Balığa çevrilən adamın intiharı

 

Dəniz Pənahova


Son vaxtlar ailəlikcə keçirdiyimiz monoton həftələrin ardından özümüzü sənətə ac hiss etməyə başlamışdıq. Getdiyimiz teatrlardan zövq ala bilmirdik. Musiqili Komediya teatrında işləyən bibimə və ordakı bütün işçilərə bilet pulsuz verilir və hökmən gedilməlidir. O da həmişə yorğun iş həftəsinin sonunda nəvələri ilə vaxt keçirməyi daha doğru bildiyindən teatr sevgimi nəzərə alıb biletləri mənə verərdi. İncinməsin deyə hər dəfə biletləri götürürdüm. Amma dəbdəbəli, saraya bənzəyən geniş zal, nə aktyorların zərli libası, nə də banal yumorları qarnımı sənətlə doyura bilmirdi. Tamaşaçıları da tamaşaya bənzəyir elə. Pulsuz biletin işığına yığışmış, sinəsi qeybət dolu  qadınlar milçək kimi adamın tamaşa zövqünü alt-üst edirlər. Hər dəfə tamaşadan yarımçıq çıxıb teatrın qaranlıq və səssiz retro bufetinə çəkilib bir fincan vanilli süd ilə yarımçıq qoyduğum kitabımı oxuyurdum. Tamaşa bitənə yaxın insan çaxnaşmasına qarışmadan teatrı tərk edirdim. Elə teatrın qaranlıq səssiz zalına hər gün kitab oxumaqdan ötəri gedə bilərdim. Bu həftə sonu isə yolumu çox sevdiyim Pantomima teatrından saldım.


Evdəkilərdən küsüb inciyəndə guya kitab oxuyurmuş kimi üzümü kitabla örtür, həftə sonu olanda isə Pantomima teatrına gedərdim. Pantomimaya gedəndə evdəkilər bilir ki, Dəniz nədənsə, kimdənsə bəlkə elə həyatdan inciyib. Pantomimaya həmişə tək getmişəm. Ora ilə aramda sehrli bir bağ var. Sanki kimləsə getsəm o sehrin dumanı dağılıb məhv olar.


Doğum günü hədiyyəsi olaraq iki bilet vermişdilər mənə. Bileti verən adam hardan bilsin ki, mən həmişə Pantomimaya tək gedirəm. Mən də təbii ki, yoldaşımla gedəcəkdim. Həm o da ilk dəfə olaraq Pantomima teatrında olacaqdı. Hər dəfə təkadamlıq getdiyim teatrda bu dəfə ikinəfərlik gedəcəm, əslində mənim üçün də bir ilk olacaq. Özümü çox qəribə hiss edirəm. Yoldaşımla sənət zövqümüz bir-birini tamamlayır, amma Pantomimanı sevəcəkmi, necə qarşılayacaq mənə maraqlıdı.
Elə bilirəm ki, bu qədim sinaqoqun divarları məni tək görməyib qısqanacaq. Nəysə, çox uzatmayım, keçək tamaşaya.


Elnur Rzayevin “Mənim balığımsan” əsəri əsasında səhnələşdirilən tamaşa teatrın bədii rəhbəri Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq.
Yaxın əyləşin səssizliyi və rənglərin dilini sözə çevirəcəm. Amma elə səssizliyin səsi sözsüz, cümləsiz də gözəldi.


Bu balaca, sadə və valehedici teatrın səhnəsi hardasa 40 nəfərlik yer tuta ya tutmaya. Pantomima sevərlər həmişəki kimi 10-15 dəqiqə tez gəliblər.
Vaxt yetişdi, saatlar 18-i göstərəndə sehrli qapılar açıldı. Qaranlığın içinə girdik. Sanki heçliyə qarışıb yox olduq. Səhnə tamaşaçı ilə iç-içədi, bir addım atsaq işıqlı dünyaya girəcəyik. Yoxluqdan varlığa bircə addım ayırır adamı. Qaranlığın içindən dəniz ləpələrinin küləyə qarışmış səsi duyulur. Yumru akvariumun içində narıncı balıq klassik musiqinin sədaları altında su ilə rəqs edirmişcəsinə oyana-buyana fırlanır. Yenə qaranlıq hər kəsi öz ağuşuna alır. Zaman və keçidlər qaranlığın fonunda dəyişir. Əslində qara rəng olaraq yoxdu. Rənglərin qarışığından yaranıb. Rəngsizlikdi.

Közərən işığın altında gözəl aktrisamız Səbinə Hacıyeva estetik əlləri ilə balığı tumarlayır. Tanrının əlləriymiş kimi balığa və suya toxunur, balığın rəqsini çərxi-fələk kimi dəyişir. Digər əlləri ilə bətnini tumarlayır. Hamilə obrazındadı. Yoldaşımla mən təəccüblənirik. Onunla ilk dəfədir Pantomimaya gəlirik və qoyulan tamaşa bizim həyatımızı azacıq əks etdirir.


Ana həm bətnini, həm də balığı övladı kimi tumarlayır. Analar həmişə övladlarını hansısa heyvana bənzədib sevərlər. Ceyrana, dovşana, balığa və başqa heyvanlara. Bəxtiyar Xanızadənin söylədiyi kimi hər bir varlığa öz adı ilə yanaşılmalıdır. Elə əsərin məğzi də budu. Bu heyvani adları uşaqlar öz üzərində daşıdıqca həmin heyvana kilidlənirlər.


Qaranlıq ananı alıb uzaqlara aparır. Ananı itirir. Yağışlı küçə ağlayan körpə səsinə qarışır. Bu an bir topa insan rəngarəng çətirlərlə körpəni yağışdan qorumağa çalışır. Uşaqsa kirimək bilmir. Körpənin böyründə əmzik, akvarium balığı və xırda sarı toplar var. Ana əlində mavi çətirlə övladını qorumağa gəlir. Tamaşaçı çaş-baş qala bilər. Ana ölübmü, sağdımı. Mavi rəng xəyalları, yoxluğu, yuxunu simvolizə edir. Sanki qoruyucu ruh timsalında gəlib. Daha çox David Linçin filmlərində bu simvola, gerçək olmayan səhnələrə rast gəlirik. Ana mavi çətirlə yağışı körpənin üstündən qovur. Mavi burda həm də sakitliyi simvolizə edir. Uşağın səsi kəsilir.


Qaranlıq yenə peyda olur. Zaman axır. Körpə böyüyür. Ətrafındakı rəngli çətirlərlə oynayır. Qara çətirə çatanda ağzını büzərək onu itələyir. Çünki qaranlıq anasını onun əlindən almışdı. Qara rəng matəmi ifadə edir.
Uşaq sarı toplarla, plastilindən düzələn akvarium balığı ilə oynayır. Bu rolun ifaçısı gənc və istedadlı aktyor Beyrək Rüstəmzadədi.


Qadın bədəninə bənzəyən əmziyi az keçmir uşağın əlində görürük. O, plastilin balıqdan bir parça qoparıb qadın bədəninə bənzəyən butulka üzərində sinə düzəldir. Ana südü içməyib çünki. Ana qucağı görməyib. İşıqlar yenə sönür, bu dəfə keçid uşağı gənc bir oğlana çevirir. Əlindəki butulka qırmızı plastilindən hazırlanmış geyimdə bu dəfə tam formada qadın bədəninə dönür. Sonra Butulka böyüyüb, böyüyüb anasına çevrilir. Ana qucağı ana nəvazişinə dönür. Gerçəkliklə yuxunun arasında vurnuxan oğlanın bir gün balığı ölür. Balığa möhürlənmiş oğlan fəryad edir, yerə yıxılır. Mavi rəngin fonunda anası yeni balıq gətirir yuxusunda. Xilas edir oğlunu. Xəzanlar səpir göydən anası, fəsillərin keçdiyinə, illərin ötdüyünə işarədi.


Sonluq buddist detalla bitir. Mənim balığımsan deyə əzizlənən oğlan balaca akvariumun içində özünü boğur. Sonra balığa çevrilir.
Balıq müxtəlif mədəniyyətlərdə müxtəlif anlamlar kəsb edib. Elə bu tamaşanı da müxtəlif yönlərə yozmaq olar. Balıq dənizin və şüurun gizlin dərinliklərini təmsil edir. Balıq su və yaradılışla bağlıdır. Qayıdaq tamaşanın başına. Ana bətni həm də sudu. Hamilə olan ana hələ doğulmamış körpəsini akvariumda balığımsan deyə əzizləyirdi. Taleyi balığa möhürlənmiş gənc akvariumda, bir ovuc suda həyatına son qoyur. Yunan mifologiyasını xatırlasaq Afrodita Yeraltı dünyanın gözətçisi Tifondan qaçmaq üçün balığa çevrilir.


Afrikalıların inanışına görə balıq yer kürəsini və rəhmi təmsil edərək doğmağı ifadə edir. Hindu qəbilələrində də möhürlənmək anlayışı var. Heyvana, insana və s. möhürlənmək.


Ana balığa çevrilən oğlunu akvariumla birgə götürərək dəniz sularına atıb dar qəfəsdən azad edir. Oğlan bilsəydi ki, balıqların vətəni sonsuz dəniz sahilidi özünü bir içimlik qaşıqda boğmazdı, dənizə də ata bilərdi. Amma o akvariuma möhürlənmişdi. 40 dəqiqəlik tamaşanın azlığı məni üzsə də yol boyu tamaşanı beynimdə yenidən-yenidən, evə çatanacan canlandırırdım.


Bu ecazkar plastikanı qaçıranlar bu həftə sonu noyabrın 12-i yenidən izləyə bilərlər. Bəlkə siz bu tamaşa ilə bağlı tamam başqa hekayə quracaqsınız beyninizdə.
 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017