Şeytan əməli – Elçindən absurd pyes

Kulis.az Xalq yazıçısı Elçinin “Şeytan əməli” absurd pyesini təqdim edir.

                                                                                  

«Maskalar» silsiləsindən

        

Yataq otağı. Qaranlıqdır.

        

Kişi ilə Qadın çarpayıda yatıblar.

        

Onların da, otaqdakı əşyaların, pəncərələrin də qaranlıq içində yalnız siluetləri, kölgələri görünür.

        

Bir müddət keçir və saat qəflətən zəng çalır.

        

Davamlı zəng.

        

QADIN (yuxulu və narazı). Onun səsini kəs də.

        

Kişi nəhayət əlini qaldırıb zəngin səsini kəsir.

 

(Eləcə yuxulu və narazı.) Saat neçədir?

        

KİŞİ. Səkkizə qurmuşdum…        

QADIN. Səkkizə? Düz qurmamısan də. Görmürsən, hələ qaranlıqdı?..      

KİŞİ. Yox, düz qurmuşdum… (Qalxıb çarpayının kənarında oturur və dolabçanın üstündəki elektrik lampasını yandırmaq istəyir.) Bu niyə yanmır? 

QADIN. Yanmır?    

KİŞİ. Yox.    

QADIN. Otağın işığını yandır.     

KİŞİ. Gözünə düşəcək.     

QADIN. Eybi yox.

        

Kişi qalxıb, ehtiyatla addımlayaraq, yaxınlşıb əlini divara sürtə-sürtə elektrik düyməsini axtarır və nəhayət tapıb işığı yandırmaq istəyir.

        

KİŞİ. Tok yoxdu.    

QADIN. Yəqin yenə nəsə olub, kəsiblər… Mətbəxdəki şamdanda şam olmalıdı.

        

Kişi eləcə ehtiyatla addımlayaraq otaqdan çıxır.

 

(Bərkdən.) Sən necə bilirsən, Allah güclüdü, yoxsa Şeytan?

 

KİŞİNİN SƏSİ. Bu nə sualdı belə?

QADIN. Mən nə bilim…

 

Kiçik pauza.

 

Şamı tapdın?

 

KİŞİNİN SƏSİ. Yox.

QADIN. Orda olmalıdı. Ət maşınının yanında.

KİŞİNİN SƏSİ. Bu nədi belə?

QADIN. Nə?

KİŞİNİN SƏSİ. Nə bilim?

QADIN. Necə nə bilim? Şamı tapmadın?

KİŞİNİN SƏSİ. Hə.

QADIN. Kibrit qazın yanındadı.

KİŞİNİN SƏSİ. Yandırdım.

 

Kişi otağa qayıdır. Əlində tutduğu şamdanda zəif işıqlı nazik şam yanır. 

 

KİŞİ (şamın işığında əlində tutduğu maskaya baxaraq, təəccüblə). Bu hardan gəlib düşüb bura?

 

QADIN. Nə?

KİŞİ. Bude, bu. (Şamın işığında maskanı göstərir.)

QADIN (təəccüblə). Maskadı?

KİŞİ. Hə.

QADIN. Yəqin balacalarındı də, Oynayıblar, qalıb burda. Saata bax.

KİŞİ (maskanı bir kənara atıb, şamın işığında saata baxaraq, təəccüblə). Səkkizi göstərir. Deyəsən, çaşıb.

QADIN. Köhnə saatdı də… Sənin saatın hardadı?

KİŞİ. Burda olmalıdı… Qoy tapım…

 

 

Kişi mizə yaxınlaşıb şamın zəif işığında saatını axtarır.

 

Bəs, bu hardan gəlib düşüb bura?

        

QADIN. Nə?

KİŞİ. Maska. (Şamın işığında maskanı göstərir.)

QADIN. Boy… Balacaların işidi də… Saatını tap görək…

KİŞİ (maskanı bir kənara atıb saatı taparaq). Bu da səkkizi göstərir. (Saatı qaldırıb diqqətlə baxır.) Doqquza dörd dəqiqə işləyib.

QADIN. Bunlara nə olub belə?.. Mənim saatıma bax.

KİŞİ. Hardadı?

QADIN. Trümonun üstündə.

 

Kişi qarşı tərəfdəki trümoya yaxınlaşır və şamın işığı trümonun bədənnüma güzgüsünə düşür – işığın güzgüdəki əksi soyuq bir parıltıyla işıldayır.

 

QADIN (narahat). Şamı aşağı tut, gözümə düşür.

KİŞİ. Qoy, saatı tapım… Bu nədi? Bunlar bizimlə gizlən-qaç oynayır?

QADIN. Nə olub?

KİŞİ (trümonun üstündən maska qaldırıb, şamın işığında göstərir). Biri də burdadı.

QADIN. Axşam onlar gedəndən sonra, axı, mən yır-yığış eləmişdim. Heç nə yox idi.

KİŞİ. Yəqin fikir verməmisən də. Uşaq deyillər ki, Şeytandırlar.

QADIN (narahat) Gecənin bu vaxtında nə «Şeytan-Şeytan» başlamısan?

KİŞİ. Birinci sən başladın ki… (Qadını yamsılayır.) «Allah güclüdü, yoxsa Şeytan?» Suala bax e?!

QADIN. Yaxşı, bu, sənlik deyil. Saatı tapmadın?

 

Kişi maskanı bir kənara atır və nəhayət ki, saatı tapır.

 

 

KİŞİ. Doqquza yeddi dəqiqə işləyib.

QADIN (qalxıb, çarpayının kənarında oturur.) Necə yəni doqquza yeddi dəqiqə işləyib? Bu qaranlıqda? Heç qışda da bu vaxt belə qaranlıq olmur. İndi yay vaxtı səhər saat doqquza işləyib? (Ayağa qalxaraq pəncərəyə yaxınlaşıb, bir tayı açır və çölə boylanır.) Görmürsən hər tərəf qaranlıqdı?

 

Kişi də ikinci pəncərəyə yaxınlaşıb bir tayı açaraq, çölə boylanır və çöl tərəfdən Qadına baxır.

 

KİŞİ. Hə, qaranlıqdı…

QADIN. Gündən heç əsər-əlamət yoxdu.

KİŞİ (diqqətlə ətrafa baxaraq). Hə. Heç kimin də işığı yanmır.

QADIN (eləcə çöl tərəfdən üzünü Kişiyə tutaraq). Necə bilirsən, indi saat neçə olar?

KİŞİ (çöl tərəfdən üzünü Qadına tutaraq). Nə bilim…

 

Bir müddət açıq pəncərədən bir-birlərinə baxırlar.

 

QADIN. Qorxuram...

KİŞİ. Nədən?

QADIN (daxili bir tələşla). Gün niyə çıxmayıb?

KİŞİ (daxili təlaşını gizlətməyə çalışaraq). Nə bilirsən ki, saat neçədir? Bəlkə saatlar düz göstərmir?

QADIN. Nədi, hamısı sözü bir yerə qoyub?

 

Pauza.

 

Sorğu bürosuna zəng elə…

 

İkisi də başını pəncərədən çəkib, açıq tayları bağlayırlar. Qadın yenə çarpayının kənarında oturur. Kişi şamın zəif işığında ehtiyatla addımlayaraq telefona yaxınlaşıb, dəstəyi qaldırır və nömrələri yığır.

 

KİŞİ. Salam. Zəhmət olmasa, saat neçədir?

QADIN. Telefon işləyir, ancaq işıq yanmır?

KİŞİ (telefon dəstəyinə). Neçə? Hə?.. Dəqiqdi? Çox sağ olun.

QADIN (səbirsiz). Deyir, neçədir?

KİŞİ (get-gedə artan bir həyəcanla). Deyir… Deyir saat doqquza on üç dəqiqə işləyib…

QADIN. Ay, aman!..

 

Pauza.

 

Uşağa zəng elə. Gör… gör, onlar neyləyir?

 

KİŞİ. Bəlkə yatıblar?

QADIN. Demirlər, saat  doqquza işləyib?

KİŞİ (əsəbi). Belə səhər olar?

 

Kişi şamdanı dolabçanın üstünə qoyub, çarpayının o biri küncündə Qadınla araxa-arxaya oturur. Şamın işığı qarşı tərəfdəki türmonun bədənnüma güzgüsünə düşərək, soyuq bir işartı ilə işıq saçır.

 

Pauza.

 

QADIN. Saatı niyə səkkizə qurmuşdun?

KİŞİ. Axşam İdrislə şərtləşmişdik ki, səhər bulvarda acqarnına bir saat gəzək.

QADIN. Neçədə görüşəcəydiz?

KİŞİ. Doqquza iyirmi dəqiqə işləmiş.

QADIN. Onda dur ona zəng elə.

KİŞİ. Bəlkə yatıb?

QADIN Cib telefonuna zəng elə. Cavab verməsə, çox saxlama.

 

Pauza.

 

Zəng elə, görək bu nə işdi belə?

 

Pauza.

Sonra Kişi şamdanı götürüb, ayağa qalxır və ehtiyatla telefona yaxınlaşıb, dəstəyi qaldıraraq, nömrələri yığır.

 

KİŞİ. İdris? Salam. Nə var, nə yox? Hə?.. Yox, gələ bilməyəcəyəm… Özümü bir az pis hiss edirəm… Qocalıqdandı, hə… Yox, heç nə olmayıb… Sən gəz… (Dəstəyi asır.)

QADIN. Nə deyir?

KİŞİ. Bulvardadı… Deyir, səni gözləyirəm…

 

Pauza.

 

Deyir, gözəl gün çıxıb, gəl…

 

Pauza.

 

Heç nə başa düşmürəm… Burayla bulvarın arası beş dəqiqəlik yoldu. Orda gün çıxıb, burda yox? Belə şey olar?           

 

QADIN. Dünyanın axırıdı, nədi?..

KİŞİ. Burda dünyanın axırıdı, bulvarda gözəl gün çıxıb?

        

Kişi yenə gəlib çarpayının kənarında, Qadınla arxa-arxaya oturur.

 

QADIN. Bəs, qonşular görəsən neyləyir?

        

Şamdanı eləcə əlində tutmuş Kişi çiyinlərini çəkir, yəni ki, nə bilim? Sonra ayağa qalxıb, şamın zəif işığında ehtiyatla addımlaya-addımlaya otaqdan çıxır. Açarla açılan çöl qapısının səsi gəlir. Sonra qapı bağlanır. Kişi qayıdır.

 

KİŞİ. Buna bax…

QADIN. Nəyə?

KİŞİ (Şamın zəif işığında əlində tutduğu maskanı göstərir). Görmürsən?

 

Pauza.

 

QADIN. Bu hardan çıxdı?

KİŞİ. İçəridə açarın üstündən asılmışdı.

QADIN. Bu qədər maska düzüblər, görməmişik?

KİŞİ. Göydən düşməyib ki! Balacaların işidi də, Şeytan kimi şeydilər.

QADIN (az qala hiddətlə). Yenə başladın «Şeytan-Şeytan»?

KİŞİ. Birinci sən başlamadın?

QADIN. Yaxşı, bu, sənlik deyil…

 

Kiçik pauza.

 

Qonşulardan bir xəbər yoxdu?

 

KİŞİ. Yox… Bloku zülmət bürüyüb… Elə bil, quyudu…

QADIN (həyəcanla). Bir səs-səmir də yoxdu?

KİŞİ. Nə səs? Təkcə ürəyim döyünürdü.

QADIN. Uşağa zəng elə!..

 

Kişi ayaq üstə donub qalıb.

 

 Zəng elə, çox narahatam…

 

Kişi telefona yaxınlaşıb dəstəyi qaldıraraq nömrələri yığır.

 

KİŞİ. Alo… Hə, mənəm… Sənin də sabahın xeyir, qızım! Nə edirsiz? Hə? Lap yaxşı… Yox, hər şey qaydasındadı. Səsimə nə olub? (Gülür.) Həmin səsdi də… Elə-belə zəng elədim ki, görüm necəsiz?.. Anan? Anan da yaxşıdı… Burdadı, sənə salam deyir. Balacalar neyləyir? Hə? Yox, bizə bir şey lazım deyil, qızım. Yaxşı, sağ ol. (Dəstəyi asır.)

QADIN (həyəcanlı və səbirsiz). Nə deyir?

KİŞİ. Deyir balacalar məktəbə gedib, mən də hazırlaşıram marketə gedim…

 

Pauza.

 

Deyir, sizə də bir şey lazımdı, alım, gətirim…

 

QADIN (get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs… Bəs, soruşmadın… gün çıxıb orda?..

KİŞİ (əsəbi). Qaranlıqda balacalar məktəbə gedəcək? Özü də bazarlıq etməyə hazırlaşır… Dedi də… Dedi ki, sabahın xeyir, ata…

QADIN (səsi titrəyir). Bəlkə o da, bizi qorxutmaq istəmir?

 

Pauza.

 

(Əllərini açıb, başını yuxarı qaldıraraq, pıçıltıyla.) Ya Rəbbim!.. Bircə övladımız, gözümüzün ağı-qarası bircə qızımız var! Onu da, balalarını da xata-bəladan uzaq elə!..
 

KİŞİ. Mənimləsən?

QADIN. Yox.

        

 

Kişi yenə gəlib çarpayının kənarında, Qadınla arxa-arxaya oturur və şamdanı dolabçanın üstünə qoyur. Get-gedə daha da zəifləyən şam işığı türmonun bədənnüma güzgüsündə soyuq bir işıltıyla işıldayır.

 

Pauza.

 

Sən Adəm ilə Həvva əhvalatına inanırsan?

 

KİŞİ (çiyinlərini çəkir). Bilmirəm… Bu qaranlıqda Adəm-Həvva yeridi? Başqa şam var?

QADIN. Yox…

 

Pauza.

 

Belə çıxır ki, Şeytan Allahdan güclüdür?

 

KİŞİ. Özün başlayırsan, sonra da mənə deyirsən.

QADIN. Sən mənim sualıma cavab ver. Şeytan bəyəm Allahdan güclüdür?

KİŞİ. Nə üçün?

QADIN. Allah niyə Şeytanı Cənnət bağına buraxdı?.. Buraxmayaydı də… Allah əgər Adəmlə Həvvanı Cənnətdən qovacaqdısa, niyə izn verirdi ki, Şeytan onları şirnikləndirsin? Deməli, ya Şeytana gücü çatmırdı, ya da bilərəkdən belə edirdi…

 

Pauza.

 

KİŞİ. Başqa şam var?

QADIN. Yox…

 

 

Kişi qalxıb şamdanı götürür və bayaq Qadının açdığı pəncərəyə yaxınlaşıb, bir tayını açaraq çölə boylanır.

 

KİŞİ. Hər tərəf zülmətdi…

        

Qadın da ayağa qalxır və bayaq Kişinin açdığı pəncərəyə yaxınlaşıb, bir tayı açaraq çölə boylanır.

 

QADIN (çöl tərəfdən Kişiyə baxaraq). Uzaq olsun, elə bil, qəbirstanlıqdı…

KİŞİ (çöl tərəfdən Qadına baxaraq). Heç it də hürmür…

QADIN. Quşların da səsi kəsilib…

KİŞİ. Maşın səsi də yoxdu…

QADIN. Hava da donub, dayanıb, elə bil… Qoy, uşağa zəng eləyim.

KİŞİ. Bəlkə yatıblar?

QADIN. İdris demirdi ki, gün çıxıb?

        

Qadın başını çəkib, pəncərənin tayını bağlayır və telefona yaxınlaşır.

 

İşığı bura tut.

 

Kişi də pencərədən çəkilib, şamı telefonun üzərinə tutur.

 

Alo!.. Hə, mənəm… Sənin də sabahın xeyir, oğlum!.. Nə edirsiz? Hə? Lap yaxşı… Yox, hər şey qaydasındadı. Səsimə nə olub? (Gülür.) Həmin səsdi də… Elə-belə zəng elədim ki, görüm necəsiz? Atan? Atan da yaxşıdı… Burdadı, sənə salam deyir… Balacalar neyləyir? Hə? Yox, bizə bir şey lazım deyil, oğlum. Yaxşı, sağ ol. (Dəstəyi asır.)

 

KİŞİ (həyəcanlı və səbirsiz). Nə deyir?

QADIN (əsəbi). Deyir, balacalar məktəbə gedib, mən də hazırlaşıram işə gedim.

        

 

Pauza.

 

Deyir, sizə bir şey lazımdı, axşam gətirim?..

 

KİŞİ (get-gedə daha da artan bir qorxu və həyəcanla). Bəs… Bəs, soruşmadın… gün çıxıb orda?

QADIN. Qaranlıqda balacalar məktəbə gedəcək? Özü də işə getməyə hazırlaşır… Dedi də… Dedi ki, sabahın xeyir, ana…

KİŞİ (səsi titrəyir). Bəlkə, o da bizi qorxutmaq istəmir? (Yenə pəncərədən çölə boylanaraq, başını yuxarı qaldırıb, titrək səslə pıçıldayır.) Ya Rəbbim! Bircə övladımız, gözümüzün ağı-qarası bircə oğlumuz var! Onu da, balalarını da xata-bəladan uzaq elə!

QADIN. Mənimləsən?

KİŞİ (başını pəncərədən çəkərək). Yox.

 

Qadın ehtiyatla addımlayaraq, bayaqkı kimi çarpayının kənarında oturur. Kiş pəncərənin tayını bağlayır və şamın tamam zəifləmiş işığında ehtiyatla çarpayıya yaxınlaşıb, Qadın ilə arxa-arxaya oturur.

 

QADIN. Əgər Şeytan güclü olmasaydı, Həvvanı şirnikləndirə bilməzdi…

 

Pauza.

 

Allah onu niyə Cənnət bağına buraxdı?

 

KİŞİ. Kimi?

QADIN. Kimi yox, nəyi?

KİŞİ. Nəyi?

QADIN. Şeytanı.

 

Pauza.

 

Niyə izn verdi ki, Həvva Adəmi şirnikləndirsin?

 

KİŞİ (şamdanı hələ də əlində tutub). Başqa şam var?

QADIN. Yox…

 

Kişi şamdanı dolabçanın üstünə qoyur. Şamın zəif işığı trümonun bədənnüma güzgüsündə titrəməyə başlayır. Qadın arxası üstə çarpayıda uzanır.

 

Dünən axşam bəyəm balacalar bizə gəlmişdi?

 

KİŞİ (təəccüblə). Hansı balacalar?

 

Pauza.

 

(Eyni təəccüblə təkrar edir.) Hansı balacalar?

 

Pauza.

 

Yatmısan?

 

Pauza.

 

(Qadına tərəf çevrilir, bir müddət diqqətlə baxır, sonra əlini Qadının sinəsinə qoyur.Həyəcanla.) Buz kimidi… (Əyilib qulağını Qadının sinəsinə dirəyir və daha artıq bir həyəcanla.) Döyünmür…

 

Sonra Kişi balıncın altından bir maska çıxarıb, üzünə taxır və arxası üstə çarpayıda Qadının yanında uzanır.

Uzun pauza.

 

QADIN (Başını qaldıraraq). Yatmısan?

 

Pauza.

 

(Dikəlib bir müddət diqqətlə Kişiyə baxır, sonra əlini Kişinin sinəsinə qoyur.Həyəcanla.) Buz kimidi… (Başını əyib qulağını Kişinin sinəsinə dirəyir və daha artıq bir həyəcanla.) Döyünmür…

 

Qadın əlini uzadıb öz balıncının altından bir maska çıxararaq, üzünə taxır və yenə əvvəlkitək arxası üstə uzanır.

 

Şamın işığı bədənnüma güzgüdə soyuq bir parıltıyla titrəyə-titrəyə, nəhayət, sönür.

 

Ölü bir sükut içində hər tərəfi zülmət bürüyür.

 

2017

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018