Səhnəmizə yeni Leyli gəlir

Dekabrın 6-da Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı gənc ifaçıların aşkar edilməsi və onların teatra cəlb olunmasına böyük önəm verir. Bu sırada son dövrlər keçirilən televiziya muğam müsabiqəsinin laureatları olan sənətçilər xüsusi yer tutur. Bir neçə aydır ki, muğam müsabiqəsində uğurlu çıxışları ilə fərqlənən iki gənc ifaçı teatrda gərgin məşqlər edir və yaxın zamanlarda muğamsevərlər səhnəmizin yeni Leyli və Əslisi ilə tanış olacaqlar”.

 

Mətbuat xidmətindən əlavə ediblər ki, S.Budaqova 1995-ci ildə Bakı şəhərində anadan olub. A.Zeynallı adına Musiqi Kollecini və Azərbaycan Milli Konservatoriyasını bitirib. Xalq artistləri Gülyaz Məmmədova və Mənsum İbrahimovun tələbəsi olub.

 

“Dekabrın 10-da daha bir istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova səhnəmizin yeni Leylisi kimi çıxış etməyə hazırlaşır. Rəvanə Qurbanova 1988-ci ildə Şəkidə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Azərbaycanın xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovanın tələbəsi olub. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilib”, - deyə teatrdan bildirilib.

 

Qeyd edək ki, hər iki tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017