Maradona necə ikiyə bölündü? - Ayxan Ayvaz yazır...

Ben hala Maradona’yla beraber ağlarım sevgilim

Ağlayan Maradona’nın ne demek olduğunu

Bütün kenar mahalle çocukları iyi bilir

 

Ali Lidar

 

Maradona haqqında Əmir Kusturitsanın çəkdiyi sənədli filmə baxdım. Neçə gündür bu filmin təsirindən çıxa bilmirəm.

 

Bu filmdən sonra hazırkı futbol gözümdən düşdü.

 

Maradona gözümdə Tanrı dərgahına qalxdı.

 

Əfsanə futbolçunun hazırda 57 yaşı var. Üstündə Fidel Kastro və Çe Gevaranın döyməsini daşıyır. Təkcə bədəninə deyil, ürəyinə də bu iki adı yazdırıb.

 

Futbolçu olmasaydı, onlar kimi inqilabçı olardı yəqin.

 

Amma məncə, Maradona da inqilabçıydı. Futbolun inqilabçısı...

 

Mənə görə, futbol sənətdir, idman deyil. Maradonanın timsalında bu sənətin böyüklüyünü görmək mümkündür. Bəzən onun atdığı qollara baxanda elə bilirəm, Markesin əsərlərini oxuyuram, hansısa filmin möhtəşəm səhnəsini izləyirəm.

 

O, oynadığı futbolun rejissoru, yazıçısıydı. Meydana aslan kimi çıxırdı, ildırım sürətilə qaçırdı. Top elə bil Maradonanın bədəninin bir hissəsidir.

 

“Tanrının əli”ni futboldan narkotik ayırdı. Tək futboldanmı? Yox. Həm də həyatından.

 

Yadınızdadır, o möhtəşəm oyun. İngiltərəyə atdığı qol. Demişdi ki, o əl mənim deyil, Tanrının əlidir. Uzun müddət bu qol müzakirələrə səbəb oldu. Maradona isə deyirdi ki, o qoldan cəmi dörd dəqiqə sonra 6-7 oyunçunu keçib təkrar qol vurdum. Həmin qol yüz ilin ən yaxşı qolu seçilib.

 

“Napoli” kimi kasıb, zəif klubu tək başına zirvələrə apardı.

 

Argentina millisinə qələbələr bəxş etdi.

 

Bu torpaqlara zəfər gətirdi.

 

Onun ölkəsinin adamları qələbəyə ac idi.

 

Amerika çirkli əllərini bulaşdırmışdı o torpaqlara.

 

Maradona əzilən adamların yanında oldu.

 

Kubanı sevdi. Fidel Kastroyla görüşəndən sonra dedi ki, o kişiyə aşiq oldum: “Siyasətçilər seçkidə pulun, Kastro isə silahın hesabına qalib gəlib. Çünki onun xayaları var! Kubanı sevirəm!”

 

Fidel Kastronun, Çe Gevaranın ideyasını futbol meydançasında gerçəkləşdirdi.

 

Meydanda inqilab elədi.

 

FİFA da onunla baş-başa gəldi, FİFA prezidenti Yozef Blatter də...

 

Amma bunlar Maradonanın vecinə deyildi.

 

Futbola bulaşmış çirki təmizləməklə məşğul idi.

 

 

Və bir gün ədalətsizliyə dözə bilmədi.

 

Çıxdığı ən böyük zirvədən ən aşağı yerə düşdü.

 

İçki, qadın, narkotik...

 

İkiyə bölünmüş kimi oldu.

 

Qızlarının böyüdüyünü görə bilmədi.

 

Həyatının ən gözəl duyğularını yaşamaq ona qismət olmadı.

Kusturitsanın filmində Maradona öz həyatı haqqında mahnı oxuyur. Gözləri dolur, qızlarını qucaqlayır. Kadrda onun cavan vaxtları görünür. Xoşbəxtdir. Qızları olub. Ən böyük futbolçudur.

 

“Narkotik maddələr qəbul etdiyim üçün qızlarımın necə böyüdüyünü görə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacam”. – necə dəhşətli etirafdır.

 

Hər şeyi bilirdim deyir Maradona. Böyük futbolçu olacağımı, dünya çempionatını qazanacağımı... Amma narkotikin həyatıma girdiyini anlamırdım.

 

Qızımı qucaqlayanda onları hiss etmirdim deyir.

 

“Qızım məndən soruşdu ki, ata, niyə əvvəlki kimi oynamırsan. Həmin an ayaqlarımı bədənimdən ayrılmış kimi hiss etdim” – Dünyanın ən məşhur futbolçusunun kədərli etirafı.

 

Çirkabları görməmək üçün sığındığı “bəyaz qadın” onu ən möhtəşəm duyğulardan kənar tutdu.

 

Tanrı əlini üstündən çəkdi.

 

Mən Maradonanın bu halını görəndə öz-özümə dedim ki, kaş onda onun yanında olaydım, narkotikləri əlindən alıb özüm qəbul edəydim, qoymayaydım futbolu tərk etsin, qızlarını qucaqlamaq hissinin nə demək olduğunu anlasın.

 

Göz yaşlarını tuta bilmir Maradona.

 

Özü haqqında mahnıya qulaq asarkən.

 

Əgər Maradona olsaydım, həmişə onun kimi yaşayardım deyir mahnıda.

 

FİFA-ya oğru olduqlarını demək, Blatterə əl uzatmamaq, Amerikaya meydan oxumaq, Buşa nifrət etmək...

 

Maradona bu həyatı aktyor kimi oynamadım deyir. Yaşadım deyir bu həyatı. Və o, bu həyata meydanlar üçün yaradılmışdı. Onu meydanlardan aldılar.

 

İndi düşünürəm ki, bütün böyük adamlar ədalətsizliklə mübarizə aparıblar.

 

Haqsızlığın qarşısında dimdik durublar.

 

Onlar üçün şöhrət də, pul da önəmli olmayıb.

 

Böyük olmaq buna görə çətindir.

 

 

Maradona istəsə futbolunu oynayıb pulunu alar, kefini çəkərdi.

 

Onun sözləridir: “Yalnız iki övladımı – Dalma ilə Caninanı qəbul edirəm. Başqaları isə pulumun və səhvlərimin məhsuludur”.

 

Amma içindəki sənət eşqi, bəli, məhz sənət eşqi ona həqiqəti dedizdirdi.

 

Maradona həqiqəti deməsəydi yaşaya bilməzdi.

 

O həqiqəti bir gün biri çıxıb deməliydi. Bir gün əzilən insanlara, sənətə uzadılan əllər qırılmalıydı.

 

Maradona hər qolu ilə Çe Gevaranın, Fidel Kastronun inqilabını davam etdirdi.

 

Hər qolu bir mübarizəydi.

 

Hər qolu bir savaşdı, meydan oxumaqdı.

 

Bu çirklənmiş, pula, kapitala çevrilmiş futbola bir üsyandı.

 

“Roma Papasına qarşı çıxdım. Vatikana gəlib dam örtüklərinin qızıldan olduğunu gördüm. Daha sonra isə Papanın “Kilsə kasıb uşaqların qeydinə qalır” ifadəsini eşitdim. Lənət şeytana, dam örtüklərini sat və onlar üçün nəsə etməyə çalış!” – Maradonanın bir qolu da budur.  

 

İndi Maradona yoxdu meydanlarda. İndi Tanrının əli çəkilib futbolun üstündən. Futbol Tanrısız qalıb. Yazımın son cümləsini Maradona desin: “Ölsəm, yenidən dünyaya Dieqo Armando Maradona kimi gələcəm”.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017