Xəyanətə haqq qazandıran yeni filmimiz

 

Bir neçə gün əvvəl media nümayəndələrinə “O2 media”nın istehsalı olan “İkinci pərdə” filmi təqdim olundu. Filmin rejissoru Emil Quliyev, ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev və Orxan Mərdan, baş prodüseri Orxan Mərdandır.

 

Kulis.az film haqda Sevda Sultanovanın resenziyasını təqdim edir.

 

Rejissor Emil Quliyev “İkinci pərdə” filmində yenə mental dünyamıza - ailə intimliyinə, məişət davranışlarına fokuslanır.

 

Süjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfər) ona təmənnasız yardım edən dostu Timanın (Hikmət Rəhimov) arvadı Samirəylə (Günay Əhmədova) gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır.  

 

Öncəliklə, Emilin rejissor kimi bir neçə üstün cəhətini qeyd edim. O, uğurlu aktyor seçimi edə bilir. Başqa cür desəm, obraz duyumu güclüdür, hansı rolun hansı aktyorun öhdəsindən gələ biləcəyini görür. Aktyorlara oynamaq, öz imkanlarını göstərmək fürsətini verir və deyim ki, aktyor sərbəstliyi də rejissorun bədii məkanda cızdığı sərhədləri aşıb keçmir.

 

Populyar ad, tanınmış sima arxasınca qaçmır.

 

Dünya kinosunda çoxdan trend olan, bizim  kinematoqrafiyada isə çox rast gəlinməyən çəkiliş metodundan yararlanır: əl kamerasından istifadə, dekorasiyasız, təbii məkanda çəkiliş, naturada səslənən minimum musiqi, bəzi epizodlarda sanki kameranın hadisənin baş verdiyi yerdə təsadüfən peyda olaraq gizli müşahidə etməsi.

 

Bununla da ekrandan gerçəklik hissi ötürülür.

 

Bir də Emilin filmlərinin öz ritmi var ki, bu da reallıq hissini maksimum verməyə hesablanıb: gərgin, dinamik, irəlidə nəsə mühüm bir olayın baş verəcəyi gözləntisini yaradan hiss…

 

“İkinci pərdə” kişi filmidir: çoxlu kişi personajları, onların baxış bucağı, problemləri, ehtirasları, zəiflikləri, xəyanəti süjetin böyük hissəsini təşkil edir. Eyni zamanda bu, bir mətbəx dramıdır. Yəni bu janrda çəkilən filmlərdə insanların gündəlik həyatına, məişətinə detallı nəzər salınır. Üstəlik, “İkinci pərdə”də dialoqların, konfliktlərin ayırd edilməsi masa-yemək, çay süfrəsi arxasında gedir.

 

Rejissor əhvalatı lazım olduğundan artıq sosial-məişət  problemləriylə yükləyir. Həmin problemlər bədii yozumla yox, çılpaq dokumentallıqla təqdim olunur. Vəziyyətlər təsvirin diliylə yox, sözlərin hesabına çatdırılır. Təsvir sözlərə, mətnlərə uduzur, onun altında əzilərək itib-batır. Nəticədə “İkinci pərdə” daha çox effektli aktyor oyununun hesabına ayaqda qala bilir.   

 

Filmdən gəlinən nəticə konkret ondan ibarətdir ki,  cəmiyyət xirtədəyədək çirkab içindədir, günahsız adam yoxdur. Hətta müəyyən məqamlarda sandım ki, müəllif topluma qəzəbli, çıxış yolu görməməsi səbəbindən ailə-məişət zəminində olmuş cinayətlərə haqq verir.

 

Və o, sənətin mühüm funksiyasını gözardı edir. Yəni personajlar hansı şəraitlərdən, mənəvi çətinliklərdən, psixoloji tərəddüdlərdən, hansı vəziyyətlərdən keçərək  ekranda bizə təklif olunan nəticəyə gəldilər, onların intim dünyasında addımlarını zəruriləşdirən nələr baş verir?  Niyə ağrılarını görmürük?

 

Arif ona kömək edən dostuna, Samirənin ərinə xəyanətinə rejissor bəraət verə, seyrçini inandıra bilmir. 

 

Axı sənətin məqsədi görünməyəni göstərməkdir, ziddiyyətləri anlatmaqdır, suallar qoymaqdır. Müəllif isə sual qoymur, əksinə, seyrçini öz arxasınca apararaq qəti qənaətini diktə edir: Biz buyuq və xəyanətləri haqq edirik.

 

Müəllif o qədər amansız və qəzəblidir ki, işıq yeri belə açmır. O, hətta seyrçidə müsbət təəssürat buraxan Timaya da axıradək mərhəmətli olmaq istəmir.

 

Ancaq dediyim kimi uğurlu aktyor ansamblı var. Arvadının xəyanətini öyrəndiyi andan Hikmət obrazının hisslər ardıcıllığını uğurla qurur: emosional şok, şokdan ayılaraq ağrı hiss etməsi, ağrının qəzəbə çevrilməsi. Daha sonra üzləşdiyi xəyanətlə necə davranmalı sualı meydana çıxır. O, həllini tapır, qəzəbini soyuqqanlı sarkazma, sarkazmını qisas partlayışına çevirir.

 

Xəyanətin açılması səhnəsində Qorqud Cəfər, Günay Əhmədova və Hikmət Rəhimov üçlüyü realistik, ahəngli ifasıyla seyrçiyə nəfəsdərmə imkanını vermir.

 

Qısası, Emil reallığı illüstrasiyalaşdırır, onu bədii dilə çevirmir, yaradıcı axtarış eləmir, personajların düşdüyü situasiyaların mənəvi-psixoloji intimliyini araşdırmır.

 

Ona görə film daha çox xəbər informasiyası kimi oxunur, dialoq bolluğunda bəzən fikirlər (“Guya çox pensiya verirlər, hələ vaxtında da vemirlər”) Facebook statusuna dönür, təklif olan vəziyyətdə detal yox, haşiyə kimi qalır.

 

Ona görə “İkinci pərdə” daha çox sosial-məişət aksiyasıdır və şok effekti yaratmağa hesablanıb.

  

Əhvalatın aqressiv intonasiyası, müəllifin qəzəbi o qədər ağır basdı ki, hətta filmin yarısında protest olaraq getmək istədim.

 

Hər halda Emil Quliyevə kinoya olan böyük sevgisinə görə sayğı duyuram.

 

Özünü Emilin güzgüsündə çılpaq görmək istəyən bu filmə baxsın.

 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017