Azərbaycanlıyla erməninin Tiflisdə dolma davası – Natiq Məmmədlinin hekayəsi

Kulis.az yazıçı Natiq Məmmədlinin “Dolma” hekayəsini təqdim edir.

                       

Tələm-tələsik “Suliko” restoranından çıxıb, paytaxt meriyasının arxasından üzü yuxarı Sololaki küçəsinə qalxdıq. Üçümüz də başı aşağı, sürətlə addımlayırdıq. İyun ayının nəfəsboğan bürküsündən əsər-əlamət duyulmayan Tiflisin sərin axşamında kəlmə kəsməyə xəsislik edirdik. Vadonun sadəcə söhbət xatirinə danışdığı mövzular da havaya atılan bumeranq kimi özünə qayıdırdı. Şəhərin sir-sifətindən tarix yağan evlərinin ovulub-tökülən divarlarından səs çıxardı, bizdən yox. Pərtlik pis şeydi, kimsə sənin pərt olmamağın üçün araya söz salırsa, onda lap pis. Amma mən pərt deyildim, mənim ağlımca burada rüsvay olası bir adam vardısa, o da Rubik idi. Çünki o, ağ rəngdə yalanlar uydurmağa, özü inanandan sonra isə bu yalanını mütləq həqiqət kimi dünyaya sırımağa vərdiş edib. O, istəsə yalana bürünmüş həqiqətini sübut etmək üçün hətta bəşəriyyətin müqəddəs kitablarından da sitatlar tapar və hamı da ona inanar. Çünki o buna qadirdir. Çünki o ermənidir…

 

Sanki ürəyimdən keçənləri eşidirmiş kimi, Rubik bayaqdan bəri yerə dikilmiş başını yuxarı qaldırıb yayğın nəzərləriylə bir anlıq məni süzdü. Pərtlikdən əsər-əlamət sezmədiyim bu dilxor baxışlar sanki demək istəyirdi ki: “Nə döşünə döyürsən, mənim mütləq həqiqətim yalandırsa, bacar onu təkzib elə, məni də inandır. Axı sənin babaların deyib ki, “yalan ayaq tutar, ancaq yeriməz”. Mən isə, görürsən ki, yeriyirəm, hələ yeriyəcəyəm də…”

 

– Bu da “David” otel, gəlib çatdıq, amma heç yaxşı olmadı, - Vado dilləndi, yenə də başımızı yerə dikdiyimizi görüb, – kaş bu dolma söhbəti heç olmayaydı… – dedi.

 

İndi ən gərgin dəqiqələr başlamışdı, biz sağollaşıb otelə qalxmalıydıq. Bəs birinci kim “sağ ol” desin? Mən? Heç vaxt… Baxmayaraq ki, üç gündür salamlaşırıq da, söhbətləşirik də, amma indi, faciələr, qan-qada ilə dolu tariximin bütün hikkəsi beynimə vurmuşdu, elə bil qarşımda neçə gündür mənə “can-can” deyən Rubik Smbatyan yox, Bakını qanına qəltan edən Şaumyanın nəvəsi dayanmışdı. İndi mən ona “sağ ol” deməliydim, ay sən öləsən. Amma heç Rubik də tərpənmirdi. Elə bil onun da tarixinin hikkəsi beyninə vurmuşdu, bəlkə də mənə “can-can” deməyinə peşman olmuşdu: “Axı nə “can”, bu ki türkdü, onun adı gələndə hələ də canımdan üşütmə keçir… Tanısa da, tanımasa da, mən soyqırımı qurbanıyam, indi ona “sağ ol” deməliyəm. Heç vaxt…”

 

Tərpənmədiyimizi görən Vado özü qabağa düşdü: “Belə vaxtı evdə nə edəcəyəm ki… Gedək bir kofe içək. Yəqin etiraz etməzsiniz”, – dedi. İkimiz də razılıq əlaməti olaraq başımızı tərpətdik. Belə dadsız-duzsuz şam yeməyindən sonra tək qalıb, “David” otelin divarlarına nifrət yağdırmaqdansa, kofe içmək yaxşı olardı. Həm də mən etiraz eləsəm, onsuz da Rubik razılaşacaq və beləcə, mənim gürcü həmkarımın başını öz yalanları ilə dolduracaqdı. Rubik yenə bayaqkı kimi mənə ötəri nəzər salıb, deyəsən, azacıq gülümsəyən fason oldu. Yəqin fikirləşdi ki, “xeyir ola, balam, üç gündür ancaq çay içirsən, indi kofeyə razılaşdın. Elə bilirsən imkan verərəm, Vadonu təsir altına salasan”.

 

Biz elə Tiflisdə görüşmüşdük. Avropanın hansısa donor təşkilatının Qafqazdakı münaqişələrin həllində xalq diplomatiyasının roluna həsr etdiyi konfrans bizim tanışlığımıza səbəb olmuşdu. Üç günlük tədbirin gedişində tez-tez ünsiyyətdə olurduq, eyni oteldə qalmağımız isə münasibətimizi lap dərinləşdirmişdi. Bir dəfə də olsun nə müharibədən, nə ərazi bütövlüyündən, nə də milli müqəddəratı təyinetmə prinsiplərindən danışmışdıq. Elə bil hərəmiz dünyanın bir tərəfindən gəlmişdik. Gəlmişdik ki, neçə illərdir qan çanağına dönən Qafqazla, onun bizə bir qədər ekzotik görünən adamları ilə tanış olaq, tərifli gürcü çaxırından içib xumarlanaq və yenə bu qan çanağını əzəli problemləri ilə baş-başa qoyub öz sakit evlərimizə qayıdaq. Amma konfransın sonuncu günü Vadonun bizi ürəklə dəvət etdiyi şam yeməyində bu illüziyalar puça çıxdı. Anladıq ki, hamımız qafqazlıyıq və getməyə də başqa yerimiz yoxdur.

 

 – Nə yeyək? – gürcülərin Qafqazın ən yaxşı masabəyisi olduğunu eşitmişdim, elə Vadonun da “Suliko” restoranına girər-girməz masanın baş tərəfinə keçib səmimi bir ədayla dillənməsi bunu bir daha təsdiqləyirdi. Bizdən azca aralıda isə konfransda xalq diplomatiyasının rolundan mühazirələr oxuyan Amerikadan, Fransadan, Rusiyadan gəlmiş qonaqlar əyləşmişdilər. Görünür, konfransın sonuncu günü onların da ürəyindən gürcü mətbəxindən dadmaq keçibmiş. Amma gözucu süfrələrinə baxanda nə isə qəribə şey yediklərini gördüm.

 

- Vado, onlar nə yeyirlər? – soruşdum.

 

- Deyəsən, nəsə xarici yeməkdi, ya ispan, ya da italyan. Sən də onlardan istəyirsən?

 

- Yox əşi, mən yerli bir şey sifariş edəcəyəm.

 

Qırmızı cildlənmiş menyu əsl kulinariya kitabı idi, naşı adam çətin ki orda yeməyə ağlabatan bir şey tapardı. Dünyanın hələ dadına baxmadığımız o qədər nemətinin adı yazılıb ki, seçim etmək, doğrudan da, çətin idi. Fikir verdim, Vadoyla Rubik də mənim kimi dünyanın ləziz təamları arasında itib-batmışdılar. Gözlərini menyuya elə diqqətlə zilləmişdilər ki, elə bil yemək yox, fundamental monoqrafiyadan sitat axtarırlar. Nəhayət, sonuncu səhifəyə çatdım və elə bil gözlərimə işıq gəldi: dolma. Dadı həmişə damağımda olan ən sevdiyim yeməyin adını dünyanın ləziz təamları arasında görmək nə qədər xoşdur!

 

- Dolma, – ani olaraq dilləndim.

 

- Mənə də, – Rubik de eyniylə mənim kimi sevincək menyunu örtüb masanın üstünə qoydu, elə bil çiynimizdən yük götürülmüşdü.

 

- Elə isə mən də dolma yeyim, heç vaxt bişirməsə də, anam yaman tərifləyir, – Vado dedi və ofisianta işarə eləmək istəyirdi ki, Rubik onun qolundan tutub:

 

- Sən hansı dolmadan yeyəcəksən? – soruşdu.

 

- Fərqi yoxdu, – Vado dedi.

 

- Mən erməni dolması istəyirəm, – Rubik gözləri ilə ofisiantı axtarmağa başladı.

 

- Mənə Azərbaycan dolması, – səsimdəki ötkəmliyi və narazılığı Vado dərhal başa düşdü və onu da anladı ki, çox çətin dilemma qarşısında qalıb. İndi onun seçiminin elə bizim üçün də prinsipial fərqi vardı.

 

- Dolmanın da ermənisi, azərbaycanlısı olur, ay uşaqlar? – Vado bir azdan alovlanacaq mübahisənin qığılcımlarını bekara yumşaltmaq üçün kompromisə oxşar nəsə eləməyə cəhd göstərdi. Lakin artıq gec idi…

 

- Bu nə sözdü, Vado, dolma əslində elə bizim… – Rubik bir az pauza verib, mənim üzümə baxdı. Başa düşdüm ki, indi onun erməniliyi tutub, cavabını verməsəm, Vadonu da yoluxduracaq.

 

- Nə “bizim”, sözünü axıra qədər de, – dilləndim.

 

- Bizim yeməkdi də, – o bunu düz mənim gözlərimin içinə baxaraq söylədi. Bu da bir istedaddır- özünün həqiqətini, hətta yalan olsa belə, başqasına qəbul etdirmək üçün onun gözlərinin içinə baxaraq demək istedadı. Təbiət bu bacarığı uca Qafqaz dağlarının ətəklərinə sığınan milyonlarla insanın içərisində yalnız ona vermişdi. Bəs nə edim? Gözümü açandan evimizin ən ləziz yeməyinin erməni adına çıxılmasına necə razı olum?

 

- Heç bilirsən, dolma nə deməkdir? Dolma sözü hardan gəlir?

 

- Hardan gəlir ki? – Rubik çiyinlərini çəkib mənə baxdı.

 

- Hər halda erməni dilində onun qarşılığını tapa bilməzsən. Çünki bu, Azərbaycan sözüdür, “dolmaq”, “doldurmaq” feilindəndir. Yəni içərisi doldurulan pomidor, istiot, badımcan və ikinci mənası da “dolamaq” yəni yarpağı içliyə dolamaq deməkdir. Bu hardan sizin yemək oldu? Bəlkə etiraf edəsən ki, onu bizdən götürmüsünüz?

 

- Bu söz oynatmasıdır, “dolamaq”, “doldurmaq”... Bizdə yüzdən çox dolma növü var. “Mimino” yadınızdadır, mənim adaşım Valikoya nəyin dadına baxmağı təklif edir? Hə, de də Vado, niyə susursan?

 

Vadodan səs çıxmırdı. Qaşlarını çatıb fikirləşirdi, bəlkə də bu iki tərs qafqazlının arasında manevr imkanlarını götür-qoy edirdi.

 

- Sizdə dolmanın yüzdən çox növü var? Şişirtməyə bir cansan. Əsl dolma bizdədir, yanında da sarımsaq qatığı. Bizdə dolmanı fıstıq yarpağına, əvəliyə da bükürlər…

 

- Bizdə də əncir yarpağına bükürlər, adına da muşa dolma deyirlər, bilirsən nə boyda olur, biri adamı doyuzdurur.

 

- Məgər bizim dolma adamı acdırır? – dedim, – bilirsən, Qriboyedov Azərbaycan xanlarının qonağı olanda məclisi necə təsvir edir? Yazır ki, “süfrəyə 20 cürə dolma gətirdilər…”

 

Deyəsən, ya biz bərkdən danışırdıq, ya da mübahisəmiz azca aralıda oturan xalq diplomatiyasından mühazirələr deyən əcnəbi qonaqlara maraqlı gəlmişdi. Üçü də susub, bizə qulaq kəsilmişdi. Elə bil Rubik nəsə deyirdi, amma qonşu masadan müdaxilə onun sözlərini yarımçıq qoydu.

 

- Niyə qızışmısınız? Yəni dolmadan başqa bir şey yoxdu yeməyə? – bu, Rusiyalı mühazirəçi idi. – Ortaq məxrəcə gəlin də, dolmaların yerini dəyişin, sən – əlini mənə tərəf uzatdı – erməni dolması ye, Rubik də azərbaycanlı. Bəlkə xoşunuza gələcək? Hə, necə məsləhətdir?

 

Çoxdan özüm üçün qətiləşdirdiyim bir aksiom var: məsləhət vermək dünyanın ən rahat işidir. Özünü müdrik kimi göstərən qocaların, əfəl ziyalıların, riyakar diplomatların bacardığı yeganə iş də elə məsləhət verməkdir. İndi şam yeməyini qurtarmış, gürcü çaxırının təsirindən yanaqları par-par yanan mühazirəçinin özünə ağıllı gələn təklifi də bu qənaətimin yanlış olmadığını göstərirdi.

 

- Bu, mümkün olan iş deyil, – dedim, – özümünkü ola-ola niyə erməni dolmasının dadına baxmalıyam?

 

- Heç xahiş etsəniz də, Azərbaycan dolması yemərəm, özümün mətbəximə nə gəlib? – Rubik də narazı halda dillə

 

- Yaxşı, onda ikinci təklif: kimin dolması dadlıdırsa, hər üçünüz ondan yeyin, – rus dilində bizə uyuşmayan kobud ləhcəsindən dərhal başa düşmək olardı ki, bu, amerikalı məruzəçidir. – Qoy sizin dolmaların dadını biz müəyyənləşdirək, necə məsləhətdir?

 

- Axı siz şam eləmisiniz? – Vado bizi qabaqladı.

 

- Hə, elədi, amma mən dolmanın dadını bilirəm axı… – Rusiyalı məruzəçi göz vurdu. Onun bununla nə demək istədiyini, kimə işarə elədiyini isə aydınlaşdırmaq çətin olmadı.

 

– Mən bir dəfə Cermuxda dincələndə turşuya qoyulmuş kələm dolması yemişəm. Bəh-bəh, dadı indi də damağımdadır, – dedi.

 

Özümü güclə ələ alırdım, konfransda xalq diplomatiyasından ağızdolusu danışan Rusiyalı məruzəçinin necə lazımdı cavabını verməyə hazırlaşırdım. Amma bir tərəfdən də təklənməyim mənə yaman yer eləmişdi. Bakıdan aralıda, özü də Vadonun şəhərində təklənməyimi heç özümə sığışdıra bilmirdim. Amma birdən:

 

- Mənsə elə təsəvvür edirəm ki, Azərbaycan dolması dadlıdır, – əməlli-başlı çaşmışdım, amerikalı məruzəçi gözləmədiyim halda mənə qahmar çıxırdı.

 

- Təsəvvür nədir? Mən deyirəm ki, dolmanı yemişəm, siz təsəvvürdən danışırsınız? – Rusiyalı məruzəçi pörtmüş halda dilləndi.

 

- Hər şeyin dadına yeməklə baxmaq olmaz… Bir də ki, mən təsəvvürlərimə görə sizə hesabat verəsi deyiləm ki…

 

Sağ ol, amerikalı, mən elə bilirdim ki, o, liberal, heç nəyə fikir verməyən kosmopolit adamdır. Əvvəlcə mənə elə gəldi ki, onun da mənim kimi haqsızlığa dözümü yoxdur, lakin məruzəçilər bizi yaddan çıxarıb mübahisəni uzatdıqca başa düşdüm ki, Rusiyalı nə deyir-desin, amerikalı onsuz da onunla razılaşmayacaq və ya əksinə… Artıq bütün restoran bizə qulaq kəsilmişdi, hamı bu eksklüziv söz güləşdirməsinin nəylə qurtaracağını maraqla gözləyirdi. Birdən Vado dilləndi:

 

- Üçüncü təklif də var! Qoy dolmanın dadını fransalı məruzəçi müəyyənləşdirsin.

 

- Təəssüf, mən vegetarianam, – fransalı məruzəçinin qısa və konkret cavabı biçarə Vadonu lap dilxor elədi… Artıq bir yolumuz qalırdı, – durub getmək.

 

***

 

“David” otelin ala-qaranlıq balaca kafesində bizdən savayı kimsə yox idi. Hər dəfə səhər yeməyində “Borjomi”, bir də ki, gürcü pomidorlarını tərifləyən ofisiant kişi dinməz-söyləməz masaya iki fincan kofe, bir stəkan da çay gətirdi.

 

- Bir şey yeyəcəksiniz? – dedi. Tərəddüd eləsək də, artıq utanmağın yeri deyildi, ağır keçən günün yorğunluğuna qarışmış aclıq öz işini görmüşdü. Etinasız halda başımızı tərpətdik.

 

– Hə, onda baxım görüm, bu vaxta nəyimiz qalıb… – deyə ofisiant cibindən balaca bir kağız parçası çıxardı:

 

- Pah, gəlin sizə dadlı bir yemək verim – dolma.

 

Bayaqdan bizi yorub əldən salan beş hərflik sözü yenidən eşitməyimiz ac mədəmizlə yanaşı, yorğun beynimizdə də ildırım kimi çaxdı, elə hazırlaşırdıq deyək: “Hansından?”, ofisiant bizi qabaqladı:

 

- Əsl gürcü dolması, – dedi, – Bu da sizin bəxtinizdəndi, “Suliko” restoranından gətirmişik. Axı bizim aşpaz həm də “Suliko”da işləyir. Hə, yeyəcəksiniz?…

 

2007

 

Image result for natiq məmmədli

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017