Zəlimxan Yaqub yad olunub

Xalq Şairi Zəlimxan Yaqubun dünyasını dəyişməsinin ikinci ildönümü ilə əlaqədar şairin məzarı ziyarət olunub.

 

Elm, ədəbiyyat, mədəniyyət xadimləri, zəlimxansevərlər, şairin doğmaları və ailə üzvləri Fəxri xiyabana gələrək şairə ehtiramlarını bildirib, məzarı üzərinə gül dəstələri düzüblər.

 

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi, Zəlimxan Yaqubun ədəbi irsinin araşdırıcısı Musa Nəbioğlu şairin hələ sağlığında ikən özünə milyonların qəlbində abidə ucaltdığını bildirib. O, bu yaxınlarda şairin xatirəsinə ehtiram əlaməti olaraq “Zəlimxan özü var xatirələrdə” kitabını nəşr etdirdiyini deyib.

 

Vurğulanıb ki, kitabda Z.Yaqub dünyasını dəyişəndən sonra onun haqqında yazılmış elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva Zəlimxan Yaqubun həm bir şair, həm də bir şəxsiyyət kimi böyüklüyündən söz açıb, Azərbaycan ədəbiyyatındakı yerini və rolunu vurğulayıb.

 

Mərasimdə gənc şairlər Qılman İman və Anar Amin Zəlimxan Yaqubun söz-sənət aləmində hər zaman yerinin göründüyünü, onun gənc ədəbi qüvvələrə daim qayğı göstərdiyini vurğulayıblar, onunla bağlı xatirələrini bölüşüblər.

 

Şairin doğulub boya-başa çatdığı bölgənin adından çıxış edən “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin sədri Azər Göyüşov təkcə kəpənəkçililərin deyil, bütövlükdə borçalıların Zəlimxan Yaqubla hər zaman qürur duyduğunu deyib, bu böyük söz ustadı ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlərdən söz açıb.

 

Sonda şairin oğlu Bəhlul Yaqubov çıxış edərək anım tədbirində iştirak edənlərə və bütün zəlimxansevərlərə ailə üzvləri adından təşəkkürünü bildirib. /azertag.az/

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018