"999-cu gecə” nümayiş olunub

 

Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Fikrət Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” beynəlxalq layihəsi nümayiş olunub.

 

Qurumun mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib.

 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib. O bildirib ki, bu layihələr dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir: “Bütün zamanlarda mədəniyyətlərarası dialoq xalqların, millətlərin və dövlətlərin yaxınlaşmasına, dostluğun, mehribanlığın, sülhün inkişafına xidmət edib. İnanıram ki, müştərək layihələrimiz bundan sonra da olacaq, əlaqələrimiz daha da genişlənəcək”

 

Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycanla İran arasındakı mədəni əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib.

 

Tədbirin sonunda Təbriz Teatrının aktyoru Camal Saqinejad “999-cu gecə” beynəlxalq layihəsində uğurlu çıxışına görə Azərbaycan Dövlət Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub.

 

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

 

Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı aktyorlar Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa ediblər.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017