Röyanı Türkiyədə gözləyən məğlubiyyət

 

Günel Natiq

 

 

O gün müğənni İradə İbrahimovanın müsahibəsindəki sözlər diqqətimi çəkdi. Röyaya ünvanlanmışdı:

 

“Onsuz da sən Türkiyənin ulduzu ola bilməyəcəksən. Bütün xərclər, cəhdlər boşunadır. Heç orda: “Sizdə Röya var, filan mahnısını eşitdik”, - deyən görmədim”.

 

Allahdan gizlin deyil, sizdən nə gizlin, Türkiyə şou-biznesi müğənnilərimizin yaralı yeridir. Sarı simə toxunmaq üçün müğənnilərimizdən hər hansı birinə bircə sual vermək kifayətdir:

 

“Nə əcəb Türkiyənin şou – biznesinə qatılmırsınız?”

 

O dəqiqə müğənnimizin 200 minlik avtomobili, 500 minlik mənzili, bahalı toyları, dəbdəbəli libasları, bir sözlə, fəxr etdiyi nə varsa yadından çıxır. Köklənir Türkiyədən gələn qərib havaya. Və başlayır sadalamağa. Məlum olur ki...

 

Məlum olur ki, heç müğənnimizin özü də Türkiyə şou-biznesinə qatılmağa o qədər meyl eləmir, yəni meyl eləməyinə eləyir, sadəcə cəhd eləmir, cəhd də belədir ki, bu işlər elə-belə xırda-para cəhdləri sevmir, gərək böyük miqyaslı layihələr, sıçrayışlar edəsən və s.

 

Əlqərəz, söhbət dolaşığa düşür, müğənnimizin kefi pozulur, aparıcı isə sarı simə toxunduğunu hiss edib özlüyündə sevinir.

 

Öz aramızda qalsın, doğrudan Türkiyə şou-biznesi niyə bu qədər mühafizəkardır? Müğənnilərimizin cəhdlərini, çabalarını gözləri görmür bəyəm? Bu son 20 il ərzində ulduzlarımız bu işə nə qədər sərmayə yatırıblar, mədəni mübadilələr ediblər, ən bahalı sənətçiləri gətirdiblər, hörmət-izzətlə müsafir ediblər, məşhur müğənnilərin dəstəyilə Türkiyədəki şou-proqramlarda çıxışlar ediblər. Tək istəkləri də bu olub ki, şorbada bunların da duzu olsun. Yəni Türkiyədə bilsinlər ki, bu adda müğənnilər də var.

 

Amma yox ki, yox. Bilmirlər ki, bilmirlər! Elə bil müğənnilərimizə cadu eləyib yollarını bağlayıblar. Bir güclü duaya ehtiyac var ki, bu işi birdəfəlik çözsün. Belə baxanda heç kimdən geri qalan deyilik. Nə çox Sibel Can üzlü pərilərimiz! Səs də ki, Allah verəndən az-çox varımızdır. Çox şükür, modern studiyalar səsi istənilən dərəcəyə qədər yüksəldir. Belə baxanda heç bir problemimiz yoxdur. Amma yolumuz elə bil Qaf dağına dirənib.

 

Yadınıza gələr, Türkiyənin dünya şöhrətli məşhur modaçılarından biri illər öncə Bakıya gəlmişdi. Necə oldusa, kişinin ayağı burxuldu, yerə yıxıldı. Modaçını Bakıya gətirdən müğənnimiz qonaq kompleks keçirməsin deyə tez özünü atdı yerə.

 

Çox maraqlı mənzərə idi. Modaçı qonaq və müğənnimiz yerdə uzanıb gülümsəyirdilər, guya ki,  performans sərgiləyirlər. Yəni deməyim odur ki, ən kritik situasiyalar üçün nəzərdə tutulmuş performanslar da bizdə! Amma axırı nə oldu?

 

O oldu ki, məşhur modaçı İstanbula çatar-çatmaz təmtəraqlı layihəni də, fədakar müğənnimizi də, onun təkrarsız performansını da unutdu. O biri il üçün isə layihəni başqa bir müğənni ilə bərabər hazırladı. Burda deyiblər, əlimizin duzu yoxdur!

 

Elə götürək Röyamızı. Vallah bu qızı çox sevirəm. Üslubu, ifaçılığı üst səviyyədədir. Di gəl ki, Türkiyə şou-biznesinə o da qatıla bilmir.

 

Bildiyim qədər Röya Türkiyədə əvvəl öz mahnılarımızla çıxış elədi. İfa da, performans da bəyənildi. Yadıma gəlir, türkiyəli aparıcı müğənnimizə: “Vallah, elə özün də röya kimisən!”, -  demişdi.  Amma bütün cəhdlərin müqabilində geniş kütləyə çıxa bilmədik.

 

Növbəti dəfə Röya Türkiyədə bir-birindən gözəl mahnılar yazdırdı, ifa etdi. Yeni performans sərgiləyib şərqinin görüntüsünü yaratdı, klip çəkdirdi. Adamın Allahı var, klip Avropa standartlarına tam uyğun idi. Yəni bu klipin böyük miqyaslı tanıtım üçün hər cür imkanları vardı.

 

Klip Türkiyə televiziyalarında bir neçə dəfə yayımlandı və... yaddan çıxdı. Amma bu yeganə klip olmadı. Ruhdan düşməyən müğənni daha bir neçə iri miqyaslı layihə hazırladı, kliplər çəkdirdi. Amma gözlənilən sıçrayış əldə olunmadı.

 

Təsəvvür edirsiniz, bütün bu cəhdlərdən sonra bir nəfər sənin qarşına keçir və deyir ki, heç əziyyət çəkmə, onsuz da tanına bilməyəcəksən, orda heç bilən yoxdur, belə bir müğənni var, ya yox.

 

Önəmli məsələlərdən biri budur; müğənnilərimizi həqiqətən tanımırlar, ya sadəcə tanımaq istəmirlər?

 

Türkiyəli müğənnilərlə illərdən bəri müxbirlərimin apardığı “eksperimentlər” hələ bir nəticə verməyib.

 

Eksperiment bundan ibarətdir ki, Bakıya konsert verməyə gələn müğənnini aeroportdaca yaxalayıb sual verirlər ki, bizim müğənnilərdən kimi tanıyırsınız? O da ha fikirləşir, yadına heç kim düşmür. Deyir, vallah heç kimi tanımıram.

 

Bu cavabla da yaralı yerimizin ən şiddətli nöqtəsinə toxunur. Hərə öz tribunasından sənətçiyə hədələr yağdırır. Biri deyir, nankordur, biri deyir, lovğadır, biri deyir, kütbeyindir, biri deyir, özünü göstərir, biri deyir...  Əlqərəz, bu sənətçi də gözümüzün düşməninə çevrilir.

 

Növbəti qonaq sənətçi işini ehtiyatlı tutmağa çalışır, təyyarədə bir neçə müğənnimizin adını öyrənir, elə məşhur sualın cavabını vermək istəyəndə, dili dolaşır, əzbərlədikləri də yaddan çıxır. Nə işdisə, heç bəxtimiz gətirmir də!

 

O gün televiziya verilişlərinin birində bir türkiyəli müğənniyə əlacsızlıqdan müğənnilərimizin şəkillərini göstərib şagird kimi dərs keçirdilər: Bax bu Elarizdi, bu Aygündü, bu Şəbnəmdi və s. Müğənnilərimizin tez-tez əməliyyat etdirib dəyişdiyini nəzərə alsaq, deyəsən bu vasitə də işə yaramayacaq.

 

Hərdən öz-özümə deyirəm, axı bu türkiyəli qardaşlar özləri 80 milyondur, onun da yəqin 1-2 milyonu müğənni olar. Öz oxuyanlarının adını güclə yadda saxlayırlar, o ki qaldı bizimkilər ola.

 

İndi gəl cəhd elə, görüm necə eləyirsən...

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018