələrdə, İran ədəbiyyatının isə türk dilli ölkələrdə yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Mustafa Məstur Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışıb və Azərbaycan yazarlarının əsərləri ilə tanış olduğunu bildirib. Hər iki qonaq milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib. Hər iki tərəf bir daha bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasındakı mədəni əlaqələrin, eyni zamanda turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

 

Qəbulda mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017