Şaxta Baba qiyafəsində kitab satan gənc yazar

Bizim beynimizdə şəhər qovluğunun içində də xüsusi "şəhər" qovluğu var.

 

Bu qovluqda şortikli oğlanlar, göbəyiaçıq qızlar, kölgəyə bənzəyən çadralılar, ərəblər, bahalı restoranlar və bütün bunların cəm olduğu daş döşəməli, mərmər oturacaqlı meydan var. "Əlimi sallasam, əllisi" misalı. Bu qovluğa girmək üçün ağ şalvarımı, rəngli köynəyimi, isti paltomu geyinib qolumdan tutub özümü çıxartdım "şəhərə". Təkbaşına tənhalığın neçə addım olmağını bəlli eləyirmiş kimi gəzirəm. Bu "şəhər" də ki, bapbalaca yer. Gəzib, gəzib eyni yerə çıxırsan.

 

O əli itli, məğrur yerişli Svetalar var ha, onların həyata qarşı “vecimə də deyil heç mənim” ədasından bir cıqqan məndə olaydı. Şəhərin ən qələbəlik yerləri Mc. Donalds, Mall və bu kimi yerlərdir. Ki, bunları "Ümumxalq tualet mərkəzi" kimi də cəmləşdirmək olar. Məsələn, şəhərin heç bir tualet sistemində avtomatik duş yoxdur. Əl əməyindən imtina bu olsun gərək! Alqışlar, çox sevindim. Bütün bu kimi şeyləri saya-saya, gəzə-gəzə gəlib çıxırıq səbəbkarın yanına.

 

"Soyuq əllər, isti ürək”. Bu xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunub.

 

 

Gəlin, bəzədilmiş hündür dirəklərin altından içəri birlikdə daxil olaq. Girişdən böyük izdiham yavaş-yavaş, ləng yerişlərlə, bir növ dəniz dalğalarına bənzər hərəkət edir. Boyum balacadır deyə qarşıda nələr baş verdiyini bir o qədər də görə bilmirəm. Amma sağım-solum aydın görünür. Kofe, dönər, şirniyyat qoxusu bir-birinə qovuşur. Bu izdihamda telefonunu hündürə qaldırıb dostları ilə selfi çəkdirənlər də var. Bunu təkbaşına edənlər də. Adamların çoxusunun üzündə çox qəribə sevinc ifadəsi var. Əslində bunun təbii və ya süni olduğunu da seçmək çətin məsələdir. Gərək həmin adamları danışdırasan. Fürsətdən istifadə edib yanımdakı üç-dörd nəfər gəncdən soruşuram:

 

- Dostlar, bu yarmarkaya niyə gəlmisiniz? Burada sizə maraqlı gələn nə var?

 

Gözəl bəzənmiş xanımlardan biri məni süzə-süzə dilləndi:

 

- Dedilər ki, konsert olacaq, gəlmişik ki, bir az əylənək.

 

Elə bunu demişdi ki, yanından bir oğlan qızın qolundan dartıb apardı mənim yanımdan kənara.

 

Ətrafa göz gəzdirirəm. Gözlərim bu bayram ab-havasında, musiqi sədalarına qarışan səs-küy içində simvolik "Şaxta baba”nı axtarır. Çifayda. Yoxdur! Bu qarmaqarışıqlığın içində sıxılıram, darıxıram. Madam ki, Şaxta baba yoxdur, bu işi gizli də olsa boynuma götürürəm. Çantamda 5 kitab var. Bu kitabları oxuyub bitirmişəm, əsl hədiyyə veriləsi kitablardır, adları sirr qalsın.

 

Bir az irəlidə kitab dükanı çıxır önümə. Önündə demək olar ki, bir-iki adam olar, ya olmaz. Yaxınlaşıram.

 

- Bəy, salam. Bu boyda izdihamın içində satış necə gedir? Kitab alan varmı?

 

- Salam, xoş gəlmisiniz. Bəli, var, normaldır.

 

- Mənə maraqlıdır ki, ən çox satılıan kitabınız hansıdır?

 

- " Möcüzələr”.

 

Kitaba baxıram. Nədirsə heç cəlb eləmədi.

 

- Bəy, bəs öz yazıçılarımızdan kim çox satılır?

 

 

Bir xeyli fikirləşəndən sonra Elxan Elatlının adını çəkir. Soyuq əllərimlə, isti ürəyimlə gülümsünüb, təşəkkürümü bildirərək köşkdən çıxıram. Şirniyyat dükanlarından biri diqqətimi cəlb eləyir. Adamlar önündə çörək növbəsinə düzülən kimi düzülüblər. Bu növbədə adam acından ölər. Sağda üç-dörd nəfərlik masaların birində sahibsiz əşyalar var. Amma hiss edirəm ki, birdən həmin əşyaları oğurlayarlar deyə kimsə masaya göz qoyur. İlk hədiyyəmi bu masaya qoyacam. Bəli, çantamdan Xalid Hüseyninin "Çərpələng uçuran” kitabını çıxarıb masanın üstünə qoyaraq gözdən itirəm. Necə sevincli olduğumu izah edə bilmərəm. Amma kitabın taleyindən də narahatam.

 

Aha, ikinci kitab köşkünü görürəm. Önündə şirniyyat dükanındakı qədər izdiham var. Açığı şübhələnirəm. Şübhəm boş deyilmiş. Ağ vərəqdə "55 kitab 5 manat” yazılmış bildiriş stendlərdən birinin arxasına yapışdırılıb. Həə, deməli buna görə imiş. Satıcı oğlana yaxınlaşıb soruşuram:

 

- Bəy, sizdən bir şey soruşum. Bu "5 manata 55 kitab” nə məsələdir?

 

- Bax, gördüyün bu iki kitab stendində olan 55 kitabın hər biri on-on beş manatlıq kitablardır. Endirimlə 5 manata veririk.

 

- Bəs, yaxşı, sizdə ən çox satılan müəllif kimdir? Məsələn, bayaqkı dükanda Elxan Elatlı dedilər.

 

- Hmmm. Vallah, nə deyim. Biz də Elxan Elatlı deyək də.

 

Bu dəfə əllərim də, ürəyim də bumbuz uzaqlaşıram bu köşkdən. Nəhayət, uca bir şam ağacına rast gəlirəm. Bəzədilmiş, başına yekə bir qırmızı ulduz qoyulmuş ağac. Yenə də Şaxta babanı görmürəm. Amma ətrafında xeyli adam var. Şəkil çəkdirirlər. Bir az da irəlidə səhnə var. Böyük monitor, dəmir dirəklər, musiqi. Səhnənin önündə gənclər qaynaşır, əllər göyə qalxır, şəkillər çəkilir. Fürsəti əldən vermək olmaz. Bir qızın çiynindəki ağzı açıq çanta gözümə sataşır. Oğrun-oğrun yaxınlaşıram. Başının qarışıq vaxtında kitablarımdan birini də qızın çantasına qoyub aradan çıxıram. Təhlükəli məqam idi. Bir az qabaqda "Moskiviç”dir deyəsən, qıpqırmızı, yük yerində şam ağacının budaqları var. Onun da önündə adamlar şəkil çəkdirirlər. Bir kitab da bu maşının üstünə qoyuram.

 

 

Yavaş-yavaş getmək vaxtıdır. Deyirdilər ki, qiymətlər çox ucuzdur, yarmarkadır. Amma mən bu təşəbbüsdən heç yararlana bilmədim. Buradakı qiymətlər yalnız elit təbəqənin cibinə görə ucuz ola bilər. Çıxışa yaxın üzündəki peşmanlıq, təəssüf yağan qoca görürəm. Yaxınlaşıram.

 

- Salam, dayı. Necəsiz?

 

- Salam, bala, çox sağ ol.

 

- Dayı, bu yarmarkadan gözünüz su içir? Necədir, razısınız?

 

- Bala, vallah, heç zad. Bayaqdan boş-boş gəzirəm, əllərim cibimdə.

 

Hə, deyəsən, belə demək istəyirdi – soyuq əllər, isti ürək.

 

Eminquey Akif

 

adalet.az

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018