Kamil Cəlilov: “Gözümü açanda o, özündə deyildi” - MÜSAHİBƏ

Kulis.az mahir qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilovla müsahibəni təqdim edir.

 

- Kamil müəllim, gələn il 80 yaşınız olacaq. Hansı səviyyədə qeyd olunacaq?

 

- İndiyə kimi nə qədər yubileyim olub, heç birinin dövlət səviyyəsində keçirilməsini istəməmişəm. Heç kəsə deməmişəm, heç kəsin də yadına düşməyib. 80 yaşımda özüm də yubileyimin keçirilməyini istəyirəm. Bildiyim qədəri ilə Mədəniyyət və Turizm Nazirliyi də artıq müvafiq işləri görür. Mənə verilən məlumata görə yubiley Muğam Mərkəzində keçiriləcək. Məndən olsa tədbirin aparıcısı Rafael Hüseynov olsun, o, mənim yaradıcılığımı əla bilir, ondan başqasına güvənə bilmirəm.

 

- Bəs 80 illiyinizdə təltif gözləyirsiniz?

 

- Hələ ki, bir xəbər yoxdur, ancaq gözləyirəm.

 

 

- “Şöhrət” ordeniniz var.

 

- “İstiqlal” gözləyirəm. Ancaq bundan o yanası yoxdur. Səksən yaşımda verməyib, yüz yaşımda verəcəklər? Hər sənət adamı xalqın məhəbbətini qazana bilməz. Mən xalqın məhəbbətini qazanmışam. Xaricdən tez-tez zəng vururlar ki, niyə televizorda görünmürsünüz?

 

- Niyə görünmürsünüz?

 

- AzTV-də nə qədər lent yazım var. Versinlər də. Vermirlər. Bilmirəm nə məsələdi. Məni hər yerdə tanıyırlar. Gəlin bu dəqiqə çıxaq küçəyə, hamı tanıyacaq.

 

- İndi oturduğumuz əyləncə mərkəzinə gələndə girişdə adınızı dedim, tanımadılar.

 

- Təəssüf ki, cavanlar tanımır. Ümumiyyətlə, mənim haqqımda təbliğ çox zəifdir.

 

 

- Xeyli bəstələriniz də var.

 

- Bəstələrim çoxdur. “Segah ahəngi”, “Çahargah ahəngi”, “Naxçıvan təranələri”... İnternetdə də var. Girib baxa bilərsiniz.

 

- Özünüz internetə girmirsiniz?

 

- Yox, hələ istəmirəm.

 

- Niyə?

 

- Girsəm hamı biləcək ki, mənim ağrım nədir.

 

- Nədir sizin ağrınız?

 

- Ağrım odur ki, mənə imkan versinlər sənətimi inkişaf etdirim.

 

- Ancaq mətbuat yazır ki, bir neçə il əvvəl sənəti atmısınız.

 

- Xeyr, mən sənəti heç vaxt ata bilmərəm. O mənimlə qoşa gəlib, mənimlə də gedəcək. Məndən sonra qoboy çalan ikinci bir adam olmayacaq.

 

 

- Hər gün məşq edirsiniz?

 

- Əlbəttə. Bir gün qoboy çalmasam ölərəm. Çörək yeməsəm ondan yaxşıdır.

 

- Toylara yenə gedirsiniz?

 

- Yox. Toylarla aram yoxdur.

 

- Cavan vaxtı getmisiniz.

 

- Qapıma gəlib yalvarıb-yaxarırdılar, mən də gedirdim. O vaxt çətin dövr idi, məktəbdə dərs deyirdim, təkcə onunla ailə dolandırmaq olmaz.

 

- Çox pul verirdilər?

 

- Mən toy danışan adam deyildim. Beşdən-üçdən nə versələr qəbulum idi. Ancaq indikilər toya gedəndə deyirlər qiymətim filan qədərdir. Heç sənətkara da qiymət qoyarlar? Belə şeyi qəbul etmirəm. Mənə təklif etsələr deyərəm qiymətim yoxdur. Çünki mən sənətimi pula satanlardan deyiləm.

 

- Nə vaxtdan qaboy ifaçısı kimi tanınmağa başladınız?

 

- Əvvəllər Əhməd Bakıxanovun ansamblında qoşanağara çalır, eyni zamanda qoboy dərslərinə gedirdim. Kimsə ona deyər ki, Kamil qoboy da çala bilir. Əhməd müəllim bir gün məni evə çağırdı. Dedi, eşitmişəm qoboy da çalırsan. Çoxdankı arzumdur, bir nəfər olaydı bu alətdə muğam çalaydı, bilirsən qoboyda muğam neçə çıxar?! Həmin görüşdə mən “Bayatı-kürd” çaldım, onda muğam biliyim zəif idi. Gözlərimi yumub başladım çalmağa. Getdim e... uzaqlara. Bir balaca gözlərimi açanda gördüm ki, Əhməd müəllim özündə deyil. Axıra kimi çaldım, Əhməd müəllim dedi, mən istədiyimi tapmışam. Ondan sonra studiyaya getdik və Əhməd müəllimin rəhbərliyi ilə ilk lent yazısını yazdıq. Beləcə qoboy ifaçısı kimi tanınmağa başladım.

 

 

- Sizə qədər qoboyda muğam çalan yox idi?

 

- Yox-yox. Mənə qədər qoboyda ancaq klassik musiqi ifa olunurdu.

 

- Sizdən sonra da, deyirsiniz ki, olmayacaq...

 

- Olmayacaq. Heç min ildən sonra da olmayacaq.

 

- Niyə öyrətmirsiniz?

 

- Öyrətməklə deyil, Allahın vergisidir. Qoboy çalan muğam bilməlidir, alətin sirlərini aça bilməlidir.

 

- Qoboyun o biri alətlərdən nə fərqi var?

 

- Qoboy ən çətin alətdir. Piləməklə deyil, burda sirlər var.

 

- Birini deyin biz də bilək.

 

- Qoboyun müştüyünü gərək özün düzəldəsən. Mən öz müştüklərimi özüm düzəldirəm.

 

 

- Nədən düzəldirsiniz?

 

- Qarğıdan.

 

- Eşitdiyimə görə Kürdəmirdən qarğı gətirirsiniz.

 

- Elədir. Təkcə qoboy üçün yox, klarnet və başqa alətlər üçün də qarğını Gəncədən, Kürdəmirdən gətirirdilər. Qoboyun qarğısı gərək çox su dəymiş olmaya, bir az quru ola.

 

- Heç özünüz qarğı yığmısınız?

 

- Hə, çox yığmışam. Bir dəfə Kürdəmirə toya çağırdılar, getdim, dedim mənə qarğı lazımdır. Bir də gördüm bir qucaq qarğı yığıb gətiriblər. İçindən yaxşıların seçib müştük hazırladım. Müştük düzəltmək çox ağır işdir, indi də uşaqlar əzab çəkirlər, çala bilmirlər. Orkestrdə çalmağa nə var ki, mən də orkestrdə çalmışam.

 

- Sizin qoboy başqa qoboylardan nə ilə fərqlənir?

 

- Qoboyda yeni dəliklər açmışam, bəzi dəlikləri genəltmişəm, bəzilərini daraltmışam ki, muğam çala bilim.

 

- Neçə qoboyunuz var?

 

- İki. Bir də “anqliski rojok” deyilən qoboyum var, onda muğam çalmaq olmur, kamança səsi verir. Kamançada da Habil çalır.

 

 

- Bir dəfə müsahibənizdə demişdiniz ki, Fikrət Əmirov simfonik muğam yazandan sonra Niyazi də keçdi simfonik muğama. Sizin də belə qısqanclıqlarınız olub? Elə Habil Əliyevə qarşı, o da solo muğam ifa edirdi, siz də.

 

- Hə, demişəm. Sənətkarlar arasında olur belə qısqanclıqlar. Habilin çalğısı məni qoboyda çalmağa həvəsləndirib. Bəlkə də Habil Əliyevin ifasını eşitməsəydim, qoboya yaxın düşməzdim. Bir dəfə gördüm ki, Habil bir ifanı eyni mənim kimi çalır. Öz-özümə dedim, axı mən onu heç yerdə çalmamışam, Habil hardan eşidib? Sonra fikirləşdim ki, Habillə ürəyimiz birdir, ona görə yaradıcılığımız da bir-birinə oxşayıb.

 

- Sizin ifa etdiyiniz “Çahargah ahəngi” 1977-ci ildə Voyager qızıl plastinkasında kosmosa göndərilib. Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə isə bizim sayta açıqlamasında bildirmişdi ki, o plastinkada sizin yox, Bəhram Mansurovun tar ifası yer alır.

 

- Muğamatı bilməyən adam belə söz deyər. Məgər o simli alətlə nəfəsli alətin fərqini bilmir? Mənim çalğıma Niyazi, Arif Məlikov qiymət verib. Niyazi həmişə məni evinə dəvət edirdi, onun üçün qoboyda ifa edirdim.

 

- Əgər sizinlə məsləhətləşsəydilər hansı ifanızı kosmosa göndərərdiniz?

 

- Elə “Çahargah ahəngi”ni məsləhət görərdim. Bu melodiya mənim üçün çox əzizdir, o ifada elə şeylər eləmişəm ki, hər adam onu çala bilməz. Eşitdiyimə görə o ifama münsiflər iki dəfə qulaq asıblar. Özü də orda deyirlər ki, guya balabanda çalmışam, başdan-başa səhvdir. Mən qoboyda ifa eləmişəm.

 

- Fikirləşəndə ki, səsiniz kosmosda – Allahın yanındadır, nə hiss keçirirsiniz?

 

- Mən həmişə Allah adamı olmuşam. Özüm də Həccə getmişəm. Bu aləti də çalanda Allaha dua edirəm ki, şükür, mənə bu aləti, bu səsi bəxş etmisən. Sənətimdə olan çox şeyləri Allahla bağlayıram.

- Kamil müəllim, bayaq Niyazinin, Əhməd Bakıxanovun, Habil Əliyevin adını çəkdiniz. Onların heç biri artıq həyatda yoxdur. Sənət dostlarınızı tez-tez xatırlayırsınız?

 

- Niyazi bir dəfə filarmoniyanın həyətində məni görüb dedi, Cəlilov, yenə muğam çalırsan? Dedim, hə. Yenə soruşdu ki, axı sən Avropa bəstəkarlarının əsərlərini də çox gözəl çalırsan, bunu nə cür edirsən ki, o stildən bu stilə keçirsən? Dedim, maestro, “otkluçat” edirəm özümü, birdən keçirəm muğamata, birdən qayıdıram Baxın əsərinə. Bunu eşidən Niyazi müəllim mənim haqqımda orda olan yoldaşlara dedi: “Kamilin sadəliyi onun çalğılarında da öz əksini tapır. Kamil o qədər sadədir ki, özü də bilmir onda necə böyüklük var. Bəlkə, bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib.” Niyazi bu sözü hər adam haqqında deməzdi. Yadıma düşüb, birini də deyim. “Segah” muğamını təzə yazdırmışdım, radioda getmişdi. Səhəri günü Şövkət Ələkbərova ilə rastlaşdıq. Məni görən kimi ayaqlarını cütləyib dayandı, dedi, ay zalım, bu xalqa yazığın gəlmir? Duruxub qaldım, soruşdum, neyləmişəm bu xalqa? Bir az da yaxınlaşıb dedi, adə, sənin “Segahın” ciyərimi çıxardıb, o cür “Segah” olar?! O “Segah”dan sonra səhərəcən yatmamışam.

 

Bax belə maraqlı hadisələr çox olub. İndi bu xatirələr tez-tez yadıma düşür. Allah hamısına rəhmət eləsin.

 

- Kamil müəllim, ömrün bu çağında özünüzə arzunuz nədir?

 

- Nə qədər ömrüm var, Allah bu aləti mənim əlimdən almasın, ömrümün axırına kimi bu sənəti davam edim. Çünki sənətdə deyəcəyim söz çoxdur. Hələ gəlir, bulaq kimi axır.

 

- Bu yaşınıza kimi sözünüzü deməsiniz?

 

- Qoboyda sözümü hələ deməmişəm. Mən gör nə qədər mahnı çalmamışam. Məsələn. “İrəvanda xal qalmadı”nı çalmamışam. Bu sənət məndə sonsuzluq hissi yaradır. Allah mənə ömür versin, yaşayım, bir-birindən gözəl mahnılar ifa edim.

 

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017