İçki içən tənbəl mələk – RESENZİYA

Dünən Gənclik Mallda yerləşən Cinema plus kinoteatrında “Təhmin və Zaur” filmi təqdim olundu.

 

Fərda Amin, Kəmalə Piriyeva və Elcan Rəsulovun baş rolları bölüşdüyü romantik komediyanın rejissoru Zaur Mirzəzadə, ssenari müəllifləri Zaur Mirzəzadə, Nicat Dadaşov və aktyor-müğənni Cəmildir.

 

İki gəncin 7 günə yaşadıqları sevgi romanı zamandan başqa komik situasiya ilə çərçivəsindədir. Təhmin mələkdir və Zauru xilas etmək üçün yerə göndərilib. O sevgisini tapıb evlənməkdə Zauru tələsdirməlidir. Yoxsa qəhrəman öləcək. Fərdanın oynadığı Zaur tanışlıq şirkəti qurub və filmin içində özü də bir neçə obraz oynamalı olur. Aktyor bu karikatura personajları ilə - rokçu, bakılı, yanğınsöndürən İldırım - çox rahatdır, elə psixoloji məqamları olan Zaur obrazı da onun potensialını, ampluasını aşacaq mürəkkəb rol deyil. Hamımıza tanış olan bir qəhrəmandır, sosial problemləri ilə əlləşən, xoşbəxtliyi evlənməkdə görən, pul qazanmaq üçün xırda fırıldaqlar edən sıradan biri. Əlbəttə. Onun tənha qadınları aldatmağı komik planda təqdim olunduğuna görə yox, daha iri miqyaslı dəhşətli fırıldaqları bildiyimiz üçün xırda görünür.

 

Belə adamın qeybdən bir mələyə həmişə ümidi olur. Amma reallıq hissi də olduqca iti. Ümid axırda ölür yenə də. Ona görə də mistika da, komediya da alınır.

 

 

Elcan Rəsulovun Təhmini tənbəl mələkdir. Yuxulu olduğundan baş mələyin Zaurla bağlı tapşırığını səhv eşidir, amma yenə də mələkdən insana ziyan gəlməz. İnsanın mələkləşməsi nə qədər maraqsızdırsa, mələyin insanlaşması o qədər maraqlıdır. Ona görə də, Elcanın tənbəl, içki içən, sərxoş olan, qaqaş məntiqi ilə davranan mələyi baxılır, güldürür. Xüsusən o bizi anlayırsa, zövqümüzü paylaşırsa. Allahı özününküləşdirən, öz məntiqi, həyat modeli çərçivəsinə sala bilən, milliləşdirən, “mentalitetləşdirən” adamlar (Allah bizim Allahdı, keçər günahımızdan) mələyi çox rahat milliləşdirər. Ona görə də Təhmin muğam oxuyanda biz xoşbəxt oluruq.

 

Hollivud komediya qəlibi yerli istehsal replikalar, yumor xırdalıqları ilə təqdim olunur. Odur ki tamaşaçı Hollivud klişelərini tanısa da, tanımasa da hələ ki rahat həzm edir. Yəqin ki milli komediya sintezinin klişesi möhkəmlənənə qədər...

 

Filmin rəng həllində də dinamika paralelləşdirilir. Sarı, qırmızı və mavi rənglər realist, komik, romantik epizodları növbələşdirir.

 

Mətanət Əliverdiyevanın sarı donlu Şəbnəm xanımı da, Kəmalə Piriyevanın modern Afəti də bu rəngləri komediya üçün vacib olan janriçi janr balansını qoruyur. Və bilet alıb yorğunluğunu çıxarmaq, problemlərini unutmaq istəyən tamaşaçıya bir mənzərə dəyişikliyi təklif edir.

 

Oktyabrın 19-dan vizyona çıxarılan “Təhmin və Zaur” filmi Sinemazadə studiyasının istehsalıdır və şirkətin “Cinemaplus” kinoteatrlar şəbəkəsində nümayiş olunur. 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017