Toyda operatorları söyən, qızgətirmədə şalvarı cırılan rejissorHƏYAT HEKAYƏTİ

 

Kulis.az “Həyat içindən” layihəsində Ayxan Ayvazın “Toy rejissoru” yazısını təqdim edir.

 

- Yadındadır, 2001-ci il?

 

- Nəyi deyirsən?

 

- Soyuqlar təzə-təzə düşmüşdü. Dekabr ayıydı. 4-cü sinifdə oxuyurduq.

 

- Hə, o kədərli günü deyirsən.

 

- Biz onda səhər smeni idik məktəbdə?

 

- Elədi... Sən boz kostyum geyinirdin həmişə.

 

- Ay sağ ol... Atam həmin gün səhər durub bazarlıq elədi, gəlib bizə səhər yeməyi hazırladı. Dedi, Emin, sən get məktəbə. Çantamı geyinib çıxdım çölə, məni yola saldı. Hansı dərsdə bacım gəlmişdi?

 

- Ədəbiyyat idi deyəsən...

 

- Hə, ədəbiyyat idi. Üstündən xeyli vaxt keçib deyə dəqiq xatırlamıram.

 

- Bacın ağlaya-ağlaya səni çölə çağırdı...

 

- Hə... İcazə istədi müəllimdən... Bir yerdə evə getdik... Gördüm ki, atam ölüb...

 

 

Sinif yoldaşımın həyat hekayəsidir bu.

 

Onu həyatın çirkli, qorxulu əllərinə atan hekayə.

 

Balaca bir uşağın atasızlıq dövrü.

 

İndi şadlıq sarayındayıq. Onun iş yerində. Hekayəsini danışandan sonra hərəyə bir siqaret yandırırıq.

 

Biz ikinci mərtəbədə oturmuşuq. Yuxarıda. Aşağıda toy salonudur. Ofisiantlar qab-qacaq daşıyırlar, stolları sahmana salırlar. Bir azdan toy başlayacaq. Elə sinif yoldaşımın işi də. O, indi toy rejissorudur. Balaca, qutu boyda yer onun iş yeridir. Qabağında televizor, kasetlər, kabel... Bir də Mirmöhsün ağanın şəkli gözə dəyir.

 

Emin Məmmədhüseynoğlu dindar ailədəndi, özü də namaz qılır. Hər işə başlayanda “Bismillah” çəkir. Yemək yeyəndə də. Şükür edir Allaha. Ona bir peşə verdiyi, uşaqlarına çörək apara bildiyi üçün...

 

Atadı indi o. Atasızlıq yaşamış ata.

 

Hərdən toylar olmayanda başqa işlərə də baş qoşur. Təki uşaqlar ac-susuz qalmasınlar. Boş dayanmır. Hər yerə tilov atır. İndi Res Tv-də də çalışır. Baş operatordur. Toylar başlayanda isə tilovunu bura atıb gözləyir.

 

- İşin necə başlayır?

 

- Köynəyimi çıxarıb atıram qırağa, otururam burda. Toya nəzarət edirəm. Kasetimi hazırlayıram.

 

 

- Elə bu?

 

- Operatorlara nəzarət edirəm. Söyürəm onları.

 

Gülüşmə düşür.

 

- Məzələnmə.

 

- Vallah, olanı deyirəm. Operatorların qulağında “nauşnik” olur. Kameranı əyri tutanda mikrofonu qoşuram, sözümü deyirəm onlara. Burdan ora “svyaz” gedir. Məsələn, deyirəm, Kənan, kameranı düz tut. O, da cavab verir ki, oldu. Bir də gördün məni əsəb eləyirlər. Bir deyirəm, iki deyirəm, üç deyirəm, axırı “düüt”...

 

Əlini əlinə vurub şaqqanaq çəkir. Söhbətimizə qulaq asan operatorların da qırışığı açılır.

 

- Sən bəyin evinə getdin? – birinə soruşur.

 

- Hə...

 

- Yaxşı... Pul verdi?

 

- Yox e...

 

- Xəsisin biri, xəsis....

 

Hamı gülür.

 

 

- İş başlayanda zarafatı qoyuruq bir kənara. İndi hələ toy başlamayıb. Ona qədər bir-birimizlə zarafatlaşırıq. Amma iş ki başladı, oluruq tam ciddi.

 

Atasının ölümündən sonra qollarını çırmalayıb işə girişib. Artıq evin kişisi odur axı. Bundan sonra hamı onun əlinə baxacaq.

 

Məhəllələrinin yaxınlığındakı internet klubda işə başlayıb. Pis də qazanmırmış. Allah bərəkət versin!

 

Amma bir gün sinif yoldaşıma bir təklif gəlir.


Deyiblər ki, bu internet klubda işləmək bu gün var, sabah yoxdur. Sən gərək bir peşəyə yiyələnəsən, həmişə əlin çörək görməlidir.

 

Eminin ağlına batıb.

 

Bu peşə də toylarda kabel daşımaq imiş...

 

Maaşı da az...

 

Amma bu ömürlük qazanc olacaqmış.

 

Məhəllə uşaqları elə deyirmiş. Emin də razılaşıb.

 

- O gündən başladım toylarda işləməyə. Bir-iki il kabelşik işlədim. Sonra yavaş-yavaş kameranı öyrəndim.

 

- İlk günlər çətin olardı...

 

- Demə-demə... O boyda şeyi belimdə daşımaq çətin gəlirdi. Daşıya bilmirdim. İş qurtarandan sonra yeriyə bilmirdim.

 

- Sonra nə oldu?

 

- Müdirim vardı, məni çəkdi qabağa. Operatorluğu öyrətdi. Sonra da əlimdən tutub gətirdi Nərimanovdakı peşə məktəbinə. Onsuz da öyrənmişdim operatorluğu. Amma orda daha dərindən öyrəndim.

 

Təəssüflə sözünə davam eləyir:

 

- Özün bilirsən də... Məktəbə gah gəlirdim, gah gəlmirdim. Oxuya bilmədim. Nə bilim, bəlkə də oxuya bilərdim. Amma gecə toylarda işləyə-işləyə oxuya bilməzdim. Evə çörək aparmalıydım...

 

 

Hardan-haraya?! Emin toylarda çalışa-çalışa əlavə işlərə də girirdi. Bir gün kuryer olurdu, səhərisi gün kafedə ofisiant, o birisi gün satıcı. Onu hər qiyafədə gördüm. Uşaqlarının üzünü güldürmək, kasıbçılığı hiss etməmək üçün hər yükün altına girdi. Buqələmun kimi rəngini dəyişə-dəyişə yaşadı. Bircə əynindəki rəng dəyişdi. İçi isə həmişə təmiz və sabaha ümidli oldu. Bir gün fəhlə, o biri gün satıcı kimi çıxdı qarşıma. Gözlərindəki kədər qarışıq sevinc parıltısını isə heç vaxt itirmədi.

 

Hər gün toylardan danışdığı əhvalatları da elə həvəslə nağıl eləyir ki...

 

- Şair, - deyir mənə - o gün bilirsən nolub? Toyda idim...

 

Qəfil gecənin bir vaxtı zəng edir, telefondan toyun gurultusunu eşidirəm:

 

- Şair, səni sevirəm e! Sənə maraqlı əhvalat danışacam. Hekayə yazarsan.

 

Məni hekayəsiz qoymur. Hərdən düşünürəm ki, onun bu şuxluğunun səbəbi içindəki saysız-hesabsız hekayələrə görədir.

 

Özü də elə maraqlı danışır ki...

 

 

Bəlkə də gələcəyin Cem Yılmazıdır, danışdığı əhvalatlara qarnını tutub gülməmək mümkün deyil. Bilirsiniz niyə? Dəhşətli özünəironiyası var. Özü ilə o qədər məzələnir ki...

 

Həmin əhvalatlardan birini danışır, özü də yüksək aktyorluq qabiliyyəti ilə:

 

- Deməli, bir dəfə bəyin evinə getmişik. Görürəm bəy oturub kompüterin qabağında GTA oynayır. – bəyi yamsılayır.

 

- Niyə ki? – gülürəm.

 

- Bir az ağıldan o məsəl idi də bəy. Başı çatmırdı. Həm də GTA oyununu çox sevirdi. – Üzündə qaçışan təbəssümü tuturam. - Bir kompüter olsaydı, mən də ona qoşulub oyun oynayardım.

 

Gülürük.

 

 

- Nəysə e... Biz çaş-baş qalmışdıq. İlk dəfə GTA oynayan bəy görürdüm. Özü də elə rahat oturmuşdu, elə bil “iqra” salonundadır, vaxt yazdırıb. Birdən valideynləri dedi bunu çək. Çək, çək də. Nəysə, bunu çəkdik, ordan getdik qız evinə. Onda da yay vaxtı idi, şalvarım da nazik. Hə, nə başınızı ağrıdım, bir də gördüm lampa düşür aşağı. Bir, iki, qorxdum ki, ev yanacaq. Tez əyilib lampanı tutmaq istəyirdim ki, səs gəldi.

 

- Nə səs? – operatorlardan biri maraqla soruşdu.

 

- “Caaart”.

 

 

Biz gülməkdə olaq siz davamına qulaq asın:

 

- Baxdım şalvarımın yarısı yoxdu. Arvadlar da marıtlayıb məni, ağızlarını tutub gülürlər.  

 

Gülmək dedim, indi ağlamalı əhvalat gəlir. Toyların birində sinif yoldaşımın başı az qala bəlaya girəcəkdi. Deməli, toy kasetində bir hissə silinib, toy yiyələri də deyir, o hissəni tapın, yoxsa Emini öldürəcəyik. Sinif yoldaşım toyu çəkib, hər şey qaydasındadır. Di gəl, “qızgətirmə” hissəsi yoxa çıxıb. Nə qədər eləyirlər, tapıb ortalığa çıxara bilmirlər. Axırda bir kələk gəlirlər: toy yiyələrinə kaseti verirlər ki, düzəlib hər şey. Onlar da gedib evdə baxanda həmin hissəni görmürlər. Qayıdıblar geri ki, bəs həmin hissə yenə yoxdu, bu nə deməkdi, siz bizi dolayırsınız? Müdir də deyib ki, baxın diski zədələmisiniz, ona görə o hissə silinib, bizdə də kompüterdə qalmayıb. İstəyirsiniz, təzədən “qız gətirmə”ni çəkərik.

 

- Həmin vaxtlar öldüm dirildim. Toy yiyələri də başdan qrija. Mənə deyirlər, səni öldürəcəyik, ya “qız gətirmə”ni tap, ya da 10 min gətir. Axırı müdir həll elədi. Canım qurtardı.

 

- Şükür... Yoxsa indi burda mənnən söhbət eləyə bilməyəcəkdin.

 

- Hə e... Tabutda aparırdın indi məni.

 

 

Gülürük. Birdən ağlıma bir sual gəlir:

 

- Evli adamsan. Amma cavanlıqda toyda qıza nömrə vermiş olarsan...

 

Cavabına baxın:

 

- 15 il operator işləmişəm, cəmi-cümlətanı bircə dəfə qıza nömrə vermişəm. Amma heç nə eləyə bilmədim. Qorxumdan zəng vurmadım.

 

Gülüşümüz toy səsinə qarışır...

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018