Məhluqə Sadıqovanın 100 illiyi qeyd olunub

 

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, yubiley tədbiri ölkə başçısının imzaladığı müvafiq sərəncam əsasında təşkil edilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutan  xatirə mərasimində Teatr Muzeyinin hazırladığı sərgi nümayiş olunub, Məhluqə Sadıqovanın həyat və yaradıcılığına həsr olunan videoçarx göstərilib.

 

 Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov bildirib ki, Məhluqə Sadıqova üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Teatr rəhbəri bildirib ki, Məhluqə Sadıqova mədəniyyət ocağında təkcə aktrisa kimi çıxış etməyib, həm də teatrın ictimai həyatında fəal iştirak edib. Onun sözlərinə görə, Akademik Milli Dram Teatrının kollektivinin və tamaşaçıların qəlbində Məhluqə Sadıqovanın parlaq obrazı hər zaman yaşayıb, onun  sənətinin davamçıları bu gün bir-birindən maraqlı obrazlarla teatr ictimaiyyətini sevindirirlər.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Məhluqə Sadıqovanın ömrünün 54 ilini bu teatra həsr etdiyini vurğulayıb: “O, bu səhnədə Mirzə Fətəli Axundzadədən üzü bəri XIX –XX əsrin bütün Azərbaycan dramaturqlarının əsərlərində yaddaqalan rollar oynayıb.  Bundan başqa, Məhluqə xanım radionun “Bulaq” proqramının aparıcısı kimi bütün dünya azərbaycanlılarını saz-söz sənəti, folkloru ilə tanış etmək kimi müqəddəs missiyanı yerinə yetirib. Məhluqə xanım uzun illər teatrda ilk partiya təşkilatı katibi kimi ictimai fəaliyyət göstərib. Zahirən nə qədər çox ciddi, hətta zabitəli görünsə də, həmişə gəncləri dəstəkləyən, bir ana kimi onların qayğısını çəkən, istər həmkarlar komitəsinin, istərsə də bədii şuranın iclaslarında həmişə gəncləri qorumağı bacaran sənətkar kimi yaddaşlarda qalıb”.

 

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək Məhluqə Sadıqovanı görkəmli sənətkar, mahir səhnə ustası kimi xarakterizə ediblər.

 

Tədbir başa çatandan sonra Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan “Almaz” tamaşası nümayiş olunub.

 

Sənətkarın ailəsi adından ABŞ-da yaşayan nəvəsi Maykl Şərif çıxış edərək M.Sadıqovanın xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

 

 

Qeyd edək ki, Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. 1930-cu ildə ailəsi Bakıya köçüb. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

 

Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.

 

Aktrisa 2003-cü ildə 86 yaşında Bakıda vəfat edib.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017