Milli Məclisdə Fransa prezidentini söyən azərbaycanlı – Əlabbas yazır...

Yanvarın 16-da tanınmış alim, fədakar tədqiqatçı  Milli Məclisin deputatı Şamil Qurbanovun anım günüdür. İllər öncə onun  Fransanın sabiq prezidenti Jak Şirakın ünvanına səsləndirdiyi fikirlər uzun müddət mətbuatın gündəmindən düşmədi. Yazıçı Əlabbasın “Qonşu kişisi” yazısı da həmin günlərdə qələmə alınmış çoxsaylı yazılardan biridir. Həmin yazını təqdim edirik.                                                                                   

                                              

1973-1978-ci illərdə Bakı Dövlət Universitetində Mir Cəlal, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Əkbər Ağayev, Qulu Xəlilov, Fərhad Zeynalov, Firidun Hüseynov, Musa Adilov, Əlövsət Abdullayev  kimi müqtədir qələm sahibləri ilə yanaşı, Ağamusa Axundov, Pənah Xəlilov, Əlyar Səfərli, Yusif Seyidov, Tofiq Hacıyev, Şamil Qurbanov kimi adlı-sanlı elm xadimlərindən də dərs almışam. Bundan günü bu gün də qürur duyuram: «Mənə bir söz öyrədənin 40 il kölgəsi ollam»

     

Əvvəllər müəllimim, sonralar isə dostum olan  Əlyar Səfərli İrana səfir, Tofiq Hacıyev maarif naziri, Yaqub Mahmudov isə tarix  fakültəsinə dekan təyin olunanda əksəriyyətdən fərqli olaraq dərin təəssüf hissi keçirmişəm, elə bilmişəm, onların xalqımızın ədəbiyyatına, tarixinə və dil tarixinə dair yazdıqlarını daha heç kim yaza bilməyəcək, çətin ki, onları bu işdə əvəz edən  tapılsın. (bunu onların özlərinə də demişəm) Axırı nə oldu?! Elm, doğrudan da, onların son sığınacaq yerinə çevrildi...

      

Buna oxşar təəssüf hissini Şamil Qurbanovun deputat seçildiyini (hələ keçən seçkidə) eşidəndə də keçirmişəm. Təkcə ona görə yox ki, Şamil müəllim öz işi-gücü olan adamdır, həm də ona görə ki, Milli Məclisdən dediyi sözləri 40 ildən çoxdur ki, on minlərlə tələbəsinə, yetirməsinə indi olduğundan min qat artıq şövqlə və şirin ləfzlə deyə bilib və elə indi də deməyindədir.

        

Əgər durub desəm ki, bu gün millət vəkilləri arasında içi Şamil müəllim qarışıq bir neçə deputat var ki, Milli Məclisdə ya onlar oturmalıdırlar, ya da ora onların yox, orda ömürlük lövbər salanların yeridir, harda da olmasa, mətbuatda Kərbəla müsibəti düşəcək. Odur ki, bu sözü heç dilimə də dolamıram. İndi o başqa məsələdir ki, millət vəkili olmağın ləzzətini mən bilə bilmərəm, onu bilən bilər...

           

 

Gələk konkret məsələyə - Şamil müəllimin Xocalı soyqırımının on illiyi münasibətilə söylədiyi məşhur nitqə. Əslində nə olub?! Düz on il əvvəl, yəni hadisə baş verən məqamda susmağı hər şeydən üstün tutanlara deyiləsi söz indi deyilib. Ardınca nə baş verdi?! Mətbuatdan da, ictimaiyyətdən də qabaq deputatın həmkarları söz yiyəsini yaş yuyub, quru sərdilər.

      

Rəhmətlik Mirzə Cəlil sağ olsaydı, belə yerdə mütləq deyərdi: «Bərəkallah şeyxin elminə»

     

Deməli belədi: bizdə dinməyənlər, ümumiyyətlə, dinmir, onların vəzifəsi, dinənlərin dediyinə qəmiş qoymaqdır. Ən insaflı halda o cür düzəlişlə kifayətlənirlər ki, mən bunu belə deməzdim, bir az başqa cür də demək olardı bunu, yaxud  nə bilim, nə...

          

İndi nə etmək olar ki, Şamil müəllim bunu belə deyib? Arxasında da bərk-bərk dayanıb ki, bəli, bu sözü mən demişəm, özü də ona görə demişəm ki, buna haqqım var. Bu mənim şəxsi fikrimdi, Azərbaycan parlamentinin rəsmi rəyi deyil, dediyimə görə heç kimdən də üzr istəmək fikrim yoxdu.

             

Şamil müəllimi ən yumşaq halda danlayanlar onu bəhanə gətirirlər ki, o, emosional vəziyyətdə olub, hissə qapılıb belə deyir.

          

Məncə, bu heç də belə deyil. Şamil müəllim on il əvvəl, bu kadrları ilk dəfə görəndə niyə belə demirdi? Əksinə yara onda lap  təzə və dərin idi, sızıltısı da min ağacdan eşidilirdi. Şamil müəllimin indi dediyi sözün əsl məqamı onda idi, özü də yüksək dövlət səviyyəsində. Amma onda da, sonralar da bu bədbəxt millətin başının altına balıncı qoşa-qoşa qoymuşdular ki, bəs dünya dövlətləri hadisədən bixəbərdirlər, ona görə də məsələyə lazımi siyasi qiymət verə bilmirlər. İndi də məlum olub ki, iş yoğunlayıb, rəsmi dildə desək, yəni qloballaşıb, dünya dövlətlərinin müdaxiləsi olmadan Qarabağ problemini həll etmək mümkün deyil. Amma onu deyən yoxdur ki, Ermənistan torpaqlarımızı zəbt edəndə irəlicədən dünya dövlətlərindən kimisə xəbərdar etməyə hacət duymuşdu, ya yox?! Bizsə halal-hümmət torpaqlarımızı azad  etməməkçün daha nə bəhanələr qalmayıb uydurmayaq?! Buna Avropa Birliyi nə deyər, dünya dövlətləri necə baxar, bizi yeni müharibə ocağını alovlandırmaqda qınamazlarmı və s...

        

Dərd təkcə onda deyil, həm də ondadır ki, bizim taleyimizi heç xəritədə belə Azərbaycanın harda olduğunu bilməyənlər həll eləyir.

           

Necə bilirsiniz, bu ona oxşamırmı ki, yalnız sənə və ailənə aid olan bir işi  gücsüzlüyünün yox, əfəllik və maymaqlığının ucbatından özün həll edə bilməyəsən, gedib qonşunun bığıburma, pəzəvəng kişisini çağırasan ki, gəl mənim ailəmin filan məsələsini həll et!

      

Bəri başdan onu deyim ki, işini qonşu kişinin həll edəcəyi ailə gec-tez məhvə məhkumdur və kim məni inandıra bilər ki, bunca zəlil olmağımızın səbəbi ona-buna bu qədər ümid bəsləməyimizdə deyil?! Başqa bir deyim də var: «Tulanın yavalığından canavar tayada balalayar»

      

İndi Şamil müəllim  günah yiyəsidir ki, onun xalqını anasız quzu kimi mələdən, soyqırıma məruz qoyan, terrorda əli olduğu sübuta yetirilən bir erməni dığasının – Robert Köçəryanın döşündən order-medalı bütün dünyanın gözü qarşısında məhz hələ də avamcasına ümid bəslədiyimiz, «qonşu kişilərindən biri» olan Fransa prezidenti asıb? Fikir verin: özü də hansı şücaətlərinə görə!

       

Çox da uzağa getmək lazım deyil. Amerika Senatı uydurma erməni soyqırımını tanımaqdan imtina etdi, Fransa parlamenti isə məsələni əlüstü həll eləyib ölkə prezidentinin sərəncamına göndərdi, o da bütün dünyanı heyrət içərisində qoyaraq, guya, türklərin 1915-ci ildə erməniləri kütləvi şəkildə qırdığı faktını təsdiq etdi.

         

Şamil müəllim də onun davasını eləyir ki, nə yatmısan, ay bədbəxt millət, ermənilər Xocalıda vuruşan ordunu yox, əliyalın, dinc, qara camaatı qanına qəltan eləyiblər. Bəs Fransa prezidenti bu fakta niyə göz yumur?! Özünü elə aparır ki, ölən, guya, insan yox, qarışqadır.

        

İndi görün Şamil müəllim dediyində haqlıdır, ya yox?! Onun xalqı bəs necə xalqdır ki, bu zülmə, bu zəlalətə tab gətirə bilir, adi, sıravi səfir isə güldən ağır bir söz eşidən kimi az qalır respublikanı tərk eləsin.

         

Söhbət təhqirdən gedirsə, səkkiz milyonluq xalqı bundan da betər və biabırçı şəkildə təhqir etmək olmaz ki, bir xalqın qara gününə həsr olunmuş iclas zamanı zalı tərk edib çıxasan.

          

İndi Şamil müəllim nə eləyə bilər ki, mahiyyətindən Azərbaycan xalqının hələ də yetərincə xəbərdar olmadığı «Paris razılaşması»nın müəllifi də Fransa prezidentidir.

         

Qanı qanından, dini dinindən olmayan bir başqasının dərdinə sən, mən necə yanırıqsa, o da biz binəvaların dərdinə eynən o cür yanar. Necə bilirsiniz, Türkiyəni ATƏT-in Minsk qrupunun həmsədri və regionda sülhün və təhlükəsizliyin təminatçısı rolunda çıxış etməyə qoymayanlardan biri J.Şirak deyilmi?!

      

Belə baxanda Şamil müəllim hələ çox böyük səbr yeyəsidir ki, üzdən gedib, ana söyüşü eləməyib...

       

Söhbət təkcə Şamil müəllimin o məşhur sözü deməyində yox, həm də ondadır ki, mənim hiss etməyimə görə, Xocalı əldən gedəndə respublika heç bu qədər bir-birinə dəyməmişdi, nəinki Şamil Qurbanov o üçcə kəlmədən ibarət cümləni işlədəndə respublika mətbuatı və digər KİV-lər ayağa qalxdılar. Düzü, ilk əvvəl mənə aydın deyildi ki, kim kimi kimdən müdafiə eləyirdi və nəyə görə?! Hamı Şamil müəllimi bizi biabır etdiyindən danışırdı. Özü də necə?! Dost-doğma atası söyülmüş kimi. İllah da müxalifət mətbuatı. Çoxları belə vaxtlar xüsusi sayıqlıq göstərənlərdən onu umurdu ki, axırı MM səviyyəsində özündə cəsarət tapıb səsini çıxaran bir nəfər ortaya çıxdığına  görə Şamil müəllimə «Sağ ol!» deyən olacaq. Amma tərsinə oldu.

      

Bəlkə də, bir çoxlarının ehtiyatına səbəb o idi ki, güman eləyirdilər, işdir-şayəd, Jak Şirak məsələnin nə yerdə olduğunu eşidər, durduğumuz yerdə, heç nədəncə dünya xalqlarının  gözündə «xəri-nadan qələminə gedərik» (M.F.Axundov ) Bəs nədi? Bəyəm J.Şirak səninçün uşaq-muşaqdır ki, onu söyəsən?!  Amma təsadüf elə gətirdi ki, Milli Məclisin Xocalı ildönümünə həsr olunmuş iclasını nümayişkaranə bir şəkildə tərk edən Fransa səfiri bu dəfə də mətbuatda açıqlama verdi ki, elə də ciddi bir  hadisə baş verməyib, bu qədər narahat olmağına dəyməz.

      

İndi gəl başa düş. Küsüb getməyin hara, düşünüb-daşınıb belə deməyin hara? Bəlkə, elə bu cür səfir jestindən sonra Şamil müəllimin «əleyhdarlarının» elə o cür də mitinqi olmalıydı, kimsə çıxıb bəyan etməliydi ki, «Bizə belə deputat lazım deyil, o Fransanın səfirini təhqir edib» Vallahi-billahi, bircə onu bilirəm ki, bir şeyi təşkil eləyəndə də gərək elə eləyəsən ki, baxıb deməyələr, kor atın kor da nalbəndi olar...

     

Yoxsa o nəydi, elə də səviyyəsiz mitinq olardı?!

      

Allah sənə ömür versin, ay Şamil müəllim, deyən gərək deputatlıq axı nəyinə lazımdır ki, haqqını müdafiə elədiklərin də çıxıb səni geri çağırsınlar.

       

Yenə allah müəllimliyə versin. Gedin dərsinizi deyin, qədrinizi bilənlər onsuz da bilir...

        

Elə güman eləyirsiniz, şair Əli Kərim kefindən deyirdi ki:

                       

Kimsə məni başa düşmür,

Bəlkə də, aydınlığımdandır...                   

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018