“Söz havası” – Azər Abdullanın Mehdi Bəyazidə həsr etdiyi hekayə

Kulis.az yazıçı Azər Abdullanın “Söz havası” hekayəsini təqdim edir. 

 

Mehdi Bəyazid üçün

      

Bir həftəydi redaksiya işçiləri nəşriyyatın bufetində çay içəndə, nahar edəndə hər gün xalq şairi, millət vəkili Madər Malikin yubleyində rəsmi hissədən sonra “Abşeron” mehmanxanasının ikinci qatındakı “Güzgülü salon”da veriləcək banketdə masanın üstünə yüksək zövqlə düzüləcək sadalamaqla qurtarmayan ləvinbələvin ləziz yeməklərdən, yerli və subtropik ölkələrdən gətirilmiş meyvələrdən, növbənöv yüksək keyfiyyətli şərablardan, içkilərdən, xüsusi sifarişlə Tərtərdən gətirilib, metal etiketləriylə diqqəti cəlb edən gözəl formalı, billura bənzər şüşələrə doldurulmuş tut arağından, Gədəbəydən gətiriləcək şan baldan ağızları sulana-sulana danışanda söhbətin əvvəlində də, ortasında da, sonunda da Tokayın üstünə qayıdırdılar. Tokay məsələsi on gün idi başlamışdı. Qabaqca respublikanın ən nüfuzlu, rəsmi qəzetinin ədəbiyyat bölməsinin əməkdaşları Tokayın sorağına düşdü, yubiley günü yaxınlaşdıqca başqa şöbələr, dünəndən bəri isə redaksiyanın bütün işçiləri onu əlimyandıda axtarmağa başladı. Üç gün qabaq baş redaktor təşkilat məsələləri üzrə müavinini çağırıb salamsız-kəlamsız  “Sən necə təşkilatçısan ki, on gün ərzində o avaranı tapammırsan, bu səriştəynən hələ bir redaktorluq da keçir könlündən!? Tokay iynədimi tapılmasın!?” deyəndə müavin baş redaktorun sözünü kəsib “Maarif müəllim, getdiyi, əlaqə saxladığı bütün redaksiyalara tapşırmışam, görsələr bizə desinlər, polisdən də xahiş eləmişəm...” Bu dəfə də baş redaktor öz müavininin sözünü əsəbi-əsəbi kəsib daha ucadan “Ona görə yarıtmazsınız da deyirəm! Ə, çox da ki, bir dəfə redaksiyalara xəbər eləmisən. Axı onlar bilmir ki, Tokay bizə hava, su kimi lazımdı! İndinin adamlarınnan xəbərin yox bəyəm, üzünü o yana çevircək, biryolluq yaddan çıxırsan. Bəlkə tapşırdığın adamlar o köpəyoğluyla heç rastlaşmayacaq. Bəlkə dediyin o adamlar öz işlərinin dalısıyca çıxıb gediblər. Polislər gündə dəyişilir. Onların hamısı bəyəm Tokayı tanıyır? Bir qısadon qız keçəndə polisin ağzı əyilir, söhbətə qızışır, bir qoşun adam gəlib yannarından keçir, xəbərləri olmur...” demişdi. Müavin ağzını açmaq istəyəndə redaktor onun danışmasına imkan verməyib “get işçilərdən birini göndər bütün günü yeməkxanada oturub gözləsin, biri də polisin yanında dayansın“ deyəndə baş redaktorun ağlına gəlməyən fikri “Bir nəfər də arxa giriş qapısına göndərmək olar, hərdən ordan da gəlir” deyə bildiyinə görə müavinin içindəki ağırlıq nisbətən yüngülləşdi.

  

Xeyli düşünəndən sonra dünən müavin baş redaktorun yanına girmiş, ondan minik maşını alıb Tokayın yaşadığı yerlərə - Şorabat, Nasosnu və “Ceyranbatan” gölü ətrafında meşənin qırağında məskunlaşmış “ qaçqın evləri”nə baş çəkib Tokayı soraqlamış, bir nəfər diribaş əməkdaşlarınsa şəhərin girişindəki dayanacağda gözləyib Sumqayıt tərəfdən gələn avtobuslara nəzarət etməsini tapşırmışdı. “Ceyranbatan” qaçqınlarından onu tanıyanlar olmuş, bir-iki ay qabaq Tokayı gördüklərini söyləmişdilər. Bu gün isə müavin yenə də redaktordan maşını alıb gümanı gəldiyi futbol meydançalarına baş çəkmişdi, ancaq futbol oynayanların heç biri Tokayı tanımamışdı. Baş redaktorun müavini günortadan sonra sonuncu dəfə doqquzdan başlayıb mərtəbələri enə-enə bütün redaksiyaların otaqlarına baxa-baxa birinci mərtəbəyə, polisin yanına düşmüş, oradansa yolunu yeməkxanaya salmış, masanın ətrafında oturub çay içən əməkdaşların yenə də Tokayla bağlı elədikləri söhbətin üstünə çıxmışdı.

 

Kimisi Tokayın baş redaktorun özünə lazım olduğunu, kimisi yubilyarın, prezident aparatında məsul bir işçinin, kimisi də lap ölkə prezidentinin özünün tapşırığıyla axtarıldığını deyirdi. Daha dəqiq məlumatı eşitmək marağıyla hamı gözünü redaktor müavininin ağzına dikmişdi. “Vallah kimin axtardığını deyə bilmərəm, ancaq Tokayın yubileydə olması gör nə qədər lazımdı ki, redaktor ona kostyum, köynək, qalstuk, bir cüt də ayaqqabı alıb” – redaktor müavini bunları deyib, adamların bəzilərinin təəccübləndiyini, bəzilərinin inanmadığını görəndə əlini üzünə vurub “bu ölsün” – dedi. “Görün Tokay nə dəyərli adammış, bilməmişik! Bu dəqiqə redaktor əmr verib işə də götürər...”

 

Yeməkxananın qapısı açıldı, tezdənnən polisin yanında gözləyən redaksiya əməkdaşı, onun arxasınca cansız-cələfsiz, çallaşmış saçlarının bozluğu üzünə hopmuş, qaməti azca əyilsə də qıvraq yerişli, qan çəkmiş gözləri qurd gözləritəkin çevik Tokay içəri girəndə onu səbrsizliklə gözləyənlərin hərəsi bir cür səs çıxararaq sevinc, heyrət, həyəcanlarını bildirdi. Dərhal stəkan gəldi, çay süzüldü, on gün axtarışda olduğunu, yolunu səbrsizliklə gözlədiklərini, bugünkü yubileyə onun da dəvət olunduğunu, süfrədə olacaq fransız konyakından tutmuş Tərtərdən gətirilmiş tut arağınacan (bilə-bilə yeməkləri yox, birinci içkilərdən söz saldılar), baş redaktorun onun üçün aldığı pal-paltardan yarızarafat, yarıciddi hamısını danışdılar. Bu deyilənləri elə bil Tokay eşitmədi, baş redaktor müavini ayağa qalxdı “ Dur ayağa, redaktor bizi gözləyir. Bu gündən bizim işçimizsən, bəlkə də artıq əmrini verib...” dedi. Tokay əvvəlki təmkinini pozmadan “Söhbətimizin baş tutmasını istəyirsizsə”  deyib baş barmağıyla şəhadət barmağı arasında balaca məsafə saxlayaraq, ancaq həmişəki kimi günahkarcasına yüz qram araq gəlməsinə eyham elədi. Baş redaktor müavini ədəbi işçiyə “De mənim hesabıma yüz qram gətirsin”  söylədi. Tokaya üzünü tutub – Hardaydın, neçə vaxtdı görünmürdün? – soruşdu. Cavab gözləmədən – Uşaqların hərəsi bir versiya söyləyir. Bəs sən nə deyə bilərsən? Sən bilən, səni yubileyə çağıran kimdi? – soruşdu. Tokay gözlərini yumub təmkinlə başını tərpətdi, ancaq onun nə demək istədiyini heç kim başa düşmədi. Hamının diqqətlə ona baxdığını görəndə yenə gözlərini yumub başını tərpədə-tərpədə “bilirəm” dedi. “Adını deyə bilmərəm, ancaq onu bilirəm ki, hər kimdisə söz adamıdı. İnciməyin, qəzet işçisi olmaq, hələ söz adamı demək deyil, sizinki informasiyadı, haylı-küylü, sensasiyalı xəbərlərdi, qeybətdi, tərifdi, yarınmaqdı, nə bilim, böhtançılıqdı, şərdi, şantajdı. Sizlər diri, canlı sözləri ölü sözlərdən seçə bilmirsiniz. Sözün nəfəs aldığını duymursunuz, dadını, rəngini hiss etmirsiniz. Bir qədim, bir ölü sözü hansı sözün yanına qoyub yenidən ona can verib diriltməyi ağlınıza gətimirsiniz... Sözlər daşdan qığılcımlar-çınqılar qopan kimi, sözlər göydə şimşək, ildırım çaxan təkin, sözlər yazda bir-iki gecənin içində boz, qara, kələ-kötür budaqlarda fəvvarələrtək fışqırıb çölə tökülən bəmbəyaz badam çiçəkləritək görünməlidi...”

 

Tokyanın axtarıldığını bufetçi də bilirdi. Son vaxtlar dönə-dönə nisyə-borc, yüz-yüz araq aldığından, borcları gec qaytardığından, yaxud aralarındakı haqq-hesabın dolaşığa düşüb qalmaqla çevrildiyindən bufetçiylə Tokayın arasında bir soyuqluq yaranmasına, günün bu çağı – fasilə vaxtı şıdırğı alver getməsinə baxmayaraq, bufetçi sininin ortasına qoyduğu uzunboğaz billur qədəhdəki siləbəsilə arağı və onun yanındakı şokoladı restoranlarda xüsusi təlim görmüş ofisiantlar kimi gözə çarpan bir nəzakət və ehtiramla Tokayın qarşısında dayanında hamı güldü. Bu zarafatı dərhal anlayan Tokay da kübarlar sayağı güclə seziləcək tərzdə başını azca tərpətməklə ehtiramını bildirib təmkinlə arağı götürüb çox səliqəylə içib bokalı yenidən sininin üstünə qoydu, şokolad konfeti götürəndə təşəkkürünü bildirmək niyyətilə bu dəfə “blatnoylar” kimi barmağını bufetçinin əlinə toxundurub konfetin kağızını açdı, şokoladdan bir dişləm alıb yedi. Üzünü baş redaktor köməkçisinə çevirib iki barmağıyla öz boğazından tutub yalvarış tonuyla  “Mən ölüm, biri də gəlsin, dilim açılır, yoxsa danışa bilmirəm. Hər şeyi deyəcəm” söylədi. Baş redaktor müavini başını bulayıb “Ay balam, iştahını niyə korlayırsan? Bilirsən orda nə aləm olacaq! Uşaqların çoxu tezdən də, günorta da nahar eləməyib, sənnən nə gizlədim, mənim özüm də günortanı yemədim, iştahımızı ora saxlamışıq. Bufetçi qardaşımız inciməsin, ordakılar tamam başqa şeylərdi, bildirçin çığırtmasınnan ceyran südünəcən... Yaxşı, birini də gətir, onsuz da Tokay əl çəkən deyil. Ancaq vaxta az qalıb. Redaktorumuz səni yolüstü bəlkə dəlləyə apardı. Ancaq qalustukun göz qamaşdırır. Redaktorumuzun dediyinə görə İtaliyadan gətirib. 

 

- Bəy, sən bilirsən ki, mən qalustuk taxan deyiləm, onu sənə

bağışlıyıram. Boynuma uyğun köynək heç vaxt tapa bilmirəm. Eybimi örtən vodolazkadı. Boynum, bədənim arıqladıqca vodalazka da sevən aşiqlər kimi mənə sarmaşır, sıxdıqca sıxır...

 

İkinci qədəhi başına çəkib bayaqkı şokaladın yarısını götürüb yedi.

 

– Ceyranbatanda qaçqın dostum var, dünən ordaydım, dedi, redaksiyadan gəlmişdilər, səni axtarırdılar. Ha fikirləşdim, hansı redaksiyadan olar, ağlıma siz gəlmədiz...

 

– On gündü adam qalmayıb səni soruşmayaq.- Baş redaktor müavini dedi və Tokayın tapılmasında özünün rolunun olmasını baş redaktora bildirəcəyini düşünərək sevindi.

 

– Bəy, orada yeyib içəcəklərinizi sizə halal edirəm. Səhəri, günortanı yeməmisiniz, deməli, iştahınız tük aparır, mənim payımı da yeyə bilərsiniz. Qaldı ki məni dəvət edənə... Bilirəm kimdi...

 

Baş redakor müavini səbirsizliklə “ De, biz də bilək də, sirdi bəyəm? ” söylədi. Tokay adəti üzrə əliylə saçının arxa tərəfini tumarlaya- tumarlaya “Mən ora getməyəcəm“ deyəndə baş redaktor yerindən qalxıb ucadan:

 

– Bu nə deyir ə? Redaktorumuzun bağrını çatdatmaq istəyirsən?

 

– Yox, bəy... Mən təfərrüatıyla deyəcəm. Ona görə getmirəm ki, sizin hamınızdan inciyəm. Lap çox da redaktorunuzdan incidiyimə görə də deyil. Birinci və bəlkə də sonuncu dəfədi redakorun mənə işi düşüb. Qisas almaq üçün yeganə bu şansımı əldən verməmək üçün də deyil... Bir vaxt sizə danışmışam, kefim kök olan vaxtlar dönə-dönə demişəm. Mən Qara Qarayevlə, mayestro Niyaziylə və nəhayət, Böyük bəy Əbülfəz Elçibəylə qabaq-qabağa oturub içmişəm, onlardan yaşca balaca olsam da, yannarında ərköyünlük də eləmişəm. Onlardan sonra Şöhrət ordeni almış bir xalq şairinin yubileyinə getməməyim yekəxanalıq da deyil... Qadan alım, bəy, yaxşılığını yarımçıq eləmə. İki dənə kartof peroşkisi gətirsəydin, sənin bu qonaqlığın lap urvatlı olardı, ömrüm boyu yadımnan çxarmaram... Onnan-bunnan yüz-yüz araq dilənən adamın o cür ziyafətdən imtina eləməsini də orijinallıq eləmək istəyim kimi başa düşməyin... Axı, mən professor dədəmin, kafedra müdiri, həmişə rektor olmaq iddialı və bəlkə rektor olmağa hamıdan çox laiq dədəmin...

 

Həmişə olduğu kimi Tokay yenə də burda susdu, başını yuxarı qaldırıb gözlərini tavana dikdi, bir an sonra baş redaktor müavininin gözlərinə baxaraq:

 

– Axı, mən sizə demişəm, dədəm gələcəkdə öz mexmat kafedrasını mənə vermək ümidindəydi. Mən də onun acığına mexmatın birinci kursunu bitirib atdım. Onun xəbəri olmadan növbəti il hüquq fakültəsinə girdim, bir il oxuyub oranı da atdım. Sonra tarixə girib bir il də orada oxuyub oranı da atdım. İyirmi bir yaşımda professor, kafedra müdiri olan dədəmin parketli, büllur, çil-çiraqlı, mebelli, nə bilim nə zir-zibilli... dəniz qırağında dörd otaqlı topdağıtmaz evindən,  qarajında yağın içində QAZ-24-ündən iyirmi iki il bundan qabaq imtina edib çıxmış adamam. Son vaxtlar redaksiyalarda quruca stolun, parketin üsdündə yatıb gecələməyi də dostlar mənə çox görür. Çox vaxt dünən sənin getdiyin qaçqınların  sığındığı komaların birinə pənah aparıram. Axı, bunları mən boşboğaz dönə-dönə sizə demişəm. Bu əhvalatdan sonra möhtəşəm saydığınız o ziyafətə getməməyimə sizin təəccüblənməyiniz mənə qəribə gəlir...

 

Baş redaktor müavini onun sözünü kəsib “Ancaq bunları dədənin acığına nə üçün elədiyini deməmisən...”

 

– Bəy, elə bilirsən ötən illər məni sındırıb!? Bir dəri, bir sümük qaldığımı görüb, əynimdəki nimdaş paltara baxıb içimin, iradəmin ruhumun da sozaldığın da güman eləyirsən?.. Unutma ki, bizim soyumuz Uzun Həsəngilin  bir budağından qopub gəlir. Mən dədəmin fəxr elədiyi nəslin sonuncu kişisiyəm. Dədəmin gözləri baxa-baxa nəsil-soy məndə qutaracaq, məndə bitəcək. Mən dədəmdən qisasımı beləcə, bu formada almaqdayam. Budu böyük ədəbiyyat! Bir qüdrətli qələm tapılacaqmı bunu yazmağa... İyirmi iki il bundan qabaq gözümə daman qanı nə dünya təbabəti, nə də zaman silib təmizləyə bilir.

 

Düz iyirmi iki il qabaq mühazirə vaxtı birdən ayağa qalxıb müəllimdən icazə almadan auditoriyadan çıxıb taksiyə minərək küləkli, qarlı havada “Semaşko” xəstəxanasına gəlib korpusların birinin üçüncü qatına qalxaraq palatların birinin qapısını açıb içəri girəndə sınmış pəncərə şüşəsinin yerinə asılmış ağ mələfənin qalxıb yelkən kimi yelləndiyini və çarpayısında tək tənha oturub öskürək içində boğula-boğula açılmış qapının səsinə çevrilərək, əliylə ağzını bərk-bərk örtməyə çalışsa da barmaqlarının arasından pırtlayıb çıxan qanı unudaraq döşəmədə ayaqlarının arasındakı qanlı ləyəni qəzet parçasıyla örtüb gizlətməyə çalışan, qəzet parçası ləyənin dibindən balaca olduğundan bunu bacarmayan və ona sarı yeyin və təlaş içində gələn oğlunun həyəcan və qorxudan gözlərinin bərəldiyini görən ana özünü unudaraq oğluna toxtaqlıq vermək amacıyla “Qorxma, qorxma bala, dünən yediyim pamidorlardı, qaytarmışam” deyib oğlunu yanından uzaqlaşdırmaq məqsədiylə “Sestranı tez çağır bura” demiş, oğlu bayıra çıxacaq bütün gücünü toplayıb, ləyəni götürərək vanna otağına aparmış, orada tələm-tələsik əlini, ağzını soyuq su ilə yuyub palata qayıtmışdı. Anası, atasının qarasınca gileylənib “Canı sağ olmuş, iki gündü ismarış eləmişəm, elektirik sobasını gətirib çıxarmır, soyuqdan tir-tir əsirəm” deyən anasına heç bir şeylə kömək edə bilməyəcəyini görən Tokay hövlank geri dönərək “Yarım saata gətirəcəm” deyib qapıdan çıxdı. Günün bu vaxtları atasının üniversitetdə olduğunu güman etdiyindən taksini birbaşa oraya sürdürmüş, atasının işdən çıxıb getdiyini öyrənəndə yubanmadan evlərinə gəldi. Tərs kimi qapının zəngini basmadan əlini dəstəyə atacaq qapı açılmış, ayaqqabısını çıxartmadan dəhliz boyu yumşaq xalçanın üstüylə tələsik addımlayaraq atasının kabinetinin qapısını əsəbi açaraq şəstlə içəri girdi. Yerişiylə, həzin səsiylə, çiyinlərindən aşağı tökülmüş gur, dalğalı, zərif, sarışın, saçlarıyla, uzun, düz, dolu ayaqları, sığallı baldırlarıyla, daha çox ürəkləri titrədən dimdik, dolu döşləriylə, odlu baxışlarıyla dizləri əsdirən, qarşılaşarkən tələbəli, müəllimli özlərini saxlaya bilmədiklərindən çevrilərək onun arxasınca baxanda ağızlarının suyu axan “Kibernetik” kafedrasında işləyən lobarant qızın otağın ortasında lümlüt dayandığını, bədənindən burum-burum, zərif, bəmbəyaz buğun qalxdığını... əynində təkcə ağappaq trusik olan atasınınsa dizüstü çökərək üzünü onun mərmər kimi ağappaq, tarım çəkilmiş bərk qarnına söykəyib incə belini qucaqladığını görəndə Tokayın qəlbində kin-küdrət, nifrətlə yanaşı bir qısqanclıq, hamıya əlçatmaz görünən bu gözəli atası ram etdiyinə görə həm də bir qürur hissi doğdu. Özünü bir anlıq nağıl dünyasında sansa da həyəcan və utandığından baxışlarını qaçırıb yerə dikdi. Atasının dizlərinin, lobarant qızınsa ayaqlarının, ayaq barmaqlarının otağın döşəməsi boyda yerə sərilmiş  “Gəncə”  xalısının ortasında qıpqırmızı qan rəngində gölün qalın xovuna batdığını görəndə, anasının ləyənə qusduğu laxta-laxta qanın üstünü balaca qəzet parçasıyla örtüb ondan gizlətməyə çalışsa da bacarmadığı o həyəcanlı, sarsıdıcı anı xatırladı. Elə bil, qəfildən gözlərinə od ələndi, alovlanıb yandıqca gözlərini ovuşdurdu, hər yanı qıpqırmızı qan rəngində gördü, özünü itirdiyindən sövq-təbii və təlaş içində yazı masasının yanında haçansa atasının İtalyadan gətirdiyi şəbəkəyə qoşulmuş elektrik sobasına yaxınlaşdı, əsəbiliklə naqili dartıb şəbəkədən ayırdı, əllərinin yanmasının fərqinə varmadan qızmış sobanı qapıb tələsik qapıdan çıxdı.

 

Bir zaman Tokay institutun dəhlizindən keçərkən bu otaqda höcətləşdikləri vaxt “Kibernetik” fakultəsinin kafedra müdiri ağsaçlı professorun atasına “Qızmış  ayğır kimisən, sənə etibar etmək olar?”  dediyi sözlərin mənasını indi anladı.

 

Tokay bir də üç gündən sonra, halı daha da ağırlaşdığından xəstəxanadan çıxarıb gətirdiyi anasıyla birgə evlərinə qayıdanda atasıyla həmin lobarant qızı bu dəfə xoşbəxtlikdən  birinci mərtəbədə liftdən çıxanda gördülər. Çətinliklə nəfəs alan anası sanki bütün gücünü toplayıb gülümsəyərək yavaşcadan “Bir yanda qar, boran, bir yanda bahar, çiçəklər... İnsafsız, bir-iki günün qonağıyam... heç olmasa ölməyimi gözləmir...” dedi. Atasının qarasınca anasının belə yavaşdan, belə mülayimcəsinə deyinməsinin səbəbini anlaya bilmədi. “Bu, istəkdənmi, qorxudanmı, halsızlıqdanmıydı?” düşündü. Iki gün ötdü. Ana can verərkən başının üstə dayanmış oğluna ancaq bunları deyə bildi. “Sən bizim ilkinimiz, son beşiyimizsən. Məni çərlətsə də dədəni bağışladım. Sən də bağışla...”

 

Tokay anasının cənazəsi ilə birgə qapılarından çıxan oldu, bir daha atasının yanına qayıtmadı...

 

–Mənə xəbər çatıb, dədəm də o ziyafətdə olacaq. Iki ay qabaq, həmişə olduğu kimi, yenə də evimizin yanında qarşılaşdıq. Hərdən bir başqa şəhərdən, başqa bir məmləkətdən gəlmiş qərib bir adam kimi ordan keçirəm ki, məni biryolluq unutmasın, mənimlə bağlı ürəyindəki yara qaysaq bağlayıb bərkiməsin. Nəsə demək üçün mənə yaxınlaşmaq istəyəndə hardasa, haçansa gördüyüm, ancaq yadıma sala bilmədiyim bir tanışım kimi ona baxıb tez uzaqlaşıram. Ancaq məni ziyafətə dəvət elətdirən o deyil. Getməməyimin səbəbi də o deyil, bambaşqa məsələdi. Orda hamı durub ütülü-ütülü, boğazdan yuxarı ölü sözlər, üfunətli, meyid qoxuyan, ürək bulandıran ibarələr danışacaq. Ömrüm boyu olduğu kimi orda yenə də tünlüyə, basırığa düşəcəm. Getsəydim, tost da deyərdim, bir-iki cümlə ədəbiyyat sözü də söylərdim. Ancaq orda, o basırıqda, o hay-küydə, olsa-olsa bircə adam, məni dəvət eliyən o adam eşidəcək, səs-küyün içində o da eşidə bilsə. Bir də, yetmişini ötsə də məclislərin yaraşığı, ayğır kimi güclü, həvəsli dədəmin gözləri yoldadı. Ancaq indi tələsdiyim yerdə yüzlərlə adam gözlüyür məni. Sizin yerinizdə olsaydım, o ziyafətə yox, mən getdiyim yerə gedərdiniz. Nə olsun şairin yubileyidi. Inanın mənə, bu gün həm də SÖZ günü, SÖZ havası deyil...  Saat neçə olar? “Kimsə beşə on dəqiqə qalıb” deyəndə Tokay birdən ayağa qalxdı “Vay-vay, mən Sumqayıta gecikdim!” dedi, masanın üsttündə solfetka əvəzi kəsib doğranmış mətbəə kağızlarından bir neçəsini götürüb üst-üstə qoydu, peroşkilərin birini büküb pencəyinin cibinə soxdu, o birini götrüb yeyə-yeyə: – Eybi yox, bir az gözləyərlər. Bilirsiniz necə uşaqlardı?!. On gün qabaq onlara söz vermişəm... 

 

– Vay, allah evini tikilsin! Səhər yediyim yadımnan çıxıb. On gün qabaq uşaqlara söz verib! Çoxdan yaddan çıxarıblar. Işin-gücün qutarıb. Yəni belə dəqiq adamsan? Bunları redaktor müavini dedi, yanındakılara baxdı ki, onun sözlərini təsdiqləsinlər.

 

– Tanıyıram onları, gözləyəcəklər. Onları allatmaq olmaz. Sizləri çox aldatmışam, ona görə heç biriniz mənə inanmırsınız. Ancaq onlar inanırlar, onları aldatmaq günahdı.

 

 “Azərbaycan” nəşriyyatının birinci mərtəbəsində liftlərin yanına çıxanda Tokay pəncərədən bayırı, günəşli mart havasını göstərib “Bu gün FUTBOL havasıdı, mən getdim.” deyib sağollaşmadan tələsik redaksiya işçilərindən aralandı. Bu, birdən   olduğundan heç kim Tokaya söz deyə bilmədi. Iki-üç addım aralanandan sonra geri çevrilib – Sora da deyirsiz Tokay məsuliyyətsizdi. Söz vermişəm, getməliyəm. Mənim ora dəvət olunmağımın səbəbini bilmək istəyən “Şəhid qəhqəhəsindən don biçən vətən” yazımı təzdən oxusun...” dedi. (Keçmiş adıyla deyilən “Tarqovli” küçəsində, “Fontanlar bağın”da, barlarda, diskoteklərdə gününü keçirən, yalnız oraları özlərinə doğma Vətən sayan göbəyi açıq, son dəblə geyinmiş qızların, hibbilərə pərəstiş edən, rep oxuyub oynayan və işğal olunmuş şəhər, rayonlarımızdan birinin belə adını, “şəhid” sözünün mənasını bilməyən yeniyetmələr, gənclərdən yazdığı və ictimaiyyətdə geniş söz-söhbətə səbəb olmuş yazısına işarə edirdi).

 

Redaktor müavini əlini Tokaya sarı uzadıb istehza və acıqla – Bunun ipinə odun yığmaqmı olar?!. Vallah, ifləmədi! Köpəyoğlunun başı var, qələmi, yazısı heç kimdə yoxdu. Ancaq belə idiotluğuna görə bir adam işə götürmür. Bunnan işləmək olar?..

 

Ekspresin eşik tərəfi də, içərisi də tər-təmiz idi. Mavi pərdələr pəncərənin yarısınacan çəkilmişdi. Yeri tünd zoğalı, sarı dama-dama zolaqlı qalın parçalardan oturacaqların üzünə çəkilmiş təzə üzlüklər ekspresin salonuna istilik, rahatlıqdan başqa, həm də bir toxluq, zənginlik görüntüsü verirdi. Ekspres avtobus Bakı-Sumqayıt yolunda “Ceyranbatan” gölünün qırağıyla eyni sürətlə şütüyür, sərnişinlər özlərini nənnidəki kimi hiss edrdilər. Gün buluda girəndə Tokay pəncərənin şüşəsini çəkib örtür, buluddan çıxanda şüşəni yenidən yarıyacan açır, mavi gölün qırçınlı suyunu, meşənin içində adda-budda olub çəhrayıya çalan ərik, bəmbəyaz badam çiçəklərini, ağacların budağından milyonlarla sanki qığılcımlar-çınqılar kimi meşənin üstünə püskürüb səpələnmiş yosun rənginə çalan, siçan qulağı boyda tər yarpaqları, düzü-dünyanı, otunu-əncərini, daşını-torpağını sığallaya-sığallaya yaz günəşinin ilığına qarışmış tər-təmiz meh yarıaçıq pəncərədən içəri dolur, Tokayı bihuş edirdi. Uşaqlıq çağında atasıyla Xaşbulaq yaylağında dincələrkən yamyaşıl, əlvan çiçəkli dağın ətəyində bir balçının sırayla düzülmüş saysız-hesabsız arı yeşiklərindən deyil, atasına hörmət və ehtiram əlaməti olaraq məhz şüvlərdən hörülüb səthi mal peyini ilə suvanmış uzun-uzun səbətlərdən olan üç arı pətəyinin birinin arxa tərəfindən gözlərinin qabağındaca tüstüyə tutulmadan, başına tor papaq keçirmədən, yan-yörəsində və başının üstündə qayır-qayır qaynaşan, əllərinin, barmaqlarının, qulaqlarının, burnunun üstündə, alnında, çənəsində əsəbi-əsəbi gəzişən arıların sancmağından qorxmadan (qonaqların təəccübləndiyini görən balçı sonra dedi ki, bu qədər pətəyin içində ən çox sevib qulluğunda durduğum bu səbətdəki arıdı. Bunu bildiyindən, hiss elədiyindən, qulluq göstərəndə də, bal kəsəndə də əli yalın, başıaçıq olsam da arılar mənə dəymirlər) dalaq-dalaq qar kimi ağappaq, isti şan balları oraqvari əyrimçə bıçaqla sıyırdığını, sonra isə uzunqol ərsinlə çıxararaq enli mis tasa yığdığını, zərif şanların qıraqları əzildiyindən və kəsilmiş yerindən balın süzülərək axıb maili dayanmış qabın bir qırağına gölləndiyini xatırladı. Avtobusun pəncərəsindən içəri dolan ətirli yaz mehiylə Xaşbulağın min bir çiçəyindən çəkilib şanlara üfürülmüş, bugünəcən dadı damağında qalmış həmin isti, dadlı beçə balında bir oxşarlığın olduğu qənaətinə gəldi. Ancaq avtobusun eşiyinin, içinin təzə, tər-təmiz olmasından, yaz ətirli mehin pəncərələrdən içəri dolmasından, geyimindən tutmuş şampunla yuyub səliqəylə daradığı tellərinə, tərtəmiz qırxılmış sığallı üzünəcən görkəmindən səliqə-səhman diribaşlıq, çeviklik, həm də mərdanəlik yağan ucaboy, şivərək qamətli ekspres sürücüsünün zahiri görünüşündən, davranışından çox, nə Bakı sürücülərində, nə qəsəbələrə, rayonlara işləyən avtobus sürücülərində görmədiyi bir xüsusiyyət Tokayın diqqətini daha çox çəkmişdi. Üçüncü kərə mindiyi bu ekspresin sürücüsü oturacaqların sayından bir nəfər də olsun artıq adamın minməsinə razılaşmırdı. 

 

Özü də bunu çox nəzakətlə elədiyindən yerdə qalıb minə bilməyənlər ondan incimirdilər. “Görəsən, bu intizamı nə qədər saxlaya biləcək? Yəqin ki bu ekspresdəkilərin hamısı özlərini başqa minik növlərindəkilərdən daha rahat, hörmətli, dəyərli və hüquqi olan şəxs kimi sanırlar. Israil nazirlərindən birinin dediyi “Ərəblər avtobusa sırayla, intizamla minib düşmək qayda-qanununu öyrənəndə bizimlə apardıqları müharibəni udacaqlar” sözləri xatırlatdı. “Gələn dəfə çalışıb sürücünün yanında oturacam. Yazılası budu. Bu da bir şeirdi, yoxsa, nəsr mövzusudu. Bu oğlanın əxlaqı, vicdanı Azərbaycanın nefçi, asetrin balığı, zəfaranı kimi bitkin və unikal bir hadisədi. Əslində bu avtobus da Bakı-Sumqayıt arası iyirmi beş-otuz dəqiqəlik dərs saatıdı. Yox, son dərəcə sıxılmış, yığılmış məktəb növüdü. Imkanım olsaydı, bu məmləkətin çobanından tutmuş prezdentinəcən hamısıını heç olmasa bircə yol bu ekspresə mindirərdim”.

 

On gün qabaq Sumqayıtda “Əyri dom” deyilən binanın həyətində uşaqlarla futbol oynayanda adamlar Tokayın bir vaxtlar SSRİ-nin gənclərdən olan yığma komandasının kapitanı olduğunu bir-birindən xəbər tutmuşdular. Elə həmin gün Tokay oyun qurtarandan sonra pencəyini çiyninə salıb bir daş üstə oturub, bir vaxtlar Azərbaycan azarkeşlərinin dilindən düməyən Banişevski, Tuayev, Çançanaşvilidən, bir az da əvvəllərə gedib Ələkbər Məmmədovdan, sonra Peledən, Qarinçe, Marodonna, Zidan və ən çox da Bekkenbauerdən, onların oyun üslubundan, texnikasından, həyatından maraqlı məqamlar danışmışdı. O gün Tokay binaların arasındakı meydançada yeniyetmə uşaqlara qoşulub futbol oynayanda ətrafa toplanmış adamlardan başqa doqquz mərtəbəli “Əyri dom” deyilən binanın, beşmərtəbəli evlərin teatr lojalarını, amfiteatrlarını xatırladan balkonları da qızlar, qucağı köpəli gəlinlər, kişilərlə doluydu. Adamların artıq hamısı yeniyetmə və bir neçə gənc oyunçuların arasındakı bu cılız bədənli, çalsaçlı, yaşlı adamın peşəkar futbolçu olmasına şübhə etmirdi. Tamaşıçıların diqqət mərkəzində olduğunu, məhz ona görə bu qədər tamaşaçının yığışdığını, bütün ömrü boyu məhz bu oyunda “solo oyunçu” kimi çıxış etdiyini, söz adamı-bir yazıçı, bir oyunçu kimi ilk dəfə tünlükdən, basırıqdan sıyrılıb çıxdığını və hamının diqqət mərkəzində olduğunu Tokay yaxşı bilir, istənilən məsafədən, istənilən zərbəylə vurulan topu necə edirdisə, top gah onun ayağına, gah sinəsinə, gah da başına yapışıb qalır, uzaqbaşı ondan bir qarıc aralanırdı. Mahir atıcılar kimi yaxından, uzaqdan vurduğu, atdığı top isə istədiyi adamın ayağına, yaxud başına, sinəsinə dəyirdi. Oyun qurtarandan sonra Tokay “Artıq sizin top məni tanıyır” demiş, Xaşbulaqdakı o günləri xatılayaraq “Həmin o balçını uzun səbətdəki arılar sevib tanıdığı kimi... İnnən belə heç vaxt mənim bu qədər tamaşaçım olmayacaq...” düşünərək birdən ayağa qalxmış, topu atıb tuta-tuta başında, çiynlərində, belində, ayağında, dizlərində, dabanlarında gəzdirə-gəzdirə meydançanın o başına, yerə salmadan qaytarıb bu biri başına gətirmiş, bir yerdə dayanaraq çiyinlərində, qollarında gəzdirmiş, qəfildən qabağa ötürmüş, bir anda arxaya əyilərək sinəsindən yuxarı qaldıraraq bircə an saxladıqdan sora çiyninə ötürmüş, beləcə topu sanki bir kəmərtəkin boğazına dolaya-dolaya yenidən başına dırmaşdırıb başı üstündə fırfıratəkin fırıladaraq ciddi futbol yarışlarında göstərə bilmədiyi özünəməxsus fənd, tryuk, xırdalıqları xüsusi bir şövqlə nümayiş etdirərərək futbolçudan çox o, sirk ustalarını, janqlyorları xatırlatmışdı.

 

O gün Sumqayıtda ömrü boyu futbol fəaliyyətindəki keçirdiyi fərəhli anların (qapıdan keçirdiyi topların) hamsından, lap elə neçə illər qabaq bir payız günü Voronejin yaşıl futbol meydançasında oyun qabağı məşq etdikləri zaman və heç vaxt unutmayacağı o tarixi və fərəhli anlardan da çox, çox sevinmişdi...

 

Voronej meydançasındakı Tokay bircə dəqiqənin içində bacardığının bir məqamını göstərə bildi. Futbol meydançasının bir qırağında dayanıb məşq edən oyunçularına baxan sarışın, qıvrımsaç Banişevskiyə sarı Bekkenbauerin yaxınlaşdığını görəndə Tokay bir an öz hamisı Banişevskiyə sarı çevrilmiş və bu an onların baxışları toqquşmuş, hər şey Banişevskinin Tokaya göz-qaş elədiyi o anla başlamışdı. Banişevskinin göz vurmağıyla, him-cim eləməsiylə nə istədiyini Tokay dəqiqliyi ilə bilməsə də, həmin an sanki onun bədəninə, ruhuna nəsə sehirli yeni bir güc də daxil oldu, yüngülləşdi, uçmaq istədi. Göyə qalxıb meydançanın ortasına yaxın yerə düşən topa özünü birinci yetirdi, bir rəqibini, sonra asanlıqla başqa birini aldadıb irəli cummaq istəyəndə qabaqca yaxındakı üç, sonra isə rəqib komandanın iki oyunçusu onu haqladı, Tokay Bekkenbauer sayağı nə apardığı topa, nə də qarşısındakı, yan-yörəsindəki rəqiblərinə baxırdı, ancaq o, meydançadakı bütün oyunçuların hərəkət və reaksiyalarını sanki bədəninin qabağı, yanları, arxasıyla duyur, özünü onun ayaqları altına atmış oyunçuların üstündən bir ceyran yüngüllüyü ilə sıçrayıb keçir, badalaqlardan ustalıqla qorunur, oyunçuların burulğanından sıyrılıb çıxır, sədaqətli dostlartəkin sözləşiblərmiş kimi topla bir-birindən azca aralı irəlləyirdilər. Bekkenbauerin oyuna baxdığını hiss edən bütün oyunçular həmişə olduğundan daha qızğın və həvəslə oynamaqlarına baxmayaraq, özlərini yığışdıraraq oyun qaydalarına həmişəkindən daha dəqiq əməl edir, mədəni və düzgün oynamağa çalışırdılar. Qapıya altı-yeddi metr qalmış qapıçını aldadaraq onu sağ tərəfə yönəltmiş, aldadıldığını duyan qapıçı özünü düzəldib əks tərəfə gəlmək istəyəndə büdrəyib böyük bir hissəsi bir anlıq boş qalmış qapıyla üzbəüz olsa da, Tokay topu vurmayıb aralıdakı komanda yoldaşına ehmalca örtmüş, futbol tarixində mərdanəlik-centlmenlik rəftarı kimi azerkeşlərin yadında qalmış Qarinçe əhvalatını bilə-bilə təkrar etmiş, Banişevskinin dayandığı səmtə sarı irəlləyərkən qapçının üzünə baxmadan “Bax, gələn dəfə mütləq vuracam” deyəndə, boyca özündən balaca qarabalanın bu sözünü sinirə bimədiyindənmi, topu boş qapıya vurmadığından sevinib “sağ ol” demək, minnətdarlıq etmək əvəzinə hirsindən, hikkəsindənmi, qapıçı sarışın rus balası baş barmağını iki barmağının arasına soxaraq acıqla “Na tebe! Bolşe ne sumeyeş!”  demiş, əsəbi-əsəbi yerə tüpürmüşdü.

 

Bir dəqiqənin işində Tokayın virtouz bir oyunçu olduğunu kəşf etdiyindənmi, meydançada yad bir adamın incə çalarla onun öz üslubunda oynamasına, onu dəqiqliklə yamsılamasına, imitasiya eləməsinə, üstəlik Qarinçə mərdliyini göstərdiyinə görəmi, o dövrün əfsanəvi futbolçularından biri sayılan, milli mentalitetinə xas soyuqqanlılığını saxlaya bilməyib sevinc və həyacanını gizlədə bilmədiyindən sevgiylə dolu baxışlarını Tokaydan çəkmədən – Grosser Gotk – demişdi. Bu sözlərin ardınca Tokayın çiyninə əlini mehribanlıqla qoyan Banişevski “Tı moy qeniy!” söyləmiş, Bekkenbaueri nəzərdə tutaraq “Prosto tı porazil yeqo!” demişdi.

 

O gün Sumqayıtda Tokay “Təkcə futbolda yox, idmanın bütün növlərində, lap ədəbiyyatda, incəsənətdə, siyasətdə, müharibələrdən tutmuş ailələrəcən həyatın, cəmiyyətin bütün sahələrində “oyun qaydaları kobudcasına pozulduğundan yüzlərlə, minlərlə istedadlar, namuslu, vicdanlı insanlar məhv olub gedir” dedi və “yeniyetmələr bunları başa düşücəklərmi?” fikirləşdi. Tokay uşaqlara meydançanın bir qırağına yaxınlaşaraq yenicə kəsilib yerə yıxılmış, təzəcə çırtlamış tumurcuqları hələ də ölüşgüməmiş qarağacın iri gövdəsinin üstündə oturdu:

 

– Bu boyda sap-sağlam, nəhəng ağaca qıymaqmı olar? Özü də qarağaca! Yayda ilan mələyən bir yerdə qarağac kölgəsi... – bunları ucadan söylədi. “Bir şey ki öldürəndə də, yerə yıxılanda da sənə fayda verir, onu kəsmək cinayətdi. Mebel də düzəltmək olar, saz da, nənni də, tabut da. Lap yandırmaq istəsən, yenə də karına gələcək. Bəs belə şeyin qədrini bilməzlər?.. Hansı yırtıcı nə məqsədlə, hansı ağılla kəsib, Allah bilir?..” bunlarısa fikirləşdi, saxlamağa verdiyi pencəyini üzü çilli uşaqdan alıb çiyninə saldı, ciblərində yaylığını axtardı, tapmayanda uşaqlardan biri qatı açılmamış öz təmiz yaylığını ona uzadıb – Tokay əmi, tər-təmizdi...

 

Tokay gülümsünüb – lazım deyil, sağ ol – deyəndə həmin oğlan təzə yaylığını açıb göstərdi. – Bir az qabaq mağazadan almışam, bircə dəfə də işlətməmişəm, sizə bağışladım – deyib yaylığı onun dizinin üstünə qoydu. Tokay yaylığı götürüb üzünün, alnının, boyun-boğazının tərini sildi. Yaxındakı köşkün sahibi yaşlı kişi əlində “Koka-kola”, stəkan, yanını çəkə-çəkə yaxınlaşıb Tokayın qarşısında şüşəni açıb stəkanı dolduraraq hörmətlə, sanki bir az utana-utana ona uzatdı. Tokay –Su kiçiyindi – deyib onu dövrəyə alamış uşaqları gözdən keçirdi, heç kim stəkanı almadı.

 

Həmin gün dəcəl, ata-anasının sözünə baxmayan “avara uşaqlar” da Tokayı dövrəyə alıb onun söhbətlərinə maraqla qulaq asmışdı. Tokay cibindən siqaret qutusunu çıxartmış, boş olduğunu görəndə qutunu əzib atmaq istəmiş – Yerə atmaq olmaz – deyib cibinə qoymuşdu. Uşaqlar xəlvətcə pul yığıb ona ən bahalı siqaret almışdı. Həmin gün durub dağlışanda Tokayı avtobus dayanacağına qədər ötürmüş, uşaqlardan biri avtobusa qalxıb Tokayın yol haqqını ödəmiş, avtobus tərpənəndə hamısı bir ağızdan bir necə yol “Göz-lə-yi-rik!” demiş, avtobus gözdən itənəcən ona əl eləmişdilər.

 

Futbol həyatında uzun illər boyu sevgi və inadla məşqlər edərək qazandığı bütün bacarığını bu gün sonuncu dəfə onu intizarla gözləyən sevimli balaca “həmkarlarına” və tamaşaçılarına göstərmək həvəsiylə “Əyri dom” deyilən binanın yanında həyətə girəndə on gün qabaq futbol oynadıqları meydançanın az qala özü boyda dördbucaq şəkilli dərin bünövrə açıldığını, qazılmış torpağın ətrafa tığlandığını, ondan azca aralıda orda-burda qalaq-qalaq ağ mişar daşları, müxtəlif diametrli uzun-uzun armaturlar, dam örtüyü üçün kirəmidlər, ağappaq, dümdüz qalaq-qalaq taxtalar, fəhlələrin soyunub geyinməsi üçün rezin təkərli bir vaqon, onlardan acza aralıdasa ağır, gərgin işdən sonra sanki dayanıb bir hovur dincini almaq istəyən buldozer və ekskavatorun meydançanı amansızcasına və biryolluq zəbt etməsini görəndə Tokay bir anlıq çaşdı, başqa həyətə girdiyini sandı. Bir yerə yığışıb qaşqabaqlı və ümüdsüzlük içində onu gözləyən uşaqlara yaxınlaşdı.

 

– Bu da şəhərsalmada, memarlıqda oyun qaydalarının pozulmasına bir nümunə! – dedi. Gülə-gülə  – Kefinizi pozmayın, getdik dəniz qırağına! Bu gün mütləq oynamalıyıq, əsl futbol havasıdı – dedi. Uşaqların “URRAA!” səsi göyə yüksəldi, şən ovqat içində dənizə sarı üz tutdular. 

 

Qabaqca tozanaq qoparan, sonra narın, sonra isə iri qum dənələrini havaya sovurub oyunçuların üz-gözünə çırpan, boyun-boğazına dolduran, hamının rəqibi kimi ayaqdan çıxan topların hədəfə gedib çıxmasına mane olan külək getdikcə azğınlaşırdı. Top Tokaya çatanda ayağını onun üstünə qoyub dayandı,  – Uşaqlar, belə havada topu yuxarı qaldırma-aa... – fikrini tamamlamamış külək onu geri itələdi, topu alıb sürətlə apardı. Tokay geri dönəndə azca aralıda küləyin haralardansa toparlayıb gətirdiyi qəzet parçası, xəzəl, ot-ələf, boş selofan torbaları, əski qırıqları, toz-torpaq, qum qarışığından olub dörd-beş mərtəbə bina ucalığında nəhəng konusvari burulğanın fırfıra təkin sağa, sola irəli, geri yeridiyini, qasırğanın bəzən yan tərəflərindən, bəzənsə lap ucundan kağızın, əski qırığının, selofan torbaların birdən güllələr kimi yan-yörəyə atıldığını, qasırğaya düşmüş topunsa Yer kürəsi kimi öz oxu ətrafında fırlana-fırlana burulğanın gövdəsinə dolandığını, birdən bir göz qırpımında havada dayandığını, sonra aşağı endiyini, yenidən fırfıra-qasırğanın təpəsinə qalxaraq qəfildən dəniz səmtə - göyün yeddi qatına milləndiyini, burulğanın bir anın içində formasını dəyişərək, quyruğu tapdanmış nəhəng ilantəkin qıvrılıb açıldığını, özünü şahə qalxıb saçaqlana-saçaqlana, köpüklənə-köpüklənə bir-birini qova-qova sahilə tələsən dağ boyda dalğaların qoynuna atıb yox olduğunu görəndə Tokayın birdən-birə əhvalı dəyişdi, içini bir çılğınlıq, təlatüm, tufan bürüdü.

 

Ötən iyirmi iki il ərzində, bəlkə iyirmi iki min kərə evlərində atasının iş otağının qapısını qəfildən açmış, o əbədi, möhtəşəm anı yenidən görmüş, keçirdiyi nifrət və qürur hissindən başqa lobarant qarşısında diz çökdüyünə görəmi, atasının çallaşmış uzun, gur saçlı başını o qızın pambıq kimi yumuşaq, ipəktəkin hamar əlləriylə öz doğma, balaca uşağı kimi sevgiylə qarnına sıxdığına görəmi, həmişə vüqarlı, yenilməz, hamıdan güclü, əzəmətli bildiyi atası birdən-birə ona yazıq, gücsüz, həm də miskin görünmüş, atasına yazığı gəlmişdi. “Yazıq dədəm, bu bitib tükənməyən, ucu-bucağı görünməyən sonsuz gözəlliyin öhdəsindən gələ biləcəkmi? Gəlsə, ancaq öhdəsindən yenə də o gələ bilər. Ondan başqa heç kim onu sevib qurtara bilməz, bu sevgini başa çatdırmağa ondan savayı kimsənin qüdrəti yetməz. Onu ancaq hissələrə ayırıb hissə-hissə sevmək mümkündü. Qarşılaşarkən bütün insanları, heyvanları diksindirən, bədənini ürpəşdirən, canına vicvicə salan, ilan vahiməsinə bənzər sehirli ala gözlərini, səssiz sular kimi axıb gedən, həzin musiqi kimi ruhu oxşayan zərif saçlarını, uzun, girdə, təravətli boynunu, birbaşa ürəyə toxunan dik məmələrini, məmələrinin ucundakı may səhərində yenicə çırtlamış qızılgül qönçələriydimi... İşıq parçası kimi adamın içindən keçən şümşadtəkin qollarını... Hələ yupyumru çiyinlərindəki o balaca batıqlar, hər birini ayırıb yalnız hissə-hissə, ayrıca sevməyə adamın gücü çatar, belini, yeriyərkən bütün qızlarınkından seçilən oval-oval dizlərini, baldırlarını, topuğunu, balaca ayaqlarını, xovlu xalçanın qan rəngli gölünə batmış gözəl ayaq barmaqları... O halda ki gördüm dədəmi, ayaqlarını da, ayaq barmaqlarını da öpəcək, öpəcək. Yazıq dədəm, yazıq... Bal rəngli bədəni, bədənindən qalxan burum-burum o zərif, bəmbəyaz, deyəsən bir az qırmızıya çalan o buğ nə idi, nə sehir, nə cazibəydi, İlahi?!. Ancaq və ancaq hissələrə bölüb ayrı-ayrı sevmək mümkündü. Deyəsən, elə dədəm də belə edirdi, mən içəri girəndə gözlərini yumaraq, hər şeyi unudaraq ancaq onun təkcə bərk, tarım, həm də yumşaq qarınını sevməklə məşğuluydu. Təkcə üzünü, gözünü, dodaqlarını sevə bilməyə bir ömür bəs eləməz. Bu şəhanə qızı, bu sonsuz gözəlliyi sevməyə heç kimin gücü çatmaz! Elə buna görə də dədəm gələcək rektor vəzifəsini, Nobel mükafatını, bütün gələcək karyerasını ona qurban verdi, yazıq dədəm, yazıq. Ancaq dəyər lap cannan keçməyə də dəyər, ancaq yenə də yazıq dədəm, yazıq... Var-dövlətinləmi başdan çıxartdın onu, görkəmin əzəmətinləmi, hər bir hərəkətində görünün kübar rəftarlarınlamı, yoxsa nüfuzun, şöhrətinləmi, ilanı yuvasından çıxaran şirin dilinləmi, maraqlı məntiqli sözünlə-söhbətinləmi, sərt, həm də ifadəli, səsinləmi, nə bilmək olar, bəlkə sənin qıçlarında, qollarında, çiyinlərində, sinəndə, belindəki o sıx, qalın cod qıvrım-qıvrım parıldayan qara qıllar o zərif məxluğu başdan eləyib, qızları, qadınları yoldan çıxartmaq üçün bunların hamısı səndə hamıdan çoxdu, mükəmməldi, ancaq adamın qarşısına, qismətinə ömrü boyu yalnız bircə yol çıxa biləcək (o da çıxsa əgər) belə bir gözəli ram etmək üçün səndə onların hamısı yenə də azdı. Bəlkə sənə, sənin kimi güclü, əzəmətli bir kişinin aciz, yazıq anını, zəif məqamını görüb yazığı gəldiyinə görədi?..” – düşünmüş və bunlardan sonra anasının solğun bənizini, xəstəxanada üzündə ilk dəfə gördüyü uzun-uzun, sarı, cod tükləri xatırlamış, elə ilk dəfə də onda Allaha asi olmuşdu, Allahı söymüşdü. Iyrmi iki min dəfəydi anasının halsız-halsız dediyi “Bir yanda qar, boran... Bir yanda bahar, çiçəklər”, “Məni çərlətsə də dədəni bağışladım. Sən də bağışla...” sözləri eşitmişdi. “Doğurdanmı dədəmi bağışladı? Doğurdanmı dünyada belə sədaqətli, vəfalı, böyük insanlar olur? Bəlkə ərini özündən yaraşıqlı bildiyindən, bəlkə əlacsızdıqdan, bəlkə mənim gələcəyimi düşünüb mənim xətrimə deyirmiş? Bizim soyumuzda bəzən qadınlar kişilərdən də ağıllı olub. Anam kimi bəlkə dədəmin özü də günahsızdı? Imperatorları yenən, imperyaları dağıdan, fəlakətlər, bədbəxtliklər gətirə bilən o gözəlliyin qarşısında hansı köpəyoğlu duruş gətirə bilər? Adlı-sanlı, tarixi bir nəslin sona çatmasında dədəmmi günahkardı, o gözəl pərimi, yoxsa hər ikisindən çox suçu olan mənmi? Həndəsi fiqurlardan ən davamlısı, dözümlüsü sayılan üçbucağın hərəmiz bir yanı, bir tərəfiyik...

 

Toka iyirmi iki min dəfəydi başında, şüurunda yazdıqlarını, ancaq cürət edib kağıza köçürə bilmədiklərini elə indi, bu an yazmaq istəyirdi. “Axır ki, öz yazımı yazmağın məqamı çatdı!” düşündü, tələsik:

 

– Uşaqlar, bu gün oynamaq qismət olmadı bizə, mən getdim. Başqa vaxt görüşərik. Mütləq görüşərik! – deyib “Bu gün futbol yox, SÖZ havasıdı” düşündü, başılovlu sahildən uzaqlaşdı, uşaqlar bir anlıq yerlərində donaraq Tokayın arxasınca baxa-baxa qaldılar. 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018