Azərbaycan bayrağı – GÜNÜN ŞEİRİ

Kulis.az 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə tanınmış şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini təqdim edir.  

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı !

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı !

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı !

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017