Xoşbəxt olmaq yad kişiylə yatmaqmış məgər...

Kulis.az Ramilə Qurbanlının "Cəza" tamaşası haqda yazdığı resenziyanı təqdim edir. 

 

“Axı, mən xoşbəxt olmaq istəyirdim...” Xoşbəxtmi? Xoşbəxt olmaq necə olur ki? Bir qadın necə xoşbəxt ola bilər, yaxud sualı başqa cür qoyaq – xoşbəxt olduğunu necə bilə bilər?

 

Xoşbəxtlik, yaxud bədbəxtlik nə ilə müəyyən olunur ki?  Bəlkə, sən elə xoşbəxtsən? Əvvəlcə xoşbəxtliyin necə olduğunu müəyyənləşdir, sonra... Bir qadının qibtə etdiyi həyatı yaşayan başqa bir qadın özünü bədbəxt hiss edir, yaxud, əksinə... Əslində, heç bir xoşbəxt özünün xoşbəxt olduğunu anlamır və hansısa xoşbəxtlik arxasınca qaçır, ola bilər ki, ona heç vaxt da çatmır. Ola bilsin ki, ona çoxdan çatıb, amma onun arxasınca qaçdığı xoşbəxtliyin özü olduğunu dərk etmir.

          

Bəzən qadın üçün ən böyük xoşbəxtlik kürəyinə söykənəcəyi ərinin, sağlam, gözəl övladlarının olmasıdır. Bu xoşbəxtliyə qovuşmayan qadınlar bunu yaşayan, əri, övladları, ailə hüzuru, isti yuvası olan qadınlara bəxtəvərlik oxuyur, göz yaşları ilə onların xoşbəxtliklərini müşahidə edir. Mən niyə belə xoşbəxt olmadım? – deyə Tanrıdan “hesab” sorur.

 

O qadın özü isə xoşbəxtliyinin heç fərqində də deyil, onu da nə isə sıxır, nədənsə boğulur, nə isə axtarır, yeknəsəq həyatından çıxış yolu gəzir. Ərim, övladlarım, varım-dövlətim, hər qadının arzuladığı dəbdəbəli həyatım, brend pal-paltarım, nə istəyirəmsə alıram, yeyirəm, içirəm, hətta səyahətlərə çıxıram, bəs, nədir məni belə bədbəxt edən? Axı, onu sevirdim, gözümü açıb ilk gördüyüm, sevdiyim, güvəndiyim  kişidir, niyə ondan yorulmuşam, niyə həyatımda olan hər şey, hər kəs, övladlarım belə məni bezikdirib? Qadın bu suallar içində, hər gün eynilik kəsb edən, yeknəsəq həyatından qurtulmağın yollarını axtarır, tapa bilmir. Elə bilir ki, hər gün işə gedib-gəlsə bu, onun üçün dəyişiklik olar və özünü xoşbəxt hiss edər.

 

Image result for "Cəza" tamaşası

 

İşləyən qadın hər gün səhər durmalı, həm evin işini görməli, həm uşaqları, ərini razı salmalı, həm də işdə uğurlu olmalıdır. Üstəgəl işləyən qadının baxımlı olması önəmlidir, adam içinə çıxır. Bunlar da qayğı, yenə gərginlik, yenə qaçaqaç... Nəticə isə yeknəsəq həyat, darıxmaq. Görəsən, qadını razı salan nə isə var həyatda?

 

Ona elə gəlir ki, ərinin ona göstərmədiyi diqqəti, qayğını ona göstərən bir kişi onu daha çox sevir, istədiklərinin hamısı onunla birgə qadının həyatına daxil olacaq. Olur da, qadın sevginin, nəşənin qanadlarında göylərə qalxır. Ailə, uşaq, analıq, qadınlıq məsuliyyəti tamam unudulur. Ona elə gəlir ki, həyatında çatmayan budur. Yad kişi ilə sevgi yaşayıb göylərə pərvazlanarkən axşamlar evinə, mətbəxinə, əri ilə bölüşdüyü yataq otağına qayıtmaq faciəlidir. Əvvəlcə əri ilə yataq otağını ayırır, sonra da ondan ayrılır. Xoşbəxt olmaq başqa kişi ilə yatmaqmış, məgər... Sevgilisi ona xoş sözlər deyir, gedib onunla yaşayacaq, onunla xoşbəxt olacaq, çünki onun “həyatıdır”, “ruhudur”. Bunlar hamısı isə qadının xəyalları imiş, yad kişi ona “sadəcə əylənmək istədin, əyləndik” deyir, “başqa heç nə gözləmə”.

 

Qadın bir gün itirdiklərinin fərqinə varır, övladlarını axtarır, anlayır ki, onun üçün nə əri, övladları, nə də həmin isti ocaq yoxdur daha, xoşbəxtliyin yollarında onu - xoşbəxtliyini itirib. Əslində, qadının axtardığı xoşbəxtlik kənardakı kişi ilə sevgi macərasında da deyildi, nədə idi bəs? – özü də bilmir. Qadın əsil mənada nə istədiyini heç bilmir, amma həm də bilir, sadəcə onu özünə belə açıqlamağı bacarmır, açıqlaması yoxdur çünki...

 

Övladlarının qoxusu üçün darıxır, qovrulur, əvvəlki həyatına qayıtmaq üçün yanır. Tanrı onu cəzalandırıb, bəlkə, elə həyata gəlməklə cəzalandırılmışdı... Həyat belə qurulub, bütün günahlar hər zaman qadınlardadır, cəza alan da onlardır. Əslində, bəlkə, elə tanrı qadını yaratmaqla cəzalandırıb... Bəlkə də xoşbəxt edib...

 

Image result for "Cəza" tamaşası

 

Bəlkə, xoşbəxtlik də nisbidir, həyatda hər şey kimi. Bəlkə, xoşbəxtlik elə yaşadığın hər anın özüdür...

 

Bu təbəddülatlar Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində bütün qadınların timsalında səhnədə bir qadının yaşadıqlarıdır. Məhz, yaşadıqları! Tamara Vəliyevanın pyesinə Mehriban Ələkbərzadənin quruluşunda, Kəmalə Müzəffərin ifası ilə...

 

Üç qadının yaratdığı sənət əsəri. Hər bir aktrisanın arzu etdiyi bir qadın obrazını oynamaq-yaşamaq Kəmalə Müzəffərə nəsib olub. Bundan sonra heç nə oynamasa belə, içi rahat ola bilər. Hər rejissor bu dərəcədə pyesi duyub səhnələşdirə bilməz, hər qadın yazar qadın yaşantısını, bu qədər dərinliyi, incəliyi ilə açıb göstərə bilməz. Tamaşa zalında ağlayan qadın, səhnədəkini qınayan qadın, orda özünü görən, özünü görə bilməyən, xoşbəxt qadın, bədbəxt qadın – hamısı elə Kəmalə Müzəffərin yaratdığı obrazda birləşib. Tamaşaçı da səhnədəki kimi nə istədiyini bilməyən qadındır. Adama elə gəlir ki, Tanrı qadını yaradanda nə üçün yaratdığını dəqiqləşdirməyib, yaratmaq-dünyaya gətirmək qabiliyyətini ona versə də, onu sevərək etməyib bunu. Bütün bunları aktrisa o qədər real yaşayır ki, tamaşa bitəndən sonra da obrazdan çıxa bilmir, özünü oynayırmış kimi...

 

Səhnədə çox az dekorasiya var, tabut kimi altı təkərli iri qara qutu, (oyun vaxtı bu qutu aktrisanın başına bir-neçə dəfə, bir dəfə daha bərk çırpılır, amma bu da onu obrazdan ayırıb səhnədə olduğunu “anlada” bilmir) aktrisa onun üçindən çıxıb öz həyatını nəql edir və sonra istəmədən, haray sala-sala, qurtuluş istəyərək, onu kiminsə duymasını, hiss etməsini, “Mən burdayam, İlahi” hayqıraraq elə ora da gömülür. Yuxarıdan asılmış kəndirlər bəzən onun uçmasını təmin edir, bəzən də ilgək olub boğazına keçir (hərdən lap aktrisanı boğdu təsiri bağışlayır). Günəşin rəmzi işıq, qaranlıqdan fəlakət rəmzi kimi parıldayıb sönən başqa bir işıq maraqlı tapıntılardır. Yalnız tamaşanın ümumi ahənginə hesablanmış (hesablanmamış da demək olar) nagahan dəhşətli səsin çox yuxarıdan olması tamaşaçını tamaşadan ayırır, diqqətini yayındırır. Bu xırda məqamı unudur və deyirəm...

 

Ehey... insanlar, Azərbaycanda teatr, rejissor, aktyor, pyes yoxdur deyənlər, Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Cəza” adlı çox böyük sənət nümunəsi yaranıb, yetər ki, gedib baxın. 

 

LENT

22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018