Dünya o qadına borcludur

Hikmət Orhun

 

Həvva əcəb eləyib, qadağan olunmuş meyvəni yeyib. Yaxşı ki, Şeytan yolundan çıxarıb, Adəm mane ola bilməyib. Heç ruhu da inciməyib, nə mane olmaq?! Kim nə deyir desin, səmavi kitablar nə uydurur uydursun, vecimə də deyil, mənə görə, əksi olsa daha böyük bəlalar ola bilərdi. Bəla bir yana dursun, eynilikdən canımız sıxılardı. 

 

İnanmırsınız?

 

Təsəvvür edin, Adəm və Həvva hekayəsi doğrudur. Həvva da həqiqətən Adəmin qabırğasından yaradılıb. Şeytan isə Həvvanın qəlbinə girməyib. Yəni almanı yeyib ölümsüzlüyünü itirməyib. Daha doğrusu, bəşəriyyətin ölümsüzlüyünü...

 

Habil Qabilin qısqanclığının qurbanı olmayıb.

 

Dünyanı silkələyən müharibələr baş verməyib, tanklar, toplar ixtira olunmayıb.

 

Nə insan ölüb, nə ağac kəsilib, nə bir quşun burnu qanayıb.

 

Bir sözlə, ilk insandan son insana – hamı yaşayır.

 

Adəm ölməyib, hə, ölməyib.

 

Elə Həvva da.

 

Dünyanın hər üzünü görmüş ulu babamız özgə məşğuliyyət tapmayanda uşaqların, yəni bəşəriyyətin gözünün qabağında “sən mənim qabırğamdan yaranmısan” deyib ulu nənəmizi küçümsəyir, yeri gələndə şillə-təpiyin altına salır.

 

Qabağına keçəni “ağsaqqalam” deyib tənbehləyir, “bizim zamanımızda belə deyildi, uşaqlar böyük-kiçik yeri bilirdi” bəhanəsiylə doqquz yüz yaşındakı bir “kiçiyi”ni tüpürüb-danlayır.

 

Həvva isə qıza-gəlinə analıq, qaynanalıq eləyir, ərinə sadiqlik öyrədir.

 

Nə “first lady”lər var, nə “müqəddəs ana”lar. Dünyanın gəlmiş-getmiş ilk xanımı və müqəddəs anası odur. 

 

İstədiyinin qulağını burur, sözünü keçirir.

 

Bəlkə, onda zaman və məkan anlayışı da mənasız bir məhfuma çevrilərdi, amma hər halda düşünürəm ki, indi əllini aşmamış ağsaqqal moduna keçən ata-analarımıza dünyanın dəyişdiyini, artıq heç nəyin onların zamanındakı kimi olmadığını anlada bilmirik, görün, Həvva qadağan olunmuş meyvəni yeməsə nələr olardı.

 

Hamımız quzu kimi boyumuzu bükərdik Adəmin qabağında, Həvvanın dizinin dibində, quzu kimi.

 

Habil və Qabil isə yaradılışın ilk meyvələri olduğu ilə öyünər, insanların üzərində üstünlük qazanmağa çalışardılar. Ya da öncədən qazanmış olduqları üstünlüyü itirməməyə. Əslində, “qazanmış olduqları” da durumu ifadə etmir, çünki onlar “ilk meyvələr” olmaq uğrunda vuruşmamışdılar, bu, onlara hədiyyə olunmuşdu.

 

Düşünün, ölümsüz-itimsiz dünyada onlar hansı oyunlardan çıxardılar. Özlərini yerin-göyün sahibi gözündə görərdilər, bizi yaradan Allah haqqı! Harada bir təzə obyekt görsələr, dədələrinin adını verib üzərinə çullanar, özgəsinə yaşamağa aman verməzdilər. İşıqlı dünyada bir-biri ilə yola gedə bilməyən qardaşlardan başqa nə gözləmək olar?

 

Məncə, o danışılan hekayə həqiqət olsa və Həvva qadağan olunmuş meyvəni yeməsə hər şey ən azı bu qədər mənasız olardı, ən azı. Eyni insanları görməkdən gözümüz yağır olardı. Eyni səsləri eşitməkdən, eyni məsləhətlərə qulaq asmaqdan cana-boğaza yığılardıq.

 

Bu boyda eynilikdən nə musiqi yaranardı, nə rəsm, nə ədəbiyyat, nə teatr, nə kino. Yazıq olardıq, məni yaradan Allah haqqı, yazıq olardıq. Yaxşı ki, qadağan olunmuş meyvəni Həvva yeyib, yaxşı ki! Əcəb eləyib. 

 

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018