Məni çarpayının yanına sürüdü – BİRCƏNİN ROMANI

 

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Qaynatam ölənə qədər qaynanamı, bir də baldızımı otağına buraxmadı.

 

Baldızım Bəsti vaxtıyla atasını eşitməmişdi, kişi onun təhsil almasından ötrü dəridən-qabıqdan çıxıb ətək-ətək pul tökmüşdüsə də, qız ikinci kursda institutu öz kəndlərindən olan bir lovğa oğlana görə atıb evə qayıtmışdı, oxumağı yox, ərə getməyi seçmişdi. Qaynatam əlacsız qalıb baldızımı qiyabiyə keçirmişdi, onda da qız bir ayrı bəyanat vermişdi:

 

- İlqar (ərinin adıydı) deyir akademiya oxusan da, səni işləməyə qoymayacam.

 

Bir sözlə, baldızım ömür sarayını qaynatamın göstərdiyi bünövrə üstündə tikməmişdi, həyatını ata xeyir-duası almadan qurmuşdu. Ona görə qaynatam ölənə qədər onun salamını dodaqucu aldı, canı ağzından çıxanacan tək qızını yatağına yaxın buraxmadı.

 

Baldızımın əri elə bir nadir tip idi ki, Mahmud əmi kimi sanballı kişi eləsinə salam verməyi də özünə ar bilərdi. Bu son dərəcə yekəxana, arıq, uzunboğaz adam aralıdan baxanda eşşək qanqalına oxşayırdı, çənəsinə dirənən bir cüt sarışın bakenbardı şüllüt kartofa bənzəyirdi, göy gözləri sərçə gözü kimi xırdaydı. Yeriyəndə, danışanda özünü nazlı-qəmzəli qız kimi aparırdı. Saçının kəpəyi tozanqı qar sayaq daim çiyinlərinə səpələnirdi. Evinin azuqəsi bizim evdən gedirdi, di gəl, bizə gələndə qaynanamdan başqa hamımıza nökər kimi baxırdı. Qaynanam onun üstündə elə əsirdi ki, işləməyinə də razı deyildi, hətta kürəkənə siqareti də özü alırdı. Qayınlarımın yeznəni görən gözləri yox idi, anasının ona münasibətini görəndə böyük qaynım az qalırdı havalansın:

 

- Həə, biz eşşək kimi işləyək, sən daşı yedirt o it balasına, evimizdə bin-bərəkət qalmasın.

 

Qaynanamın qızının arxasında belə durmağı mənim xoşuma gəlirdi.  Arvad evdə özünə çay süzməzdi ki, yorulmuşam, ancaq görsəydi mən bir sini şirniyyat bişirmişəm, lap gecə yarıdan keçmiş olsa belə, ondan qızının payını ayırıb aparmamış rahat yatmazdı. Onun belə canfəşanlığını görəndə qaynatam qəzəb qarışıq istehzayla deyərdi:

 

- Dovşan, bax, Qəzəralı (hirslənəndə arvadını belə adlandırardı) bayaqdan yorulmuşdu, gör indi nə çapır kəndin o başına! Səfeh itin biri bunu yesəydi bu yollarda, qulağımız dincələrdi.

 

Arvad nə ər sayardı, nə oğul, yarı canı qızındaydı, əlacı olsaydı qızını dalına şəlləyib kürəyində gəzdirərdi. Özümə söz vermişdim ki, qızım olsa, mən də onun kimi baxacam qızıma...

 

***

 

Qaynatamın xalası Suğra qarı da çox maraqlı qadınıydı, onu az danışdırdığıma görə hələ də peşmanam.

 

Mahmud əmi inqilabdan əvvəlki dövr üçün ziyalı, zadəgan sayılası bir ailədə doğulub böyümüşdü. Bolşeviklər bu nəslin mal-mülkünü talan eləyəndən sonra qaynatamın dayıları, əmiləri İrana, Türkiyəyə qaçmışdılar. Nənəm deyərdi dam yıxılsa, içində yaşayanlar küllüyündən bəllənər. Savad, ağayanalıq, müdriklik qaynatama qanla keçmişdi, evdəki qədim, bahalı əşyalar da ailə mirasının göz bəbəyi kimi qorunub-saxlanmış qalıntısıydı.

 

Üstündən neçə onilliklər keçməsinə baxmayaraq Mahmud əminin xalası da nəciblik, kübarlıq nişanələrini o yaşınacan tərgitməmişdi. Qarşısına qoyulan bir nimçə yeməyi o qədər səliqəylə, aramla yeyirdi, ona tamaşa eləməkdən doymurdum.

 

Bürüşüb yumağa dönmüş Suğra qarı danışdıqca ona heyran olurdum. Son dərəcə təmiz, saf yaddaşı vardı, hamını adıyla çağırırdı, heç kimi səhv salmırdı. Başına gələn qəza-qədəri bir tarıxçı kimi ardıcıllıqla, təmkinlə, nizamla nağıl eləyirdi.

 

Bir dəfə mən onu çimizdirəndə əlimi quruyub qaxaca dönmüş budunun üstünə apardı:

 

- Əlini bura sürt, gör nə var orda?

 

Əlimin altında yumurta boyda bərk bir fır oynayırdı. Barmaqlarımı o kirsə ehtiyatla sürtürdüm, qorxurdum qarını incidərəm:

 

- Qorxma, - dedi, - ağrımır. Bilirsən o nədi?

 

- ?..

 

- Atryad (bolşevik dəstəsini nəzərdə tuturdu) töküldü qapımıza ki, atamı aparsınlar. Mən qaçıb əmilərimə xəbər vermək istədim. Aralarından biri məni şallaqla necə vurdusa yerdə sərili qaldım. Yekəldim, ərə getdim, uşaq doğdum, kökəldim, arıqladım, di gəl, bu fır ərimədi ki ərimədi. Bunu özümlə qəbirə aparacam. O dünyada mənim əllərim olacaq, o quruluşu quran gavurların da yaxası.

 

Suğra arvad bunları danışanda mən bir zaman nənəmin də canında belə bir sağalmaz yara gəzdirdiyini xatırladım, hətta ağlıma gəldi ki, bəlkə Suğra qarını da elə nənəmi vuran o bolşevik qamçılayıb. Eynən nənəm kimi Suğra arvad da can ağrısını unutmuşdu, qəlb yarası isə hələ də qövr eləyirdi...

 

İndi biçarə qarı özündən on yaş kiçik bacısı oğlunun son günlərini-saatlarını əlacsız-əlacsız izlədikcə, dağ kimi kişinin gözgörəti əriyib-itdiyini gördükcə özünü çimdikləyirdi, dizlərinə döyürdü, tüstülənə-tüstülənə ağlayırdı:

 

- Allah gərək bunun da ölümünü mənə göstərməyəydi, gərək Mahmuddan irəli mən öləydim, mən...

 

***

 

Mahmud əminin halı pisləşdikcə yanına gəlib-gedən də çoxalırdı. Ev gündə neçə dəfə adamla dolub boşalırdı, o tünlükdə Cavidlə maraqlanmağa da macal tapmırdım. Qaynatamın otağına iki qardaşı, xalası, bir də mən girə bilərdim, qalan hər kəs kişidən ancaq çöldən-çölə xəbər tuturdu. Mahmud əminin iynə-dərmanına da, yeyib-içməyinə də mən nəzarət eləyirdim. Axır günlər onsuz da boğazından çaydan-sudan başqa heç nə keçmirdi.

 

O yaşımacan mən ölümlə əlləşən, can verən adam görmüşdüm, amma belə zülüm, belə əzab görməmişdim. Gün əyiləndə kişinin halı çöndü, bundan sonra düz on altı saat can verdi. Bu müddətdə qaynatam durmadan soyuq su içdi, buz yedi, ancaq nə yanğısı söndü, nə də içdiyi suyun bir damcısı bədənindən çıxdı. O gecə sübhə qədər iki soyuducunun qarı-buzu bizə yetmədi.

 

Səhərə yaxın kişi yaralı səslə məni çağırdı:

 

- Dovşan, nolar, apar o arvadı (xalasını deyirdi) sakit bir yerdə yatırt. Bir nəsil onun gözünün qabağında ölüb, qoy heç olmasa mənim ölümümü görməsin.

 

Mən zavallı qarını birtəhər dilə tutub, vaxtıyla məxsusi özüm üçün təmizləyib rahatladığım, yalqız qalmaq istəyəndə gecələr şam işığında kitab oxuduğum həmin o otağa apardım. Yaylı çarpayının üstündə yer saldım, arvadı bir ənvayi-müsibətlə soyundurub yorğana bükdüm, sonra yenə xəstənin yanına qayıtdım.

 

Əlləri sinəsində uzanmış Mahmud əmi həm ağrının şiddətindən yaralı aslan kimi bağırırdı, həm də susuzluqdan yanırdı. Onun necə əzabla öldüyünə tamaşa eləmək məndən ötrü dəhşətli bir əzab idi. Bir yandan da məni təəccüb bürümüşdü: zəifləyib əldən düşmüş, ürəyi üç yerdən çatlamış, gözləri quyu dibindən baxan, nəfəsi güclə gedib-gələn kişi belə gur səsi, o nəriltini, o bağırtını sısqa vücudunun harasında qoruyub saxlamışdı? O səs bu ölməkdə olan bədəndən, yaralı candan necə çıxırdı?

 

Qardaşları arabir zala keçib televizoru işə salırdılar, səsini də qaldırırdılar ki, qonşular kişinin naləsini eşitməsinlər. O gecə səhərəcən can verən qaynatam, onun iki qardaşı, bir də mən əsir-yesir olduq. Qohum-əqrəba bayırda baş-başa verib xəbər gözləyirdi.

 

Dan yeri sökülənə yaxın Mahmud əminin səsi batmağa, parıldayan gözləri öləziməyə başladı. Aram-aram nəfəs aldıqca kişinin üzünə süd kimi tər gəlirdi. Qaynatamın ortancıl qardaşı Sahib əmi bunu görcək mənə sarı dönüb dedi:

 

- Qızım, mənə bir yaylıq ver, qağamın başını çalım.

 

Mən tez Suğra nənənin yatdığı otağa qaçdım. Yadımdaydı ki, dəsmalları yuyub ütüləyib, qarı yatan çarpayının dəmir başlığına sərmişdim. Barmaqlarımın ucunda içəri girdim, işığı yandırmadım ki, arvad ayılmasın (həm də o biri otaqlardan bu otağa azca işıq düşürdü) əl havasına bir yaylıq götürüb çıxmaq istəyəndə Suğra nənə hənirtimə başını qaldırdı:

 

- Zöhrə, sənsən? Maral? Emin? Bəsti? Bircə?..

 

Hay vermədim, fikirləşdim ləngiyib buna nəsə desəm, gec olar. Sivişib sakitcə qapıya sarı yeridim, əlim dəstəyə çatanda elə bildim başım harasa ilişdi. Boynumun ardında dəstələdiyim saçım zərblə geri dartıldı, ağrıdan ayaqlarım yerə mıxlandı. Yerimdəcə donmuşdum, nə baş verdiyini anlamırdım. Boynumu azca irəli uzadıb qapının yanındakı işıq düyməsini basdım, başımı birtəhər geri çevirəndə saçlarımdan  yapışıb sallaşanın Suğra nənə olduğunu gördüm. Arvad hikkəylə gözümün içinə baxdı:

 

- Əlindəkini bəri ver görüm!

 

Mən yaylığı tez qarının üstünə atdım ki, bəlkə saçımı buraxa. Arvad pambıq çiyidinə oxşayan gözlərini bərəldib yaylığa baxdı, saçlarım əlində məni çarpayının yanına sürüdü, döşəyi qaldırıb ordan bir bağlama çıxardı, ona da diqqətlə baxandan sonra məni buraxdı:

 

- Bala, sən Allah məni bağışla! Yeznəm möhkəm içəndi, onun ucbatından olan-qalanımı özümlə gətirmişəm. İndi yuxulu-yuxulu elə bildim kimsə bunları çalıb apardı.

 

Məni gic gülmək tutdu. Buyruqdan qayıtmadığımı görən Sahib əmi başını qaynatamın otağından çıxarıb Eminə səsləndi:

 

- Gör arvadın harda qaldı, dəsmal dalınca gedib axı.

 

Emin otaqları gəzə-gəzə məni çağırırdı; səsini eşidirdim, amma gülməyimi saxlayıb cavab verə bilmirdim. Birtəhər özümü toplayıb içəridən çıxdım, dəsmal əlimdə qaynatamın otağına qaçdım, bir əlimlə burnumu sıxıb, o biri əlimlə dəsmalı Sahib əminin üstünə atıb özümü otağımıza çatdırdım, başımı yastığın altına soxub gülüşümü boğmağa  çalışdım.

 

Emin dabanqırma arxamca gəldi:

 

- O nə cür dəsmal verməyidi, sən verdin? Hamının gözü qabağında dəsmalı əmimin sifətinə çırpdın.

 

Mən gülürdüm, ona görə də başımı qaldırıb dillənə bilmirdim. Bilmirəm neçə dəqiqə keçdi, Emin yenə otağımıza qayıtdı:

 

- Əmim deyir gəlsin bir iynə vursun kişiyə.

 

Mən hələ də gülürdüm, Eminsə çiyinlərimin atılıb-düşməyindən belə zənn eləmişdi ki, ağlayıram:

 

- Qalx ayağa, uşaq deyilsən ki, hamı səni gözləyir, qalx, tez ol.

 

Qalxa bilirdim ki? Bir az dikəlirdim, qolumun altından baxıb Eminin ayaqlarını görəndə yenidən başımı yastığın altına dürtürdüm.

 

Mənim özümü bu sayaq aparmağım Emini şübhələndirdi, irəli durub yastığı əlimdən aldı, eynən Suğra nənənin bayaq elədiyi kimi saçlarımdan yapışıb üzümü özünə sarı çevirdi. Bu vaxt mən hələ də gülməkdəydim. Emin yastıq əlində bir müddət mənə mat-mat baxdı, elə bildi havalanmışam.

 

- Noldu axı, bəlkə kişinin halı sənə pis təsir elədi?

 

Mən eləcə gülə-gülə yox dedim. Onda Emin mənim gülməkdən yaşarmış gözlərimə bir də diqqətlə baxıb:

 

- Həə, anladım nəyə gülürsən, - dedi, - atam ölür deyə sevinirsən, eləmi?

 

O, belə deyəndə məni daha betər gülmək tutdu. Bu zaman evin o başında, həyətdə hay-küydən, ağlaşma səsindən ağız deyəni qulaq eşitmirdi. Günü keçmiş, əprimiş qarının cin kimi hoppanıb saçlarımdan yapışması yadıma düşdükcə gülməkdən qarnım yırtılırdı.

 

Axırda Emin dözməyib üstümə cumdu, məni şillə-yumruğun qabağına qatdı, ancaq yenə gülməyimi saxlayammadım. Handan-hana Emin məni döyməyin də faydasız olduğunu görüb otaqdan çıxdı. Deyəsən mənim halım onu bir az da qorxutmuşdu.

 

Az sonra Sahib əmi ara qapıdan acıqlı-acıqlı mənə səsləndi:

 

- Ay Bircə, ay bala, harda qaldın sən?!

 

Onun səsini eşidəndə azca özümə gəldim. Qaçaraq qaynatamın otağına başımı soxub tez də geri qayıtdım. Mahmud əminin səsi artıq batabatdaydı, hamı təlaşla ora-bura qaçırdı. Mən əti tökülmüş budlarımı çimdikləyirdim ki, bəlkə canım ağrıya, gülməyim dayana. Evdə bayaqdan hamı mənim adımı çağırırdı, iynə vurmaqdan tutmuş su gətirməyə qədər hər işə məni buyururdular.

 

Çox çətinliklə özümü toplayıb ələ aldım, başımı aşağı salıb birtəhər Mahmud əminin otağına girdim. Üç dərmanı şprisə çəkib qarışdırıb iynəylə kişinin qoluna yeritdim. Qorxumdan kimsənin üzünə baxmırdım, bilirdim ki, baxsam, məni yenə dəli gülmək tutacaq.

 

İynəni vurub iti addımlarla içəridən çıxmaq istəyirdim ki, baldızım əlində bir banka buzlu su qapının ağzında qabağımı kəsdi:

 

- Al bunu ver əmimə, atam məni görməsin.

 

Banka əlimdə qapıdan qayıtdım, sudan istəkana töküb Mahmud əmiyə verdim. Kişi heydən düşmüş əlləriylə buzlu suyu başına çəkib stəkanı mənə qaytardı, sonra qardaşlarına sarı dönüb:

 

- Məni yerə uzadın, - dedi.

 

Qardaşları kişini çarpayıdan düşürüb yerə sərilmiş döşəyin üstünə uzatdılar. Qaynatam başını hərləyib pəncərəyə baxdı:

 

- Deyəsən səhər açıldı.

 

Misir əmi kəndin mollasını axşamdan çağırdıb öz evində saxlamışdı. Ölümlə əlləşməkdən heydən düşmüş qaynatam əzrayıla təslim olduğunu bildirirmiş kimi qollarını yanına uzatdı. Sönük, batıq gözlərini taxçadakı lampaya zillədi, sonra da yavaş-yavaş kirpiklərini endirdi. Sahib əmi:

 

- Molla Şəmmədi içəri çağırın, - dedi.

 

Şeytan məni qıdıqlamaqdan yenicə əl çəkmişdi, içimdən qaynayan dəli gülüşün dalğaları təzəcə yat-yut olmuşdu. Bu dəm buxara papaqlı yumru, qırmızıyanaq bir kişi içəri girdi, gedib qaynatamın başının üstündə yerə çökdü, əlindəki dəftəri açıb dizlərinin üstünə qoydu, boğazını arıtlayıb oxumağa başladı:

 

- Bismillahir-rəhmanir-rəhim...

 

Mollanın səsini eşidən kimi Mahmud əmi gözlərini açdı, üzünə kinayəli bir təbəssüm yayıldı, əzrayıla təslim olmaqdan daşındığını demək istəyirmiş kimi bir qolunu qaldırdı. Molla qırışıb-bürüşüb bir ovuc oldu, az qaldı qaynatamın baş qoyduğu iri yastığın altına girsin. Kişi Quran oxumağını dayandırıb yumru sifətindəki yazıq, miskin ifadəylə əlacsız-əlacsız otaqdakıların üzünə baxdı. Bu vaxt Mahmud əminin gözləri yumuldu.

 

Yenə məni gic gülmək tutdu. Bilirdim ki, qaynatamın molla Şəmməddən zəhləsi gedir, onun mollalığına lağ eləyir. Deyirdilər bu molla Şəmməd cavanlığında əyri-üyrü yolları çox gedərmiş. Bir az yaşlanandan sonra dəlləklik eləyib, axırda da mollalıq öyrənib. Məclislərdə Mahmud əmi həmişə onun səhvlərini tutarmış, o da qaynatamdan çəkindiyinə görə bu kişi olan məclisdə danışmazmış, eləcə fatihəsini verib dinməzcə oturarmış.

 

Gərgin fasilədən sonra Mahmud əmi gözlərini bir də açdı, əvvəlcə sökülən dan yerinə ötəri bir nəzər saldı, sonra otaqdakıları ağır-ağır süzdü, sonra da qardaşlarının üzünə təəccüblə baxa-baxa batıq səsiylə dedi:

 

- Həə, Şəmməd, demək, mənim Quranımı oxumaq sənə qismət oldu?

 

Mollanın qırmızı yanaqları bir az da pörtdü, kişi bir az da balacalaşdı. Alnında puçurlanmış xəcalət tərini silib:

 

- Vallah mən gəlmirdim, - dedi, - məni Misir müəllim zorla gətirtdi.

 

Qaynatam gözlərini alnına doğru qaldırıb Şəmmədə bir tərs baxış atdı, sonra göz qapaqları yavaş-yavaş örtüldü...

 

 

ardı var

 

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018