16 yaşlı qız alan ateist Xalq şairi – MARAQLI ADAM

Kulis.az “Maraqlı adamlar” layihəsindən Xalq şairi Hüseyn Ariflə bağlı əhvalat və faktları təqdim edir.

 

Hüseyn Arifi daha çox gülməli insan kimi tanınır. Çoxu bilmir ki, o, həm də olduqca həssas qəlbə malik olan və ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən birisi olub. Xüsusən, tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib.

 

Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb. Onacan Hüseyn Hüseynzadə kimi tanınırdı.

 

Xalq artisti Habil Əliyev danışır ki, oğlu rəhmətə gedəndə yasa getdim, mağarda üz-üzə gəldik, bilmədim, nə deyəm. Adamın bir oğlu var, o da dünyasını dəyişib, nə deyəsən, necə təsəlli verəsən? Deyir, Hüseyn Arif əllərimdən yapışdı və qəhərdən boğula-boğula dedi:

 

- Habil, indiyəcən sənə qulaq asanda ağlayırdım, bəs indi neyləyəcəm?

 

***

 

Hüseyn Arifin lətifələri insanları güldürür, dərdi özünü ağladırdı. Şair özü bunu yaxşı başa düşürdü. Hətta şeirlərinin birində bu təzadı qələmə də almışdı:

 

Aləmi güldürən sözüm-söhbətim

Aləmi ağladan qəmim var mənim.

 

***

 

Basindəki evində üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Yuxarı qalxıb nə qədər desələr də xeyri olmurmuş. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:

 

- Gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazaxın “Damcılı bulağ”ıdır.

 

***

 

 

Ömür boyu xalq şeirinə sədaqətli olan, milli-mənəvi dəyərləri yüksək tutan, sazı həddindən artıq çox sevən Hüseyn Arif dini düşüncələrinə görə qatı ateist olub. Sələflərindən fərqli olaraq şeirlərində Allah sözü və dini-irfani kontekst demək olar ki, yoxdur. O, övladlarının da dinə meyllənməsinə imkan verməyib. 

 

***

 

Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında məşhur əhvalatları yazanda hər biri üçün ayrıca Hüseyn Arifin razılığını alıb. Şair rəhmətə gedəndə nə illah ediblər, İsmayıl Şıxlı ondan icazəsini almadığı əhvalatların heç birini danışmır.   

 

***

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Filarmoniyada Hüseyn Ariflə görüş təşkil olunur. Aparıcı Zəlimxan Yaqub imiş. Birinci hissə başlayır, Hüseyn Arif yoxdur... Ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu əsəbiləşir. Deyir, daş deşiyində olsa da şairi tapmalısınız. Evinə zəng vururlar. Axşam gəlməyib.

 

Görüşün birinci hissəsini Zəlimxan Yaqub birtəhər yola verir. Fasilədə Hüseyn Arifin evindən zəng gəlir. Həyat yoldaşı imiş. Deyir:

 

- Hüseyn Qazaxdadır. Axşam dostlarına qoşulub gedib. İndicə evə zəng vurmuşdu. Dedi, filarmoniyada mənimlə görüş keçirilir, maraqlan gör necə keçir?

 

***

 

Çoxu bu faktı da bilmir ki, Hüseyn Arifi gerçək bir lətifə qəhrəmanına çevirən Rəfiq Zəka Xəndan olub. Onun güclü yumor hissi varmış və Hüseynlə bağlı əhvalatların çoxunu o düz-qoş edirmiş. Rəfiq Zəkanın atası Cəfər Xəndan Hüseyn Arifin müəllimi olub və ailəvi dostluq ediblər.  

 

 

***

 

Meydan hərəkatı vaxtı övladlarına ciddi şəkildə tapşırıb: “Cəbhəçilərə qoşulmayın!”

 

***  

 

Hüseyn Arif gəncliyində məşhur aşıq Aşıq Mirzənin qızını sevib. Ancaq qovuşmayıblar. Hüseyn əsgərlikdə ikən Bənövşə ərə gedib. Sonralar şairə 16 yaşında bir qız göstəriblər, gözəl olduğundan şair ona vurulub. Evlənməyə razılığını alıblar. Qız onu oxudacağına söz verəndən sonra Hüseynlə ailə qurmağa razı olub. Ancaq bir çox sevgi şeirlərində “İlk və son məhəbbətim” deyə Bənövşəyə işarələr vurub.

 

***

 

SSRİ Xalq artisti Zeynəb Xanlarova ilk dəfə onun şeiri ilə efirə çıxıb. “Qonşu qız” mahnısıyla... Sözləri Hüseyn Arifin, musiqisi Ələkbər Tağıyevindir. Amma sonralar danıb bu faktı. Deyib, öz mahnımla çıxmışam. Halbuki o vaxt gənc bir qızın mahnısını heç vaxt efirə buraxmazdılar. Bu fakt televiziyanın “Qızıl fondu”nda da öz əksini tapıb.  

 

***

 

Daha bir maraqlı fakt: Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox güclü oxuyub. Onu yaxşı oxuduğu üçün üçdən beşə, beşdən yeddiyə keçiriblər.

 

***

 

Əslində, ədəbiyyat və sənət cameəsində “Qazaxşina” adlandırılan Qazax yerlibazlığı Səməd Vurğundan çox Hüseyn Arifin adı ilə bağlıdır. Bununla bağlı məşhur bir məsəl də var. Guya Hüseyn Arif gileylənirmiş: “Bilmirəm mənə niyə yerlibaz deyirlər. Mən ki, tovuzluları da çap edirəm!”

 

***

 

Hüseyn Arif nəşriyyatın kafesində vermişel yeyirmiş. Cavanlar başına toplaşıb tanış olurlar. Biri şairdir, biri yazıçıdır, biri jurnalistdir... Sonuncu gənc dinmir.

 

Hüseyn Arif soruşur:

 

- Sən nəçisən, a bala?

 

- Astronom!

 

Sözün mənasını dəqiq bilməyən Hüseyn müəllim bir də soruşur:

 

- O nə olan şeydir?

 

Gənc oğlan:

 

- Biz göy cisimlərinin arasından axan maddələrin tərkibini və xarakterini öyrənirik.

 

Hüseyn Arif əlindəki çəngəli dınqıltıyla yerə qoyub qaşlarını çatır və narazı səslə dillənir:

 

- Oraları korlamayın!

 

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018