Reklamın zorladığı yeni filmlərimiz

Mirmehdi Ağaoğlu

 

Təsadüfən belə alındı ki, bu gün dalbadal son illər çəkilmiş üç yeni komediyaya baxdım. Əvvəl "Stalinin başı"na, sonra "Hoqqa"ya, daha sonra da "Gizlənpaç"a.

 

Ən çox xoşuma gələn "Gizlənpaç" oldu. Xüsusi atmacalardan, zarafatlardan çox, dolğun süjet üzərində qurulmuşdu. Müşfiq Şahverdiyev İlkin Misgərlinin oyunları da normal idi. Ümumiyyətlə, Müşfiq "My name is İntiqam"dan üzübəri hər rolunda üstünə qoyur. Ən yaxşı rolu da "Kəklikotu"ndadır.

 

"Stalinin başı" isə ənənəvi “Bozbaş pikçers” üslubunda çəkilib. Personajların hər birinin xarakterik xüsusiyyətləri var, film də əsasən bu personajların həmin xüsusiyyətləri üzərində qurulur deyə, ilk baxışdan maraqlı görünən süjet dərinə işləmir, zənginləşdirilmir. Belə deyək, "Stalinin başı" müstəqil filmdən çox, “Bozbaş pikçers”in davamını və ya Şəmigilin növbəti macərasını xatırladırdı.

 

Yeri gəlib, deyim ki, “Bozbaş pikçers” də maraqlı layihədir, güldürə bilir, bircə reklamlar bu qədər açıq olmasa. Ümumiyyətlə, filmlərdə reklam məsələsi böyük “paz”dır. Axı siz bu filmləri "odnarazıvı" çəkmirsiz, sabah reklam etdiyiniz sığorta şirkətləri, mebel mağazaları, enerji içkiləri, kolbasalar olmaya bilər, amma filmlər qalacaq. O zaman nə edəcəksiz?

 

Məncə, artıq film çəkənlərin reklam şirkətlərinə, sponsorlara dur deməyinin, heysiyyət nümayiş etdirməyinin vaxtı çatıb. Sponsorsan lap yaxşı, dur kənara, titrlərdə adın çəkilər, bəsindir, aktyor kimi nə düşmüsən ortaya, hər kadra girirsən. Əslinə qalanda sponsorlar, iqtisadi subyektlər hər hansı bir mədəniyyət layihəsində iştirak etdiklərinə, orada adları çəkilməyə layiq görüldüklərinə görə sevinməli, şərəf duymalıdır. Bizdə tam tərsinədir, filmdə kolbasa, enerji içkisi görünməsindən şərəf duyuruq. Bunun dünyada bəlli standartı var, o standartla da gedilməlidir. Filmi reklam çarxına döndərmək olmaz...

 

O halal kolbasalar haqqı!

 

İndi də gələk "Hoqqa" filminə. Baxmayaraq ki, bu filmdə daha çox peşəkarlar çəkilib, ən zəifi elə bu idi. Ayrı-ayrılıqda Dilarə Əliyeva  da gözəl oynayır, Elməddin Cəfərov da, ancaq ortada film yoxdur. AzTV-nin hər il Yeni il, Novruz vaxtı çəkdiyi “dejurnı”, müğənnilərlə ağızbağız dolu "filmcik"ləri olurdu, bilmirdin filmdi, yoxsa televiziya tamaşası... “Hoqqa" hardasa o "filmcik"ləri xatırlatdı. Deyəsən, başdansovdu yanaşmışdılar. Halbuki gözəl materialları vardı, filmdə sosial şəbəkələrdəki tanışlıqlardan da bəhs edilirdi. Bunları birləşdirib əla iş görmək olardı. Görməyiblər.

 

Ancaq bütün hallarda bu qədər filmin çəkilməsi ondan xəbər verir ki, kino sahəsi relsə oturmaq üzrədir. Bir azdan kino sənayesinin sürət alan lokomotivinin üfüqdə yalnız boz tüstüsü görünəcək. Ümid edək ki, bu "qatar"ın səsi beynəlxalq kinofestivallardan gələcək.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018