İmam Hüseynə görə futbolu günah sayanlar

Dünən Qarabağın oyunu qurtarıb hamının hakimə söyüş söydüyü vaxt Livanelinin romanını oxuyurdum.

 

“Hüzursuzluq” adlanır roman.

 

Livanelinin qəhrəmanı Hüseyn yezidi qızı sevdiyi üçün öldürülür və dostu bu qətlin izinə düşür. Hüseynin yazar dostu həmin yezidi qızı axtarır, araşdırır. Romanı danışmayacam, təbii. Maraqlananlar oxuya bilərlər.

 

Amma məni romandakı bir fikir ildırım kimi vurdu.

 

Özü də bu fikir Qarabağın oyununa təsadüf etdi. Həmid Herisçi olsaydı, mənim bu durumuma çox sadə izah verərdi: Mistika...

 

Doğrudan qəribə oldu.

 

Kitabı təzəcə oxuyurdum ki, bu fikir gəlib qarşımda durdu. Düzü, faktın nə qədər səhih olub-olmadığını bilmirəm. Amma tüklərimi biz-biz elədi.

 

Bir yezidi qadından onların qadağalarını öyrənən romanın təhkiyəçisi deyir ki, əslində bizlər, yəni müsəlmanlar da onlardan fərqlənmirik.

 

Və bizdə yaxşı baxılmayan, batil inancları sadalayır. Bir örnək verək: yeməyi sol əllə yeməmək.

 

Bunları bilirsiniz, uzatmağa dəyməz.

 

Sadaladıqları içində bir yer məni dəhşətə gətirdi.

 

“Peyğəmbərin nəvəsi Hüseynin başını Kərbalada kəsib ayaqları ilə yuvarladıqları üçün futbol oynamaq bəzi bölgələrdə...”  - Bu cümlənin sonunda belə çıxır ki, futbol oynamaq bu bölgələrdə qadağan olunub, ya da yaxşı baxılmır. 

 

Bu yeri oxuyan kimi dostumuz Mirmehdi Ağaoğluna (öz aramızda ona Seyid deyirik) zəng edib, soruşdum. O da eşitmədiyini söylədi.

 

Kərbala faciəsi. İmam Hüseynin kəsilən başı. Və onun Yezid (bu başqa Yeziddir – A.A.) tərəfindən dığırlandırılması. Tükürpədicidir.

 

Yəqin, dindarlar bu faktı daha dəqiq bilərlər.

 

Mən sadəcə Qarabağın oyunu ilə üst-üstə düşən bu fikir qarşısında heyrətimi gizlədə bilmədim.  

 

Və mənə maraqlı gəldi, o hansı yerlərdir ki, orda top oynamaq məhz bu səbədən günaha yazılsın?! 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017