Mehdi Məmmədovu teatrdan incik salan nə idi?

Kulis.az İlham Rəhimlinin “Bitməyən söhbətlər” silsiləsindən beşinci yazını təqdim edir

 

Dördüncü yazı

 

Bəxtiyar Vahabzadə xeyli vaxt idi “Fəryad” adlı pyes yazmışdı, ancaq onu hansı rejissora vermək qərarına gələ bilmirdi. Çox aktyorla məsləhətləşmişdi. Akademik teatr baş rejissorsuz idi. Nəhayət o, mədəniyyət nazirliyi incəsənət işləri idarəsinin tövsiyəsi ilə Şəki Dövlət Dram Teatrında ciddi yaradıcılıq uğurları qazanan Hüseynağa Atakişiyevin üzərində dayandı. İlk tamaşa 1984-cü il mart ayının 24-də oldu. Səhnə əsərində Səməndər Rzayev, Yaşar Nuriyev, Kamal Xudaverdiyev, Firəngiz Mütəllimova, Mikayıl Mirzə, Hamlet Xanızadə, Fuad Poladov kimi aktyorlar oynayırdılar.

 

İlk tamaşaya mən də getdim. Teatrın inzibati qapısına tərəf qalxanda qarşıda səkinin kənarında bir “Qaz-24 “Volqa” dayandı. Sürücü yerindən Mehdi Məmmədov düşdü. O, qapını açarla bağladı. Təmkinlə dövrə vurub o biri qapıları da yoxladı. Ona çatıb salamlaşdım. Birlikdə qapıya tərəf addımladıq. Soruşdum:

 

– Mehdi müəllim, nə yaxşı gəlmisiniz tamaşaya?

 

– (Qaşlarını dartdı) Mənim teatra gəlişim nə vaxtdan təəccüb doğurub?

 

– Adətən siz adi rejissorların hazırladıqları əsərlərə baxmağa ikinci-üçüncü tamaşada gəlirsiniz.

 

– Hüseynağa tələbəm olub. Bəxtiyar da zəng vurub dəvət edib.

 

İçəri keçdik. İnzibatçı Mehdi müəllimi vaxtilə baş rejissor Tofiq Kazımovun oturduğu otağa dəvət etdi. Dedi ki, Bəxtiyar Vahabzadə də bura gələcək. Həmin otaqdan lojaya qapı vardı. Birlikdə otağa daxil olduq. Hələ ki otaqda ikimiz idik. Tofiq Kazımovu xatırlayıb söhbətə başladım.

 

- Sizin üçün doğma olan Akademik Milli Dram Teatrına baş rejissor gəlmək istəmədiniz. Ancaq Rus Dram Teatrında bu vəzifədə işləməyə 1978-ci ildə razılıq vermişdiniz. 1982-ci ilə kimi o kollektivdə çalışdınız. Halbuki siz vəzifədən çıxanda iki il idi akademik teatr baş rejissorsuz işləyirdi.

 

- Rus Dram Teatrı mənim üçün yeni və xeyli maraqlı idi. Ancaq bir müddət sonra, yəni yaradıcılıq prosesinin dərinliyinə getdikcə hiss etdim ki, yanılmışam.

 

- Nə mənada yanılmısınız?

 

- Bir çox mənada.

 

- Hansılarısa deyə bilərsinizmi?

 

– Birini deyə bilərəm. Əmin oldum ki, həmin teatrın repertuar əlvanlığı əsasən zahiri məna daşıyır. Repertuara qəbul olunan pyeslər truppanın yaradıcılıq imkanları ilə üst-üstə düşmür. Repertuar siyasətində konseptual prinsip yoxdur.

 

– Bəs nə üçün özünüz tamaşaya qoymaq üçün daha mürəkkəb əsər seçmədiniz?

 

– Tamaşaya hazırladığım iki əsər sınaq üçün idi və ona görə də sadə pyeslər seçmişdim. Amma sınağın nəticələri məni qane etmədi. Ona görə də tutduğum vəzifədən, indiki təbircə desəm, istefa verdim.

 

– Əgər dediyiniz və demədiyiniz bir çox məsələlər sizi qane etmirdisə, nə üçün o kollektivdə dörd il işlədiniz? Ancaq akademik teatrda baş rejissorluğunuz heç üç il də çəkməmişdi.

 

– Bu başqa məsələdir...

 

– Deyiləsi deyil?

 

– Dedim axı...

                                                     

***

 

1984-cü il aprel ayının 27-də “İblis” tamaşasının yaradıcı heyətinin bir qrupuna Azərbaycan Respublikasının Dövlət mükafatı verilmişdi. Təltiflərin mətbuatda çap olunan günü Azərbaycan Dövlət Televiziyası incəsənət redaksiyasının baş redaktoru Nahid Hacızadə mənə zəng etdi. Dedi ki, televiziya Mehdi Məmmədovun mükafat alması münasibətilə veriliş hazırlamağı planlaşdırıb. İstəyirik ssenari yazmağı sənə həvalə edək. Sevinclə razılaşıb Mehdi Məmmədovla əlaqə saxladım və mənə olunan təklif barədə məlumat verdim. İlk sözü bu oldu:

 

– Mənim verilişə ehtiyacım yoxdur.

 

Xeyli söhbətdən sonra razılaşdı və soruşdu:

 

– Necə veriliş eləmək istəyirsiniz?

 

– Mehdi müəllim, ona görə sizinlə görüşdüm ki, fikrinizi öyrənim. Nə səpkidə desəniz, elə də hazırlayarıq.

 

– Hmmm... Rejissor kimi təyin ediblər?

 

– Tariyel Vəliyevdi, sizin tələbəniz olub.

 

– Tanıyıram... Onda möhlət ver fikirləşim, sonra görüşüb müzakirə edərik.

 

Iki gün sonra zəng vurdu.

 

– Bu gün axşam saat 5-də teatrda olacam. Dünən “İblis”in tamaşası zamanı  tərtibatla bağlı nəsə texniki problem yaranıb. Həsən Mirzəyevlə görüşməliyəm. Gələrsən orada söhbətləşərik.

 

Soruşdum:

 

– Mehdi müəllim, Tariyelnən gələk?

 

– (Bir qədər fikirləşdi) Hələ rejissora ehtiyac yoxdur. Səninlə danışıb razılaşaq, onunla sonra görüşərik.

 

– Aydındı.

 

Vədələşdiyimiz vaxtda teatrda oldum. Verilişin əsas forma və kompozisiyasını müzakirə edəndən sonra söhbətimiz gəlib çıxdı tamaşalardan efirdə veriləcək kadrlara. Bunları da müəyyənləşdirəndən sonra ona bildirmədən mövzunun davamı kimi öz suallarımı verdim. O, rahat danışırdı, çünki tamaşanın başlanmasına hələ azı bir saat vardı.

 

– Bu yaşda ürəyinizdən hansı rolu oynamaq keçir?

 

– Mən özümü peşəkar aktyor saymıram.

 

– Bəs onda nə üçün Gəncə teatrında ondan çox obrazda səhnəyə çıxmısınız? Akademik teatrda “Alov”da Kamalovu, “Canlı meyit”də Protasovu, “Xəyyam”da Xəyyamı, “İnsan”da Şahbazı, “Meşşanlar”da Terenti Teterovu ifa etmisiniz?

 

– (Xəfif gülüşlə) Bilməmişəm... Əmin ola bilərsən, əgər bir də belə istəyim olsa mütləq səninlə məsləhətləşərəm.

 

Mehdi müəllim, mən o barədə demirəm ki...

 

– Ancaq mən o mənada deyirəm ki, özümü aktyorluqda peşəkar hesab etmirəm.

 

– Hansısa peşəkar rejissor öz tamaşasında sizə rol həvalə etsə razılıq verərsiniz?

 

– Qətiyyən yox.

 

– Nə üçün kəskin şəkildə “qətiyyən yox” deyirsiniz?

 

– (Təbəssümlə) Çünki aktyorların rejissorların əlindən nələr çəkdiyini çox yaxşı bilirəm.

 

– Deməyinizdən belə çıxır ki, tamaşa hazırlayanda məşq prosesində aktyorları incidirsiniz?

 

– Mən dedim, ya demədim, həqiqət ondan ibarətdir ki, rejissor istədiyini aktyordan almayınca onu səhnədə dönə-dönə məşqə vadar edir.

 

– Həmkarlarınızdan kimin yaradıcılığını daha çox bəyənirsiniz?

 

– Yaxşı tamaşa hazırlayan bütün rejissorları.

 

– Ad çəkə bilərsiniz?

 

– Kiminsə adını çəkmək o qədər vacibdir?

 

– Bilmək istəyirəm.

 

– Ad çəkmədən də ötüşə bilərik.

 

– Rejissorların ifasında iştirakçısı az olan bir əsəri tamaşaya hazırlamaq istiyərdinizmi?

 

– (Təəccüblə) Sən bu sualı ciddi verirsən?

 

– Bəli.

 

– (Başını bulayır) Qəribədir...

 

– Nəyi qəribədir? Moskvada belə təcrübə olub.

 

– (İroniya ilə) Rejissorları deyə bilmərəm, ancaq teatrşünaslar çoxalanda bəlkə onlarla bir tamaşa hazırlamaq barədə düşündüm...

 

– Akademik teatrda elə məşhur aktyorlar var ki, son on tamaşanızda onlara rol verməmisiniz.

 

– Yəqin onlara uyğun obraz olmayıb. Heç bilməzdim ki, hansısa teatrşünas bu sahədə də tədqiqat aparacaq. Onu deyim ki, mənim heç bir aktyorla xoşagəlməz intriqam olmayıb...

 

– “İblis” tamaşasını hazırlayanda Arif rolunu Ramiz Məlikova və dəvətlə Rasim Balayevə vermişdiniz. Mənim fikrimcə, Rasim rolda Ramizdən daha maraqlı və ifadəli, poetik teatr estetikasına uyğun oyun nümayiş etdirirdi. Ancaq tamaşanın yaradıcı heyətinin bir qrupu, o cümlədən Ramiz Məlikov Respublika Dövlət mükafatına təqdimatda vardı, ancaq Rasimin adı yox idi.

 

– Belə qərara gəlindi ki, teatrın öz aktyorları təqdim olunsunlar.

 

– Axı Rasim Balayev daha yaxşı oynayırdı.

 

– (Qayğılı-qayğılı alnını ovuşdurur) Bəlkə də sən haqlısan...

 

– “İblis”dən sonra hansı əsəri tamaşaya hazırlamaq istəyirsiniz?

 

– Dincəlmək istəyirəm.

 

Bəlkə “Topal Teymur”u...

 

– (Sözümü kəsdi) Dedim axı, yorulmuşam, dincələcəm.

 

– Bu dincəlmək neçə il çəkəcək?

 

– Nəyi nəzərdə tutursan?

 

– “Dəli yığıncağı” ilə “İblis”in arası beş il çəkdi.

 

– (Təbəssümlə) Yəqin bu dəfə bir qədər az çəkər...

 

***

 

Yuxarıda yazdığım kimi 1984-cü ilin aprel ayında Mehdi Məmmədovun hazırladığı “İblis” tamaşasının yaradıcı heyətindən bir qrup Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldü. Təltifçilər rejissor Mehdi Məmmədov, rəssamlar Elçin Məmmədov və Nazim Bəykişiyev, aktyorlar Məmmədrza Şeyxzamanov (İxtiyar. Ölümündən sonra), Ramiz Məlikov (Arif), Hamlet Xanızadə (İblis), Safurə İbrahimova və Vəfa Fətullayeva (Rəna) idi. Həmin dövrdə incəsənət institutunun rektoru professor, şair-filosof Aslan Aslanov idi. Onun təşəbbüsü ilə bu münasibətlə mayın 4-də institutda bir tədbir hazırlanmışdı. Aslan müəllim pedaqoji kollektiv adından ali məktəbin professoru Mehdi Məmmədovu təbrik etdi. Daha bir neçə nəfər qısa çıxışla təbrikə qoşuldular.

 

Rəsmi hissədən sonra rektorun otağında çay süfrəsi açıldı. Aşağıdakı dialoqumuz həmin görüşdəndir.

 

– Mənim fikrimcə, sizin “Canlı meyit”, “Xəyyam” və “Dəli yığıncağı” tamaşalarınız Azərbaycan teatr tarixində hadisədir. Ancaq bu tamaşalarınıza yox, “İblis”ə Azərbaycan Respublikasının Dövlət mükafatını verdilər.

 

– Bəyəm mükafatı mənim istəyimnən verirlər?... Yəqin belə məsləhət olub.

 

– “Dəli yığıncağı”nı teatr dövlət mükafatına təqdim etmişdi?

 

– “İblis” pis tamaşadır?

 

– Yox, ancaq adlarını çəkdiyim tamaşalar səviyyəsində deyil…

 

– Sənətdi də… Elə də olur… belə də…

 

Sizi Opera və Balet Teatrına baş rejissor göndərəndə tərəddüdsüz getdiniz. Ən çox da baş rejissor vəzifəsində o teatrda işləmisiniz.

 

– Nə demək istəyirsən?

 

– Yaşlı aktyorlar deyirlər ki, Mehdi müəllim Ədil Rzayeviçlə yola getmirdi, ona görə başqa teatra getməyə razılıq verdi.

 

– Onlar ağızların Allah yoluna qoyub dedilər, bəs sənin öz ağlın hardadı? Səncə elə şey ola bilər?

 

– Acınacaqlı nəticə versə də, təəssüflər ki, olub… Bunu bir, üç, beş aktyor yox, yaşlı nəslin əksəriyyəti deyib.

 

– Bütün teatrlarda xırda incikliklər olur… Onları şişirtməyə dəyməz…

 

***

 

1984-cü il iyun ayının axırı idi. İncəsənət institutunda təsadüfən Mehdi Məmmədovla görüşdük. Dərslər qurtarmış, imtahanlar başa çatmışdı. Sakitlik idi. Söhbətimiz “İblis” tamaşasının üstünə gəlib çıxdı. Həmin ərəfədə teatrı Tiflisə qastrol səfərinə hazırlaşırdı. Qastrol iyul ayının axırlarına planlaşdırılmışdı. Repertuara daxil edilmiş tamaşalardan biri də “İblis” idi. Mehdi müəllim nədənsə narahat idi və dedi ki, texniki vasitələrlə bağlı ortaya mübahisəli məsələ çıxıb, ona görə bir azdan teatra gedir.

Mart ayında onunla dialoq hazırlamaq istədiyimi bildirmişdim. Razıydı və bununla bağlı görüşmüşdük də. Fürsətdən istifadə elədim.

 

– Mehdi müəllim, dediyim məsələ ilə bağlı suallarımı verimmi?

 

– (Gülümsəyir) Bu istidə də sual-cavab olar? Adam güclə danışır.

 

– Bəlkə sualları bu dəfə də yazılı şəkildə sizə verim? Sonra cavablarını yazıb verərsiniz.

 

Bir az duruxdu. Alnını ovuşdura-ovuşdura:

 

– Nə deyirəm, ancaq tez olsun, iyulun 20-də gedirəm...

 

Səhərisi sualları makinada çıxarıb incəsənət institutunda sənətkarın kafedrasında laborant işləyən qıza verdim ki, çatdırsın Mehdi Məmmədova. İki gün sonra evinə zəng çaldım. Adətən ağır-ağır danışan Mehdi müəllim mən olduğumu bilən kimi tez dilləndi:

 

– İlham, sualları almağına almışam. Amma hara qoyduğumu bilmirəm.

 

– Mehdi müəllim, surəti məndə var. Elə bu gün özüm gətirirəm sizə.

 

– Oldu. Çalışaram iyulun 18-nə kimi hazır edim.

 

Elə də oldu. Vədə vaxtında cavabları Mehdi Məmmədovdan aldım.

Onun yazı üslubuna dəyməmişəm.

 

– “İblis” tamaşasına görə respublikada Dövət mükafatına layiq görüləndə keçirdiyiniz hiss?

 

– Əlbəttə, ilk növbədə minnətdarlıq hissi. Cavid zəkasına, Cavid dühasına minnətdarlıq hissi! Tamaşanın nailiyyətini, müvəffəqiyyətini mən müəllifin təmin elədiyi insanpərvərlik, sülh və məhəbbət ideyalarının qələbəsi kimi qiymətləndirirəm. Böyük sevinc duyduğumu da gizlətmirəm. Mən Caviddən, öz müəllimimdən, böyük sənətkardan çox öyrənmişəm, onun əsərlərindən həmişə bilik almışam. “Xəyyam” və “İblis” əsərlərini uğurla tamaşaya qoya bildiyim üçün sevinirəm ki, öz borcumu heç olmasa bir dərəcəyə qədər ödəmişəm.

 

– Üzdə olan hazırkı gənc rejissorlar barədə fikriniz, onlara məsləhətiniz.

 

– Gənc rejissorların yaradıcılığı haqqında mən yaxşı fikirdəyəm. Onların sənət meydanında yeni iş görmək enerjisi böyük, yeni söz demək həvəsi, ehtirası coşqundur. Məsləhətim budur ki, bu həvəsi, ehtirası cilovlamağı bacarsınlar. Gəldi-gedər dəbə uymasınlar, yeniliyi yalnız forma aləmində, görkəm sayəsində yox, daha çox məzmun, fikir aləmində axtarsınlar. Bir də, müəlliflərə, xüsusilə klassik dramaturqlara ehtiyatla və ehtiramla yanaşsınlar. Onları səbrlə öyrənsinlər, başa düşməyə çalışsınlar. 

 

– Çağdaş tənqidin “rejissor teatrı”, “aktyor teatrı” məsələlərinə yanaşmada qarşıdurma, fikir haçalığı var. Sizin bu “bölgüyə” münasibətiniz necədir?

 

– Belə bölgüdə nə məna görürəm, nə də xeyir. Bu bölgünün özü sünidir, qondarmadır. Çünki teatrın kollektiv və sintetik təbiətinə yabançıdır. Doğrudur, çağdaş dövrdə rejissor sənəti formalaşmış, təkamül tapmışdır. Lakin bu, rejissor hegemoniyasına, aktyor hüquqsuzluğuna çevrilməməlidir. Ehtiraslı, odlu aktyor ifası, canlı səhnə surətləri olmayan yerdə heç bir rejissor məharəti, fəndi tamaşaçını razı sala bilməz.

 

– Nə üçün  uzun fasilələrlə tamaşa qoyursunuz?

 

– Belə fasilələrin müxtəlif səbəbləri var. Əsas səbəb tamaşanın “bətn” dövrünün     nə qədər çəkməsi ilə əlaqədardır.

 

– Sizi düşündürən ideya-problemə görə əsər axtarırsınız, yoxsa oxuduğunuz pyeslərdə rejissor üçün ideya doğulur?

 

– Bu təsadüflərin hər ikisi baş verir, hər ikisi də təbiidir. Son illərin təcrübəsində daha çox məni düşündürən problemlərə, fikirlərə uyğun əsərlər axtarıram.

 

– Azərbaycan teatrının ittifaq səviyyəsinə, məsələn, gürcü teatrı kimi, çıxa bilməməsinin səbəbləri, sizcə, nədir?

 

– Azərbaycan teatrı dəfələrlə ittifaq meydanına çıxmış, yüksək professional səviyyəli tamaşalarla tələbkar tamaşaçıları, teatr tənqidçilərini qane edə bilmişdir. 1930-cu ilin Ümumittifaq teatr olimpiadası, Azərbaycan Dövlət Dram Teatrının 1948, 1959, 1974-cü illərdəki Moskva qastrolları, habelə qonşu respublika şəhərlərində keçən qastrollarını xatırlamaq kifayətdir. Lakin son illərdə belə çıxışların sayı azalıb. Çünki teatrın repertuarı cılızlaşmış, ansambl tələbi az qala unudulmuş, çağdaş sənət meyarı kiçilmişdir. Azərbaycan teatrının yaradıcılıq potensialı, əlbəttə, indi göründüyündən və işləndiyindən qat-qat artıqdır, zəngindir.

 

– Respublikamızda teatrın çoxluğu vacibdir, yoxsa keyfiyyəti?

 

– Əvvəl keyfiyyəti, sonra sayı.

 

– Hökümə xanım haqda sizin kitabı oxudum: “Onun sənət ulduzu...” Gəlin, bu sözlərlə sizin özünüzə müraciət edək: Mehdi Məmmədovun sənət ulduzu...

 

– Mən hələ o ulduzun sorağında gəzirəm.

 

– Tutalım ki, alim Mehdi Məmmədov sənətkar Mehdi Məmmədov haqda monoqrafiya yazır. Nədən başlayardınız?

 

– Bu ehtimal o qədər də real deyildir. Alim kimi yox, sənətimizin adi, sıravi bir əsgəri kimi gördüklərimi, eləyə bildiklərimi qələmə almaq haqqında düşünürəm. Mənə çox maraqlı hadisələrin şahidi olmaq, böyük sənətkarlar görmək, onların bir qismini şəxsən tanımaq nəsib olub. Onların haqqında danışmaq və yazmaq, görünür maraqsız olmaz. Bu, yəqin ki, elmi əsər deyil, memuar janrlı kitab olacaqdır.

 

– Təxminən iyirmi ildir çağdaş əsər tamaşaya qoymursunuz...

 

– Bu fikri dəqiqləşdirmək lazımdır. Həmin müddətdə “İnsan” və “İblis” tamaşaları qoyulmuşdur. Mən onları tam mənası ilə müasir əsər hesab edirəm. Digər tamaşaların, klassik pyeslərin isə müasirlik ruhunu, aktual görünən məzmununu, ideya pafosunu yüksək qiymətləndirir, bir çox müasir səhnə əsərlərindən əskik tutmuram. Həmişə səhnəmizdə müasir əsər görmək, yaxud tamaşaya qoymaq həvəsindəyəm. Təki yaxşı əsər olsun! Çox yazılsın!

 

– Mehdi Məmmədovun rejissor məktəbi və onun davamçıları...Əgər varsa. Yoxdursa, nə üçün?

 

– Belə rejissor məktəbi tanımıram. Amma Mehdi Məmmədovun sinfində təhsil almış rejissorların fəaliyyətinə bələdəm. Onların cərgəsində səmərəli işləyənləri, öz müəllimini və tamaşaçıları sevindirənləri yox deyildir: Gülcahan Güləhmədova, Rüfət Şabanov, Rauf Kazımovski, Arif Babayev, Azərpaşa Nemətov, Ağakişi Kazımov, Hüseynağa Atakişiyev, Hilal Həsənov və başqaları.

 

– Başlıca sənət prinsipləriniz:

a) rejissorluqda;

b) aktyorluqda.

 

– İncəsənət fəal idrak prosesidir. Həm sənətkar, həm də   sənətsevərlər üçün. Sənət əsəri idraka yol açırsa, həyatın mənasını, dünyanın gözəlliyini aşkarlaya bilirsə, onda doğrudan da, mənəvi qida, bədii həzz verə bilir. Öz işimdə bunu əzəli prinsip hesab edirəm. Qalan prinsiplər bundan irəli gəlir və buna xidmət edir. 

 

A) rejissor sənətində həyat məzmunu və idrak prosesi bilavasitə pyeslə və onun müəllifi ilə bağlıdır. Onlardan ayrı, sərbəst iş görmək özbaşınalığa, ikitirəliyə, hərc-mərcliyə gətirib çıxarır. Pyeslə, müəlliflə hesablaşmamaq, saymazlıq, özünü “göstərmək” heç vaxt yaxşı nəticə vermir. Əsəri bəyənmirsənsə götürmə. Bəyənib qəbul edirsənsə, onun optimal səhnə təcəssümünü axtar və öz hünərini, yaradıcılıq fərdiyyətini də bu təcəssüm işində göstər.

B) Aktyor sənətində də bu prinsip gözlənilməlidir. Mən oynadığım rolları, əlbəttə, ancaq özüm duyduğum, özüm başa düşdüyüm kimi ifa edirəm. Lakin başa düşmək üçün yenə əsərə və müəllifə, habelə gerçəkliyə və şəxsi əqidəmə, arzularıma istinad edirəm. Aktyor sənətində mən “yaşama məktəbi”ni üstün tuturam. Səhnədə yaşamağı və tamaşaçıları qəlbən təsirləndirməyi, dərindən düşündürə bilməyi başlıca şərt, vacib prinsip hesab edirəm.

 

– Şəxsiyyət bütövlüyü. Sənətkar qüdrəti və mənəvi ləyaqət. Amal, Əqidə. Mübarizə. İdeya – sənətlə bağlı.

 

– Şəxsiyyət bütövlüyü nədir? Məncə, bu, hər şeydən əvvəl, məslək və məqsəd üçün yaşamaq və yaratmaq deməkdir. Belə bütövlük gerçək həyatda da, bədii yaradıcılıqda da saf mənəviyyat əlamətidir. Həqiqi insanlıq ləyaqətidir. Azərbaycan səhnəsinin görkəmli xadimləri bütöv şəxsiyyətlər, məslək fədailəri, indi deyildiyi kimi, maksimalist sənətkarlar olmuşlar. Səhnə onlardan ötəri mübarizə meydanına, ideal tribunasına çevrilmişdir. Pərəstişə, təqlidə layiq olan bu ənənəni, belə əzmi biz hər vasitə ilə yaşatmalıyıq.

 

– Rəssam və bəstəkarla əsas iş prinsipləriniz nədən ibarətdir?

 

– Üç prinsipi son dərəcə vacib hesab edirəm.

Tamaşaya tərtibat verən rəssam və bəstəkar teatrın təbiətinə uyğunlaşmalı, səhnə sənətinin şərtlərini gözləməlidirlər. Özgə sözlə, onlar kollektiv yaradıcılığa qoşulmalıdırlar. Bilməlidirlər ki, onlar müstəqil əsər yaratmır, tamaşa üçün musiqi, yaxud səhnə tərtibatı verirlər. Bununla hesablaşmaq vacib şərtdir və mühüm prinsipdir.

İkinci prinsip bundan ibarətdir ki, rəssam da, bəstəkar da hazırlanan tamaşanın ideya-bədii istiqamətini və rejissor fikrini rəhbər tutmalıdır. Hər iki tərtibat tamaşaya xidmət etməli, buradakı həyat məzmununu, iştirakçıların yaşadığı mühiti, onların münasibətlərini aşkarlamalıdır. Belə olanda rəssam və bəstəkar daha çox təşəbbüskar olur, gözlənilməz tapıntılarla tamaşanı daha çox zənginləşdirə bilirlər.

 

– Sənətdə ötəri populyarlıq və daimilik şöhrəti anlayışlarına münasibətiniz?

 

– Bunların heç biri həqiqi sənətkarı məşğul etmir. Özünü sevənlər, təmənna gözləyənlər bu niyyətlə yaşayırlar. Ötəri populyarlıq asan müyəssər olur, lakin sənətin magistral yolundan, böyük məqsədlərindən uzaqlaşdırır.

Daimi şöhrət isə asan yolla, yalnız arzu ilə nəsib olmur. Əgər sənətkar belə şöhrətə layiqdirsə, özünün də xəbəri olmadan onu qazanacaqdır. Şöhrət müasirlərin və nəsillərin sənətkara verdiyi yüksək qiymətdir, ona bəslənən sonsuz məhəbbətdir...

 

***

 

1984-cü il sentyabr ayının 15-i idi. Akademik teatrda rejissor Mərahim Fərzəlibəyovun quruluşunda Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi” dramının premyerası göstərilirdi. Mehdi Məmmədov da tamaşaya baxırdı. Üstündən beş-altı gün keçəndən sonra təsadüfən institutda görüşdük. Söhbəti hərləyib yeni tamaşanın üstünə gətirdim.

 

– “Qarabağ əfsanəsi” tamaşası xoşunuza gəldi?

 

– (Mənalı baxışlarla məni süzdü) Nə üçün soruşursan?

 

– Fikriniz mənə maraqlıdır.

 

– Tamaşadır də... nə deyim...

 

– Bəs nə yaxşı premyeraya gəlmişdiniz?

 

– Premyeraya gəlmək nə vaxtdan qadağan olub?

 

– Axı siz təzə səhnə əsərlərinə adətən bir neçə tamaşadan sonra baxırsınız.

 

– Hökümə xanım dəvət etmişdi.

 

– Onun oynadığı Günəş rolunu bəyəndiniz?

 

– O, səhnədə həmişə lətafətli və məlahətlidi.

 

– Onu bilirəm, oynadığı obrazı soruşuram.

 

– Dramaturqun səhvlərini aktrisanın üstünə yıxmaq istəyirsən?

 

– Deməli, pyes xoşunuza gəlməyib.

 

– Mən elə demədim.

 

– Siz bilən belə zəif əsəri teatr necə, nə üçün qəbul edib?

 

– Bunu məndən niyə soruşursan? Əsəri mən qəbul etməmişəm ki.

 

– Ona görə soruşuram ki, siz özünüz də yaxşı görürsünüz, teatr başsız qalıb. Kim nə istəyirsə onu da eləyir. Hansı rejissor hansı pyesi necə istəyirsə elə də tamaşaya qoyur.

 

– Dediklərin həqiqət olsa da, mənə aidiyyatı yoxdur.

 

– Var, Mehdi müəllim, özü də çox var!

 

– Nədir o çox?

 

– Teatrın belə bir vaxtında onu başsız qoyursunuz.

 

– (Xeyli fikrə getdi) Orası elədir... Aktyorlarla işləmək çox çətinləşib... lap çox.

 

– Bir dəfə televiziya çıxışınızda dediniz ki, aktyorlarla işləmək sizə zövq verir.

 

– Hansısa tamaşa üzərində işləmək, bəli, zövq verir. Aktyorlarla hər gün işləmək, onların problemlərini, giley-güzarlarını eşitmək (haqlı, ya haqsız, fərqi yoxdur), teatrdaxili intriqalardan baş çıxarmaq böyük səbr və hövsələ tələb edir.

 

– Sizdə o hövsələ yoxdur?

 

– Bəlkə də zahirən hövsələli görünürəm. Bunun da səbəbi odur ki, səbrimi basa bilirəm. Sonra da daxilən çox sarsılıram, gərginlik keçirirəm.

 

– Axı, teatrda kimsə baş rejissor olmalıdır.

 

– Görünür, mənim baş rejissorluq etmək yaşım keçib...

 

– Beş-on gün bundan əvvəl Moskvadakı Satira teatrının baş rejissoru, SSRİ Xalq artisti Valentin Pluçekin 85 yaşını qeyd etdilər. 1957-ci ildən o vəzifədədi. SSRİ Xalq artisti Andrey Qonçarov siznən yaşıddı. 1967-ci ildən Mayakovski teatrının baş rejissorudur...

 

– (Sözümü kəsir) Coşma... Dediklərini yəqin mən də bilirəm... Bunu da bilirəm ki, ora Moskvadır... Amma biz Bakıda yaşayırıq.

 

– Nə olar Bakıda yaşayanda. Ömrün müdrik çağındasınız. Bu gün-sabah 1984-cü ili də yola salırıq. Yaşınızın üstünə yaş gəlir. Tamaşaçılar həmişə böyük intizarla sizin yeni tamaşalarınızı gözləyirlər. Ancaq 1963 – 1984-cü illərdə cəmi beş tamaşa hazırlamısınız. 21 ilə az deyilmi?

 

– İlham, bunu birdəfəlik bil, mən tamaşanı ilə görə sayhesabı hazırlamıram. Hansısa pyes içimdə tamaşa kimi doğulmasa onu səhnəyə gətirmirəm.

 

Sizin yaradıcılığınız məktəbdir. Gənc rejissorlar bu məktəbdən, Mehdi Məmmədovun zəngin təcrübəsindən öyrənmək istəyirlər.

 

– Buna həvəsi olan iki-üç tamaşadan da nəsə öyrənə bilər.

 

– Gəncə teatrından 1945-ci ildə ayrılmısınız. Bü günlə hesablasaq düz 39 ildir. Bu illərdə özünüz Gəncə teatrında tamaşa hazırlamaq istəmisinizmi?

 

– Yadımda deyil.

 

– Bəs teatrdan sizə belə bir dəvət olubmu?

 

– İşlərimin çox vaxtında olub, ancaq razılıq verməyə macal tapmamışam.

 

– Macal tapmamısınız, yoxsa istəməmisiniz?

 

– Axı sualına Azərbaycanca cavab verdim. Sənə nə aydın olmadı?

 

– Belə bir müraciət indi olsa razılıq verərsinizmi?

 

– Vəziyyətə baxır...

 

***

 

Küləkli hava idi. Axşam üstü alaçop başladı. Saat yeddinin yarısında işlədiyim redaksiyadan çıxıb Aktyor evinə tədbirə gedirdim. Bülbül prospektindən Nizami küçəsinə döndüm. Beş-on addım getmişdim ki, Mehdi Məmmədovu gördüm. Addımladığım səki ilə mənə tərəf gəlirdi. Paltosunun yaxasını qaldırıb, sağ çiynini azacıq əyib yeriyirdi. Yaxınlaşıb məni görəndə ayaq saxladı. Xoş-beşdən sonra dedi:

 

– Soyuqdur, evə tələsiyirəm.

 

Heç özüm də hiss etmədən soruşdum:

 

– Mehdi müəllim, artıq iki həftədir 1985-ci il də başlayıb. Bəyəm teatr üçün darıxmamısınız?

 

– (Gözünü qıyıb baxdı) Teatr... teatrdakılar mənim üçün darıxanda mən də teatr üçün darıxacam...

 

Astaca əl eləyib getdi.

 

Bu, bizim son görüşümüz oldu.

 

Həmin bir, bəlkə də iki dəqiqəlik rastlaşmadan sonra bir dəfə, ölümündən 2-3 saat əvvəl telefonla danışdıq... vəssalam... 

 

son

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017