Jurnalistə seks təklifi edən televiziya müdiri

 

Günel Natiq

 

Kişilərin qadınlara seksual təzyiqləri barədə yazılanlar elə bil qeyri-ciddi oyunlardı. Hamı oxuyur, uzaqbaşı başını yelləyir və üstündən keçib gedir. Həmin hadisə də, qurbanlar da biryolluq yaddan çıxır.

 

Daha demirlər ki, bu adi bir məsələ deyil, kişinin qadını öz şəxsi mülkiyyəti kimi görməsi, onu istəmədiyi əlaqəyə təhrik eləməsi necə böyük faciələrə yol açır, bir qadının, bir ailənin taleyi məhv olur.

 

İstəmədiyi əlaqələrə sürüklənən və nəticədə durumuyla barışmayıb özünə qəsd edən qadından yazmışdıq. Həmin o qadından ki, seksual təzyiqə məruz qalıb, amma işini itirməmək üçün müdirə “yox” cavabı vermək iqtidarında olmayıb. Baş verənlərin dəhşətini sonradan dərk edib, öz gücsüzlüyünün fərqinə varıb. Uzun müddət davam edən stressin, depressiyanın sonunda həmin o talesiz qadın özünə son “hədiyyəni” edib, həyatla vidalaşıb.

 

Həmin o qadını ittiham edənlər də oldu: “Ətrafındakıları, övladlarını düşünməliydi” və s. Amma bir qadının içində nələr yaşandığını heç kim bilə bilməz. Hətta ən həssas kişi də bunu anlamağa qadir deyil.

 

Kişilər üçün problem yoxdur, əminəm ki, o qadınların faciəsinə səbəb olan həmin adamlar heç nə olmamış kimi yaşayır, ailə sevinclərindən kef alır, kənarda yeni qadınlarla da görüşürlər. Kim bilir, o qadınların taleyi necə olacaq? Hər halda kişilər üçün bu maraqlı deyil.

 

Özəl televiziyaların birində işləyən rəfiqəm də belə bir halla qarşılaşıb. Xoşbəxtlikdən, bu, elə böyük fəsadlara yol açmayıb, çünki qadın özü buna rəvac verməyib.

 

Rəfiqəm istedadlı qızdır, yaxşı qələmi var. Qızın bu istedadı departament müdirinin nəzərindən yayınmayıb.

 

“Sizdə fərqli istedad var,- deyib, - çox istərdim, mənim departamentimdə çalışasınız”.

 

Rəfiqəm çox sevinib və razılığını bildirib. Nə vaxt başlaya biləcəyini soruşub.

 

“Mən özüm sizi axtaracam,- müdir deyib, - zəngimi gözləyin”.

 

Qısa bir vaxtdan sonra zəng gəlib. Müdir yenə onun qələmini tərifləyib, üstəlik xarici görünüşünün də televiziyanın vizual tələblərinə uyğun gəldiyini söyləyib. “Bir sözlə, hər şey, əladır!”- müdir qeyd edib.

 

Rəfiqəmin sevincindən içi-içinə sığmayıb. “Bəs nə vaxt başlaya bilərəm?” - soruşub.

 

“Layihəni geniş müzakirə etməliyik, - müdir deyib, - gərək bu barədə oturub danışaq”.

 

Rəfiqəm: “Əlbəttə, mən sizin departamentə müzakirəyə gələrəm. Layihəni də sistemli şəkildə tərtib edib sizə təqdim edərəm”,-deyib.

 

“Yox, bu iş depatamentdə baş tutmayacaq, - müdir etiraz edib, şəhərdə görüşsək, daha məqsədəuyğun olar”.

 

Rəfiqəm anlaya bilməyib ki, layihə niyə adətən olduğu kimi iş yerində deyil, şəhərin hansısa yerində müzakirə edilir. Onun çaş-baş qaldığını hiss edən müdir belə variantdan istifadə edib:

 

“Bilirsiniz, departamentdə paxıl insanlar çoxdur, onlar sizin layihənizə qısqanclıqla yanaşa bilərlər, bu isə problem yaradar. Yaxşısı budur, hələlik layihəmizdən heç kim xəbər tutmasın”.

 

Bu söylənilənlər rəfiqəmin ağlına batıb. Müdirin dediyi ünvana gəlib. Sadə çay süfrəsi arxasında keçəcəyini gözlədiyi görüş içki məclisində baş tutub. Rəfiqəm əvvəlcə çıxıb getmək istəyib. Müdir isə saxta canıyananlıqla onu saxlayıb, “layihənin müzakirəsini” ləğv etmək istəmədiyini bildirib. Layihə məsələsi yenə rəfiqəmdə çaşqınlıq yaradıb.

 

Uzun sözün qısası, müdir niyyətini açıb deyib. Rəfiqəmə ən yaxşı rejissor, ən yaxşı operator və ən yaxşı efir saatının veriləcəyini deyib:

 

“Amma bir şərtlə. Şərt də ondan ibarətdir ki, əl əli yuyar, əl də üzü. Yəni bu işlər elə-belə görülmür. Hər bir yaxşılığın əvəzi müəyyən yolla ödənməlidir. Bir də ki, sən mənim xoşuma gəlirsən. Yəni kortəbii bir hiss deyil bu”.

 

Rəfiqəm qəzəbini güclə cilovlayıb. Stolun üstündəkiləri müdirin başına tolazlamaqdan özünü birtəhər saxlayıb.

 

“Əşi gedirsən, get. Nə çox sənin kimisi. Özləri yalvarırlar”, - müdir də qəzəblənib.

 

“Yolda özümü saxlaya bilmədim, avtobusda ağlamağa başladım,-rəfiqəm deyir, - insanlar başıma nəsə pis bir iş gəldiyini düşünüb kömək etmək istəyirdilər. Doğrudan da başıma ən pis iş gəlmişdi. Məni alçaltmışdılar”.

 

Bir neçə gündən sonra rəfiqəm departamentə yeni layihə rəhbəri qəbul edildiyini eşidib. Yeni əməkdaşı-gözəl gənc qadını görəndə baş verənləri xatırlayan rəfiqəmi bir də ağlamaq tutub. 

 

Şirkətdə gəzən pıçapıçlardan məlum olub ki, departament müdiri həmin o “kortəbii olmayan hisslərini” bir çox gənc qıza “bəsləyir”. “Layihə müzakirələrini” də şəhərdən kənarda aparır. Yəni şüursuz məxluq kimi departamentə hər müraciət edən gənc qıza eyni davranışda bulunur.

 

Maraqlıdır ki, insanlar belə halları normal qarşılayırlar. Uzaqbaşı deyirlər, uzaq dur, başını cəncələ salma. Belə çıxır, belə adamların meydan suladığı yerlərdə qadınlar ürküb uzaq qaçmalıdır.

 

Halbuki öz işindən sui-istifadə edən kişilərin yırtıcı instinktindən dolayı neçə-neçə istedad məhv olub, özünü realizə edə bilməyib. Həmin qız isə televiziya ilə biryolluq vidalaşmalı olub, arzuları, planları yarımçıq qalıb.

 

Qadınlara hələ də cariyə nəzəriylə baxan kişilər kifayət qədərdir. O kişilər ki, “yox” cavabı alanda hətta təəccüblənirlər də. “Burda nə var ki. Belə davranmağa davam etsən, sən çox geri qalarsan. Həyatda heç nəyə nail ola bilməzsən”.

 

Elə kişilər düşünürlər ki, öz ləyaqətlərini alçaltmayan qadınlar heç nəyə nail ola bilməzlər. Bir çox şeylərə ancaq bu vasitə ilə nail olmaq olar. Qəribə düşüncədir.

 

Amma bir məsələ var, ləyaqətini itirən qadının qazandıqları nə işə yarayar ki? Bu qələbə daha çox məğlubiyyətə bənzəyir. Başını dik tutub, amma gözlərini qaldırıb insanların üzünə baxa bilməyən qadınları təsəvvür edin.

 

Məncə bu da özünəqəsdin bir ayrı növüdür. İnsan sağ qalır, amma içindəki bütün müqəddəs duyğuları qətlə yetirir.

 

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018