Tanrının Nitsşeyə məktubu

Rəvan Cavid

 

Bu gün yağış yağmadı...

 

Bu gün yağış yağmadı, bu gün çətir tutmadın...

bu gün islaq yollarda sən məni unutmadın...

bu gün əlin boş qaldı... nə çətir var, nə yad əl.

Sən unutdun, bilirəm! Ayaqların tanıyır,

yağış yağmamış tez ol, yubanma, tez bizə gəl!

Yağış yağsa gec olar,

ayaqların unudar bizim evin yolunu,

bir əlin çətir tutar,

yad əl tutar qolunu.

Yolunu dəyişmə gəl, bax, o yol bizə dönür,

Sahilə də getmə heç,

Yağış yağanda Bakı özü dənizə dönür...

O marketdə yubanma, evdə nə istəsən var,

isti çay, isti qucaq, bir də isti kitablar.

Gəl, nəfəsimlə sənin saçlarını oxşayım,

sığal çəkim saçına, romantikə oxşayım.

Gəl, bizdə unut məni,

Gəl, bizdə aldat məni.

Bizdə sev, bizdə seviş,

sonra bizdə at məni.

Amma tez gəl, yubanma, buludlar da qaralıb,

Birdən sevgilim gələr, altıya da az qalıb...

Yubanma!

 

***

 

Tanrının Nitsşeyə məktubu

 

Üç-dörd adam var içimdə, 
balaca,
Bakı boyda şəhərəm,
dənizim yoxdu, gəl, ağla mənə.
Bəndəsi olmayan Allah kimiyəm, 
İnan, and verirəm sənə,
mən hələ ölməmişəm.

 

***

 

Gözləriylə unudur,
dodaqlarıyla bağışlayırdı adamlar
sevgini.
Həyat qatar stansiyalarından ibarət idi 
bu balaca şəhərdə,
gedənlər, 
bir də gözləyənlər var idi.
İçindəki o balaca ümidi
böyük arzularla əzizləyənlər.
Getdiyin qatarın pəncərəsindəki
baxış iziylə unutdun,
öpüş iziylə bağışladın məni.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017