Köhnə sevgili - ŞEİR

Kulis.az Tural Balabəylinin şeirlərini təqdim edir.

 

Adı köhnə sevgilidir.

Yarası yeni,

kədəri təzə;

duyğular ilıqdır hələ də

heç kim unudulmur.

Bir müddət

ona olan hisslərin keyiyir…

Aylar sonra qarşılaşanda,

Heç nəyin keçmədiyini anlayırsan.

O, eyni hisslər,

eyni baxışlardakı sevinc

göz-gözə gələndə, utancaqlıq…

Sən - ilk hüznümsən,

ilk çarəsizliyim,

ilk sevincimsən.

 

Sən ilkimsən.

İlklər heç vaxt unudulmur...

Heç nə ilk qədər

həyəcanlı,

ürək oxşayan,

dəlisovcasına

olmur.

Sən mənim keçmiş adlandırdığım,

Amma keçməyən kədərimsən.

 

Səni həyatımda istəyirdim…

İstəmirdim təcrübə olasan ömrümə.

İndi də istəmirəm.

Sən mənim təcrübəsizliyimsən, sevdiyim.

 

***

 

***

 

Hər dəfə

üzümə vursa da məni sevmədiyini

yenə ona olan sevgim azalmadı.

Qırılmış güzgüyə

baxmaq kimi bir şey idi

səni sevməyən

adamın ardınca sürünmək.

 

Hər dəfə

onun yanında olanda

param-parça olursan,

amma yenə

bütün cümlələrin

onun adıyla başlayır.

Bilirsən ki,

adını çəkdikdə

can eşitməyəksən...

Amma yenə də adı düşmür dilindən...

 

Bilirsən ki,

onun tərəfdən heç vaxt sevilməyəcəksən;

və ən pisi isə bütün bunları

bilə-bilə,

onu

sevərsən...

 

***

 

Saat neçə olur olsun zəng edə bilərsən.

Amma əvvəlki kimi açıb "aycan" deməyəcəm.

İstəsən mesaj da yaza bilərsən.

Cavab yazmayacam.

Susma haqqımdan istifadə edəcəm.

 

Qorxma -

əvvəlki qədər sərt deyiləm artıq,

qarşıma çıxa bilərsən...

 

Ağlaya bilərsən,

bunu mənim

sənin üzündən olan həyata

küskünlüyümə

sayarsan...

 

Ən yaxşısı sən otur

ağla,

düşün,

siqaret çək,

iç,

üzül...

Mənsə...

Məni boş ver...

 

***

 

İstəyirəm ki, bir gün qarşılaşaq;

amma gözlərimiz nifrətlə baxmasın,

peşman baxışlarımız görüşsün…

 

İstəyirəm ki,

dilin deməsə də gözlərin desin –

“Səni sevirəm... Darıxmışam...”

Qollarım səni qucaqlasın;

sevinsin,

ürəyimin necə sevindiyini

çatdırsın sənə…

Bərk-bərk qucaqlasın

qollarım səni...

 

İstəyirəm ki,

kinin sevgi ilə əvəzlənsin;

və hər şey əvvəlki kimi olsun -

adın dodaqlarımda səslənsin,

adım dodaqlarında əvəzlənsin...

 

Mən iki üzlüyəm –

sən yaxşı bilirsən,

gündüzlər gülürdüm,

gecələr ağlayırdım...

Sənə olan hislərimi

sənsiz saxlayırdım…

 

İndi,

üsyan edirəm sənsiz

mənasız həyatıma...

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017