İstəyirəm əlli qram vuram... vuram... - Salam Sarvandan BƏH-BƏHRİ-TƏVİL

Kulis.az tanınmış şair Salam Sarvanın yeni yazdığı “Bəh-bəhri-təvil”i təqdim edir.

 

Bu odlar yurdunun külü də, Kürü də,

kürüsü də gözəldi.

 

Yollarda maşın, küçələrdə insan tıxacı.

 

Bu tıxaclarda inək avtobuslardan,

qoç CİPlərdən, qoyun jiqulilərədən  ibarət

sürüsü də gözəldi.

 

Sözlərin susub rəqəmlərin danışdığı zamanda

budur məntiqin təbiri-cəbri-caizi:

işğaldakı torpağın faizinə bərabərdi

bank kreditlərinin faizi.

 

Və ən uzunömürlü Əlifağa kişinin

Yaşı qədərdi pensiyası...

180 – qanın təzyiqi, 120 – neftin bareli,

400 – qanın şəkəri,  1400 – qızılın unsiyası...

 

Ey ATƏT-in vasitəçilik missiyası,

Allahla aramızda mollanın,

insanla aramızda Xeyrullanın vasitəçilik elədiyi yerdə

şairlər yarla da durnalar vasitəsiylə hal-əhval tutmaqda.

 

Və bu fırıldaq şairlər min illərdi ki hökmdarlara

bəsit mədhiyyələrini sırıyıb, əvəzində

mandatlar, xalatlar, baratlar, manatlar almaqla

hakimiyyətə əməlli-başlı “atmaqda”.

 

Hərçənd, Molla Pənah Vaqifin hurisi də gözəldir,

Nəsiminin, ölüykən, yoxsa diriykən soyulduğu

ölüm-dirim polemikasına çevrilən dərisi də gözəldi.

 

Noolsun ki evi birotağlıyam,

qanımla, canımla, uzun sözün qısası hər yanımla

bu vətənə bağlıyam.

 

Babam Qoç Koroğlu, dayım Qoçu Əsgər,

havam Qoçəli, xasiyyətim Qoç bürcü.

Yəni, baxma ki əsl adım Mameddi,

mən Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam...

 

Soruşsan kimin oğluyam:

Çənli BELDƏN gəlmişəm.

 

Saranı aparmış seldən gəlmişəm,

Məcnunun düşdüyü çöldən gəlmişəm.

“Göylərə baş çəkən Göyəzən dağı”ndan,

Göy tanrıdan, Göy məsciddən,

Göyçaydan, Göy göldən gəlmişəm.

 

Anadan 1966-cı ildə olmuşam,

dünyaya 1466-cı ildən gəlmişəm.

 

Allah məni palçıqdan yaratmayıb,

qədimliyimi sübut eləməkçün qazıntı aparan

yekə-yekə alimlərimizin orda-burda tapdığı gildən gəlmişəm.

 

Bəli, mənim vətənimin keçmişi də, gerisi də gözəldi.

 

SSRİ-ni dağıtmağın andını içə bilmərəm,

amma “din tiryəkdir” deyən

Leninin acığına zəncir vura-vura

kommunizmi mən qoymamışam qura.

 

Azadlığı istəmirəm qram-qram,

istəyirəm əlli qram vuram vuram, vuram, vuram…

 

Əhvalımı sorma ki, bir əhvalatdı.

 

Siyasətçilərimdən biri imam-camaatdı.

Qalanları səyyahi-Ərafatdı.

Əmvatına bir salavatdı.

Salavatın biri yas məclislərində bir manatdı.

 

Allahla, şeytanla qəlb və beyin söhbəti eləməyə

heç zaman can atmayan,

yalnız Allaha dua, şeytana lənət oxumaqdan ibarət

kasad leksikonlu yurdumun “miri”si də gözəldi.

 

Camaatım yaxşı camaatdı,

dövlətinin keşiyində daim farağatdı.

 

İbrahimxəlil xanın dövlətçiliyi xilas eləməkçün

Teymurləngə verəcəyi rüşvəti

xalq öz qızıl-gümüşündən yığıb vermədimi?!

 

Sovet dövlətçiliyini Hitlerdən qorumaqçün

öz qoyunlarını qırxıb yunundan əsgərlərə corab hörmədimi?!

 

Nə isə...

Vətəndaş xanım öz bəxtindən küssün ki, çirkindi,

Dövlət bəyin ölüsü də gözəldi, dirisi də gözəldi.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018