Tağıyevin qızını öldürənlər

 

İradə Musayeva

 

Dünən bizim hazırkı ədəbi mühitimizdəki kriminal vəziyyətlə bağlı çox fikirləşdim. Düzü, özümü Qurdlar vadisindəki yalqız adam kimi hiss etdim...

 

Əsəbiləşdim, kədərləndim, düşündüm, düşündüm, yoruldum... Belə də mühit olar? Belə də "ədəbi konstitusiya", sistem olar ki, hamı kimlərdənsə sallaşa-sallaşa dırmanmalıdır. Yalana hamı əl çalmalı, gözümüzün içinə baxa-baxa bizi avam, cahil hesab etməlidir? Mən bu günə qədər həm həmkarlardan, həm də daha imtiyazlı ədəbi başçılardan açıq və gizli zərbələr aldım. Və bu hamının gözü qarşısında baş verməkdədir. Titul, elmi statuslar və dərəcələr almaq istəyənlər, ev-eşik əldə etmək istəyənlər, bir sözlə, əl öpüb, ayağa düşənlərin hamısı var gücü ilə mənim mövqeyimi gülləboran etməkdədirlər. Hər an ayağımın altında qumbara partlayacaq kimi təhlükəli hiss edirəm vəziyyətimi...

 

Çünki onlar çoxdur və "silahlı"dırlar. Statuslar, əlbirliklər, dilbirliklər və s.  Özləri də kinli və qisasçı...

 

Can qoydular, qan tökdülər mütəfəkkirlərimiz, millətsevərlərimiz ki, təkcə ərazi baxımından yox, həm də düşüncə, şüur, fikir və əməl baxımından özgür, azad, müstəqil olaq. Amma ədəbi mühitdə bu amal baş tutmadı. Ədəbi hökm-rəvanlar, titullu başçılar ədəbi gəncliyi belə öz məddahlarına, "menecerinə" çevirdi, onların ideya, əqidə müəllimi yox, məhz, öz xeyirləri üçün "himayəçisi" oldular...

 

Ədəbiyyata, ədəbiyyatşünaslığa gələn hər kəs sanki bu adamların haqqında öz birmənalı mövqelərini bəlli edib sonra qapıdan içəri daxil ola bilər... Nəsə... Həmişə belə olub. Mən Axundovun, Mirzə Cəlilin, Cavidin ağrılarını get-gedə daha yaxından hiss etməkdəyəm...

 

Baxmayaraq ki, mən onların müqabilində çox kiçiyəm, amma daşıdığım od onların əlindəki məşəldən qığılcım alıb... Bir-iki kəlməlik həqiqəti dilə gətirən kimi səs-səsə verib çığırışan adamlarla mübarizə apara-apara yazıb-yaratmaq çox çətindir...

 

Yorulur adam, tükənir...

 

Dəyərmi?

 

Axı kim qiymətləndirəcək?

 

Kim şahidlik edəcək ki, mən düz deyirəm və düz yazıram. Ürəklərində mənimlə həmrəy olan adamlar belə heç vaxt onları qoyub mənim yanımda durmayacaq...

 

Biz Z.Tağıyevin qızını acından öldürən, H.Cavidin qızına həyat yoldaşı ola bilməyəcək qədər qorxaq bir cəmlik, camaatıq...

 

Bəli... beləcə fikirləşdiyim anda, bir fikir düşdü yadıma. Kitabımın müzakirəsində çıxışçılardan birinin Ə.Hüseynzadədən gətirdiyi sitat: “Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən bir əsər qalmasın!”

 

Doğrudan da yorulmaq, bezmək olmaz...

 

Çirkablara daş atılmalıdır...

 

Yanında heç kimin olmadığını bilsən belə...

 

Təm-tək...

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017