Nazir ilin mədəniyyət hadisələrindən danışdı: “Kamança və dolma...”

Bu il mədəniyyət və turizm sahəsi zəngin, maraqlı tədbirlərlə yadda qalıb. Kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilin ən mühüm hadisələrindən biridir.

 

Bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir bildirib ki, bununla yanaşı, Azərbaycan tarixində ilk dəfə olaraq Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” və Bakı Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin hesabatında və baş katibin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilib: “Bu, onu göstərir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişafı Prezident İlham Əliyev tərəfindən siyasi, ana xətt kimi qəbul olunub. Artıq ölkəmiz bu prosesin mərkəzi kimi qəbul edilir, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Fəxr edirik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı beynəlmiləlçi siyasətdə Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir”.

 

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Ə.Qarayev ötən müddət ərzində şuranın gördüyü işlərə də toxunub: “Ötən il dekabrın 27-də Prezident İlham Əliyevin daha bir Fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Təkcə şuranın keçirdiyi öncəki beş iclasda 100-dən çox müxtəlif qərarlar qəbul olunub. Bu qərarlar Azərbaycan turizm infrastrukturunun yaradılmasına və onun inkişafına, eyni zamanda, Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərdi”.

 

Ə.Qarayev bildirib ki, 2017-ci ili mürəkkəb və maraqlı edən səbəblərdən biri də ilk dəfə olaraq nazirlikdə struktur dəyişikliklərin olmasıdır: “Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biri olub. Azərbaycan mədəniyyətinin maliyyələşdirilməsi artıq mərkəzləşdirilmiş qaydada keçirilir. Hesab edirəm ki, regional idarələrin formalaşdırılması ilə bağlı qərar vaxtında verilib. Hazırda bizim qarşımızda regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması dayanır”.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018