“Ögey ana” serialının axırı necə olacaq? - Çəkilişdən REPORTAJ

Kulis.az Aliyənin “Ögey ana” serialının çəkiliş meydançasından etdiyi reportajı təqdim edir. 

 

“Ögey ana” serialının çəkiliş məkanında bizi ikinci rejissor Qulu Əsgərov qarşılayır. Serial Badamdar qəsəbəsində, üçmərtəbəli villada çəkilir. Ad-familiyasının eyniliyi simaca da məşhur xanəndəyə oxşamağı ilə şübhələrimizi təsdiqləyir. Məlum olur ki, yanılmamışıq. İkinci rejissor məşhur xanəndənin nəvəsidir.

 

 

“Amma mən onu görməmişəm heç. O, 1987-də vəfat edib, mən 1990-da doğulmuşam. Bir dəfə filmdə onun uşaqlığını oynamışam. Belə….”

 

Villaya daxil oluruq. Çəkiliş heyəti nahardadır. Rejissorla ssenari müəllifləri aktyorlara tək-tək psixoloji vəziyyəti izah edir. Serialın rejissoru bir zamanlar Yuğ teatrından aktyor kimi tanıdığım Sain Qəhrəmandır.

 

 

“Ögey ana” serialı eyni adlı Azərbaycan filminin motivləri əsasında çəkilir. Adlar da olduğu kimi saxlanılıb – Arif, Cəmilə… Bircə ögey ananın adı Dilarə yox, Sevincdir. Aktrisa Kəmalə Müzəffər bundan əvvəlki serial layihəsində eyni adlı obraz yaratdığı üçün...

 

 

Buradakı Sevinc də oradakı Dilarə kimi həkimdir. Amma serial Sevincin ər evində yaşadıqlarından yox, hələ əri ölmüş qadının qaynı evində yaşadıqlarından başlayır. Zakir qardaşı arvadının ikinci dəfə ərə getməsini həzm edə bilmir. Onun statusu üçün bu ayıbdır. Baxmayaraq ki, məşuqəsi var və ailəsinə xəyanət edir. Abbas Qəhrəmanovun öz qəhrəmanını əxlaq düsturunu asanlıqla tapıb ona görə də, onun Zakiri arxayındır, konfliktə bütün gücü ilə girir. Məsələ tək obrazın analizi deyil, Abbas Qəhrəmanov peşəkardır və bu qədər ziddiyyəti içində əritmiş Zakirin simasını tapmaq onun üçün asan işdir.

 

Sevinc isə tərəddüddədir. Qaynının evində əzilmək, ikinci sevgini ona bağışlamayan adamların arasında yaşamaq həm də qızını bu əziyyətlərə ortaq etmək...

 

 

Siz heç əxlaqsız adamın tərəddüd etdiyini, öz hərəkətlərindən əndişələndiyini gördünüzmü?

 

Görə də bilməzsiniz!

 

Özünü düşünən adamlarda belə şey olmur.

 

Amma deyəsən tamaşaçılar yalnız özünü düşünən Zakir kimi adamları yox, uzun illərdən sonra yalnız bir dəfə özünü düşünən Sevinc kimi qadınları qınayır.

 

 

“Bu serialdakılara nə sözünüz var?”  - deyə  fikrini xəbər aldığım aşpaz xanım da dedi ki, Sevinc ikinci ərə nahaq gedir. Oturub uşağını saxlasın.

 

Bəlkə də kişilərdən yox, qadınlardan çox şey gözləyirlər. Fədakarlığı qadınlar edər deyə.

 

Bəlkə də qadının xoşbəxtliyini qısqanırlar. Yetim əlində qoğal əcaib görünər.

 

Serialda Sevinc rolunda iştirak edən aktrisa Kəmalə Müzəffərdən bunu soruşuram. Aktrisa da öz müşahidələrini bölüşür: 

 

 

“Sevinci daha çox kişi tamaşaçılar sevir “Vicdan haqqı”ndakı Dilarə barışmaz qadın idi. O, xəyanətlə barışıb razılaşmaz. Bu qadınların çox xoşuna gəlirdi. Dilarəni oynayanda qadınlardan çoxlu dəstək ismarışları alırdım. Çoxu da aktrisa kimi məni yox, qadın kimi mənim obrazımı, hərəkətlərini dəstəkləyirdi. Yəni, qadınlar Dilarənin tərəfində idilər. Sevincin tərəfini isə kişilər saxlayır. Məncə, Sevincin sakit, müti olması onların xoşuna gəlir. Həm də deyəsən, qadınlar Sevincin ikinci dəfə evlənməsinə qarşıdırlar.”

 

 

Kəmalə xanımı çəkilişə səsləyirlər. Bu səhnədə Sevinc qızı Cəmiləni ayrı evdə yaşadığı təzyiqlərdən dolayı sakitləşdirməli, ovundurmalıdır. Səhnənin məşqi sxematikdir, Kəmalə xanım xırdalıqları oynamağı çəkilişə saxlayır. Mən bayaqdan otağın lentə çəkilən küncünə ayaq qoymuram - orda başqa həyat var! 

 

Cəmiləni oynayan aktrisa Səbinə Məmmədova əvvəlcədən ssenari müəllifləri və rejissorlarla obrazının vəziyyətini müzakirə edib. İki dəfə məşqdən sonra epizod çəkilir. Qayda belədir - serialda çox dubl gərək olmur. Serial reytinqlidir, çəkilişsə bir məqamdan sonra darıxdırıcı. Niyə? Ola bilsin, çəkiliş prosesinin texniki məsələləri, xam adama maraqlı deyil. Post-prodakşn keçməmiş, ortadakı hələ xam material adamı çəkmir.

 

Ssenari müəllifləri ilə söhbət daha maraqlı gəlir. Nicat DadaşovElçin Muradov qınaqlardan çəkinib “Azərbaycan ailəsi modeli” deyə çərçivə yaradırlarmı özlərinə?

 

 

“Yox. Biz bu mühit şərtləri ilə bu adamların həyatını göstəririk. Model də elə oradadır. Biz bu şərtlərin yaxşı və pis tərəflərini görməyə çalışırıq. Məsələn, Zakirin qardaşı arvadına bizim kimi bir cəmiyyətdə sahib çıxması əslində yaxşı haldır. Amma bunu qadının xoşbəxtliyi üçün yox, öz adına görə etməsi işin yaxşı olmayan tərəfidir.”

 

Sonrakı epizodlarda iştirak edəcək aktyorları – Zemfira Əbdülsəmədovanı, İlqar Cahangiri xəbər alıram. Onlar daha gec saatlarda gələcəklər.

 

“Ögey ana” filminin axırındakı İsmayıl başqasına ana deyir. Film elə bu nida ilə bitir. Həmişə elə bilmişəm ki, o finalda qızdırmalı İsmayıl doğma anasını haraylayır. Dilarəni qucaqlamağı da qızdırmadan sayıqlamadır.

 

 

Bəs bu serialın axırı necə olacaq? Əlbəttə, spoyler olmasın, amma yaxşımı olacaq, pismi olacaq?

 

“Hələ bilmirik”, - deyir ssenari müəllifləri. Serial buna görə adamı çəkir. Yəni biz, axırını heç kimin bilmədiyi bir şeyə baxırıq. 

 

Heç müəlliflərin də!

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017