Uzaqlardan gələn igid, üç öpüb, bir dişləsənə... – Nuranə Nurdan YENİ ŞEİRLƏR

Kulis.az şairə Nuranə Nurun yeni şeirlərini təqdim edir.

 

Başmağımı tapsana…

 

Uzaqlardan gələn igid,

Kimi qoyub gəldin uzaqlarda?

Səni kimi unutdu ki, gəldin keçmişdən,

Səni kim sevdi ki, düşdün buralara?

Uzaqlardan gələn igid,

Üç öpüb, bir dişləsənə...

Bir ovuc yovşan versənə…

“Kəhər ata min” desənə,

“Çap arxamca gəl” desənə.

İtən başmağımı tapsana...

Adımı sorma igid,

Mənə Dədəm Qorqudun yerini söylə…

Məhəmmədin üzünün suyu

köməyin olsun.

Xanım heyy...

Cıdır düzünə aparsana,

Yaylığımı tutsana,

Başmağımı tapsana,

Məni başa düşsənə…

Qarabağımı gördünmü,

Xarı bülbülümü sordunmu?

Xanım heyy…

Söylə, kim unutdu səni,

Söylə, kim sevdi?

 

Odu üşüyən şam

 

Boyunda ucalıq hissi,

Bətnində Günəşi qucaqlamaq,

Yerin cazibəsindən də güclüdür.

Qəmzəsində gizlətdiyi ulduz

Milyon illərdi parıldayır.

Oğlunun ilk topu - böyrəkləri,

Qızının ilk gəlinciyi - göbəyi.

İlk beşikdi o,

İlk oyuncaq.

Bütün qadınları arzusu,

Doğma həyat sancısı...

Özünü hamıdan soruşan,

Odu üşüyən şam...

Bir çiçəklik çəmən,

Bir ağaclıq meşə...

Hazır yanmağa həmişə.

Razıdır adını unutsun hamı

“Ana” desinlər ona.

 

Gəncliyim

 

Gedirsən...

Elə gedirsən ,

Barmaqlarımın ucundan axa-axa,

Gözümün içinə baxa-baxa,

Yavaş-yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra , gedirsən.

Lövbərini sahilə atıb gedən gəmi kimisən,

Dönməyəcəyini bilirəm,

gözləmirəm yolunu.

Amma baxacam arxanca,

Gözlərimin qarası ağında əriyənə qədər.

Saçlarımı vida yerinə yelləyib,

Əllərimi üzümə sıxıb yola salıram səni.

Heç getməsəydin keşkə...

Gedişin Günəşli günlərimə

qara bulud kimi çökür.

Ayları, illəri bölüşürdük

Göy qurşağım idin mənim,

Gözlərim yağandan sonra görüşürdük.

Sən gedirsən...

Hər gün bir az uzaqlığınla boyanır,

Yaşıl yatıb, sarı oyanır yuxularım.

Həyatımı baxış-baxış süstləyənim,

İllərimi naxış-naxış işləyənim,

Sənə demək istədiklərimi ürəyimdə qoyursan.

Tətiyi çəkilmiş tüfəng kimisən artıq.

Gözlərimdən , baxışlarımdan,

əllərimdən, saçlarımdan gedirsən.

Gedirsən...

Barmaqlarının ucundan axa-axa ,

Gözümün içinə baxa-baxa .

Yavaş-yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra, gedirsən.

Alacağın olsun həyat,

Onsuz da bütün sevdiklərimi alacaqsan.

Qoy onu sevə-sevə yola salım.

Əzizim, özünə yaxşı bax deyə bilməyəcəm,

Əlvida deməyə də dilim gəlmir.

Məni unutma...

Məni unutma... GƏNCLİYİM.

 

Foto

 

Nə vardı gözlərindən gələcəyi oxumağa,

keçmişini xatırlatmasaydı.

Belə yaxın durmasaydı,

nəsə uydurmasaydı...

özündən gizlənməsəydi, bu baxışlar.

Düşüncələr qucağından qoymur yerə,

bu dəcəl uşağı.

Qoysa yoxuşlara yuvarlanar.

Xəstələnib sakit durunca dəcəl uşaqlar,

Anaları yalvararlar Allaha,

Tez sağalıb, dağıtsın ev-eşiyi.

Ən sevdikləri, qoruduqları əşyaları verərlər əllərinə.

Bax, elə vermişəm könlümü.

Bircə mən bilirəm,

Ən yaxşı fotosu

Ömür boyu çəkdikləridir bu adamın.

 

Yol ver

 

Misralar neyləsin,

Qafiyə tapmıram sənə gəlməyə.

Sözlər nə bilsin,

Yenisini axtarıram sənə deməyə.

Yollar nə bilsin,

Yenisini axtarıram ölçülməyən, gedilməyən,

Xətrimə dəyən küləklər,

Otların yaşıllığını diz çökdürüb,

Havanı əyən küləklər.

Havanın ayağı üzülür yerdən.

Ömrünü Günəşə bağışlayan günlərə

and olsun!

Bəlkə min dəfə, min yol axtarmısan

O anı qucaqlamağa,

Qucağını tapmamısan.

Qolların axtarır səni,

Öz boynuna dolanmağa

Səni yola bağışladım,

Çəkil yolumun üstündən,

Yol ver sənə yollanmağa.

 

Metro

 

İndiki zamana aiddir bütün feillər

Qapılar bağlanır, növbəti stansiya...”

“xahiş olunur, vaqonlardan düşərkən,

əşyalarınızı götürməyi unutmayın “

Fikrim axır, axır

Susuram,

ona qədər susdum.

Sonra bütün dillərdə susuram.

Nə pəncərəsini Günəş qamaşdırır,

Nə qapısını külək döyür.

“Sim-sim qapını aç” sözü də çıxıb

hamının yadından.

Qapılar açılır

Fikirlər boşalır,

Yeni fikirlər dolur vaqona.

“Uşaqlı qadınlara, əlillərə yer verin”

Qucağı əylənir bir-ikisinin.

Fikirlərin əsasını, arabasını alır

O biri fikirlər.

İndiki zamana aiddir bütün feillər

“Qapılar bağlanır, növbəti stansiya 20 Yanvar,

Next station is 20 yanvar ”

Fikirlər dərinləşir, gərginləşir

Beyinləri eşir, deşir.

Əsalı fikirlərdən utanır vaqon.

Burda indiki zamana aiddir bütün feillər

“Mənə Azadlıq stansiyası lazımdı” -deyir .

Bayaqdan bütün dillərdə susuram.

“Azadlığa gedən yol 20 yanvardan keçir”.

 

Bəlkə

 

Sinəmdəki yaralarım,

Qaradinməz dualarım,

O alnından öpüləsi,

Günahlarınla qocalır.

Tanrı bəlkə də qadındı

Bağışlamağı bacarır.

 

İşarə

 

Barmağına bir işarə qoy,

Unutmaq üçün...

Ayağına küçələri dola,

Qaçmaq üçün...

Dərin bir nəfəs al,

Boğulmaq üçün...

Vəssalam.

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018