Uşağının qatilini bağışlayan polis - HEKAYƏ

 

Kulis.az Təranə Məmmədlinin “Velosipedli uşağın atası” hekayəsini təqdim edir.

 

Rayonun ən yaxşı mehmanxanasında gecələdim. Ertəsi gün ünvanını təxmini bildiyim o yaşlı qadının evinə getdim. Bakıdan gəldiyimi bilib məni içəri dəvət etdi. Yaşı çox olmasına baxmayaraq qadın xeyli gümrah idi. Mənə qəşəng çay süfrəsi açdı, üzbəüz oturub gəlişimin səbəbilə maraqlandı. Özümü jurnalist kimi təqdim edib illər öncə bu rayonda baş vermiş bir qəza haqda ətraflı məlumat toplamaq üçün gəldiyimi söylədim.

Qəzanın nə olduğunu anlayanda qadın - həəə, başa düşdüm - deyib, danışmağa başladı:

 

- Kişi ölənə qədər yuxusunda görürdü o uşağı. Oğlum neçə dəfə getdi həmin uşağın anasının yanına. Ehhh, ay bala... Kaş mən öləydim o vaxt! - deyib ağladı qadın.

 

- Xala, sən mənə hər şeyi necə var elə danış. Əhvalatı olduğu kimi yazmaq istəyirəm - dedim.

 

Qadın gözlərini örpəyinin ucuyla silib davam etdi:

 

- O gün kişi işdən tez qayıtmışdı. Dedi ki, dostlarıyla yığışırlar, maşına oturub həyətdən çıxdı. Elə təzəcə getmişdi ki, küçədə hay-küy düşdü. Mən də çıxdım. Gördüm camaat tökülüşüb məhəlləyə. Dedilər, bax, bu evin qabağındakı yolda bir uşağı maşın vurub. Uşaq velosipedlə yolu keçəndə olub hadisə. Bir də gördüm bizim kişi gəlir. Əlləri əsir, rəngi qaçıb. Dedi ki, evimiz yıxıldı, arvad. Uşağı mən vurdum.

 

Ay Allah! Uşaq elə yerindəcə keçinmişdi. Mənim qulaqlarım batdı. Heç nə eşitmirdim, heç nə görmürdüm. Bütün rayon tökülmüşdü bura. Camaatın qışqırığından bir onu eşitdim ki, uşaq polis rəisinin oğludu. Sonrasını bilmədim. Ordaca ürəyim gedib sən demə. Su verib ayıltdılar məni. Nə isə, ölmədim, bala, amma, həyatımızın bitdiyini hiss edirdim o anlarda. Uşaq elə bizim oğlumuzla yaşıd imiş. Adamların danışığından bildim. Birdən, elə bil güc gəldi mənə. Durdum, oğlumun əlindən tutub getdim rəisin evinə. Girdim rəis olan otağa, dedim, bax, bu mənim oğlumdur. Övlad itkisi böyük dərddi. Al, sən də mənimkini öldür! Öldür ki, anasının ürəyi soyusun!

 

Kişi üzünü çevirib otaqdan çıxdı. Allahım! O gün mən ölmək istəyirdim. Dözə bilmirdim bu dərdə. Rəhmətlik bizim kişi lap ölmüşdü, dili tutulmuşdu, əlləri dayanmadan əsirdi.

 

Nə isə... Gecə gəlib kişini apardılar. Səhərə kimi nə mən, nə oğlum yatdı.

 

Səhər tezdən gördüm qapı açıldı, kişi girdi içəri. Başladı ağlamağa. Ağlaya-ağlaya dedi ki, məni bağışladılar. İnanmadım. Amma sonradan bildim ki, rəis deyib, mən şikayətçi deyiləm, uşağı atasız qoymayın, buraxın, getsin.

 

Bilirsən, bala, bilmirəm mən elə hərəkət edə bilərdimmi? Yəqin ki, yox. Edə bilməzdim. Amma o, elədi. O, oğlunun qatilini bağışlaya bildi. O, çox böyük insan idi. Biz qərara gəldik ki, köçüb gedək buralardan. Amma onlar köçdülər. Uşağın qırx mərasimindən sonra ərizəsini yazıb işdən çıxdı kişi, Bakıya köçdülər. Bilmirəm sağdı, ya ölüb. Bu əhvalat çoxdan olub. Hər halda, Allah ona rəhmət eləsin! Deyirlər, diriyə də rəhmət var, ölüyə də. Bax belə, a bala. Bizim rəhmətlik kişi ölənə kimi o ailəyə dua edirdi. Elə mən də...

 

Bu hadisəni təxmini bilirdim. Amma təfsilatıyla bu gün öyrəndim. Ailəmizdə bu barədə heç kim danışmır, keçmişə qayıdıb o illəri yenidən yaşamaq istəmirlər.

 

Mehmanxanadan çıxıb maşına oturdum. Bakıya qayıdırdım. Çox surətlə sürürdüm maşını. Evə, ömrünü cinayətlərin açılmasına, canilərin, qatillərin cəzalandırılmasına həsr edən, lakin, oğlunun qatilini bağışlayan atamın əllərindən öpməyə tələsirdim...

 

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018