Yuğ Teatrında Müstəqillik Günü qeyd olunur

 

Bu gün Azərbaycan Dövlət YUĞ Teatrı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək.

 

Kulis.az-ın xəbərinə görə, mərasimdə özünün suverenliyini qeyd edən və dünya siyasi xəritəsində öz dövlətçilik ənənələrini uğurla yaşadan dövlətimizin şanlı müstəqillik tarixinə nəzər salınacaq.

 

Hər iki teatrın aktyorlarının ifasında şeirlər səsləndiriləcək, tamaşalardan səhnəciklər nümayiş olunacaq. Tədbirin davamı olaraq Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təqdim olunacaq. Qeyd edək ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu münasibətlə teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

 

“YUĞ” teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində rejissor Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb. 1992-ci il 3 dekabr tarixində studiyaya dövlət statusu verilib və Azərbaycan teatr məkanında “YUĞ” teatr-studiyasını YUĞ Dövlət Teatrı əvəzləyib.

 

Akademik Milli Dram Teatrının kiçik zalında fəaliyyət göstərən teatr 18 iyul 2003-cü ildə M.Muxtarov küçəsi №83-dəki binaya köçürülüb. 2016-ci ildə Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində yenidənqurma işləri çərçivəsində binası söküldükdən sonra Yuğ Teatrı müvəqqəti olaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirir.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017