Həbib müəllimin cahilliyi

“Həbib müəllim kimi alimlərdən heç nə gözləmirik. Konyukturaya uğramış, müstəqil düşüncəsi olmayan, onca yer gəzməsinə baxmayaraq, savadı, dünyagörüşü məhdud. Alim yox, cahil desək... Adam bu yaşadək özünü niyə bir tikə inkişaf etdirməz? Dəhşətdir.”

 

Elədir. Amma gəlin bir balaca düşünək? Niyə elədir? Bunun səbəbi Həbib müəllimin özündədirmi? Hələ onun kimi onlarla alim, ictimai xadim varsa. Hər problemə səbəbi özündə kimi yanaşmaq özü də cahillik deyilmi?

 

Hər dəfə yeni bir fikir eşitdiyimiz müəllimimiz: “Mən indi necəyəmsə, məni tələbələrim belə yapıb” dedi. Bu nə deməkdir indi?

 

Məsələn, elə dediyimiz Həbib müəllim. Adını şərti seçirik ki, subyektləşməsin, bir də nə bilmək olar bu Həbib müəllimin əli haralara çatır? Sual bu deyil. Sual budur:

 

Məgər Həbib müəllimdən müstəqil fikri, savadı, dünyagörüşü, elmi, lap elə dürüst olmağı tələb edən varmı? O Həbib müəllim bunları tələb edən şərtlərdən asılıdırmı? Məsələn, Həbib müəllimin kitablarımı oxusunlar deyə dərdi varmı? Ya ortaya yeni bir elmi nəzəriyyə qoyum deyə tələb varmı? Yoxdur.

 

Onsuz da Həbib müəllimi yüksək kürsülərə çağıracaqlar. Həbib müəllim ağıllı adamdır, hansısa adamın fikrinə, qiymətinə möhtac deyil ki, bunun üçün əlləşsin. Həbib müəllimdən müstəqil fikir yox, məhz konyuktura istəyirlər.

 

Olsa-olsa Həbib müəllim gerçək insan həyatı haqda düşünə bilər, hardansa bir sual pırtlayıb çıxar qabağına ki, mənim həyatım nə qədər ciddidir? Onda bəlkə nəsə dəyişər, o, həmin asılı olduğu ondan bu kimi şeyləri tələb etməyən şərtlərdən imtina edər. Və nəsə dəyişər. Yoxsa Həbib müəllimin dəyişməsi özünə də çətindir. Yəni Həbib müəllim birmənalı olaraq mühitin məhsuludur.

 

Biz hamımız sosial varlıq olaraq, mühitin məhsuluyuq və içində olduğumuz şərtlərdən asılıyıq. Amma seçimimiz var. Ümumiyyətlə, kapitalist cəmiyyəti insanının bircə seçimi var: imtina etmək. Əgər özünə sual vermək gücü varsa. “Əlimdən heç nə gəlmir, zəmanə belədir” - sualına yeganə cavab budur. Bu imtina işdən istefa etmək də ola bilər, Berqmanın “Persona”sı kimi sözlərdən imtina edib susmaq kimi bir qərar da ola bilər.

 

Bəzən imtina aktı kimi intiharı seçənlər də olur. Amma burada da zalım fələk adama şans verməlidir. Uşaqlarını ac qoymamaq üçün başqa iş imkanın olsun gərək. Ardınca qalanları düşünməmək üçün ürəyin daş olsun gərək. Heç bir şansın yoxdursa, şəxsiyyət olaraq, özündən imtina etməlisən. Əsgərlikdə əsgərlər çox vaxt müvəqqəti özündən imtinanı seçirlər. Özündən muğayat olanlar isə intiharı seçir.

 

“Özünüzdən muğayat olun!” sözündə gizlənən təhlükə budur.

 

Bu sözü hər kəsə demək olmaz.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017