Arvadı polisə şikayət etdiyi üçün özünü öldürən ər

 

Sevinc Elsevər

 

Bayılda gecəqondu məhəlləsində yaşayırdıq. Rayonlardan çoxlu kasıb adamlar köçmüşdü həmin məhəlləyə. Çoxu fəhlə ailələri idi, yaşayışları da çətin. Sosial problemlərin məngənəsində əzilən ailələrdə az qala hər gün münaqişə baş verirdi. Belə ailələrdən birində isə vəziyyət dəhşətli hal almışdı. Az qala hər gün səs-küy, qalmaqal qopur, qadının çığlıqları, kişinin bağırtısı bütün məhəlləyə yayılırdı. Heç kim də bu ailənin işinə qarışmırdı. Kişi ən pis söyüşlərlə arvadını təhqir edir, hamı da eşidirdi. Amma kimsə ağrımayan başına dəsmal bağlamaq, o kişiyə yaxınlaşıb “bizim anamız, bacımız var, niyə söyüş söyürsən” demək istəmirdi. İçkili adamdı, birini mən deyərəm, ikisini o. Ya o məni vurar, ya mən onu, nəyimə lazım qarışıram deyərək hərə öz yoluna gedirdi.

 

Halbuki mədəni adamların çəkdiyi filmlərdə, yazdıqları romanlarda bu cür obrazların dilindən söyüş söyüldüyünü eşidən həmin o adamlar söyüşü rejissorun, aktyorun, yazıçının özü söymüş kimi üsyan edirlər. Mədəni, sakit adamlara “həddini bildirmək” daha asan olur çünki. Mədəni adam adamın üstünə bıçaq çıxartmır, qayıdıb söyüşlə cavab vermir. Halbuki filmlərdə, romanlarda insanların üzünə ayna tutmaqdan başqa günahları da yoxdu.

 

Bir gün də belə vurhavur olanda, mən qadının çığlıqlarına dözmədim, qorxdum ki, kişi qadını öldürəcək. Çünki qadın fəryad eləyirdi: “Ay camaat, qoymayın məni öldürür!”

 

Mənim onların arasına gedib girməyə gücüm çatmazdı, üstəlik hamilə idim. Heç o əzazil kişi də mənim sözümü eşitməzdi. Qaçdım telefona, polisə zəng vurdum. Dilim dolaşa-dolaşa qonşuluqda kişi qadını döyür, qadını öldürməklə hədələyir dedim. Küçənin adını, evin ünvanını verdim. Xəttin o üzündəki polis sözümü kəsdi:

 

- Kişinin adı Filankəs, qadının adı Bəhmənkəsdi?

 

- Elədi. Düzdü. – dedim sevinclə. Elə bildim daha da dəqiqləşdirdiklərinə görə tez gələcəklər.

 

Amma polis qətiyyətlə dedi:

 

- Allah eləsin, kişi qadını öldürsün! Biri qəbrə, biri türməyə getsin. Bizim də canımız qurtarsın. İki gündən bir arvad ərindən şikayət edir, gəlirik, kişini tutub gətiririk bölməyə. Üstündən bir gün ötməmiş qadın şikayətini geri götürür. Buraxırıq. Bezmişik onlardan.

 

Mən çarəsizcə telefonu yerinə qoyub davanın axırının yaxşı qurtarması üçün Allaha dua eləməyə başladım.

 

Polis həqiqəti deyirdi. Doğrudan da qadın bir neçə dəfə şikayət eləmiş, şikayətini geri götürmüşdü. Bəzən də polislər evə qədər gəlib, heç kişini özləri ilə şöbəyə aparmamışdılar. Qadınla kişi ordaca artıq hər şeyi yoluna qoyduqlarını, daha dalaşmayacaqlarını demişdilər.

 

Amma polis də haqlı idimi bezməkdə? Axı onun işi budur. Elə bil ki, gedirsən marketə, deyirsən mənə çörək ver, satıcı isə sənə deyir: mən ki, dünən sizə çörək satmışdım!

 

Azərbaycanda qadının öz ərindən, atasından, qardaşından polisə şikayət eləməyi qədər ayıb sayılan iş yoxdur. Salyanda yaşlı bir qadın tanıyırdım. Deyirdi gəlini oğlundan polisə şikayət elədiyi üçün oğlu özünü təhqir olunmuş hesab eləyib. Deyirmiş: başımı qaldırıb heç kimin üzünə baxa bilmirəm, mənə deyirlər sən necə kişisən, arvadın səndən polisə şikayət edir. Həmin qadının oğlu bir gecə özünü çardaqdan asıb öldürmüşdü. Sırf qadını ondan polisə şikayət elədiyinə görə.

 

Bu günlərdə internetdə oxuduq ki, Sabunçuda 23 yaşlı qadın 28 yaşlı ərini döyə-döyə öldürüb. Qadın bu günə qədər dəfələrlə polisə şikayət eləyib, amma nəticəsiz qalıb. Əlimin içi kimi bilirəm ki, polisə şikayət elədiyinin üstündə də o qadın döyülüb, təhqir olunub, danlanıb.

 

Bu xəbəri “Bıçaq sümüyə dayananda” başlığı ilə öz profilimdə paylaşmışam, dostluğumdakı üç kişi gülüş işarəsi qoyub.

 

Özü də üçü də ziyalı adamdı. Görəsən, onları güldürən nədi, düşündüm öz-özümə. Ailə münaqişəsi zəminində kişilərin qadınları öldürməsi xəbərinə alışıq olan kişilər əks cins nümayəndələrinin də qatil ola biləcəyinə necə reaksiya verəcəklərini bilmirlər. 

 

Əslində ağlamalıdı, faciəlidi. Bir-biri ilə yaxşı gündə, pis gündə birgə olmağa söz vermiş, dünyaya uşaq gətirmiş, buna görə qan qohumuna çevrilmiş iki adamın bir-birini qətlə yetirməsi, bir-birinin qanına susaması, öldürmək həddinə çatmasının səbəbi nədir axı?

 

Niyə biz normal şəkildə ayrılmağı bacarmırıq? Kişilər sevmədiyi qadınla ayrılmağı bacarmır ki, “namuslu” bilirlər onu. Qadınlar isə papaq deyillər, başdan-başa qoyulsunlar. Uşaqlar hər iki valideyni ilə bərabər, mutlu, hüzurlu yaşamaq istəyir. Qadın boşanandan sonra uşaqları dolandıra bilməyəcəyindən ehtiyat edir. “Təmiz adı”nı qorumağa çalışır. Kişilər fikirləşir ki, bu zəmanədə ikinci dəfə xərc töküb evlənmək çətin olacaq. Axı bu elin bir ətək pul aparan toy adətləri var. Üstəlik, aliment vermək də hər oğulun işi deyil bu ölkədə. Boşananda bunun ev bölməyi var, uşaqlar kimdə qalacaq deyə savaşmağı var. Avropalılar kimi sivil adamlar deyilik ki, boşanandan sonra uşağımızı ərimizə, ya arvadımıza göstərək.

 

Uşaqları atalarına, analarına qarşı doldurmayaq. “Sənin atan yaxşı insandı, amma bizim xasiyyətimiz tutmurdu” , “Sənin anan gözəl insandı, amma bizim aramızda sevgi bitmişdi” kimi cümlələr ayrılarkən hansı azərbaycanlının ağzından qopar?!

 

Hələ boşanan qadınla kişinin bir-birinə girən valideynlərindən, qohumlarından danışmıram. Bacısından boşandığına görə yeznəsini öldürən qayınlar var. 

 

Bir dəfə Hollivud filmlərindən birində maraqlı dialoq diqqətimi çəkmişdi.  Ailə sorunları olan gənc kişiylə qadın psixoloqa müraciət edir. Psixoloq onlardan soruşur: “Sevişərkən yataqda neçə nəfər olursunuz?”

 

Kişi ilə qadın təəccüblə cavab verirlər:

 

- Əlbəttə, ikimiz. Biz qrup seksi ilə məşğul olmuruq ki!

 

Psixoloq deyir:

 

- Yox, məncə, hərəniz sevişərkən ən azı üç adamla sevişir. İkinizin də ağlında hətta sevişərkən öz ata-anası var. Valideynlərinizin sizə qoyduğu qadağalar, qaydalar, sizin həyatınıza elədiyi müdaxilələr. O vaxt sizin aranızdakı sorun çözüləcək ki, siz yatağa girəndə iki nəfər olacaqsınız. Ancaq ikiniz sevişəcəksiniz.

 

Bu amerikan ailəsi yəqin bizim ailələrin yanında toya getməli olar. Sonra da biz ailələrdə niyə bu qədər problemlərin, söz-söhbətin, dava-şavanın olduğundan baş açmaq istəyirik.

 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017