Tort qaşığı ilə bədbəxt olan gəlinlər

 

Günel Natiq

 

Təsəvvür edin ki, toyun ən yaddaqalan mərasimidir: tort kəsilir. Bəylə gəlin ilk şirinliyini dadacaq. Gəlin kiçik bir zarafat etmək istəyir, qaşığı bir-iki dəfə bəyə yaxınlaşdırır, amma geri çəkir. Allah bilir, hansı hislər keçirən bəy özünü təhqir olunmuş hesab edir, qaşığı gəlinin əlindən alır, özünü də itələyir!

 

Tort kəsilmə mərasimində belə aqressiv bəylərin sayı artmaqdadır. Tamaşaçılar gülür, kinayə edir, qınayır. Hər cür reaksiya verən var.

 

Bu yerdə milyonçu Şəmsi Əsədullayevin ABŞ-da mühacirətdə olan qızını xatırlamaq istəyirəm. Mərhumə yaxşı qadın idi, xeyriyyəçiliklə məşğul olurdu, Amerikanın xəstəxanalarında maddi ehtiyacı olmadığı halda sanitar kimi işləyib kimsəsiz xəstələrə əlindən gələn köməyi edirdi.

 

Müstəqillikdən sonra sıx-sıx Azərbaycana gəlib-gedən xanımın fikrincə hər bir vətəndaş cəmiyyətə faydalı olmalıydı. Gözəl qadın deyildi, amma aristokratik ədaları özünü büruzə verirdi. Bəzən kişilərin qadınlara yaxşı davranmadığından gileylənirdi.

 

Məsələn, ən çox tənqid etdiyi hal kişilərin avtomobilə minərkən və ya düşərkən qadınlar üçün qapını açmamaları idi.

 

“Belə də şey olar?”- o deyirdi, - “Bəy də xanımına lazımi diqqəti göstərməzmi?”

 

Niyə o qadını xatırladım? Ümumiyyətlə kişilərin qadınlara olan qeyri-etik bir hərəkətini görəndə o qadını xatırlayıram. Aristokratik ədaları gəlir gözümün önünə. Mühitin çox önəmli faktor olduğunu düşünürəm.

 

Bəzən elə hadisələr baş verir ki, deyirəm ey dili-qafil, Avropasayağı dəblər bəlkə bizlik deyil? Bəlkə köhnə kişilər haqlıydı? Bəlkə televizorda uzun-uzadı milli mentalitet haqqında mühazirələr oxuyan natiqlər əslində uzunçu deyildilər, sadəcə həqiqəti söyləməyə çalışırdılar?

 

Bəlkə əcnəbi dəyərlərin bizim həyat tərzimizlə uyğunlaşmayacağı haqqında deyilənlər doğruydu?

 

Bəlkə əcnəbi dəyərlərdən ehtiyat edib qapılarımızı bərk-bərk bağlamalıydıq? Həm də elə bağlamalı ki, içəri heç bir dəyər sıza bilməsin.

 

Söhbət ondan getmir ki, kişilər qadınlar üçün avtomobilin qapısını açmırlar.

 

Söhbət ondan gedir ki, Avropadan gələn dəblər qarşısında sanki çılpaq, paltarsız qalırıq, eybimizi isə hamı görür.

 

Bəzən belə bir qənaətə gəlirəm. Amma təqsir məndə deyil. Kim bilir, bəlkə heç o tort qaşığını gəlinin başına çırpan bəy də günahkar deyil. Sadəcə milli mentalitet Avropa dəblərinə alışmaq istəyimizi üstələyir.

 

Belə olmasaydı, təzə gəlinin tort qaşığını bir neçə dəfə bəyin ağzına yaxınlaşdırıb şıltaqlıqla geri çəkməsini bəy niyə belə aqressiv qarşılasın ki?

 

Bu sadəcə olaraq Azərbaycan kişisidir, öz xarakterini nümayiş etdirir. Əgər fikir vermisinizsə, bizim kişilər qohum-qardaş yanında başqa bir adama çevrilir, əvvəlki mülayimliyindən əsər-əlamət qalmır. Qadını töhmətləndirir, alçaldır, əl qabiliyyətini pisləyir, ya da duzsuz zarafat edib arvadını lağlağı obyektinə çevirir.

 

Məsələn, kişilər var ki, qonaq-qara yanında öz üstünlüyünü göstərmək üçün hətta arvada əl qaldırır. Məqsəd özünü “sərt kişi” kimi qələmə verməkdir.

 

“Yəni mən saqqalı arvad əlinə verən kişilərdən deyiləm!”

 

Yaxşı, “saqqalını arvad əlinə vermədiyini” elə toydaca sübut etmək istəyən kişiləri başa düşdük, bəs ən gözəl günü burnundan gələn gəlinin nə günahı? O sadəcə tort yemək mərasimində kiçik bir zarafat etmək, xoşbəxt dəqiqələrin ömrünü bir az da uzatmaq istəyirdi.

 

Avropada belə şıltaqlıqlar normal haldır, ən böyük həzzi isə bəy yaşayır. Ən gözəl günündə sevdiyi qadının şıltaqlıqlarını izləməkdən gözəl nə ola bilər?

 

Amma “sərt kişilər” başqa cür düşünür.

Gəlinin nazıyla oynamalı olan bizim bəy nə edir? Onunla kiçik zarafat etmək istəyən xanımına unutmayacağı bir gün yaşadır. Tort yediyi qaşığı kobudcasına əlindən alıb kənara tullayır, sinəsindən itələyir, yüzlərlə insanın qarşısında təhqir edir. Bu seyrçilərə minlərlə internet izləyicilərini də əlavə etsək, onda demək olar ki, gəlini klassiklər demiş, “rüsvayi-cahan” edir.

 

Və bu hadisə gəlinin ən xoşbəxt günündə baş verir.

 

Digər tərəfdən, kiçik bir tort parçasını bölüşə bilməyən bu insanlar sonrakı həyatlarını necə paylaşacaqlar? Gəlinin kiçik şıltaqlığını həzm edə bilməyən kişi çox güman ki, qadınına məsum səhvləri də bağışlamayacaq.

 

İlk həyat dərsini toyunda alan qadın isə bundan sonra türklər demiş “ayağını deng alacaq”, yəni hər an “sərt kişi”nin “sürprizlərinə” hazır olacaq.

 

Yəqin ki, milyonçu Şəmsi Əsədullayevin mühacirətdə olan qızı bu mənzərəni görsəydi  “Azərbaycansayağı sürpriz” deyə acı-acı gülərdi...

 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017