Çal, aşıq, çal!

Qurban Cəbrayıl

 

Bu cahana bir ustad gəldi, 78 il yaşadı və getdi. Rəsmi sənədlərdə göstərilən doğum-vəfat tarixçəsi cisminin təzahürünə və qeybinə aiddir, məncə. Dədə Qorquddan, Yunus Əmrədən, Dirili Qurbanidən, Qaracaoğlandan, Tufarqanlı Abbasdan, Aşıq Alıdan, Ələsgərdən üzü bəri Yer üzündə sərgərdan qalan ölməz ruh onun vücudunda təcəlla elədi, pərvazlandı və öz əzəli məskəninə qayıtdı.

 

İnsanları ifasının cazibəsində əsir-yesir eləməkdən başqa da möcüzəsi, sehri vardı; sənətində xalq dastanlarının qəhrəmanları bir ölümsüzlük qazanmışdılar: talesiz aşiqin həyatdakı prototipi Əslinin düymələrindəki qığılcımdan birdəfəlik külə dönmüşdü; sazın tellərindən od alan Kərəm isə sanki əsatirlərdəki Simurq quşu kimi alışıb yanır, külə çevrilir, yenidən yaranırdı. Beləcə, bir ömürdə özü də milyon dəfə ölüb dirildi - şamın timsalında əriyib yenidən şölə saçdı, ətrafındakı pərvanələr də oda qalandı…

 

Biz onu rejissor Tofiq Tağızadənin 1970-ci ildə çəkdiyi “Yeddi oğul istərəm” filmində yaratdığı Aşıq obrazından tanımışıq. Cəlalın güllələnməsi səhnəsində Gəray bəyin “Şəkər bəy oğlunun beşiyi başında sənə hansı havanı çaldırardı?” sualına “Yanıq Kərəmi” deyə cavab verir və edam elə həmin ifa ilə də həyata keçirilir. Epizodik rol olsa da, təsirli və yaddaqalan idi, tamaşaçıları möhkəm tutmuşdu – o dövrlərdə beş-altı uşaq bir yerə toplaşanda əlimizə bir ağac parçası alıb həmin səhnəni oynayardıq:

 

- Şəkər bəy oğlunun beşiyi başında sənə hansı havanı çaldırardı?

 

- “Yanıq Kərəmi”, bəy..!

 

- Çal, aşıq, çal!

 

Sonralar “Ədalət”, “Aşıq Ələsgər”, “Tanrı payım, telli sazım” və digər ekran əsərlərində də rol almasına, "Qaytarma", "Baş Sarıtel", "Ruhani" və sair saz havalarının mahir ifaçısı olmasına baxmayaraq, insanların yaddaşında “Yeddi oğul istərəm” filmindəki Aşıq kimi qaldı; “Yanıq Kərəmi” isə sənət vəsiqəsinə çevrildi…

 

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvarın 27-də Qazaxda dünyaya göz açmışdı. Doğulub böyüdüyü ailədə yaradıcı bir mühit hakim idi, sözə, sənətə, folklora, böyük önəm verilirdi. Saz çalmağı da atasından öyrənmişdi. Gənc yaşlarından fitri istedadı üzə çıxdığından, mütəmadi olaraq məclislərə dəvət alardı. Həmin səbəbdən də tez bir zamanda sorağı hər yana yayılmışdı.

 

Mərhum xalq şairimiz Səməd Vurğun bu əsrarəngiz çalğının vurğunu idi və gənc istedadın parlaq gələcəyinə bəslədiyi böyük ümidlər də puça çıxmadı.

 

Türk yazıçısı Əziz Nesin isə belə söyləyirdi: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

 

Ədalət Nəsibov barədə xalq yazıçısı Anarın 41 il öncə yazdığı və “Ulduz” jurnalında dərc olunmuş məqaləsində də maraqlı fikirlər var: “Məlumdur ki, aşıq sənəti vəhdətdir - söz-şeir, musiqi-bəstə və ifaçılıq. İfaçılıq deyəndə biz ilk növbədə oxumağı, yəni insan səsinin ifasını nəzərdə tuturuq. Bu ifanı saz müşayiət edir.

 

Ədalət də oxuyur: aşıq havaları ifa edir. Amma mənim fikrimcə, onun aşıq sənətimizdə xüsusi yeri - sözsüz ifaçılığı, saz çalmasıdır. Ədalətin xidməti ondadır ki, o, sazın - müşayiət aləti olan tək bir sazın aşıq sənətinin bütün zənginliyini ifadə etməyə qadir olduğunu sübuta yetirmişdir. Ədalət sazının heç bir sözə, oxumağa ehtiyacı qalmır. Bu saz öz-özlüyündə, təkbaşına bütün duyğuları - yanıqlı kədəri də, həzin qəmi də, məğrur nikbinliyi də  öz dili ilə, doqquz teli ilə canlandıra bilir. Sazı muğam sənətində tarın, kamançanın tutduğu mövqeyə Ədalət çatdıra bildi. Bu məharət isə ondan doğur ki, ifaçı bütün varlığı ilə çaldığı alətə qovuşur.

 

Ədaləti dinləyərkən ifaçı ilə sinəsindəki sazın sərhədini təyin etmək olmur - insan barmaqları çaldığı alətin tellərinə harada keçir, saz harda  insan qəlbinin ən dəruni titrəyişlərinə səs verir? İş onda deyil ki, Ədalət sazı istədiyi şəkildə, hətta nümayişkaranə ədalarla çala bilir: boynunun ardında, qoltuğunun altında - sazdan yalnız simli alət kimi yox, yeri gələndə zərb aləti kimi də istifadə edir. İş ondadır ki, Ədalət bu aləti ram etmiş, öz iradəsinə tabe etmişdir. Çünki o, sazın hər bir sirrinə vaqifdir, bütün imkanlarına bələddir...”

 

O gün – sentyabrın 15-də Ağköynək qəbiristanlığında bərk qələbəlik idi: doğmaları, dostları, sənət adamları Aşıq Ədaləti telli sazın sədaları altında o dünyaya yola salırdılar...

 

Amma bu, təkcə Qazaxın saz-sözlə yoğurulmuş torpağında belə deyildi, matəm libası geyinmiş səmasında da azman aşıqların ruhları toplaşmışdı. Və Aşıq Alı yuxarıdan aşağı ağappaq bələkdəki körpəyə nəzər yetirib, sevimli şəyirdi Ələsgərdən soruşdu:

 

- Məhəmmədəli kişi bu uşağın beşiyi başında hansı havanı ifa edərdi?

 

- “Yanıq Kərəmi”ni, Ustad!

 

- Çal, aşıq, çal...

 

 

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018